525.Az

Bakı Xoreoqrafiya Akademiyasında 31 Mart soyqırımı qurbanları anıldı

[30.03.18]
Bakı Xoreoqrafiya Akademiyasında 31 Mart soyqırımı qurbanları anıldı<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Akademiyanın professor-müəllim, tələbə heyətinin iştirak etdiyi anım tədbiri dövlət himninin səslənməsi və  soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Silsilə tədbirlər "İki əsrin faciəsi: 31 Mart soyqırımı" mövzusunda elmi konfrans ilə start götürüb. Tədbiri giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə ətraflı məlumat verib. Rektor çıxışında bildirib ki,  1918-ci ilin mart-aprel aylarında daşnak erməni silahlı dəstələri  Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. T.Əfəndiyev onu da qeyd edib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət və tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümumilli lider Heydər Əliyevin 1998-ci il mart ayının 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində  31 Mart soyqırımına siyasi qiymət verilib. Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı isə ermənilər tərəfindən tarixi faktları saxtalaşdırmaların qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addımdır.

Daha sonra isə konfransda professor Maral Manafova, dosent Vəfa Əliyev, dosent Şəhla Əliyeva 31 Mart soyqırımından bəhs edən məruzələrlə çıxış ediblər.

Bununla yanaşı, BXA-da soyqırım həftəsi çərçivəsində  "31 Mart soyqırımı - XX əsrin unudulmayacaq vəhşiliyidir" mövzusunda dəyirmi masa keçirilib, bəstəkar Eldar Dadaşovun "1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü"nə həsr  etdiyi "Elegiya", Xalq artisti Yusif Qasımovun quruluşunda "Yaddaş" xoreoqrafik kompozisiyası və "Yaddaşın rəmzi: Quba -1918" sənədli filmi nümayiş etdirilib.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.