525.Az

Qurban Yetirmişli: “Gəncədə zəlzələ gözlənilən idi”

[22.04.13]
Qurban Yetirmişli: “Gəncədə zəlzələ gözlənilən idi”<b style="color:red"></b>

“Gəncədə baş verən zəlzələ son zamanlar Şəkidə baş verən zəlzələ ocağı ilə eyni dərinlik qırılmasında yerləşir”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, qırılma Şəkidən cənuba doğru hərəkət etdiyindən Gəncədə baş verən zəlzələ gözlənilən idi: “Aprelin 19-da bu qırılmanın bir qanadında - Şəkidə, bu gün isə Gəncədə zəlzələ baş verib. Qırılma Şəkidən başlayaraq Gəncədən keçir və Daşkəsənə tərəf gedir. Ərazidə 7 bal zəlzələyə səbəb olacaq kritik gərginlik yoxdur. Amma xırda təkanlar gözləniləndir”.
 
Q. Yetirmişli deyib ki, son vaxtlar İranda, Çində baş verən seysmik proseslərin Azərbaycanda zəlzələlərin aktivləşməsinə hər hansı təsiri yoxdur.
 
Baş direktor qeyd edib ki, hazırda ölkədə seysmik cəhətdən ən aktiv zona Şamaxı- İsmayıllı ərazisidir. Lənkəran zonasında da nisbi aktivlik var. 
 
Qeyd edək ki, ötən il mayın 14-də Şəkidə baş verən zəlzələ episentrdə 5 bal, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunmuşdu. Təkanlar sonra da davam edib. Şəkidə son yeraltı təkan bu il aprelin 19-da Şəkidən 12 km cənubda qeydə alınıb. Zəlzələ episentrdə 4 bal gücündə, Şəkidə 3 bal, Zaqatala, Qax, Oğuz rayonlarında 3 bala qədər hiss olunub.
 
Bu gün saat 11.13-də isə Gəncədən 18 km şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal gücündə, Gəncədə 3 baldan artıq, Şəmkir, Göygöl və Gədəbəydə 3 bala yaxın hiss olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.