525.Az

Gülər Əhmədovanın rəfiqəsi Əvəz Zeynallının məhkəməsində ifadə verdi

[28.09.12]
Gülər Əhmədovanın rəfiqəsi Əvəz Zeynallının məhkəməsində ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə deputat Gülər Əhmədovanın yaxın rəfiqəsi Rüxsarə Axundova şahid qismində ifadə verib.

R.Axundova ifadəsində göstərib ki, Gülər Əhmədova ilə birlikdə Əvəz Zeynallı ilə görüşüblər: “Həmin gün Gülər Əhmədovanın vəziyyəti pis idi. Mənə dedi ki, bir jurnalist var, haqqımda nə isə yazmaq istəyir. Yanımda zəngləşib danışdılar. Sonra gedib Əvəz Zeynallı ilə görüşdük. Əvəz Zeynallı Gülər Əhmədovaya dedi ki, haqqınızda bu qədər məlumat yazıram, mənə diqqət göstərmirsiniz”.

R.Axundova müdafiə tərəfinin və Əvəz Zeynallının suallarını ətraflı cavablandıra bilmədiyi və ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığı üçün hakim R.Axundovanın istintaq zamanı verdiyi ifadəni elan edib.

Daha sonra prosesdə Ə.Zeynallı deputat Gülər Əhmədovanın məhkəməyə yenidən çağırılması barədə vəsatət verib. Hakim ehtiyac olduğu təqdirdə, həmin vəsatətin təmin ediləcəyini və G.Əhmədovanın məhkəməyə çağırılacağını deyib.

Proses oktyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.