525.Az

Qurban Qurbanov: “İstefa verəndə çox əsəbi idim”

[28.09.12]
Qurban Qurbanov: “İstefa verəndə çox əsəbi idim”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun 525.az saytına müsahibəsi

- AZAL-a böyükhesablı məğlubiyyətdən sonra komandadakı psixoloji problemi aradan qaldıra bilmisiniz?

- Hətta yaxşı oynadığın müddətdə belə, problemlər daim olur. Lakin sözsüz ki, məğlubiyyət zamanı bu problemlər daha qabarıq şəkildə üzə çıxır. Əlbəttə, biz çalışacağıq ki, bu çatışmazlıqlar az olsun.

- Bir vaxtlar Əfran İsmayılov və Rauf Əliyev Azərbaycan futbolunun gələcək ulduzları hesab olunurdular. Lakin son zaman özlərinə bənzəmirlər. Bunu nə ilə əlaqələndirərdiniz?

- Bəli, çox zəif çıxış edirdilər. Rauf Əliyev millinin İsraillə oyunundan erkən əvəzləndikdən, Portuqaliyadakı görüşdə isə meydana çıxmadığından öz üzərində daha çox işləməyə başlayıb. Bir sözl,ə daha diqqətli  çalışır. Sadəcə, onların elə bir yaş dövrüdür ki, nə mən bundan  baş açıram, nə də valideyinləri problemlərini bilir. Ümumiyyətlə, bu yaş dövrü bir az çətindir. Belə vaxtda uğur əldə etdikdən bir az sonra eniş olur. Hər iki futbolçuyla bu barədə ətraflı danışmışıq. Onlara demişəm ki, mənə il boyu sabit çıxış etməyi bacaran futbolçu lazımdır. Əslində bu, təkcə mənə deyil, Əfranla Raufun özləri və  gələcək karyeraları üçün də yaxşı olar. Futbolçu yaşından asılı olmayaraq, çalışmalıdır ki, il boyu sabit çıxış etsin.

- Əgər vəziyyət belə davam etsə, onları komandadan göndərməyiniz gözlənilirmi?

- Təkcə Əfran və Rauf deyil, istənilən futbolçu mənim istədiyim kimi çıxış  etməsə, komandadan gedə bilər. Əvvəllər yerli futbolçu olduqları və təcrübə toplamaları üçün onlara güzəştə gedirdik. Lakin futbolçulardan istədiyimi ala bilməsəm, sözsüz ki, dəyişiklər olacaq. Bunu legionerlərə də aid edirəm. Bunu özləri də yaxşı  bilir. Çünki hər şey onlara açıq-aydın deyilib. Futbolçular işlərinə ciddi və məsuliyyətli yanaşmalıdırlar. Ola bilsin, futbolçu məşq zamanı verdiyim tapşırıqları yerinə yetirsin, ancaq meydanda nə iş gördüyünü, nə etdiyi bilməsin. Ona görə də hər biriylə bu haqda ciddi söhbətimiz olub.

- AZAL-a 2:6 hesabıyla məğlubiyyətdən sonra istefa vermək qərarına gəldiniz. Uzun illər bu komandanı çalışdıran biri kimi niyə qəflətən belə etmək qərarına gəldiniz? Belə təəssürat yarandı ki, sanki “Qarabağ”da hər şeydən  bezmisiniz.

-  Sadəcə, mən həm oyunun gedişatında, həm də mətbuat konfransında çox əsəbi idim.  Çünki komanda çox böyük, ən əsası da “Qarabağ”a yaraşmayan səhvlərə yol vermişdi. Ancaq normal bir formada öz fikirlərimi söylədim. Bildirdim ki, rəhbərliklə görüşüb bir çox məsələyə aydınlıq gətirəcəyik. Təbii ki, problemləri özüm yaxşı bilirəm. Bunları açıqlamaq bəlkə də düzgün olmazdı. Lakin çox çalışsan da, əziyyət çəksən də, belə uğursuzluqlar hərdən qaçılmaz olur. Heç bir komanda qara zolağa düşməkdən sığortalanmayıb. Çox nadir hallarda ola bilər ki, baş məşqçi daim bir klubda işləyib hər zaman uğurlu nəticələr əldə etsin. Mən də belə bir fikir yürütdüm. Sonra rəhbərliklə danışığımız oldu və hər şey qaydasına düşdü. Bəzən elə olur ki, məşqçi düşündüyünü futbolçu verə bilmir. Elə də olur ki, istədiyin futbolçu sərəncamında olmur. Biz bunu hətta böyük klublarda da görmüşük. Bundan sonra daha yaxşı komanda formalaşdırmaq və uğurlu nəticələr əldə etmək üçün futbolçulardan daha çox şey tələb ediləcək.

- Sizin istəyinizlə klub rəhbərliyi futbolçulara pul cəzası kəsdi. Bunun nə kimi xeyiri olacağını düşünürsünüz?

- Təkcə futbolçular deyil, mən özümü də cərimələmişəm. Cərimə kollektiv olaraq kəsilib.   Düşündüm ki, bu addım vacib idi.  Çünki həmişə pul almaq olmaz, arada özümüz də verməliyik.

- “Turan”la son oyunda Fərhad Vəliyevə şans vermişdiniz. O, qapısının toxunulmazlığını saxlayaraq ümidinizi doğrultdu. Növbəti turlarda da onu start heyətdə görə biləcəyik?

- Əvvəla, onu deyim ki, Fərhad üçün mənim komandamda hər zaman yer var. Onun təcrübəsi çox önəmlidir. Bəzən heç düşünmədən də onu qapıya qoya bilərəm.  Lakin bu o demək deyil ki, Fərhad da daim oynayacaq. İstəyim komandada rəqabəti gücləndirməkdir. Mən “Qarabağ”a qapıçı gətirməsəm belə, Fərhad əsas qapıçılarımdan hesab edilir. Vəliyev o qədər çox təcrübəyə malikdir ki, onun üçün 2-3 ay oynamamaq problem sayılmaz. Digər qapçıya gəlincə, onun təcrübə yığmasına ehtiyac var.
 
- Necə düşünürsünüz, hər şeyə rəğmən, bu mövsüm “Qarabağ” ən azından Avroliqaya vəsiqə qazana biləcəkmi?

- Futbolda istəmədiyin nəticələr də olur.  Lakin mən sadəcə, öz adıma söz verə bilərəm. Əlimdən gələn hər şey edəcəyəm ki, komanda yuxarı pillələrdə olsun. Böyükhesablı məğlubiyyətdən sonra “Qarabağ”ın azarkeşləri ilə görüşümüz oldu. Onlar komandaya və mənə güvəndiklərini bildirdilər. Hətta daim məşqlərimizdə də iştirak edirlər.

- Bir az da Premyer Liqada bu həftə lider “Simurq”la səfərdə keçirəcəyiniz növbəti oyununuz haqda danışaq.

- Zaqatala təmsilçisi yaxşı formalaşıb.  Son vaxtlar yaxşı oyunu ilə diqqət çəkir. Təsadüfi deyil ki, hazırda turnir cədvəlində liderdir. Bizim üçün bu qarşılaşma çox vacibdir.  Baxmayaraq ki, böyükhesablı məğlubiyyətdən sonra komandamızda hələ çatışmazlıqlar var. Bu, “Turan”la görüşdə də nəzərə çarpdı.
 
- Bəs, qələbə şanslarınızı necə görürsünüz?
 
- Üstünlük “Simurq” tərəfindədir. Həm doğma meydan amili, həm də lider olaraq özlərinə inam hissi çox yüksəkdir. Hətta rəqib futbolçuların mətbuata açıqlamalarında da oxudum ki, liderliklərini hələ uzun müddət qoruyub saxlayacaqlarını düşünürlər. Lakin biz də, təcrübəli və yaxşı futbolçulardan ibarət bir komandayıq.  Çox yaxşı kollektivə sahibik. Hər şeyə rəğmən, mən düşünürəm ki, bu görüş çempionatın ən maraqlı oyunlardan biri olacaq.

 


 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.