525.Az

Deputat Gülər Əhmədova ilə bağlı yayılan videomateriallar üzrə cinayət işi açılıb

[28.09.12]
Deputat Gülər Əhmədova ilə bağlı yayılan videomateriallar üzrə cinayət işi açılıb

Sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilib, müvafiq orqanlara tapşırıqlar göndərilib, zəruri sorğular və əməliyyat tapşırıqları verilib.

Hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.