525.Az

Əsir yurdun insanları

(Zəngilanın işğalından 23 il ötür)


[30.10.16]
Əsir yurdun insanları <b style="color:red"></b>

Bu Qarabağlı Vətən uşaqlığımın acı xatirəsidi. Mən orda böyüdüm, eləcə orda da kiçildim - qovuldummu, sürüldümmü, sürgün olundummu - siz deyəndi.

Torpaqlarımızın  “qırağının qatlanmasından” 23 il ötdü. Hər il oktyabr ayının sonunda nələrsə xatırlandı, ənənəvi işğal günləri yada salındı və bir il yenə unuduldu. Və yenə də yada düşdü, xatırlandı və unuduldu...

Vətən mənim uşaqlığımdı, elə bil dünəndi Xasayın əriyinin dibində dümələnirdim, acı çəyirdək sındıran dostlarıma gülürdüm, ucadan şeir oxuyurdum, handan-hana kənddə göstərilən kino gecələrində qonurlaşmış dağdağan dənələrini bir-birimizə atardıq,  pambıq yığımı zamanı briqadirlərin gününü qara edib tarlada atdanıb-düşər,  köməyə gələn adamların - gəlmələrin əl-qol atmasına aman verməzdik.

Böyüdü və bir də ayıldıq ki, başımızın üstünü qara buludlar alıb. Torpaqlarımız işğal olundu. Ömrümüzün  23 illik qanla yazılmış işğal səhifəsi tarixə çevrildi. İndi günlərlə və saatlarla o torpaqda dəfn olunmaq şansımızın azaldığını hiss edirik və hiss etdikcə dinimiz, imanımız yanır. Boyumuzun və dilimizin qısaldığının fərqindəyik.

Zəngilanın təbii çinar meşəsi, qızıl yataqları,  zəngin əhəngli torpaqları, müalicəvi suları, qədim mədəniyyət abidələri işğal olundu. Bəsit çayı, Oxçu çayı, Akara çayı və Araz boyu  bol sulu əkin torpaqları, bütün maddi nə varsa... qaldı.

Bəs mənəvi sərvətlər, insan amili?.. Ən dəhşətlisi, yerli insanların dünyaya olan ümidləri, inamları sınağa çəkildi. Yerli-yerində əxlaq və mədəniyyət ölçülərinin də imtahanı çox çətin oldu. Həyatlarının yeni-yeni müstəqillik günlərini yaşamaqdan,  o torpaqlarda özlərinin gorgahını qurmaqdan məhrum oldular. Gündəlik yaşayış tərzinin zorən dəyişilməsi kimləri sındırmadı, bu dünyadan kimlər köçmədi...

Allaha pənah, son şansımızdan yararlanmağa  bir ümidimiz var...

Qarşımda iki fotoşəkil var: 1-ci şəkil 39 yaşındadır, 2-cisi 13. Birincisi Zəngilanda(1977), o biri  Bakıda(2013) çəkilib.

Zəngilan, 1977-ci il. Bu, 70-ci illərin əlimizdə olan son fotolarından biridir. Bahar mövsümünün bircə anı: Zəngilan, “Gənclik” Dağüstü Parkı, 1977-ci il. Soldan birinci Camal Sultanovdur - Zəngilan rayon Mədəniyyət şöbəsinin müdiri. Uzun illər rayonun mədəni həyatında çalışıb, bəzən adına “mədəniyyət Camal” deyiblər. Allah rəhmət eləsin, bir neçə il əvvəl dünyasını dəyişib. Bu şəkil də onun arxivindəndir, oğlu Etibar bizə etibar edib.

Zəngilanın “Gənclik” Dağüstü Parkında çəkilmiş şəkildə böyük sənətkar Məlik Dadaşovu tanıdım.

Xanımların arasında dayanan gursaçlı kişi əslən zəngilanlı olan bəstəkar Bəxtiyar Kərimovdur. “Heydərbaba” mahnısının müəllifi.

O birilər tanıdığım və tanımadığım rəsmi şəxslər və mədəniyyət işçiləridir. Çox hörmətli qonaqlar hələ də şinellərini çıxarmayıblar. Yerli zəngilanlılar şəkildən göründüyü kimi erkən yazdan “soyunublar”.

Bu, bir tədbir şəklidir. Rayonlararası ümumittifaq festival-baxışında çəkilib. Hər halda şəklin arxasında belə yazılıb. Bu festival-baxış nə idi, bu baxış nə verirdi, nə bəyənilirdi bu mədəni tədbirlərdə - soruşmağa ətrafda kimsə yox. Bildiyim qədərində, deyəsən, bir nəfər sağdır - Xuduş İsgəndərov. Görəsən, bu sualları cavablandıra bilərmi? Əslində bunları bilməyin də indi heç bir əhəmiyyəti yox. Hər şey keçmişdə qalıb. Şəkildən görünən o dağ da, o çay da, həmişəyaşıl ağaclar da bizdən çox uzaqda. O görünən evlər, hələ məktəb... indi bizim deyil. Hündür qovaqlar, çinarlar da indi bizim deyil. O kövşənlik, yonca sahələri də.

Ermənilərin ən son işğal etdikləri rayon Zəngilan oldu. Bir aydan çox mühasirədə qaldıqdan sonra məcburi köçkünlük həyatı yaşadı hər bir zəngilanlı. İndi əsarətdə qalan təbii çinar meşəsinin (Kanadadan sonra dünyada 2-ci təbii çinar meşəsi), çoxsaylı mədəniyyət abidələrinin, Daş muzeyinin, digər tarixi yerlərin və ziyarətgahların, eləcə də müxtəlif dekorativ ağaclarla əhatə olunmuş Zəngilan Dağüstü Parkının aqibətindən xəbərsiz kəslərin bu şəklə baxarkən nə düşündükləri də bəlli deyil.

Bizə düşən bu idi ki, 36 il əvvəl əbədi xatirəyə dönmüş bu gözəl anı zaman və məkan daxilində çoxlarına xatırladaq.

İkinci şəkil isə repressiya qurbanı olmuş Xosrov Cavanşirovun 100 illiyində təşkil edilmiş çox kiçik tədbirdən qalma bir xatirədi. Ağ-qara kiçik portretdən boylanan müəllimin  xatirəsinin işığına toplanan ağsaçlı şagirdlərin bir arada toplanması -  Zəngilanlı günlərin xatırlanmasıdı.

2003-cü ilin yay şəklidi. Bu 13 ildə bu insanların 10-dan 7-si - Məhərrəm Mahi (AYB üzvü - şair-müəllim idi), Ələsgər Paşayev (əczaçı idi), Əfrayıl Hüseynov (yüksək rütbəli MTN zabiti idi), Miriş Hüseynov (maarifçi pedoqoq idi), Əmir Zeynalov (mənim dil-ədəbiyyat müəllimim idi), Tofiq Hacıyev (çox nüfuzlu ədəbiyyat müəllimi idi), Kərim Vəliyev (yüksək vəzifəli dəmiryolçu idi) can borcundan çıxıblar, bu dünyadan köçüb gediblər.

Şəkildəki yeganə qadın Elmira xanımdı, Xosrov Cavanşirovun qızı...  

Xosrov Cavanşirov Qasım bəy Zakirin müasiri Məmməd bəy Aşiqin nəvəsi,   Əbdüssəməd bəy Aşiqin oğludur - bəy oğlu idi, bəyzadə idi. Həbs olundu, ailəsi sürgün edildi. Bu isə başqa bir mövzudu...

Pirallahı 2016

Xosrov NATİL

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.