525.Az

Elçin Mirzəbəyli : “...Daha maraqlı bənzətmələrin şahidi olacağıq”

[29.12.12]
Elçin Mirzəbəyli : “...Daha maraqlı bənzətmələrin şahidi olacağıq”<b style="color:red"></b>

“Daha öncədən də İctimai Palatada vahid namizəd məsələsində razılığın əldə olunmayacağı bəlli idi”.

Bunu 525.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə katibi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli dilə gətirib. Onun sözlərinə görə, bu qurumda təmsil olunan siyasi partiya rəhbərləri, xüsusilə də İsa Qəmbər və Əli Kərimli kifayət qədər ambisiyalı və bir-birlərini qəbul etməyən adamlardır.

BAXCP rəsmisi hesab edir ki, bu baxımdan, daha öncəki seçkilər zamanı baş verənlər yenidən təkrarlandı, yeni heç bir hadisə baş vermədi:

“Nəticədə isə dünyanın bir sıra ölkələrində ictimai maraqların müdafiəçisi kimi çıxış edən İctimai Palata ideyası siyasi iddiaların girovuna çevrildi, öz təməl mahiyyətini itirdi və gözdən salındı. İsa Qəmbərin namizədliyini irəli sürməsi isə yeni hadisə deyil. Bir neçə nüddət öncə “Müsavat” başqanı “Azadlıq” radiosuna verdiyi müsahibəsində vahid namizəd ola biləcəyini dilə gətirmişdi. Bundan bir gün sonra Əli Kərimlinin nəzarətindəki “Azadlıq” qəzeti Kərimlinin vahid namizəd ola biləcəyini yazdı və beləliklə, baş verməsi labüd olan parçalanma gerçəkləşdi. Müsavat Partiyası Divanının İsa Qəmbərin namizədliyini irəli sürməsi isə onların İctimai Palatadakı vahid namizəd oyununu davam etdirmək niyyətində olmadıqlarını, öz cinahlarını indidən müəyyənləşdirmək istədiklərini göstərir. Bu həm də Müsavat Partiyası daxilində qurultay öncəsi yaranmış ziddiyyətlərin, partiyanın başqa şəxsin namizədliyini müdafiə edə biləcəyi ilə əlaqədar qarşıdurma yaradan ehtimalların aradan qaldırılmasına xidmət edən bir addım kimi dəyərləndirilə bilər”.
 
“Facebook”-da AXCP və Əli Kərimliyə yaxın adamların İsa Qəmbəri, Hacılı qardaşlarını satqınçılıqda suclamasına və qarşılıq olaraq Arif Hacılının Əli Kərimlini qəvi düşmənçilikdə ittihamlamasına necə yanaşırsınız” sualına cavabında isə E. Mirzəbəyli qeyd edib ki, görünür qarşılıqlı ittihamlar mübaliğə mərhələsinə qədəm qoyub:
 
“Bundan sonra daha maraqlı bənzətmələrin də şahidi olacağıq... Bu, Əli Kərimli tərəfindən idarə olunan gözdənsalma kampaniyasıdı. Bu adamlar apardıqları mübarizə ilə öz əxlaqlarını ortalığa qoyurlar. Görünür, 1988-ci ildən bu adamların şüurunda heç bir dəyişiklik baş verməyib. Sadəcə, məkan dəyişib. Küçə uşağı isə elə “facebook”-da da küçə uşağıdı”.

Kamil Həmzəoğlu


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.