525.Az

Millət vəkili Arif Hacılının mövqeyini dəstəklədi

[29.12.12]
Millət vəkili Arif Hacılının mövqeyini dəstəklədi<b style="color:red"></b>

“Arif Hacılının Əli Kərimli ilə bağlı fikirlərini birmənalı bölüşürəm”.

Bunu 525.az-a açıqlamasında Ana Vətən Partiyasından (AVP) olan millət vəkili Zahid Oruc İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə Müsavat Partiyası ilə Xalq Cəbhəsi Partiyası arasında yenidən alovlanan qarşıdurmaya, Əli Kərimli tərəfdarlarının “Müsavat” başqanını, sözügedən partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı və qardaşlarını hakimiyyətə satılmaqda, sonuncu şəxsin isə AXCP sədrini qəv düşmənçilikdə ittihamlamasına münasibətini bildirərkən dilə gətirib.
 
“Biz hələ zaman-zaman bunları söyləyəndə bun sadəcə, firqə maraqlarının ifadəsi, əks-hakim düşərgə tərəfindən arzu olunanların reallıq kimi təsvir edilməsi qaydasında qiymət verirdilər”-deyən, millət vəkilinin sözlərinə görə, indi müəyyən məqamlarda mənafelər toqquşanda, maraqlar üstü-üstə düşməyəndə dərhal vaxtilə söylədiyimiz məsələlər təsdiqini tapır:

“Yəni, biz birmənalı şəkildə müxalif partiyaların hər hansı prinsip əsasında bir müstəvidə hərəkətinin mümkünsüz olduğunu söyləyirdik. Bunu da fərdlər arasındakı antaqonizm, sosial elektoral bazanın məhdudluğu, perspektivə inamsızlıq, keçmişdə basdırılmış minaların təkrar və tez-tez dövriyyəyə buraxılması və sair ilə izah edirdik”.

Z. Oruc eyni zamanda deyib ki, bunlara paralel şəkildə İ. Qəmbər və Ə. Kəriml arasında bir-birinə qarşı patoloji nifrətin olduğu da hec zaman gizli deyildi: “Bunun əsasları isə ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib çıxır. Hələ hakimiyyətləri dövründə “ŞADP”-nin rəhbəri olaraq sonradan onu “Müsavat”a çevirib AXCP-dən daha tez iqtidara gələn İsa Qəmbər Elçibəydən sonrakı dönəmdə daha geniş miqyasda öz hakimiyyətini bərqərar etmək istəyirdi və bu, hələ o vaxt belə demək mümkünsə, mifləşdirilən, amma sonradan Xalq Cəbhəsi içərisində əriyən “Yurd”un maraqları ilə uzlaşmırdı, onların fərqli niyyətləri vardı. Bu baxımdan tam əmin edirəm ki, indi onların böyük koalisiya, yeni birlik adı ilə öz vəziyyətlərini dəyişmək istəməsi də söylədiyimiz problemləri aradan qaldırmayacaq. Mən bəlkə arzu etmədiyim bir müqayisəni də aparmaq istərdim. Baxın - 1998-ci ildən bu yana DUBB, DUH, SİDSUH, BMH, Demkonqres, “Azadlıq” bloku və digər çoxlu adların şahidi olmuşuq ki, sonradan onlar da bir-bir siyasi arxivə atılıblar. Amma sonuc dəyişməyib”.

Millət vəkilinin fikrincə, “nəticə” odur ki, bunların özlərinin ümumiyyətlə, hakimiyyət perspektivlərinə inamları yoxdur:

“O biri yandan isə ən başlıca məsələ gəlir- sanki bu zavod məhsuludur- qabaritini tez-tez dəyişirsən, ancaq içərisindəki material, maye eynidir, dəyişmir. Yəni, çöldə faktiki olaraq, özlərini ictimaiyyətə yeni adda, yeni qiyafədə çıxarmaqlarının da bir mənası qalmır. Beləliklə də zənn edirəm ki, İsa Qəmbər və Əli Kərimli bir-birinə rəqib olacaq, bunların seçki müharibəsi müxalifətin başçılığı uğrunda gedəcək. Faktiki olaraq, bunun hakimiyyətdə təmsilçiliyə və birinciliyə heç bir aidiyyəti olmayacaq və kim seçkilərdə ikinci yerə çıxacaqsa, o da necə deyərlər, müxalifətin başçısı olaraq, bu düşərgəyə liderlik edəcək”.

Kamil Həmzəoğlu


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.