525.Az

Sözlə savaşda

[29.12.12]
Sözlə savaşda<b style="color:red"></b> Tanrının dörd kitabı var –
Mənimki beşdən keçib.
Ayılanda gec idi – 
Gördüm iş-işdən keçib...       

Təkcə elə bu misralar istedadlı şair Əlizadə Nurinin  sözün ilahi sehrinə necə həssas, necə  məsuliyyətlə yanaşdığını göstərir. “Sayı çox, sanbalı yox” nəşrlərin yağışdan sonra göbələk kimi ardığı bir zəmanədə  o, öz kitablarının müqəddəs kitablarlardan sayca çoxluğunu belə sadə poetik dillə “qınayır”.  

Əlizadə Nurinin şeirlərini fərqləndirən və oxuculara sevdirən başlıca cəhət də onun özünəməxsus poetik üslubu, ən adi hadisəni də qeyri-adi tərzdə obrazlaşdırmaq bacarığıdır. Nədən yazırsa-yazsın – qoca balıqçıdan, doğulduğu kənddən, sevgi məktubundan, tələbə qızların  yataqxanasından, daşdan, quşdan, yarpaqdan – fərqi yoxdur, hər şeyə onun öz poetik yanaşması var. Unudulmaz şairimiz Məmməd Arazın Əlizadənin istedadını vaxtilə onun kitabına yazdığı ön sözdə belə dəyərləndirib:  “Etiraf edim ki, çoxdandı bu sayaq heyrətlənməmişdim: elə bil sehirli aləmə düşdüm, bu gənc şairin poetik deyimləri, obrazlı təfəkkür tərzi ruhumu oxşadı”. Kimsə təzə çapdan çıxmış kitabını sənə bağışlayır və yaxud kitab mağazasına girib yeni nəşrləri vərəqləyirsən... Bir şeir, iki şeir... Təzə söz, poetik bir deyiliş tapmaq ümidi ilə daha bir neçəsini gözdən keçirirsən. Hətta elə şeirlər olur ki,  baxırsan ki, heca, vəzn, ülgülər hamısı yerindədir, müəllif şeirin bütün texniki qayda- qanunlarına əməl edib, amma səni tərpədən bir misra da yoxdur. Axtardığını tapa bilməyəndə elə ordaca kitabı qatlayıb bir kənara qoyursan. Amma Əlizadənin şeirləri necə deyərlər, elə ilk toxunuşdaca oxucunu çəkir, poetik mənası olmayan bir misraya,  təsirsiz bir deyimə rast gəlmirsən.  Dünya haqqında nə qədər yazılıb, nə qədər söz deyilib?! Bu mövzuda kimlər qələm çalmayıb?! Bəzən adama elə gəlir ki, “üzünə hər söz deyilmiş” dünya haqqında təzə bir söz, bənzətmə tapıb demək çətindir. Lakin Əlizadə Nuri bu əbədi və əzəli mövzuya da özünəməxsus obrazlarla, yeni bir yöndən baxa bilir:  

Hər gün göy üzünə məktub yazıram,
Ancaq ki atmağa bir qutu yoxdu...
Mənim bu dərdimə ad qoyulmayıb, 
Mən olan dünyanın Qorqudu yoxdu...       

Haqsız da yıxılıb haqdan, ölərdi,
Dağ çayı yıxılıb dağdan, ölərdi...
Dünya istəsəydi, çoxdan ölərdi, –
Ancaq özü boyda tabutu yoxdu...   

Yaxud: 

Çəkdim ciyərimə tütün dünyanı, 
Mən necə düz keçim bu tin dünyanı?
Neynim, ikiəlli tutum dünyanı Ki,
dünya bir dəfə əlimə düşüb?!        

Əlizadə Nuru ən adi bir hadisəyə, ən xırda bir detala da məna verməyi və onu obrazlaşdırmağı bacaran şairlərdəndir. Onun poetik dilinin aydın və axıcı olması şairin lirik-fəlsəfi düşüncələrinin asan qavranılmasına xidmət edir. Sevgi, onun uğursuzluğu, aşiqin sinəsinə dağ çəkməsi, talesiz gəncin iztirabları və s. haqqında min illərdir ki, yazılır. Ancaq sevgidə uğursuzluğa düçar olan şairin bu mövzuya yanaşması da olduqca maraqlıdır:

Dilimdə şüşə tək sındı adın ki 
Barı sındığını yağı görməsin...
Əlimi sinəmdə çarpazladım ki,-
Heç kim sinəmdəki dağı görməsin...

Başqa bir şeirdə müəllifin gözəlliyə münasibəti də özünəməxsusluğu ilə seçilir:
Boy ata, bərkiyə, bax, bu şüşə qız,
Qol aça, quşlarla ötüşə bu qız...
Bir ağ gilas kimi yetişə bu qız, –
Sən də ki hər gecə gilas dərəsən...

...Toy günü qızını gəlin köçürəm ananın sevinc, həyəcan və narahatlığı çox üz tutulan mövzulardandır. Lakin şairin ananın göz yaşını da cehiz kimi göndərmək fikri təzə və orijinaldır:
 
Dayan, qoy bu qəmdən doyum, göndərim,
Alma ürəyimi soyum, göndərim... 
...Ana göz yaşını qoyub göndərir,
Cehizin üstündə qız balasına...

Hər şeir şair ürəyinin yaşantısı və onun ovqatının ifadəsidir. Həmişə sözlə, dünya ilə savaşda olan Əlizadə bu savaşda özünün məğlubluğunu da poetik şəkildə ifadə edir: Sınsan, görəcəksən həlimdi dünya, Qüruru olana qənimdi dünya... ...Bir az da dözsəydim, mənimdi dünya, Dözmədim, dözümə uduzdum, Allah...       

Açıb eşq qutusun, “nəzir” götürdüm,
Bu şah qəm məni də vəzir götürdü!
Döyüşdük, söz məni əsir götürdü,
Döyüşdük, sözümə uduzdum, Allah... 

İstedadlı şair Əlizadə Nurinin şair ilhamı ömrün əllinci sahilinə yan alır. İstər klassik formada, istər müasir üslubda yazdığı şeirlər onun poetik istedadının bənzərsizliyindən və hələ neçə-neçə oxucu ürəyini fəth edəcək qanadlı misralar qələmə alacağından soraq verir...

Süleyman QARADAĞLI
H.Zərdabi mükafatı laureatı


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.