525.Az

2012-ci ilin mədəniyyət hadisələrinə YEKUN

[29.12.12]
2012-ci ilin mədəniyyət hadisələrinə<b style="color:red"> YEKUN</b> 2012-ci il başa çatmaq üzrədir. Bu il Azərbaycan mədəniyyət sahəsində olduqca yadda qalan il oldu.
 
“İlin festivalları”
 
Bu il Azərbaycanda önəmli festivallar keçirildi. “Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı, VI Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalı, Bakı Caz festivalı, IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, I Bakı Beynəlxalq idman filmləri festivalı, Qəbələ IV Beynəlxalq Musiqi Festivalı önəmli mədəniyyət hadisələri kimi yadda qaldı. Həmin ərəfədə dünyanın tanınmış musiqiçiləri Azərbaycanda qonaq oldu. Yadda qalan konsert proqramları ilə çıxış etdi.
 
İlin yubileyləri”
 
Yola saldığımız ildə Azərbaycan mədəniyyəti, incəsənətində önəmli yer tutan tanınmışların yubiley tədbirləri keçirildi. İlin əvvəlində xalq artisti Natiq Fərzəliyevin  50 illik yubileyi keçirildi. Daha sonra SSRİ xalq artisti Müslüm Maqomayevin 70, Azərbaycan dramaturgiyasının banisi Axundzadənin 200, Nizami Gəncəvinin 870, Hüseyn Cavidin 130, Şövkət Ələkbərovanın 90, Aşıq Mirzə Bilalın 140, Xəlil Rza Ulutürkün 80 , Bülbülün 115, Aşıq İsfəndiyar Rüstəmovun 75, Habil Əliyevin 85, Fikrət Verdiyevin 65 illik yubileyləri təntənəli şəkildə qeyd olundu.
 
“İlin xəstələri”
 
2012-ci il - qara əjdaha ili -  bir çox tanınmışımız üçün uğursuz oldu. Səhhətində ciddi problemlər yaranan sənətçilər həkimə müraciət etdilər. Xalq artistləri Afaq Bəşirqızı,  Firəngiz Mütəllimova, İlhamə Quliyeva, Ramiz Məlikov, Azər Zeynalov, Arif Quliyev, Rafiq Əzimov, Siyavuş Aslan, Flora Kərimova, Aygün Kazımova, meyxanaçı Elşən Xəzər günlərini xəstəxana palatalarında keçirdilər.
 
“İlin mötəbər hadisəsi”
 
İl başlayandan dünyanın gözü Azərbaycana yönəldi. Avropada məşhur musiqi yarışması “Eurovision 2011” Bakıda keçirilməsi hər kəsdə maraq oyatdı. Dəbdəbəli “Bakı Kristal Zal”ında dünyanın 43 ölkəsinin təmsilçisi çıxış etdi. 1500 dən artıq yerli və xarici jurnalist Azərbaycanda keçirilən müsabiqəni işıqlandırmaq üçün bir araya gəldi. Müsabiqəyə qədər hər gün müsabiqə ilə bağlı önəmli xəbərlər bütün KİV-lərdə yer aldı.
 
“İlin premyeraları”

 
Mirzə Fətəli Axundzadəyə həsr olunan “Sübhün səfiri”, Nizami Gəncəviyə həsr olunan “Nizami”, bundan başqa “Sarı gəlin Azərbaycan muğam-caz”, “Dolu”, “Xoca” filmlərinin təqdimatı oldu. "Bakı, mən səni sevirəm" kino-layihəsi, Türkiyə və Azərbaycanın birgə işi olan “Mahmud və Məryəm” filmlərinin çəkilişləri başa çatdı. Teatrlarımız da bu il yeni premyeraları ilə yadda qaldı.
 
“İlin itkiləri
 
Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Elza İbrahimova vəfat etdi. Xalq artisti, professor, pianoçu Zöhrab Adıgözəlzadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. İlin sonuna yaxın isə Azərbaycan mədəniyyətinə daha bir ağır itki üz verdi. Xalq artisti, “Şöhrət” ordenli Yaşar Nurini itirdik.
 
“İlin gözlənilməz konsertləri”
 
2012-ci il Bakıda xarici müğənnilərin konsert proqramları ilə yadda qaldı. Bu il Heydər Əliyev sarayında Rusiya teatrı Madaqaskar tamaşası ilə çıxış etdi. Daha sonra Anadolu atəşi rəqs qrupu, Moskva teatrının şou-baleti, komediya ustası Mixayıl İvanevskiy, Sərdar Ortac, Latviyanın “Eurovision” təmsilçisi An Mari, Rusiyanın xalq artisti, “Dostluq” medalı ilə təltif edilən İosif Kobzon, gürcü müğənni DATO, tanınmış müğənni, SSRİ-nin xalq artisti Edit Pyexa  Sarayda konsert verənlər sırasında oldu. Qardaş Türkiyədən qonaq olan Rafet El Roman, Əmrə Aydın, “Duman” rok qrupu Bakıda şou göstərdilər. Həmçinin, tanınmış müğənni-biznesmen Emin Ağalarov “Yaşıl Teatr”da konsert proqramı ilə çıxış etdi. Rusiyalı müğənni Leonid Aqutin Röya ilə birlikdə “Bakı-Moskva” adlı konsert proqramını təqdim etdi. İlin ən yadda qalan konsertləri isə dünyaca tanınmış ulduzlar Cenifer Lopez, Rihanna və Şakiranın “Bakı Kristal Zal”ında möhtəşəm şouları oldu.
 
 
“İlin qonaqları”
 
Bu il Bakı qonaqlı-qaralı keçdi. Türk filmlərinin tanınmış siması Türkan Şoray, Hollivud ulduzu Aziya Arcanti, Polşa rejissoru Kşiştof Zanussin, “Santa Barbara” filmində Meyson obrazını canlandıran Leyn Hant Deyvis, “Çalıquşu” serialının qəhrəmanı Aydan Şener Bakıda oldu. İlin qəribə və sirli qonağı isə Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs oldu. Müalicə olunmaq üçün ekstrasens yanına gəldiyi deyilən müğənni iki gündən sonra Bakını müəmmalı şəkildə tərk etdi.
 
“İlin mədəniyyət hadisələri”
 
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ikiyə bölündü. Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərliyi ilə yeni ittifaq yaradıldı. Daha sonra ittifaq tərəfindən Milli Kino mükafatı təsis edildi. İlk mükafata xalq artisti Yaşar Nuri layiq görüldü. Gənc xanəndə Qoçaq Əsgərovun lent yazısı ABŞ-da ən yaxşı səsyazma siyahılarda yer aldı. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Leyli və Məcnun˝ muğam operası ABŞ-da səsləndi. Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bu il TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) çərçivəsində "M.F.Axundzadə İli" elan edildi. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi “Zirvə” mükafatını təsis etdi.

lent.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.