525.Az

Pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb

[29.12.12]
Pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb<b style="color:red"></b>

2012-ci il üçün pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb. 

525.az-ın məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib.

Müslümov bildirib ki, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi dekabrın 28-də başa çatdırılıb. Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala bilərlər.

"İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunmuşdur". DSMF sədri il ərzində görülən işlər barədə də məlumat verib. Müslümov vurğulayıb ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gerçəkləşdirilmişdir.

DSMF sədri bildirib ki, "Cari ilin arxada qalan dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən gəlirlərin icrası, maliyyə dayanıqlığının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət etmişdir. İl ərzində Azərbaycan Respublikası Prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 2 sərəncamı uğurla icra olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuş və əvvəlki illərdən fərqli olaraq bu artım daha böyük kontingenti əhatə etmişdir. Belə ki, 2011-ci ildə həyata keçirilmiş islahat nəticəsində əvvəllər yalnız pensiyaların baza hissəsini alan və buna görə də indeksləşmədən kənarda qalan 482 min nəfərin də pensiyasının islahatdan sonra yaranmış sığorta hissəsi indeksləşdirilmişdir. Nəticədə, pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi artırılmışdır".

Müslümov diqqətə çatdırıb ki, görülən bütün bu tədbirlər nəticəsində 2012-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib.

"Ümumilikdə son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır", - Müslümov qeyd edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.