525.Az

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi

[19.09.15]
İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

28 fevral 1918-ci ildə Seymin Mandat komissiyası fraksiyalar üzrə Seym üzvlərinin ən son siyahısını təsdiqləyib.
 
Həmin siyahıya “Müsavat və Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsindən olan partiyasızlar qrupu fraksiyası”ndan cəmi 30 nəfər üzv düşüb: 1) Cəfərov Məhəmmədyusif, 2) Topçubaşov Əlimərdan bəy, 3) Rəsulzadə Məhəmmədəmin, 4) Yusifbəyov Nəsib bəy, 5) Ağayev Həsən bəy, 6) Sultanov Xosrov bəy, 7) Məhəmmədbəyov Qazıəhməd, 8) Mahmudov Mustafa, 9) Seyidov Mirhidayət, 10) Qardaşov Aslan bəy, 11) Rüstəmbəyov Şəfi bəy, 12) Xoyski Fətəli xan, 13) Xasməhəmmədov Xəlil bəy, 14) Hacınski Məhəmmədhəsən, 15) Məlikyeqanov Cavad bəy, 16) Hacıbababəyov Mehdi bəy, 17) Axundzadə Hacı Mirzə Səlim, 18) Axicanov Müseyib bəy, 19) Məlikaslanov Xudadad bəy, 20) Behbudov Lütfəli bəy, 21) Hacınski Mehdi bəy, 22) Köçərli Firidun bəy, 23) Mahmudbəyov Əliəsgər bəy, 24) Mikayılov Kərbəlayı Vəli, 25) Vəkilov İbrahim ağa, 26) Şahtaxtinski Həmid ağa, 27) Qulubəyov Əli bəy, 28) Vəkilov Rəhim bəy, 29) Əfəndizadə Yusif əfəndi, 30) Yusifzadə Mirzə Cəlal.   

Bu fraksiyadan Seym üzvlüyünə 19 da namizəd vardı. Müsavat Firqəsi və Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinin birgə təqdim etdiyi namizədlər siyahısına bunlar daxildi: 1) Qəbulzadə İslam bəy, 2) Bəşirov Əmrullah, 3) Qaraağazadə Həmdi əfəndi, 4) Vəkilov Məhəmmədrza ağa, 5) Məhəmmədbəyov Məhəmməd bəy, 6) Şıxəlibəyov Asəf bəy, 7) Nemanzadə Ömər Faiq, 8) Şervaşidze Qədir əfəndi, 9) Ağabəyov Rza bəy, 10) Haqverdiyev Əbdürrəhim bəy, 11) Nərimanbəyov Nəriman bəy, 12) Cavanşir Behbud ağa, 13) Rəfiyev Musa bəy, 14) Mirzəcamalov Hüseyn bəy, 15) Vəkilov Mustafa ağa, 16) Əmircanov Əbdüləli bəy, 17) Axundov Mirzə Məhəmməd, 18) Vəkilov İsfəndiyar ağa, 19) Mirbağırov Mirməhəmməd.

Elə həmin 28 fevralda Seymin bir sıra müsəlman üzvləri istefa veriblər və  onların yerinə namizədlər üzv seçilib. Seymin yeni üzvləri arasında İslam bəy Qəbulzadə də var. O, görünür, ertəsi günü Zaqatala İcraiyyə Komitəsinin sədrinə, üstündə göndərilmə tarixi qeyd olunmamış bu teleqramı yollayıb: “Ceym üzvü seçildiyimə görə işdə yoxluğum üzündən Dairə əhalisinə ziyan dəyməsini istəmədiyimdən, Dairə komissarlığı vəzifəsini öz üzərimdən götürürəm. Xahiş edirəm bu haqda təcili Dairə əhalisinə xəbər verəsiniz”.

Bundan sonra nələr baş verdiyini Seym üzvü Hacı Səlim Axundzadənin xatirələrindən öyrənirik. Xatirələrin nəşr edilmiş mətnində ərəb qrafikasının düzgün oxunmaması üzündən çoxlu yanlışlığa yol verilib. Biz burada həmin yanlışları düzəltməyə çalışmışıq. Müəllif yazır:

“Əlhasil, Zaqatalada ermənilər və gürcülər qayət iztirabda olub Tifis Məclisinə (Zaqafqaziya Seymi nəzərdə tutulur) adam göndərib ərzi-hal verirlər. Tiflisdəki gürcü və erməni təşkilatları Türk Ədəmi-Mərkəziyyət Firqəsindən (Müsavat Partiyasından) rəsmən istimdad və müavinət istəyib, “erməniləri və gürcüləri Zaqataladakı əşrarların (şər adamların, quldurların) əllərindən qurtarmaq üçün Zaqatalaya nümayəndə göndərmək lazımdır” demişdilər. Bu xüsusda [1918-ci il] mayın 2-i gecəsi daireyi-hökmdə (Seymin yerləşdiyi keçmiş Canişin sarayı nəzərdə tutulur) olan Abı zalda (ki, Müsavat Firqəsinə məxsus idi) iclas olub firqə hökm sadir elədi ki, İslam bəy Qəbulov ki, əslən və bizzat Zaqatala mahalında mütəvəllid və tərbiyə olub və felən Zaqatalanın vəkilidir (yəni Seymə Zaqataladan deputatdır) və İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub və rusca da yaxşı bilirdi, həmən bu İslam bəy Qəbulov və bəndə - Axund Hacı Mirzə Səlim axund İslam bəy cənabları ilə bərabər firqə nümayəndəsi olub, Zaqatalaya gedib, oranın hökumət işlərinə baxıb, islah və təğyir və təbdil verib və ermənilərin və gürcülərin işlərinə, yəni asudəliklərinə səbəb olub, hamı işləri təsfiyyə edək. Buna binaən firqə tərəfindən etimadnamə yazılıb və etimadnamədə əvvəlcə İslam bəyin, sonra mənim adım qeyd olundu. Dübarə, Vəzarəti-Xarici və Daxili  (Xarici və Daxili İşlər Nazirlikləri) (ki, gürcülər tərəfindən intixab olunmuşdu) Ramişviliyə (mətndə yanlışlıqla: Ramaşvilli) müraciət olub, o da rəsmən bir etimadnamə bizə verdi. Lakin ittifaqən vəzir əvvəlcə mənim adımı soruşub yazdı, sonra İslam bəyin adını yazıb qeyd elədi... Müxtəsər budur ki, türki etimadnaməyə İslam bəyin adı müqəddəm olan kimi, rusi etimadnamədə mənim adım müqəddəm oldu. Hökumət dairəsində lazım idi ki, bizə gündəlik məxaric versinlər, amma heç bir şey vermədilər. Bizim Zaqatalaya getməyimizin artıq dərəcədə əhəmiyyəti olduğu üçün bizə hərəkət etməyimizə hökumət və camaəti-erməni və gürcü tərəfindən təkid olundu.

May ayının ikisi idi. (Bizcə, Hacı Səlim burada yanılıb - söhbət 2 apreldən gedə bilər, çünki İslam bəy Seymə istefa ərizəsini 8 apreldə yazıb. Burada təsvir edilən hadisələrin həmin tarixdən sonra baş verməsi inandırıcı deyil. - O.T.) Saat 11-də mənzildən vaqona tərəf hərəkət edib, bir məhəldə avtomobil dayanıb, 3 nəfər erməni yoldaşım İslam bəyə bir şey verdilər. Məlum oldu ki, həmən türk baydağında olan “La ilahə illəllah Məhəmmədən rəsulullah” sözləridir ki, Zaqatalada türk əsgərləri bunu bəhanə gətirib erməniləri qırmaq istəyirdilər. Felən bu baydağı bizə verdilər ki, aparıb orada əsgərlərə nişan verək.

Əlqərəz, avtomobil hərəkət edib, vağzala yetişib, bilet alıb əvvəlinci, ikinci [klasa] yer olmadığı üçün üçüncüyə süvar olduq. ...Yoldaşım İslam bəy sərfə üçün üçüncü klasın biletini alıbdır. […] Məlum oldu ki, stasyonda təvəqqüf olan zaman bəzi qüttaüttəriqlər (quldurlar) istəyirmişlər ki, vaqonun içinə daxil olsunlar, ancaq müstəhfizlər (qoruyucular) mane olurmuşlar”.

Hacı Səlimin xatirələrindən bəlli olur ki, Seymin bu iki üzvü Tiflisdən Zaqatalaya gələrək öncə müsəlman ədliyyə idarəsində olublar. Ədliyyənin rəisi Bayram Niyazi adında möhtərəm şəxs idi. Onu sonralar - Azərbaycan Cümhuriyyəti zamanı Zaqatala camaatı Parlamentə deputat seçib.

Onlar gecəni burada keçirərək sabahı İslam bəyin əmisi oğlu Mustafa bəy Qəbulzadənin evinə düşüblər. İslam bəylə Hacı Səlim Zaqatalada iki dəfə Nikolay ədliyyəsinin otağında, bir əfə də erməni kilsəsində erməni camaatını yığaraq söhbət ediblər, hər üç yığıncaqda ermənilərə təminat verərək onları sakitləşdiriblər.

Hacı Səlim Axundzadə daha sonra yazır: “Ermənilərin bir dilavər zirək keşişləri var idi. Zənnimcə, bu nadürüst haramzadəlikdə keşiş az olsun. Əlbəttə, şəxsi ki molla və millət nümayəndəsi oldu, lazımdır bu cür zəhmətkeş camaatın içinə mübaşir olan olsun. Bu qədər vardır ki, bu keşiş sabiqlərdə islam camaatını artıq dərəcədə narahat edirmiş.

Əlhasil, gürcüləri və erməniləri rahat edib müsəlman camaatının ümuratına təsfiyyə etməyə başladıq.

Qeyd: Azərbaycan Parlamanında Bayram Niyazidən Zaqatala keşişinin əhvalını istifsar elədim (xəbər aldım). Bu cür cavab verdi ki, bu keşiş sizdən sonra artıq dərəcədə iğtişaşa bais olurdu. İki ədəd cəli (saxta) kağız Nuru paşanın hökmü və möhürü ilə bərabər bu keşişin adına göndəriblər ki, Nuru paşa Şəkidə bu keşişi görmək istəyir. Həmin bu keşiş kəmali-təbəxxürlə Zaqataladan hərəkət edib Şəkiyə gəlmək istəyirmiş. Şəhərdən kənar olub Şəki yoluna daxil olanda bir iddə Tala camaatından yolda hücum edib keşişi edam eləyiblər”.

Zaqatalada yaşayan ermənilər canlarından qorxub öz mülk, əmlak və avadanlıqlarını artıq dərəcədə ucuz qiymətə müsəlmanlara gizli surətdə sataraq özlərini qurtarmaq fikrində imiş. Bundan yararlanan tamahkar insanlar ermənilərin mallarını yüzə bir qiymətə alıb özlərinə mal edirdilər. Az qalıb ki, şəhərdə hərc-mərclik yaransın, ona görə İslam bəy Qəbulzadə şəhərin əyan-əşrafı vasitəsilə şəhərin ali-ibtidai məktəbinin yanında bir böyük düzənlikdətoplayıb. Car əhli və Tala camaatında təqribən beş min nəfər buraya toplaşıb. Meydanın ortasına böyük bir kürsü qoyulub və hər kəs istəyirsə çıxıb danışıb. Hacı Səlim də danışanlar arasında olub. Onun sözləri əksər əyan və əşrəfə xoş gəlib, camaatın çoxu qəbul eləyib, anca bəzi oğru və dələduzlara faydası olmadığı üçün bəyənməyiblər. Ondan sonra İslam bəy və başqaları da nitq edərək Hacının sözlərini təsdiqləyiblər.

“İslam bəy məni Carda qoyub Qaxa getdi ki, oranın işlərinə də sərəncam versin.

Qax Zaqatalanın bir mahalındandır ki, orada bir naçalnikdən aşağı, pristavdan yuxarı mənsəbdə adam hökumət edirdi. Bu Qax İslam bəy və bütün Qəbulovların əsl vətənidir”.

Bu bilgidən sonra aydınlaşır ki, Hacı Səlim də Qaxa getməyi qərara alır və bir faytona minərək oraya yollanır. Bir gecə Qaxın bir ağac yarımlığında Azərbaycan Parlamanının üzvü Hacı Abdulla əfəndi Qəbulzadəyə qonaq olub, günorta vaxtı İslam bəyin evinə gedib orada qalır. İslam bəylə birgə hökumət idarəsində üç dəfə yığıncaq edərək, nəhayət, Zaman bəyi vəzifədən çıxararaq onun yerinə başqasını təyin edirlər.

(Ardı var)

Oğuztoğrul TAHİRLİ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.