525.Az

“Gülər Əhmədova ilə bağlı baş verənləri YAP-a zərbə hesab etmirəm”

[27.12.12]
“Gülər Əhmədova ilə bağlı baş verənləri YAP-a zərbə hesab etmirəm”<b style="color:red"></b>

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi.

 

- Siyavuş müəllim, sizcə, Gürcüstan-Azərbaycan münasibətlərində qonşu dövlətin yeni hökumətinin rəhbərinin Bakıya səfəri özlüyündə nəyin göstəricisidir? Ümumiyyətlə, baş nazir Bidzina İvanişvilinin Azərbaycana səfərini necə dəyərləndirirsiniz?

 

- Gürcüstan baş nazirinin ilk səfərini Azərbaycandan başlamasını təbii qəbul edirəm. Bu səfərin Bakıdan başlanmasının əsas səbəbi uzun illərdən bəri iki ölkə arasında formalaşan iqtisadi, siyasi və mədəni əlaqələrdir. Bu əlaqələr Gürcüstanın iqtisadi inkişafına həmişə töhfə verib. Bu ölkənin vətəndaşlarının iş yerləri ilə təmin olunmasında da bu əlaqələr mühüm rol oynayıb. Gürcüstanın ən çətin anlarında Azərbaycan ona dəstək verən ölkə olub. Bununla bağlı çoxlu hadisələri sadalamaq olar. Bütün bunlar da Gürcüstan dövlətinin başçıları tərəfindən həmişə qeyd olunub. Azərbaycan da Gürcüstanla münasibətlərdə çox diqqətlidir. Bu səfərin əhəmiyyəti isə Gürcüstandakı dəyişikliklərə baxmayaraq, münasibətlərdə heç bir dəyişikliyin olmamasını nümayiş etdirməkdir. Həmçinin müəyyən söz-söhbətlərin də aradan qalxmasında bu səfərin müsbət rol oynayacağına ümid edirəm. Əlbəttə, Gürcüstanla Azərbaycanın dostluq əlaqələrinə müdaxilə etmək istəyənlər çoxdur. Biz heç bir halda imkan verməməliyik ki, bu əlaqələrə xələl gəlsin.

 

- Amma Azərbaycanın siyasi arenasında bəzi şəxslər, hətta parlamentin bəzi deputatları da Gürcüstanın yeni hökumətinin fəaliyyətini ciddi tənqid edir, Azərbaycan hökumətindən baş nazir Bidzina İvanişvili ilə sərt davranmaq haqda tələblər irəli sürürlər...

 

- Bilirsiniz, bu məsələ Gürcüstanda hökumət dəyişikliyindən sonra bu ölkədəki azərbaycanlılara qarşı törədilən cinayət hadisələrinin çözülməməsi ilə bağlıdır. Bundan başqa, ölkələrimiz arasında münasibətləri pozmağa çalışan provokasiyalı hadisələr baş vermişdi. Gürcüstanın hüquq-mühafizə orqanları deyir ki, bu məsələ araşdırılır. Həmçinin əvvəlki hökumət bunu yeni hökumətin etdiyini, yenisi isə köhnə ölkə rəhbərliyinin baş verənlərdə maraqlı olduğunu deyir. Bu kimi müxtəlif fikirlər ortaya atılır. Mən isə hesab edirəm ki, bütün hallarda qonşu dövlətin rəhbəri haqqında hansısa fikir söyləyəndə diqqətli olmalı və hörmətlə yanaşmalıyıq. İfadələrimizə diqqət etməliyik. Əlbəttə, hər birimizin kimisə tənqid etmək hüququ var. Amma ifadə seçimində digər tərəfin narazılığına səbəb olan fikir səsləndirmək düzgün deyil. Bu gün biz çalışırıq ki, münasibətlərimizi daha da yaxşılaşdıraq, münasibətlərimizi korlamayaq. Onsuz da bu istiqamətdə fəaliyyət göstərən Ermənistan və başqa qüvvələr mövcuddur. Hətta müəyyən qruplar Rusiyadan da cəhdlər edir. Azərbaycanın daxilində olan bəzi müxalifət təşkilatları da Gürcüstanla əlaqələrimizin pozulmasına çalışır. Fikrimcə, əlaqələr əvvəlkindən daha da geniş şəkildə inkişaf etdirilməlidir.

 

- Bir müddət əvvəl elm sahəsində mövcud vəziyyətə dair çıxışınız olmuşdu. Qeyd etdiyiniz problemlərin çözülməsi yolları ilə bağlı hansısa təklifləriniz varmı?

 

- Əvvəlcə onu deyim ki, məsələlərə real yanaşmaq lazımdır. Bu günə qədər bizim elmi uğurlarımız və alimlərimiz olubsa, bunlar tarixdir. Bu gündən sonra atacağımız addımları müəyyənləşdirməliyik. Elm sahəsində çalışanların orta yaşı təxminən 65-dir. Gənclərimiz iş yeri seçəndə bunun maddi tərəfi ilə daha çox maraqlanırlar. Vəziyyətin belə olmasına təbii baxmaq lazımdır. Bu gün ali məktəbi bitirən bir gənc əgər savadlıdırsa, hansısa nazirlik, ya da şirkət onu öz yanına cəlb edir və bununla da elmdən kənarda qalır. Ona görə də gənclərin elm sahəsinə cəlb edilməsinin yeni modelini tapmalıyıq. Artıq dünyanın bütün inkişaf etmiş ölkələri bu formada fəaliyyət göstərir. Əlbəttə, keçmiş SSRİ-də dövlət bütün sahələrə olduğu kimi, elm sektorunda da proseslərə nəzarət edirdi. Sifarişçi də dövlət olduğundan, elmi institutlar tam olaraq büdcədən maliyyələşirdi. Bundan başqa, tələbə ali məktəbi bitirən kimi təyinatla elmi institutlara göndərilirdi. İndi isə Azərbaycan bir quruluşdan başqa bir quruluşa keçid edib. Mülkiyyət formaları dəyişib. Bütün sistemlərdə olduğu kimi, bu sahədə də dəyişikliyin olması labüddür. Bəzi alimlər də bu fikri təsdiqləyir. Fikrimcə, elmi tədqiqat institutları ali məktəblərin nəzdində fəaliyyət göstərməlidir ki, həm nəzəri, həm də praktiki elmi yenilikləri cəmiyyətə çatdıra bilsinlər. Bunun nəticəsi olaraq isə həm elm, həm də ali məktəbdə təhsil alan tələbələr qazanır.

 

- Artıq neft sektorunda bu istiqamətdə müəyyən addımlar atılıb...

 

- Bəli, Azərbaycan Dövlət Neft Şirkəti artıq öz potensialını inkişaf etdirmək, yeni elmi nailiyyətlərə nail olmaq məqsədilə təhsil bazasını yaradıb. Şirkətin elmi müəssisələri də əvvəldən mövcud olub. Yəni təhsilini bitirən savadlı tələbə elmi imkanlarını genişləndirə biləcək və nailiyyətlərinin praktikada da tətbiqinin şahidi olacaq. Çünki elmi-nəzəri institut nə qədər vəsait ayrılmasına baxmayaraq, öz kəşflərini istehsala yönəldə bilməz. Bu gün bizdə elmi kəşflərin çoxu yazı şəkilində arxivdə qalır. Amma bu tətbiq olunarsa, irəliləyişə nail olmaq olar. Yaxşı, bir beş ildə bu islahatları yubatdıq, sonra nə olacaq? Axı bu insanların ömrü gedir. Bəlkə bu şəxs başqa sahədə daha potensiallı olacaq. Az bir maaşa keçmiş sistemlə işləyir, yaxşı olacağını düşünür. Sonda isə bir də görür ki, 20 ildir artıq yeniliyin olacağını gözləyir. Bu baxımdan hesab edirəm ki, həm yaradıcılıq, həm də elm sahəsində ciddi islahatlara ehtiyac var. Sabahı düşünməliyik. Ona görə işləmək tərzi dəyişməlidir. Elə götürək teatrı. Bu gün teatrlarımızda elə əsərlər səhnələşdirilir ki, bu əsər tamaşaçı cəlb etmir.

 

- Siz bütün yaradıcılıq sahələrində yeniliklərin olmasını istəyirsiniz?    

 

- Artıq bununla bağlı ciddi addımlar atılmalıdır. Açığını deyim ki, dünyada elmi tədqiqat institutları bazar iqtisadiyyatına uyğun şəkildə öz fəaliyyətini qurur. İctimai əsaslarla fəaliyyət göstərən akademiyalar isə sırf elmi-nəzəri biliklərlə bağlı yenilikləri əldə etmək məqsədilə fəaliyyət göstərir. Məsələn, Rusiyada, ABŞ-da alternativ akademiyalar mövcuddur. Biz də yavaş-yavaş bu islahatlara başlamalıyıq. Yəni sovet stereotipindən çıxaraq, yeni inkişaf modelinin tətbiqinə başlamaq lazımdır.

 

- Bəs müxalifətdə baş verən prosesləri necə qiymətləndirmək olar? 2012-ci ildə müxalifət yaddaşınızda necə qaldı?

 

- Qısaca deyim ki, 2012-ci ildə müxalifətin fəaliyyəti hiss olunmadı. Sadəcə, bir neçə piket keçirmək və bəzi məsələlərdə anti-Azərbaycan mövqeyi ilə yadda qala bildi. Məsələn, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edən xarici qonaqlara həqiqətə uyğun olmayan məlumatlar çatdırmaq, bu tədbirlər zamanı Azərbaycan əleyhinə fəaliyyət göstərməklə müxalifət diqqəti cəlb etdi. Bunlar isə siyasətdən kənar elementlərdir və düşmən dəyirmanına su tökməyə xidmət etdi. 2013-cü ildə müxalifətin heç bir potensialı yoxdur. Öz fikir və mülahizələrinə əsaslanaraq deyirəm ki, müxalifət üçün 2013-cü il gərgin çəkişmələr ili olacaq.

 

- İctimai Palata çərçivəsində müxalifətin birlik imkanlarını necə dəyərləndirirsiniz?

 

- Birincisi, İctimai Palatanın özünün mövcudluğu qanuna əsaslanmır. Həmçinin formatın özü qeyri-müəyyən şəkildədir. Yəni hansısa qurumda üzvlük ya fərdi, ya da təşkilat şəkilində olur. İctimai Palatada isə bu məsələ çox qarmaqarışıq şəkil alıb. Burada əsas inhisarçılıq bir neçə partiyanın əlində cəmlənib. Digər partiyalar isə ya oradan uzaqlaşıb, ya da inhisarçı partiyaların iradəsinə tabe olmaq məcburiyyətində qalıb. Bu gün İctimai Palatada qalan adamlar, sadəcə, vaxt keçirməklə məşğul olurlar. Bir il əvvəl İctimai Palata haqda söylədiklərimi bu qurumun təsisçiləri indi təsdiq edirlər. Əslində bu təşkilatın yaradılmasında məqsəd başqa idi. İctimai Palata yaradılandan sonra bur quruma digər partiyaların gəlməsinə imkan vermədilər. Elə bu faktın özü İctimai Palatanın bir neçə şəxsin əlində oyuncaq olmasının göstəricisidir. Digər tərəfdən, bu qurumun zəifləməsində və dağılmasında səbəbkar Müsavat Partiyası və bu qurumun başqanı İsa Qəmbərdir. Həqiqəti demək lazımdır ki, İsa Qəmbər Müsavat Partiyası tərəfindən qəbul olunmur. Məhz ona görə də qurultayın keçirilməsi bu qədər gecikdirilir. Hətta qurultayın Gürcüstan və Türkiyədə keçirilməsinə dair mətbuatda xəbərlər yayaraq, ictimai fikir formalaşdırılır. Amma əslində Müsavat Partiyasının daxilində ciddi narazılıq var. Bu narazılar da partiya daxilində islahatların aparılmamasına etiraz edirlər. Mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün İsa Qəmbər belə hesab edirdi ki, İctimai Palatanı yaradaraq, bu qurumun sədri olacaq. Bundan sonra isə Müsavat Partiyasının qurultayını keçirərək, bura formal bir sədr təyin edəcək. Ancaq bu gün Müsavat Partiyasının daxilində qurultayın keçirilməsini səbirsizliklə gözləyənlər, partiyanın sədri olmağa ciddi şəkildə iddialı insanlar var. Elə götürək Arif Hacılı və digərlərini. Lakin İctimai Palatada buna imkan verilmədi və çıxış yolu kimi qurumun daxilində Koordinasiya Şurası yaradıldı. Bundan sonra tədricən İctimai Palatanı dağıtmağa başladılar. Ən kəskin nöqtə isə seçkilərdə iştirakla bağlı meydana çıxdı. Vahid namizədin müəyyənləşməsinə dair müzakirələr İctimai Palatanı faktiki olaraq dağıdıb. Çünki İctimai Palata nə Müsavat başqanının, nə də AXCP sədrinin namizədliyini dəstəkləmir. Belə olan təqdirdə də İctimai Palatanın dağılmasına şərait yaradacaqlar və bunu tezləşdirəcəklər. AXCP və Müsavat Partiyası rəsmi olaraq rəhbərlərinin prezidentliyə namizədliyi ilə bağlı heç bir qərar verməyib. Yalnız İsa Qəmbər özünün namizədliyi haqda açıqlama verib və istəyini açıqlayıb. Partiyanın özündə isə belə bir niyyət yoxdur. Dəfələrlə uduzub, yenidən namizəd olmaq həm sosial bazanın itkisinə səbəb olur, həm də cəmiyyət tərəfindən dəstək qazanılmır.

 

- Müxalifətin namizədlərinin kimlər olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkündürmü?

 

- Hesab edirəm ki, bu seçkidə müxalifəti təmsil edən 4-5 namizəd olacaq. Əlbəttə, əminəm ki, partiyamızın sədri İlham Əliyev bu seçkidə də qələbə qazanacaq. Müxalifət üçün isə seçkidə iştirak etmək, müəyyən dairələr tərəfindən ayrılan vəsaiti əldə etməkdən ibarətdir.

 

- Bəs AXCP və Müsavat Partiyası arasında hazırda yaranmış vəziyyəti necə dəyərləndirərdiniz?

 

- Qəti olaraq bu partiyalar heç zaman müttəfiq olmayıblar. Bu, gözdən pərdə asmaq üçündür. AXCP ilə Müsavat Partiyası arasındakı gizli qarşıdurmanın tarixi kökləri var. 1992-ci ildə Müsavat Partiyası AXC-nin tərkibindən çıxaraq hakimiyyəti zəiflətdi. Etibar Məmmədovun da AXC-dən getməsində və Milli İstiqlal Partiyasını yaratmasında İsa Qəmbərin rolu az olmayıb. Bunu siyasi proseslərdə olanlar bilir. Bunlar arasındakı düşmənçilik həddinə çıxan münaqişə həmin illərdən başlayıb. Heç bir seçkidə, hər dəfə razılığa gəlinməsinə baxmayaraq, birlikdə kampaniya aparmayıblar. Hətta 1998-ci ildə keçirilən prezident seçkilərində rəhmətlik Əbülfəz Elçibəy sağ idi və təklif etdi ki, vahid namizəd kimi müxalifət onu dəstəkləsin. İsa Qəmbər buna qarşı çıxdı və dedi ki, siz də namizədliyinizi verin, mən də. Hamımız öz gücümüzü sınayaq. Elçibəy dəfələrlə müraciət etdi ki, onun son şansıdır və buna imkan yaradın. Baxmayaraq ki, Etibar Məmmədov, Lalə Şövkət buna razılıq vermişdi, amma İsa Qəmbər etiraz etdi. O cümlədən 2000-ci ilin parlament seçkisində də İsa Qəmbər Əbülfəz Elçibəyə qarşı haqsızlıq etdi. Doğrudur, seçkilərə bir neçə ay qalmış Elçibəy artıq vəfat etdi. Ondan sonrakı dövrlərdə də AXCP ilə heç bir birlikdə sona qədər mübarizə aparmayıblar. Bütün bunlar hamının gözü qarşısında baş verib. Qısaca, İsa Qəmbərin Əli Kərimlini həzm etməmək problemi var. Baxmayaraq ki, hərdən bir yerdə mitinqə gedirlər, bir otururlar. Əsas problemlərdən biri də bundadır. Hər biri də digərini iqtidara işləməkdə ittiham edir. İnanın ki, burada iqtidarın heç bir rolu yoxdur.

 

- Müxalifətin zəif olduğunu deyirsiniz. Bu vəziyyəti Azərbaycan üçün müsbət, yoxsa mənfi hal kimi xarakterizə edərdiniz?

 

- Dövlət zorla müxalifət yarada bilməz. Vaxtilə milli azadlıq hərəkatında ziyalılar çoxluq təşkil etsəydi, Azərbaycanda vəziyyət tam fərqli olardı. Ən əsası isə ərazilərimiz işğal edilməzdi. Hərə bir tərəfə çəkildi. Bunun da səbəbləri var idi. Meydan qaldı naşı, bilməyənlərin əlində və bu proses siyasi məkanımızda da davam etdirildi. Açığı, bu gün dövlətə, iqtidara müxalif olan yoxdur. Ola bilər narazılar var. Bu narazılar icra hakimiyyəti başçısından, mənzil istismar sahəsinin müdirindən, polis rəisindən ola bilər. Yəni bu narazı insan hansısa fərddən narazıdır. Müxalifət isə bunu qloballaşdırmağa çalışır. Buna görə də Azərbaycanda müxalifət inkişaf edə bilmir. Çünki iqtidar söz verir və dediyini mərhələ-mərhələ həyata keçirir. Müxalifətin tərkibində isə islahat getmir. Eyni adamlar neçə illərdir öz yerindədir. Heç olmasa Etibar Məmmədovdan nümunə götürməlidirlər. Bu şəxslər siyasəti özlərinə iş yeri seçiblər.

 

- Seçkilərdə xarici qüvvələrin dəstək verəcəyi namizədin olması necə, gözlənilirmi? Məsələn, Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının...

 

- Bu məsələ artıq bitdi. Çünki bu məsələni qabardan şəxsin – Söyün Sadıqovun özü də diaspora təşkilatının rəhbərliyindən getdi. Yaranmış ittifaq isə fəaliyyət göstərmir. O ki qaldı Rusiyadakı o qurumla əlaqəsi olan Ziyalılar Forumunun fəaliyyətinə, bu adda bir yerə toplaşan adamların sayı cəmisi 16 nəfərdir. Axı bu adamlar Azərbaycan ziyalılarını təmsil etmirlər. Azərbaycanda ziyalı təbəqə var və onlar da öz fəaliyyətindədir. Kiminsə hansısa titulu varsa, bu, hələ ona xalq adından danışmaq hüququ vermir. Digər tərəfdən, bu adamlar Azərbaycan ziyalılarının maraqlarını əks etdirmirlər. Təşkilata qoyulan ad hələ fəaliyyət göstəricisi deyil. Onlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmurlar.

 

- Bu arada keçmiş parlament sədri, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin də siyasi arenada fəallaşması hiss olunur. Onun imkanlarını necə dəyərləndirirsiniz?

 

- Rəsul Quliyevin vahid namizədlik iddiasının, müxalifətə qarşı sərt fikirlərinin hamısının arxasında seçkilərlə bağlı məsələ durur. Onun barəsində cinayət işi var. Belə olan halda onun Azərbaycana gələrək siyasi proseslərə qatılması mümkün deyil. Ya bağışlanması üçün hökumətə müraciət etməlidir, ya da Azərbaycan gələrək cinayət etmədiyini sübuta yetirməlidir. Bütün bunlardan sonra siyasi fəaliyyətini davam etdirə bilər. Digər tərəfdən isə onun heç bir sosial bazası yoxdur. Ümumiyyətlə, belə bir adam Azərbaycan cəmiyyətinin yaddaşından silinib.

 

- Yeni Azərbaycan Partiyasının 2012-ci ildəki fəaliyyətini necə xarakterizə edərdiniz?

 

- Yeni Azərbaycan Partiyası 2012-ci ildə öz imkanlarının genişləndirilməsi, sıralarının sayının artırılması baxımından çox müsbət addımlar atıb. Həm daxili,  həm də beynəlxalq arenada ciddi addımlar atılıb. Həmçinin Yeni Azərbaycan Partiyasının 2012-ci ildə 20 illiyi tamam olub. Yəni partiyamız 20 ildir ölkənin inkişafı üçün üzərinə gördüyü işləri həyata keçirir, uğurlara doğru addım-addım irəliləyir. Ölkəmizin möhkəmlənməsi, dövlətimizin qüvvətlənməsi üçün var gücü ilə hər bir partiya üzvü çalışır. Qısaca onu deyim ki, Yeni Azərbaycan Partiyası üçün 2012-ci il çox uğurlu olub.

 

- Bu il Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova ilə bağlı məlum hadisələr baş verdi. Bunu Yeni Azərbaycan Partiyasına zərbə hesab edirsinizmi?

 

- Qəti şəkildə zərbə hesab etmirəm. Dünyanın bir çox partiyalarında belə hallar baş verib. Digər tərəfdən, hər kəs törətdiyi əmələ görə özü məsuliyyət daşıyır. Burada kiminsə nə isə deməsi düzgün deyil. Bunları şou hesab edirəm. Hər hansı nəticəyə istintaq tərəfindən gəlinə bilər. Çünki onların heç biri faktlarla sübut olunmur. Digər tərəfdən dövlət qurumlarında işə düzəlmək istəyən və ya seçkili orqanlara seçilmək istəyənlərin heç biri istədikləri yerdə deyil. Bu o deməkdir ki, bunların hamısı yalan və iftiradır. Kimsə nədənsə istifadə edərək dələduzluq edirsə və pul qazanmaq istəyirsə, bunun partiyaya və dövlətə aidiyyəti yoxdur. Yəni dediyiniz məsələnin Yeni Azərbaycan Partiyasına aidiyyəti yoxdur.

 

- Elşad Abdullayev sizə dərs deyib?      

 

- Xeyr.

 

- Onunla görüşmüsünüzmü?            

 

- Onunla partiyanın Binəqədi rayon təşkilatının tədbirlərinə dəvətli olduğum zaman görüşmüşəm. Yəni bir tədbirdə olmuşuq. Bakı Dövlət Universitetinin müəllimi idi. Bizə “İnzibati hüquq” fənnindən Qulamhüseyn Əliyev, “Konstitusiya hüququ” fənnindən isə Murtuz Ələsgərovla Ziyafət Əsgərov dərs deyib. Amma biz təhsil aldığımız illərdə Elşad Abdullayevin elmi dərəcəsi də yox idi.

 

- Bə, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin taleyi ilə bağlı məsələyə aydınlıq gətirməsi istiqamətindəki fəaliyyəti necə dəyərləndirirsiniz?

 

- Hesab edirəm ki, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır və yəqin ki, bu istiqamətində öz işlərini də görürlər. İnanıram ki, tam ciddiliyi ilə buna aydınlıq gətiriləcək. Video görüntülərdəki kadrlarda deyilənlər isə həqiqəti əks etdirmir. Hər bir cinayətin üstü açılır. Təbii ki, bunun da üstü açılacaq. Yəni istintaq getdiyindən, bununla bağlı danışılmır.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.