525.Az

Beş saniyənin hökmü

[27.12.12]
Beş saniyənin hökmü<b style="color:red"></b>

Bu hekayə İstanbulda Van zəlzələsi ilə bağlı fotosərgiyə baxandan sonra qələmə alınıb

Səmiha Karadumanın ana olmasına bircə ay qalmışdı. Bətnində gəzdirdiyi, canından bir can olan kiçicik varlığı indidən sevə-sevə əzizləyir, dünyaya göz açacağı günü səbirsizliklə gözləyirdi. Nəbzi ciyərparası ilə bir vurur, çöhrəsindən gülüş əskik olmurdu.

Bapbalaca ayaqları ilə ana bətnini döyəcləməsi, sürətli hərəkətlə qıvrılıb-aşılaraq müxtəlif şəklə düşməsi yenidən sakitləşib öz doğmayuvasında uyuması Səmihanı çox sevindirir, qəlbini munis hislər bürüyürdü. “Tezliklə balam doğulacaq, gül ətrini doyunca qoxlayacağam”,—deyə düşünür, özünü dünyanın ən xoşbəxt qadını sanırdı. Həkimlərin dediyinə görə, bir qız cocuğuna sahib olacaqdı.

Vaxt yaxınlaşdıqca qayğıları da artırdı.  Körpəyə veriləcək addan tutmuş ona ilk günlərdə qulluq göstərilməsinədək bütün incəlikləri ölçüb-biçir, götür-qoy edirdi.

Həyat yoldaşı öz anasının bu işdə yardımçı olmasını istəyirdi. “Anam altı uşaq böyüdüb, bizim balamıza da kömək əli uzadar”, – deyirdi.

Səmiha bu təklifdən çox məmnun olmuşdu. Erciş mahalında yaşayan, ixtisasca həkim olan qayınatası zəng edərək  vəziyyəti soruşmuşdu.  O, gəlininə məsləhət görmüşdü ki, uşağı dünyaya gətirmək üçün yaşadıqları Sivasdan  Ercişə gəlsin.

Gənc ailə bu məsləhətə qulaq asaraq, az sonra valideynlərin ziyarətinə gəlmişdi. Körpənin doğulacağı klinika ayırd edilmiş, müəyyən hazırlıq işləri görülmüşdü.

Vaxt-vədə tamam olmuş, gəlişi ilə ata-anasına, nənə-babasına bir dünya sevinc bəxş etmiş balaca Əzranı gül-çiçəklə qarşıladılar. İlk iki ayı cocuğun baba evində qalmasına qərar verilmişdi.

Pis  günün ömrü az olar”,—deyiblər. Amma bu dəfə xoş günlər uzun sürmədi.

...Səmiha  körpəsinə təzəcə süd verib qolları üstündə uyutmuşdu. Gözünü balasından ayıra, müşk-ənbər qoxusundan doya bilmir, üzünün zəif cizgilərinə tamaşa edirdi. Uşaq qucağında ikən birdən ayaqları altından yer qaçdı. Cocuğu köksünə sıxıb qapıya tərəf qaçmaq istədi. Yeraltı təkanlar davam etdikcə güclü zəlzələ baş verdiyini anladı.

Var qüvvəsi ilə çölə çıxmağa, mənzili tərk etməyə can atırdı. Dəhşətli uğultu, gurultu səsləri, müxtəlif mərtəbələrdə çaş-baş qalmış insanların çığırtısı, ah-naləsi aləmi bürümüşdü. Sanki indicə dam-daş, hündür divarlar, pəncərələr, eyvanlar çartıltı ilə bir-birindən aralanıb dağılacaqdı.

Özünü toplayıb qapıya yaxınlaşarkən bina çökdü. Ananın on dörd gün öncə doğulmuş körpə Əzranın ətrafına beton yığınları, daş qalaqları uçub tökülürdü. Yaxşı ki, hər ikisi darısqal bir boşluqda qalmışdı rahat nəfəs ala bilirdi. Dağıntıların törətdiyi toz-torpaq, vahimə doğuran qatı qaranlıq göz açmağa imkan vermirdi.

Beşcə saniyə ərizndə hər şey alt-üst olmuşdu. Səmiha özündən  çox balasını düşünürdü. Bu məsum yavrucığazın  günahı nəydi?  Dəqiqələr, saatlar ötdükcə Əzranın əhvalı qarışır, üşüyür, qızdırırdı. Daş-kəsək, taxta parçaları Səmihanın qollarını qanatmış, ayaqlarını yaralamışdı.

Ana körpəsini əmizdirir, südünün son damlasını belə  əsirgəmirdi. Onun dodaqları qupquru qurumuş, taqətdən düşmüşdü. Artıq iki gün idi ki, ac-susuz qalmışdı, südü artıran heç yoxuydu.  Bəs vəziyyətdən necə çıxsın,  cocuğunu necə ovutsun? Ağlına qəribə bir fikir gəldi  ağız boşluğunda udquna-udquna yaratdığı tüpürcəyi ilə balasını yedizdirməyə başladı.

Susuzluqdan yanan qızcığaz buqidadan azca duruxdu. Ağzına düşən damcıların ana südü  olmadığının fərqində idi, deyəsən. Ən təhlükəlisi o idi ki, bəzən xırda daşlar aşağı yuvarlanırdı. Səmiha göz-gözü görməyən zülmətdə əllərinin yüngül təması ilə balasını yoxlayır, onun zədələnmədiyindən arxayın olmaq istəyirdi. Cocuğu aramla yedizdirir, başına sığal çəkir, soyuqdan buz kimi olan yumru ayaqlarını ehmalca ovuşdurur, titrək əllərini ovcuna alıb dodaqlarına yaxınlaşdırır , nəfəsi ilə isidirdi.

Günün hansı vədəsigecə yaxud gündüz olduğunu dərk edə bilmirdi. Bir sözlə, vaxt məfhumunu itirmişdi. İtirilməyən  isə təkcə ümid idi. Axıradək çarpışan, sonadək duruş gətirən ümid.

Balaca Əzra ilə xilas olacağı anın intizarında idi. Dağıntılar altında qaldıqları ilk dəqiqələrdən bu inam onu nədənsə tərk etməmişdi. Uca yaradana üz tutub kömək diləyirdi.

Darısqal arakəsmədə hərəkət etməyə, addım atmağa, oturmağa imkan  yoxuydu. Elə düşdüyü vəziyyətdə qalmışdı: ayaq üstə, uşaq qucağında.  Ayaqları, qolları keyiyib az qala odun parçasına dönmüşdü. Sağ qalmaları üçün bütün gücünü toplayıb olumla ölüm arasında  çarpışırdı.

Bu arada Əzra bərk ağlamağa başladı. Anası onu kiridə bilmirdi.  Körpə heç cür aram  olmur, qıyya çəkib elə bil yeri-göyü köməyə çağırırdı.

Səmiha sağına-soluna səpələnmiş daş-kəsəyə əlləri ilə bəlkə yüzüncü dəfə toxunur, bu keçilməz səddi olur olsun yarmaq, övladını ölümdən qurtarmaq istəyirdi. Fəqət bu mümkünmü?

Birdən lap yaxından danışıq səsləri itlərin hürüşməsini eşitdi. Ona elə gəldi ki, beton qalıqları təmizləyib itkin düşənləri axtarırlar. Arxaya qanrılanda isə .... kiçik bir dəlikdən işıq düşdüyünü gördü. Bu həyat işığı Əzranın çöhrəsini aydınlatdı. Artıq nicat yolu tapılmışdı!

Səmihanın qurtularkən ucadan dediyi: “ böyük xoşbəxtlik! Uca tanrım, Sənə minnətdaram!” – nidaları dağa-daşa yayılmış, ətrafdakı hər kəs onları görməyə tələsmişdi. Sonrakı olaylar isə zəlzələ  bölgəsindəki xilasediciləri həkimləri şoka salmışdı. Onlar dağıntılar altından sağ-salamat çıxarılmış anaya onun ciyərparasına heyranlıqla baxırdılar. Bu, əsl möcüzə idi!  Həyat verən qoruyan  Allah onları   hifz etmişdi.

Əzranı həkim nəzarətinə götürüb, 14 günlük qızcığazın qidalanması müalicəsi qayğısına qalmışdılar. Ananı da müayinə edib yaralarına məlhəm, sarğı qoymuşdular.

Az sonra ana balanı  müalicə üçün vertolyotla  Ercişdən Vana, oradan isə təyyarə ilə Ankaraya gətirdilər. Ailə üzvləri onlarla paytaxtda görüşəcəkdi.

...Təyyarədə uçuş zamanı Səmiha bir an gözünü balasından çəkmir, həkimdən onun sağlıq durumunu xəbər alırdı.

İndi bütün olub-keçənlər dəhşətli bir filmin gərgin, cansıxıcı epizodları kimi gözü önündə canlanırdı. O ümid dolu saatların hər saniyəsi bəlkə bir insan ömrünə bərabər idi.

yaxşı ki özündə təpər tapıb balasının sağ qalması üçün ağlı kəsən hər şeyə əl atmışdı. Həm yaxşı ki Əzra vaxtından iki həftə əvvəl doğulmuşdu. O, ana bətnindəykən zəlzələnin qurbanına çevrilsəydi, onda taleyi necə olardı? Dağıntılar arasında qalıb doğuş ağrıları çəkən hamilə qadına  kim kömək edərdi? Şükürlər olsun ki, artıq bu nədənlər cavablanmayacaqdı hər şey geridə qalmışdı.

Təyyarədə onlarla birgə uçan şəxslər Vanda 7,2 bal gücündə baş vermiş zəlzələnin acılarından, bəlaya düşən insanların aqibətindən danışır,  xilasedicilərin dağıntılar altında yaşanan daha bir dəhşətli hadisə ilə qarşılaşdıqlarını nəql edirdilər.

Ata, ana onların iki övladı zəlzələyə mətbəxdə birgə nahar edərkən tuş gəlmiş onların dördü uçan binanın altında qalmışdı. Xilasedicilər ailə üzvlərinin  cansız  bədənlərinə rast gələndə gördükləri kədərli mənzərədən  üzülmüş, göz yaşlarını saxlaya bilməmişdilər. Cəsədlər beton blokların altından tapılmış, əl-ələ verdiklərindən onların meyitləri bir-birinə bitişmiş halda aşkar edilmişdi. Bu, tamamilə məhv olmuş həmin ailənin üzvlərinin ölümqabağı  son dəfə bir-birinə sədaqətinin, sevgisinin izharı, həmrəyliyinin nişanəsi idi.

İyirmi yaşlı tibb bacısı, əslən azərbaycanlı olan, bu dağıdıcı təbii fəlakətdən azca əvvəl Erciş qəsəbəsinə gəlin köçmüş Vüsalə Çalışqanın isə üzərinə ağır beton düşmüş, o,  beş saat çəkən axtarışdan sonra, bir  qolunun kəsilməsi hesabına uçqunlar altından çıxarılmışdı. Daha nələr, nələr ....

Səmiha bitib-tükənməyən bu üzüntülü olayları eşitdikcə bir daha sarsılır, için-için ağlayır, göz yaşları yanağı boyunca süzülürdü. Bir an özünə gəlib, məhəbbət dolu nəzərlərini qızına sarı yönəltdi. Balaca mələklərə bənzəyən, başı müsibətlər çəkmiş, ölümdən qayıtmış körpə Əzra indi isti bələkdə rahatca uyuyurdu....

Bakı-İstanbul-Bakı

Zemfira MƏHƏRRƏMLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.