525.Az

Tarix İnstitutundan millət vəkilinə sərt cavab

[27.12.12]
Tarix İnstitutundan millət vəkilinə sərt cavab<b style="color:red"></b>

“Əgər hakim partiyanın nümayəndəsi  bu məsələləri bilmirsə, onun savadsızlığından xəbər verir...”

“Azərbaycan  alimlərinin göstərdiyi fəaliyyət hər kəsə məlumdur. Bəzi şəxslər bu məsələlərdə yanlış, heç bir əsası olmayan çıxış edirlər”.  525.az-ın məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov  millət vəkili Siyavuş  Novruzovun Milli Məclisdəki çıxışına münasibət bildirərkən deyib.

Qeyd edək ki, millət vəkili çıxışı zamanı ölkədəki elmin səviyyəsini tənqid etmiş, alimlərin hələ də millətin kökünü dəqiq müəyyənləşdirə bilmədiklərini söyləmiş,

“...onlar hansı nailiyyətlər əldə ediblər? Son dövrdə dünyaya çıxacaq hansı nailiyyətləri var?  Hesabat olmalıdır, biz bilməliyik ki, bu pullar hara xərclənir. Ortada nə var? Bununla bağlı dövlət pul ayırır. Elmin bu səviyyədə olması ciddi problemlər yaradır. Bu adamlar millətin kökünü belə, tapa bilmirlər. Biri deyir türkdü, biri deyir farsdır...”- deyə, bildirmişdi

S.Novruzovun fikirlərinə münasibət bildirən C.Bəhramov daha sonra tarixçilərimizin gördüyü işə ən yüksək qiyməti Azərbaycan Respublikasının prezidentinin  verdiyini qeyd edib. Onun sözlərinə görə, heç də təsadüfi deyil ki,  tarix institutunun 13 əməkdaşına dövlət mükafatı verilib. C.Bəhramov deyib ki, əgər hakim partiyanın nümayəndəsi  bu məsələləri bilmirsə, onun savadsızlığından xəbər verir:
 
“Tarixçilərimizin keçmiş SSRİ-nin rəhbərlərinə verilən sənədlər siyasi nöqteyi nəzərdən Azərbaycan torpaqlarının qorunması üçün əsas olub. Siyavuş Novruzov həqiqətən bu məsələləri bilmək istəyirsə, Tarix İnstitutuna gəlsin, bu vaxta qədər  institunun nəşr etdiyi əsərləri ona təqdim edək. Əgər o, bütün kitabları axıra qədər oxuyub çatdıra bilsə, ona özüm də əlavə hədiyyə verəcəm. Elm haqqında danışmaq  hər adamın işi deyil. Bunun üçün elmin içində olmaq lazımdır”. Azərbaycan tarixçilərini prezidentin ideoloji sahədə əsgərləri hesab edən direktor müavini  iranlı məsələsinə də aydınlıq gətirib: “Millət vəkili millətin kökünü müəyyən etmək istəyirsə, çoxcildli Azərbaycan tarix kitabının ikinci cildinə baxsın. Çox təəssüf ki, hələ də bizdə iranlı, irandilli məsələsini səhv salırlar. İrandilli farsəsilli demək deyil. Farslar İran ərazisinə gəlmədir, İran yalnız coğrafi ad daşıyır, bu ad onlara 1935-ci ildən sonra verilib. Bizim əcdadlarımız hər zaman həmin ərazidə yaşayıblar. Elmdən uzaq olan adamların populist çıxışları bizim üçün heç bir əhəmiyyət kəsb etmir. bizim üçün önəmli olan gördüyümüz işlərə yüksək qiymət verən prezidentin fikirləridir”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.