525.Az

"ATƏT-in Minsk qrupu səylərini artırmalıdır"

[19.12.12]
"ATƏT-in Minsk qrupu səylərini artırmalıdır" <b style="color:red"></b>

Baltik Parlament Assambleyası (PA) ATƏT-in Minsk qrupunu aktiv fəaliyyətə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən GUAM Parlament Assambleyasının 5-ci geniş tərkibli iclasında Baltik PA-nın vitse prezidenti Raymonds Deyonis bildirib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi təcili həllini tapmalıdır.

"Regionda sülhün və sabitliyin bərqərar olunması üçün Dağlıq Qarabağ münaqişəsi təcili həllini tapmalıdır. Bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu irəliləyişə nail ola bilməyib, buna görə də bu münaqişənin sülh yolu ilə tez bir zamanda həlli üçün ATƏT-in Minsk qrupu səylərini artırmalıdır", - o deyib.

Raymonds münaqişənin həlli zamanı zərərçəkən insanların rəylərinin nəzərə alınmasının vacib olduğunu deyib.

O, eyni zamanda, Gürcüstan və Moldovadakı problemlərin ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirib.

Baltik PA-nın vitse-prezidenti həmçinin qeyd edib ki, Baltik Parlament Assambleyası GUAM ilə əlaqələri genişləndirməkdə maraqlıdır. O, xüsusilə də Xəzər dənizi, Qara dəniz, Baltik dənizi ölkələrinin iqtisadi əlaqələrinin hərtərəfli inkişafına tərəfdar olduğunu bildirib.

Benilüks Parlament Assambleyasının prezidenti Jak Biskop isə tədbirdə rəhbərlik etdiyi qurumun GUAM təşkilatı ilə miqrasiya sahəsində əməkdaşlığa böyük önəm verdiyini deyib.

Polşa Seyminin sədr müavini Cezari Qrabarczik çıxışında bildirib ki, Polşa GUAM ilə hərətərəfli, xüsusən də nəqliyyat, iqtisadiyyat, turizm sahələrində əməkdaşlıq etmək niyyətindədir. O, həmçinin qeyd edib ki, Polşa GUAM-ın Avropaya inteqrasiyasını dəstəkləyir.

GUAM PA sədri, azərbaycanlı deputat Elton Məmmədov bildirib ki, GUAM ölkələri arasında inteqrasiyanın daha yüksək səviyyəyə qaldırılması və real nəticələr əldə edilməsi üçün müxtəlif layihələr həyata keçirilməlidir və bunun üçün böyük potensial mövcuddur: "Bu əlaqələrin gücləndirilməsi regionda təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini verəcək".

Gürcüstan, Moldova və Bolqarıstan nümayəndə heyətlərinin rəhbərləri də GUAM-ın ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına töhfə verdiyini yüksək səviyyədə qiymətləndirdiklərini bildiriblər.
İclasda çıxış edənlər GUAM-ın beynəlxalq aləmdə rolunu artırmaq üçün digər regional təşkilatlarla əməkdaşlıq səylərini artırmalı olduğunu qeyd ediblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.