525.Az

“Siyasətlə əsl peşəkarlar məşğul olmalıdırlar...”

[15.12.12]
“Siyasətlə əsl peşəkarlar məşğul olmalıdırlar...”<b style="color:red"></b> “Siyasət Söyün Sadıqov və onun kimi siyasətdən bixəbər, naşı insanların yeri deyil”.

Bunu 525.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili İlham Məmmədov bir qrup Azərbaycan əsilli oliqarx tərəfindən yaradılmış Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqına (RATİ) - “Milyarderlər İttifaqı”na, eləcə də, bu qurumun təsisçilərindən olan  Söyün Sadıqovun ittihamlarına və onun Moskvada  Milli Vahid Rusiya Partiyası (MVRP) yaratması yönündə yer alan məlumatlara münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili qeyd edib ki, siyasət ciddi fəaliyyət sahəsidir,növüdür, bu işlə siyasətdən, siyasət elmindən yaxından xəbərdar olan ciddi insanlar, peşəkar siyasətçilər məşğul olmalıdırlar. İ.Məmmədovun sözlərinə görə, odur ki, S.Sadıqov və onun kimilər öz işləri, şəxsi biznesləri ilə məşğul olsalar və Rusiyada yaşayan həmvətənlərimizə azacıq da olsa, maddi-mənəvi dəstək olsalar, daha xeyirli və məqsədəuyğun olar. “Ancaq çox təəssüflər olsun ki, indiyənə kimi adı Azərbaycan cəmiyyətinə məlum olmayan Söyün Sadıqov və onun  kimiləri öz işləri ilə məşğul olmaq əvəzinə, siyasətə baş vururlar və elə ilk andaca özlərinin qeyri-peşəkar olduqlarını nümayiş etdirirlər”-deyən, millət vəkili eyni zamanda deyib ki, cəmiyyətdə daha çox “Milyarderlər İttifaqı” kimi tanınan RATİ-nin məqsəd və məramının da konkret nədən ibarət olduğu anlaşılmır, çünki bu birliyin üzləri bir-biri ilə uzlaşmayan, bir çox hallarda isə bir-birinə daban-dabana zidd olan bəyanatlar, açıqlamalar verir, fikirlər, rəylər səsləndirirlər.

Bununla belə, İ. Məmmədov S.Sadıqov və bir-iki nəfərdən savayı, həmin qurumun təsisçiləri arasında adları yer alan şəxslərin sadəcə, öz işləri ilə məşğul olduqlarını, siyasi bəyanatlarla çıxış etmədiklərini, Azərbaycanın daxili-siyasi həyatına qarışmadıqlarını da bildirib: “Sadəcə, Söyün Sadıqov və onun kimi Azərbaycan cəmiyyəti ilə yaxından-uzaqdann bağlılığı olmayan bir-iki nəfər “fəallıq” göstərməyə, belə demək mümkünsə, “biz də varıq” deməyə ucuz və səmərəsiz cəhdlər edirlər ki, bu cəhdlər də alınası, qəbul olunası deyil. Eyni zamanda, Söyün Sadıqovun partiya yaratması və onu kimlərinsə göstərişi ilə reallaşdırması barədə də deyilənlər heç bir məntiqə sığmır.
 Düzdür, mən də mətbuatda oxudum ki, o, partiya yaratmaq fikrindədir, ancaq onun belə bir cəhdinin də uğurla nəticələnəcəyinə inanmıram. Onun hətta, hər hansı bir adla siyasi təşkilat, partiya yaratması da bizi uçun əhəmiyyətli və Rusiya-Azərbaycan münasibətləri baxımından təhlükə yarada biləcək bir məsələ deyil”.

YAP-çı millət vəkilinin bildirdiyinə görə, bu gün Azərbaycan-Rusiya əlaqələri, münasibətləri təsəvvür edildiydən də çox yüksək səviyyədədir:

“Artııq neçə illərdir ki, Azərbaycan-Rusiya münasibərlləri, əlaqələri əməkdaşlıq səviyyəsindən o yana keçib. Bu əlaqələr artıq iki dövlət arasında strateji müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlib və yüksələn xətt üzrə də durmadan inkişaf etməkdədir. Bu gün eyni zamanda, nə Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərinin Azərbaycanı deyil, nə də Rusiya Yeltsin dövrünün Rusiyasıdır. Bildiyiniz kimi, həmin vaxtlar bəzi naşı siyasətbazların üzündən iki ölkə arasında münasibətlər gərgin xarakter almışdı, ölkəmizə qarış təzyiq-təhdid elementləri də ortada idi. Ancaq çox sevindirici halıdır ki, mərhum dövlət başçımız, böyük tarixi şəxsiyyət  Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri yoluna qoyuldu. Xüsusilə də, Rusiyanın indiki prezidenti Vladimir Putinin ilk dəfə  hakimiyyətə gəlməsindən sonra iki ölkənin münasibətlərində yenidən istiləşmə başladı, qarşılıqlı hörmət və qonşuluq münasibətlərinə dayanan əməkdaşlıq əlaqələri özünü göstərdi. Bununla yanaşı, Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin dövründə Azərbaycan-Rusiya münasibətləri özünün ən pik zirvəsinə çatdı.
 Bu illər ərzində hər iki dövlətin başçılarının qarşılıqlı səfərləri mütəmadi xarakter daşıdı və daşımaqdadır. Hər iki dövlətin başçıları çox gözəl münasibətlər mövcuddur. Atalar məsəlində deyildiyi kimi, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Bu baxımdan, Azərbaycanla Rusiya, yuxarıda dediyim kimi,  bir-biri ilə qarşılıqlı hörmət, etimad, etibar prinsiplərini rəhbər tutan və ona daim əməl edən iki mehriban, müttəfiq, qonşu dövlətlərdir”.

 Millət vəkili hesab edir ki, indi əgər kimlərsə öz şəxsi məqsəd və maraqları naminə bu iki dövlət arasında münasibətləri gərginləşdirəcəklərini və ya bu münasibətlərin gərginləşəcəyini düşünürlərsə, çox yanılırlar:

 “Həmin adamlar yanlış yoladırlar və nə qədər gec deyil, səhvlərini etiraf edib, öz yanlış yollarından geri dönməlidirlər. Yoxsa, sonrası gec olar...”

Kamil Həmzəoğlu


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.