525.Az

Qənirə Paşayeva Öztoprak ilə görüşüb (FOTO)

[10.12.12]
Qənirə Paşayeva Öztoprak ilə görüşüb <b style="color:red">(FOTO)</b>

Millət vəkili Qənirə Paşayeva Doğu Akdeniz Universitetinin rektoru A.Öztoprak ilə görüşüb və tələbələr tərəfindən Azərbaycan Tələbə Cəmiyyətınin Fəxri Qadın Prezident adına layiq görülüb.

525.az-ın məlumatına görə, ŞKTC-də səfərdə olan millət vəkili burada 500 yaxın azərbaycanlı tələbənin təhsil aldığı, tanınmış universitetlərdən biri Doğu Akdeniz Universitetinin rektoru Abdulla Öztoprak ilə görüşüb. Görüş zamanı Azərbaycana ilk səfərini xatırlayan A.Öztopraq qısa zaman ərzində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişlənməsindən məmuniyyətini vurğulayıb və bildirib ki, bu əməkdaşlığın daha da genişlənməsi, universitetdə təhsil alan tələbələrin sayının daha da artması, onların yüksək keyfiyyətli təhsi alması istiqamətində səylərini daha da artıracaqlar.

Azərbaycanı qardaş ölkə adlandıran rektor Abdulla Öztopraq millət vəkili Qənirə Paşayevaya hər zaman universitetin yaxın dostu kimi onun fəaliyyətində tədbirlərində, konfranslarında aktiv iştirak etməsinə və dəstəyinə görə təşəkkür edib.  Millət vəkili Qənirə Paşayeva ŞKTC-nin azərbaycanlılar üçün qardaş olduğunu vurğulayaraq burada təhsil alan tələbələrin sayının artmasından məmnun olduğunu və böyük potensialı nəzərə alsaq, gələcəkdə bu sayın daha da artacağına inandığını deyib. Universitetin yaxşı təhsil verməsini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bu  universiteti bitirən gənclərin yaxşı peşəkarlar kimi yetişəcəyinə inandığını deyib.

Ətraflı fikir mübadiləsi ilə keçən görüşün sonunda millət vəkili Qənirə Paşayeva Doğu Akdeniz Universitetinin rektoruna və universitetin kitabxanasına Azərbaycan həqiqətlərinə dair materiallar və özünün müəllifi olduğu Qarabağ həqiqətlərinə dair kitabları təqdim edib. Millət vəkili həmçinin universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin üzvləri ilə də görüşüb və fikir mübadiləsi aparılıb.

Universitetin konfrans salonunda millət vəkili Qənirə Paşayeva ilə azərbaycanlı tələbələrin geniş görüşü keçirilib. Millət vəkili tələbələri maraqlandıran və narahat edən sualları cavablandırıb və ətraflı fikir mübadiləsi aparılıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva gəncləri
Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizədə virtual məkanın, sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb: "Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə müəyyən məlumatlar vermək imkanına malikdir, gənclər bu istiqamətdə daha fəal olmalıdır”.

Tədbirin sonunda 490 azərbaycanlı tələbənin təhsil aldığı Doğu Akdeniz Universiteti Azərbaycan Tələbə Cəmiyyətinin sədri Elçin
Süleymanov millət vəkili  Qənirə Paşayevaya Azərbaycan Tələbə Cəmiyyətınin Fəxri Qadın Prezident adını vermələri ilə bağlı diplomu tələbələr  adından Qənirə xanıma təqdim edib. Tələbələrin bu addımının onun üçün gözəl bir sürpriz olduğunu deyən Qənirə Paşayeva onlara təşəkkür edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.