525.Az

Bahalı qəbir daşlarına qadağa qoyula bilər

[10.09.14]
Bahalı qəbir daşlarına qadağa qoyula bilər<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, rayon icra hakimiyyətləri və digər qurumların yas mərasimlərində yaşanan israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı apardığı təbliğat-təşviqat işi cəmiyyətin əsas müzakirə mövzusudur. Dəbdəbəli yas mərasimləri ilə bərabər, qəbiristanlıqda ucaldılan bahalı baş daşları da cəmiyyəti, eləcə də dövlət nümayəndələrini, ziyalıları, ilahiyyatçıları narahat edir. 
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lent.az-a açıqlamasında bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu söyləyib:
 
“Bütün bunlar hamısı qanunla tənzimlənən məsələdir. İstənilən sivil ölkədə qəbiristanlıqlarla bağlı məsələlər qanunla tənzimlənir. Məsələn, qəbirlər necə olmalıdır, qəbirlərin düzülüşü, bir qəbir digərindən kəskin fərqlənməməlidir və sair. Bizdə də belə bir qanun layihəsi üzərində iş gedir. Təbii ki, qanun layihəsi cəmiyyətin ümumi müzakirəsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirədən keçməlidir. Bundan sonra qəbiristanlıq haqqında qanun qəbul olunarsa, onun adı müxtəlif cür ola bilər. Hüquqşünaslar, ictimaiyyət nümayəndələri də öz fikirlərini deyə bilər. Bu qanun qəbul ediləndən sonra biz məsələni nizamlaya bilərik. Lakin heç bir qanunun geriyə tətbiqi olmadığına görə, söhbət növbəti mərhələlərdən gedə bilər. Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ehtiyac var. Bu təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələsi deyil. Bu bütövlükdə ictimaiyyətin, medianın geniş müzakirə mövzusudur. Dini Komitə isə bu qanun layihəsinin hazırlanıb müzakirəyə təqdim edə bilər. Mən əminəm ki, Milli Məclisdə deputatlar buna dəstək verəcəklər. Keçmiş həmkarlarımın böyük əksəriyyəti bizə böyük dəstək verirlər bu məsələlərdə. Bu dəstəyə görə onların hamısına təşəkkür edirəm”.
 
 
Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa təmtəraqlı qəbir daşları və ehsan israfçılığına qarşı mübarizənin birgə aparılmasının vacibliyini bildirib:

“Bu məsələdə hər şey paralel getməlidir. Çünki həqiqətən dəbdəbəli qəbir daşları da Azərbaycan cəmiyyətində kifayət qədər ciddi narahatlıq doğurur. İnsanlar buna böyük vəsait xərcləyirlər. Bu problemin ortadan qaldırılması üçün, əvvəla bu sektorda çalışan insanlara tapşırıq vermək lazımdır ki, standart daşlardan kənar qəbir daşları hazırlanmasın. Bu amil olduqca vacibdir. Çünki bəziləri şöhrətpərəst olduğuna görə  elə bilirlər ki, qəbir daşını böyük qoymaqla yaxınına daha böyük sayğı göstərir. Əslində belə deyil. Məncə, daha fərqli yanaşma olmalıdır. İlahiyyatçılarla isə bu məsələdə məsləhətləşmə aparmağa heç bir ehtiyac yoxdur. Dinə görə, qəbirlər itməlidir. Qəbirin təmtəraqlı formada olması yanlışdır. Azərbaycan şərtlərində insanlarda İrandan qalma mavzoleyçilik xarakteri güclü olduğu üçün, bunu birdən-birə silib atmaq mümkün deyil. Mümkün deyilsə, xristian ölkələrində olduğu kimi səliqəli, qəşəng xiyaban salmaq olar.
Həm də ona fikir vermək lazımdır ki, insanlar qəbiristanlığa qorxu yeri kimi yox, həm də bir ziyarət yeri, park kimi yanaşa bilsinlər. Səliqə-sahman yaradılmalıdır, bu da bir mədəniyyətin göstəricisidir”. 
 
İlahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam camaatı Hacı Şahin Həsənli bahalı qəbir daşları probleminin həllində qadağaların tərəfdarıdır:

“İstər ehsanla, istərsə də bahalı qəbir daşı ilə bağlı dinin mövqeyi birmənalıdır. İnsan dünyadan köçdüyü zaman, xüsusən də dəfndən sonra ilk günlər ehsan verilməsi dini nöqteyi-nəzərdən bəyənilmir. Şəriət hökmüdür ki, insan dünyadan köçdüyü zaman ilk günlərdə ehsan vermək bəyənilmir. Daha yaxşı olar ki, əzizini itirmiş şəxsin evinə başqa insanlar yemək gətirsin və onun yanında özləri yemək yeməsin. Amma bizdə bunun əksi müşahidə olunur. İnsan dünyadan köçdüyü zaman artıq yaxınları ehsan hazırlamaqla məşğul olur. Hətta bəzi insanlar ehsan vermək üçün borca düşür, kredit götürür. Təbii ki, bunların heç bir dini əsası yoxdur. Bu bir milli adət-ənənədir, dini ayin deyil. Dini ayinlər insan dəfn olunana qədərdir. İnsan yuyulub kəfənə bükülür, cənazə namazı qılınır və dəfn olunur. Bu dinin buyurduğu vacib əməldir. Qəbir daşları ilə də eyni məsələni qeyd edə bilərik ki, dinimiz qəbirin üzərində mərmərdən abidələrin tikilməsi, sinə, baş daşının qoyulmasının əleyhinədir. Bu da israfçılıqdır. Bundan nə dünyadan köçən insana, nə də ki, onun yaxınlarına bir fayda yoxdur. Bahalı qəbir daşı qoydurmaq artıq bir rəqabət predmetinə, insanlar arasında şan-şöhrət, öyünmək vasitəsinə çevrilib. Ona görə də mən düşünürəm ki, bütün bu halların qarşısı alınmalıdır. Amma sırf inzibati yollarla belə hallarla mübarizə aparmaq çətin olur. Çünki bu on illərlə formalaşmış adət-ənənələrdir. Bu gün də Nəsimi rayon icra hakimiyyətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, din xadimlərinin də çıxışı oldu. Yəni orda belə bir qərara gəlindi ki, din xadimləri ilə dövlət qurumlarının nümayəndələri birgə insanlar arasında maarifləndirmə işi aparsınlar. Bu məsələlər təkamül yolu ilə həll olunmalıdır. Bahalı qəbir daşları məsələsini  qanunvericiliklə də həll etmək olar. Şəxsən mən bu məsələdə qadağaların tərəfdarıyam. Çünki bu məsələlər tövsiyə ilə həll olunmur”.  


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.