525.Az

Rəşad Məcidin 50 yaşına sözardı... - Video

[19.08.14]
Rəşad Məcidin 50 yaşına sözardı... - <b style="color:red">Video</b> 20-30 il öncə düşünürdüm ki, görəsən adam 50 yaşında necə olur... Sadəlöhv düşüncədir, bilirəm. Amma buna görə bir kimsə məni qınaya bilməz. Yaşıdlarım 20-30 il öncə o qədər bəsit şeylər düşünüblər ki... 

47 yaşıma çatmışam və indi əminliklə bilirəm ki, 3 il sonra, 50 yaşımda necə olacağam. Məsələn, Rəşad Məcid necədirsə mən də elə. Yəni Rəşad Məcid 40 yaşı olanda da elə indiki kimi idi. 60 yaşı olanda da, zənnimcə elə belə olacaq. Rəşadın qocaldığını, təqaüdçülərlə oturub nərd, yaxud domino oynadığını, titrək əlləriylə köhnə albomları varaqladığını... heç cür təsəvvür edə bilmirəm. Hə qədər çalışıram, alınmır. Əvəzində isə əlindəki startfona yağmur kimi yağan qısa mesajları oxuyub dodaqaltı gülən, ehtiraslı təbəssümü gözlərinin parıltısında əks olunan bir gənc gəlir gözümün önünə. Rəşad gözlərinin parıltısı yaşındadır...


Üzeyir Hacıbəylinin yaratdığı məşhur personaj - Məşədi İbad haqqındakı etirafını yəqin ki, bilməyən yoxdur: Bir gün Üzeyir bəy bir neçə nəfərlə ayaqüstü söhbət edirmiş. Bu zaman gözəl bir xanım onların yanından keçir. Üzeyir bəyin gedən xanımın ardınca zənnlə baxdığını hiss edən həmsöhbətlərindən biri:


- Bu nədir. Üzeyir bəy? Özün Məşədi İbadı lağa qoyursan, amma indi xanımdan gözünü çəkə bilmirsən - deyir.
Üzeyir bəy də zarafatından qalmır,

- Düz deyirsən, əgər haqq dünyası varsa, Məşədi İbad orada mənim atamı yandıracaq...


...Üzeyir bəyin etirafından nəticə çıxardığım üçün Rəşad Məcid və onun 50 yaşı haqqında çox da dərinə gedə bilməzdim. Dəqiq bilirəm ki, Rəşad bu dünyanın işini o dünyaya saxlayanlardan deyil...

Yəni Rəşad Məşədi İbad deyil, Məşədi Rəşad da deyil, sadəcə Rəşad Məciddi, vəssalam! Özünəməxsusluğu, təkrarolunmaz koloriti ilə! 


Buraya qədər yazdıqlarım hər kəsin tanıdığı Rəşad Məcidə xas olan cizgilərdir. Amma mənim üçün fərqli bir Rəşad da var.

Gözlərindəki dərin kədəri qaranlıq səmada sayrışan ulduzlara xas parıltıyla gizlətməyə çalışan Rəşad Məcid... 


O kədəri bir neçə il öncə, Gəncəyə səfərimiz zamanı görmüşdüm. Məhz həmin gün mənim üçün Rəşad Məcidin obrazı tamamlanmışdı... 


Ağdama getməyən Gəncə qatarı...


Mətbuat Şurasının tədbirində iştirak etmək üçün həmkarlarımla birgə Gəncəyə getmişdim. Rəşad Məcid və Akif Aşırlı isə qatarla gəldilər. Ertəsi gün səhər tezdən otelin qarşısında görüşdük. Rəşadın gözləri dolmuşdu, üzündən nisgil yağırdı. Nə baş verdiyini soruşdum. Sonuncu dəfə 25 il öncə qatarla Ağdama getdiyini dedi... Keçirdiyi hissləri danışdı. Əslində danışmasaydı da olardı, onsuz da hər şey gözlərindən oxunurdu. Keçirdiyi hisslərlə bağlı bir şeir yazmağımı istədi. Söz verdim, "yazacağam" dedim... Və yazdım:

Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı.
Gözlərim yol çəkir yol ayrıcında,
İçim başdan-başa gözləmə zalı...

Uyuyur saçımda izi illərin - 
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin -
Üfiqlər dolanbac, yollar dolanbac...

Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların.
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların...

***

Sükuta bürünüb vağzal,
Sükuta...
Bir dil istəyirəm dindirə məni...
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni...

***

...Saata baxıram: 
"Hələ vaxta var...", 
Bələdçi perronda kölgə tək susur...
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir şəsrət kabusu...

"Bələdçi, bələdçi! 
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, "qatar Ağdama gedir:"
De, qardaş...
De, "yanlış yazılıb "Gəncə" lövhəsi".

...Bələdçi biletə baxır sakitcə,
...Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə "Gəncə"di, 
biletdə "Gəncə",
Gözümdə... 
"Ağdama gedir bu qatar".


***

...Bu qatar Gəncəyə gedir,
Gəncəyə...
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, "təsəlli", - deyə
Dəhlizə boylansam, kupeyə baxsam...

...Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də...
Elə bu qatarla, elə bu yolla...
Qaçmaq istəyərdim xatirələrdən.

Kupedə sükut var...
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir...
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.

Xatirə qoxuyur aldığım nəfəs...
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs: 
"Bu qatar Ağdama getmir, en, Rəşad!".

...Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!


***

...Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır...
Qayıtmır geri...
Hər gecə Ağdamdan bir qatar gəlir -
Didərgin ruhlardı sərnişinləri...
Didərgin ruhlardı sərnişinləri...

P.S. Doğum günün mübarək, dostum. Ağdama gedəndə məni unutma...




Elçin MİRZƏBƏYLİ
Baymedia.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.