525.Az

"Xəzər" TV-dən yeni mövsüm layihələri

[03.11.12]
"Xəzər" TV-dən yeni mövsüm layihələri<b style="color:red"></b> “Xəzər” televiziyası bir sıra yeni layihələrə başlayıb. Televiziya kanalında olan yeniliklər barəsində “Xəzər” Teleradio Yayım Şirkətinin İctimai Əlaqələr üzrə direktoru Məryam Qulamova danışıb. M.Qulamova “Xəzər” TV-nin 5 ildə əldə etdikləri haqqında məlumat verib: 

“Bu ay “Xəzər” Teleradio Yayım Şirkəti olaraq 5 yaşımızı tamamladıq. Bu 5 ildə tamaşaçıya nə verə bildik, nələr etdik, hansı uğurları qazandıq, bunlar haqda uzun-uzun danışmağa ehtiyac yoxdur, çünki bunun ən obyektiv dəyərləndiricisi elə tamaşaçı özüdür. “Xəzər” TV yaranan gündən “Ailənizin Xəzəri” devizini əsas tutaraq fəaliyyət göstərir. Bu prinsipə hər zaman sadiq qalmağı başlıca məqsəd olaraq qarşıya qoymuşuq. Bizim televiziyada bizim üçün önəmli olan yalnız reytinq, yalnız şou deyil. Proqramlarımızı hazırlayarkən, maarifləndirici və təbliğat xarakterli mövzulara xüsusi diqqət ayırırıq”. 

M.Qulamova bildirib ki, televiziyada bir zamanlar yayımlanan, lakin artıq yayımı dayandırılan proqramlar var ki, bunların yayımı dayandırılsa da, eyni məzmunlu daha geniş və əhatəli proqramlarla əvəz olunur: “Ahəng” adlı proqramımız olub ki, bu da milli xalq musiqimizin təbliğini nəzərdə tuturdu. Hər bölümü 40 dəqiqədən olmaqla, 25 bölüm çəkilmiş “Ölümsüzlər” filmi şəhidlik, vətən, bayraq, qəhrəmanlıq kimi dəyərlərin təbliğinə yönəlmişdir. “Pəncərə” adlı proqramımızda Azərbaycanın görkəmli şəxsiyyətləri ilə söhbət vasitəsilə o şəxsiyyətlərimizin cəmiyyətdə daha yaxından tanınmasına çalışmışıq. “Qarış-qarış”, “Səyyah” Azərbaycanın bölgələrinin, tarixinin, adət-ənənələrinin, mətbəxinin tanıdılması və təbliğinə yönələn layihələrimiz idi. “Vətənimdir Azərbaycan” layihəsi Azərbaycanımızın xaricdəki simaları, vətəni xarici ölkələrdə təmsil edən şəxslərimizin fəaliyyətini işıqlandırır. Bunlar olub bitən və ya çoxdan başlayıb davam edən layihələrimizdir“.

“Xəzər” TV sözçüsü yeni mövsümdə efirə veriləcək layihələrini açıqlayıb: 

“SƏYYAH” 

7 oktyabr 2009-cu ildən efirə yayımlanmağa başlayan “Səyyah” proqramı 85 proqram boyunca onlarla fərqli bölgədən fərqli verilişlər hazırlayaraq Azərbaycan vətəndaşına öz vətənini daha da yaxından tanıtmağa, milli mətbəximizdəki təam çeşidlərini artırmağa, böyük şəxsiyyətləri, tarixi abidələri, maraqlı insanları, sənətkarlıq, folkloru tanıtmağa və bölgələrimiz haqqında ətraflı məlumat verməyə çalışıb. Proqram hər həftə bir rayon və ya bir kəndə həsr edilib, həmin bölgə haqqında ümumi məlumat verilir, ərazisi, telefon kodu, avtomobil dövlət nömrə nişanı, Bakı ilə həmin bölgə arasındakı məsafə, regiona xas xüsusiyyətlər tamaşaçılara çatdırılıb. Bununla da vətəndaşlıq tərbiyəsini hər proqramda önə çıxarıb. 

“SÖZÜN ÖZÜ” 

Söz dərman kimidir – qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. Söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da. Sözün dəyəri, ölçüsü, mənası, keyfiyyəti və kəmiyyəti Məmməd Aslanın təqdimatında “Sözün özün”də açılır. 101 bölümdən ibarət olan “Sözün özü” layihəsi unudulan Azərbaycan kəlmələri, Azərbaycan dilinin müasir vəziyyəti, alınma sözlərin dilimizə təsiri və ümumulikdə ana dilimizin problemlərinin öyrənilməsinə istiqamətlənmişdir.

“LƏZİZ SƏYAHƏT”  

Qurman olmağa ehtiyac yoxdur. Səyahətimizin dadı-duzu yediklərimizdədir. Fərqli bölgələrdə fərqli mətbəx, qeyri-adi yeməklər, görüb, bilib, yediklərimiz və qonşuda belə görmədiklərimiz, hamısı “Ləziz Səyahət”dədir. Bu səyahət ağız dadı dəyişdirir. Bu səyahət süfrələrinizə yeni təam gətirir. “Belə yemək də varmış” deməyə məcbur edir bu səyahət. “Ləziz səyahət” mətbəximizi genişləndirir. Divarların hesabına yox, bölgələrin hesabına. Süfrəmizi zənginləşdirir. Əşyaların yox, yeməklərin hesabına. 

“AYNADAKI MƏN” 

Onlar daha çox işi peşəsi ilə tanınır. Amma hər kəsin içində bir daxili məni var. Çoxlarından gizli olan bir mən. Və bəzən onunla fikir ayrılığı yaşayırıq. Həyatda heç nə təsadüfi deyil, yaşadıqlarımızın və yaşatdıqlarımızın aynadakı əksidir. Yaxud aynaya baxan sima ürəyində danışır: “Mən sənəmmi görəsən?” Yox, bəlkə elə sən mənsən? Ey, aynadakı, eşidirsənmi?” Bu sualları onlar verir özlərinə. Cəmiyyətdə öz adları, simaları, peşələri, imzaları ilə tanınanlar. Özlərinə verdikləri sualların cavabları gizli qalmır. “Aynadakı mən”lə danışırlar.  

“SİRDAŞ” 

Daşlardakı tarix, daşlara həkk olunan tarix. Ürəyi daş kim olanları deyil, daşlarda yatan ruhu təcəssüm etdirir bu proqram. Daşların ruhu yoxdur deməyin. Dövrün insanlarının ruhunu əks etdirib özündə. Onların da bir dili var. Nələrsə demək istəyirlər. Biz onların demək istədiklərini dilə gətiririk. Sirli, gizli keçmişin maraqlı xatirələrini araşdırırıq. Daş altında yatan insanları, daşdan keçən tarixi oxumağa çalışırıq. Görünməyənləri görür, eşidilməyənlərə qulaq veririk. Eşidirik və eşitdiririk. Mistik əhvalatları, milli-mənəvi dəyərləri, ulularımızın bizə miras qoyduğu əxlaqi dəyərləri gün işığına çıxarmağı qarşısına məqsəd qoyub “Sirdaş” proqramı. Və bu məqsədinə də hər gün bir az daha yaxınlaşır. Kitablarda yazılanı deyil, xatirələrdə yatanları aşkara çıxarır.

modern.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.