525.Az

"Mən belə aktyorlardan həmişə çəkinmişəm" - Ramiz Novruz

“TAMAŞAÇINI BİR DƏFƏ ALDATMAQ OLAR”


[03.11.12]
"Mən belə aktyorlardan həmişə çəkinmişəm" - <b style="color:red">Ramiz Novruz</b> Aktyor Ramiz Novruzun 525-ə müsahibəsi

– İlk dəfə Sumqayıt Dram Teatrında fəaliyyətə başlayan Ramiz Novruz nə səbəbə görə teatrı tərk etdi?

–Sumqayıt Dram Teatrında ilk rolum Tofiq Kazımovun “Murad və kələkləri” pyesində olub. Sonra Nəriman Həsənzadənin “Nəriman” poeması əsasında “Qoy bütün şərq bilsin” adlı tamaşa hazırladıq. Bu tamaşada mən General Şıxlinski rolunu oynayırdım  və bu rol mənə çox düşərli olmuşdu.Biz bu tamaşanı Bakıda oynayırdıq və Bakıda çox böyük sənətkarlar- Hökümə xanım başda olmaqla teatrın direktoru Əli İsmayılov da tamaşanı çox  bəyənmişdilər .General Şıxlinski rolundan sonra məni Akademik Milli Dram Teatrında işləyə biləcək aktyorlar siyahısında gördülər.Mənə Hökümə xanım kimi böyük sənətkar qiymət vermişdi və ona görə  ürəklənib  Akademik Milli Dram Teatrına müraciət etdim. Hər bir aktyorun arzusudur  ki, ana teatrda işləsin.Belə bir məsəl var :“General olmağı arzulamayan əsgər,əsgər deyil”.O mənada mən də Akademik Milli Dram Teatrında özümü görmək istəyirdim və məni bu teatra qəbul etdilər. Sonrakı karyeram da uğurlu alındı.

– Sənətə gələn sənətçilərin bəziləri  sonradan bu peşəni seçdikləri üçün peşman olurlar. Bəs sizdə necə oldu?

– Elə adamlar var ki, deyir mən heç aktyor olmaq istəmirdim.Sadəcə sənədlərimi aktyorluğa verdim və məni qəbul etdilər. Mən belə adamlardan həmişə çəkinmişəm.Belə adamlar teatra,sənətə gec-tez xəyanət edecək adamlardır. Mən heç vaxt peşman olmamışam, əksinə həvəsim daha da artıb. Bütün rollarımı birinci işim kimi işləyirmiş  kimi işləyirəm.Bütün rollarımda elə bilirəm ki, teatra yeni  gəlmişəm və mən özümü sübut etməliyəm.

– Ramiz müəllim istərdim teatrşünaslar, teatrımızın tarixi ilə məşgul olanlar haqqında söz açaq. Bu günkü gündə teatr tənqidi sizi qane edirmi?

– Teatr haqqında yazılar mətbuatda çox çıxır. Maraqlı və bəzən də bəsit ,səviyyəsiz yazılar olur. Mən tanıdığım teatrşünaslardan danışmıram ,nisbətən uzağ olduğum adamlardan hiss edirəm ki ,bəzilərində qərəz var. Kiməsə hardasa gec salam vermisən, yaxud kimləsə soyuq görüşmüsən  o  saat başlayır  səni tənqid etməyə. Bax bu gün  belə bir xəstəlik var. Çox vaxt bəzi teatrşünaslarımız tamaşanı  analiz etməkdənsə, götürüb müəllifin yaradıcılığını analiz edirlər. Daha çox rejissorun quruluş verdiyi tamaşa haqqında danışmaq  lazımdır.

– Özünüzü gördüyünüz pillədəsiniz?

– Düşünürəm ki, özümü görə bildiyim pillədə heç vaxt ola  bilməyəcəm. Çünki  mənim müəllimim Adil İsgəndərov deyib ki ,bu sənətdə zirvə, son hədd yoxdur. Aktyor əbədi kamilliyə can atmalıdır.Ən yüksək zirvəyə çatanda bilməlisən ki , səndən sonra kimsə gəlib, səndən də yaxşı oynaya bilər.

– Bu gün aktyor nə etməlidir ki, daha da çox sevilsin?

– Daim ustalaşmağa,peşəkarlığa can atmaq lazımdır.Bacardıqca səmimi, dürüst olmalısan və öz sənətinə hörmət qoymalısan. Əgər özün oynadığın rola  inanmırsansa, elə bilmə ki tamaşaçı inanacaq.Tamaşaçını bir dəfə  aldatmaq olar, ikinci dəfə tamaşaçı artıq inanmır.

– Bildiyimizə görə məhşur polyak rejissoru Kşiştof Zanussi Bakıya gəlib.Siz onunla görüşmüsünüz. Əgər  sirr deyilsə nə haqqında danışdınız?

– Kşiştof Zanussi sənət aləmində tanınmış bir rejissordur.O öz əsərini 2013–cü ildə Azərbaycanda səhnələşdirmək istəyir və bununla  bağlı mənimlə də işləmək fikrindədir.

– Müəllifi olduğunuz “Hələ  sevirəm deməmişdilər” pyesinin tamaşasına artıq tamaşaçılar baxıb bəyəniblər. Sizdən daha hansı pyeslər gözləyək?

–Bu pyes Qarabağ mövzusundadır. Bu problem bizim ağrılı mövzumuzdur. “Hələ sevirəm deməmişdilər” pyesi mənim ikinci pyesimdir. İlk pyesim “At ilinin birinci ayı” pyesidir. Gəncə Teatrında tamaşaya qoyulub və Azərbaycan Televiziyasında çəkilib. Mövzular ağır mövzulardır.Mən elə hesab edirəm ki, belə mövzularda yazmaq xətrinə yazmaq olmaz.Əgər sənə rahatlıq vermirsə yazmaq lazımdır, əks halda hesab edirəm ki, Xocalı, 20 Yanvar, Qarabağ haqqında bəsit yazılar yazmaq günahdır. Ona görə də mən ürəyimi ağrıdan, mənə rahatlıq verməyən mövzulardan yazmışam.Yeni işlər insallah olacaq.

– Akademik Milli  Dram Teatrının “Xanuma” və “Yaşlı xanımın gəlişi” tamaşalarınızda sizi yeni ampluada gördük. 

–KVN –nin Moskvadakı çıxışına qədər   hesab edirdim ki, bizdə yumor  çox aşağı səviyyədə idi. Aktyorun səhnədə özündən söz artırıb, şit hərəkətlər etməklə tamaşaçını güldürmək cəhdlərini  xoşlamamışam.. Arzum var idi ki, nə vaxtsa elə bir komediya oynayım ki, muəllifin sözlərinə toxunmadan maraqlı bir obraz yaradım.Və mən sevinirəm ki, Azdramada hazırlanan“Xanuma” tamaşasında bu, məndə alındı. “Xanuma”dakı Knyazı yaradıcılığımda yeni və maraqlı səhifə hesab edirəm. Alfred Ill obrazı isə dünya dramaturqları içərisində seçilən Dürremantın qəhrəmanıdır.Bu obraz mənim üçün Şekspir obrazlarından əskik deyil.Hiss edirəm ki, bu obraz da tamasaçılar tərəfindən qəbul edilir.  Rejissorlar Rövşən Almuradlı və Mikayıl Mikayılova  mənə etibar edib bu rolları verdiklərinə görə təşəkkür edirəm.

– Yeni mövsümdə sizi hansı rollarda görəcəyik?

– Əslində yaradıcı insanın  daima fikri kohnə və yeni oynanılacaq tamaşalarındadır. Dram Teatrı son illər qızğın yaradıcılıq laboratoriyasına çevrilib.Hal-hazırda yarımçıq qoyduğumuz Napoleon tamaşası üzərində rejissor Namiq Ağayev ilə işləyirik. Gələcək planlarda H.Cavidin “İblis”pyesinin tamaşasını hazırlamaq arzumuz var.Çoxlu Beynəlxalq Teatr festivallarına səfərlərimiz  gözlənilir. Festivallarda iştirakımız bizdə bir inam yaratdı, Azərbaycan aktyor məktəbinə başucalığı gətirdi. Üç dəfə Beynəlxalq festivalda qalib olduq və bundan da görünür ki dünyada aktyor sənətinin ,teatr sənətinin dili birdir. Bildiyiniz kimi”Pərvanələrin rəqsi”  serialına da  çəkilmişəm.

Babək NOVRUZBƏYLİ 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.