525.Az

Məktəb bazarlığı: valideynlər bahalıqdan gileylənirlər

[07.09.12]
Məktəb bazarlığı: valideynlər bahalıqdan gileylənirlər

Övladının məktəbə getməsi, gələcəyini təmin edəcək savad alması, təbii ki, hər bir valideyn üçün sevindirici hadisədir. Uşaqların həyatının ən qayğısız, ən gözəl xatirələri, yəqin ki, məktəb illəri ilə bağlıdır. Ancaq bu unudulmaz, şirin xatirələrə məktəbə köhnə paltarda getmək və dərs ləvazimatlarını hər dəfə sinif yoldaşından yüz minnətlə almaq kimi nüanslar acılıq qata bilər. Bax, bu məqamda övladlarını məktəbə ürəyi istədiyi səviyyədə yola salmaq, onları hər cür məktəb ləvazimatı ilə təmin etmək məsələsi ortaya çıxanda əksər valideynlərin qəlbindəki sevinc hissini narahatlıq əvəz edir. Valideynlərin bu narahatlığı da əbəs deyil. Məktəb ləvazimatlarının qiymətində müşahidə olunan artım məvacibi az olan valideynləri sıxıntıya salır.

Yeni dərs mövsümü ərəfəsində baş çəkdiyimiz satış obyektlərində məktəb ləvazimatlarında qiymət artışının şahidi olduq.
İlk baş çəkdiyimiz obyekt daha çox alış-veriş olan “28 May” metrostansiyasının qarşısındakı yeraltı keçid oldu. Əvvəlcə satıcı ilə söhbətləşib məktəbli ləvazimatlarının qiymətində ötən illə müqayisədə artım olub-olmadığı ilə maraqlandıq.

Satıcı Yusif Orucov qiymətlərdə cüzi artım olduğunu təsdiqləsə də, bunun yeni dərs ilinin başlanılması ilə heç bir əlaqəsi olmadığını dedi: “Qiymətlər bu ildən bir qədər artıb. Dəftərlərin qiymətində 2-3 qəpik, qələmlərin qiymətində isə 1-5 qəpiyədək artım var. Məktəbli çantaları isə 2 manat civarında bahalaşıb. Rəsm dəftərlərinin, rəngli qələmlərin qiymətində 10-15 qəpik bahalaşma olub. Ümumi götürəndə məktəbli ləvazimatları ötən illərlə müqayisədə cüzi bahalaşıb”.

Burada 12 vərəqli dəftər - 5-10 qəpik, 40 vərəqli dəftər - 20-40 qəpik, 60 vərəqli dəftər - 45-50 qəpik, 100 vərəqli dəftər - 60 qəpik, gündəlik - 60-70 qəpik, sadə karandaş- 20-40 qəpik, rəngli karandaş dəsti - 1 manatdan 6 manata satılır. Xətkeş - 70-80 qəpik, rəsm albomu - 2-5 manat, qələm - 20 qəpikdən 4 manatadək, flomaster - 2 manatdan 10 manatadək, məktəbli çantası isə 10 manatdan -30 manatadək qiymətlərlə alıcılara təklif  olunur.

20 Yanvar metrosu yaxınlığında yerləşən, içərisi “od tutub yanan”  yarmarkada satılan bütün malların, xüsusilə də, birinci sinif şagirdi üçün məktəb ləvazimatlarının qiyməti baha idi. Satıcılar isə israrla qiymətlərdə artım olduğunu inkar edirdilər. Burada satışda olan 12 vərəqli dəftərlərin qiyməti 10, 40-100 vərəqli dəftərlərin qiyməti isə 50 qəpik-1 manat arasında dəyişir. Qələmlərin qiyməti 20-40 qəpik, rəngli qələmlərin qiyməti isə 80 qəpikdən 1 manat 20 qəpik arasında təklif olunur. Çantaların isə ən ucuzu 10 manat, ən bahalısının qiyməti 40 manatdır. Burada ayaqqabıların da çeşidi qiyməti rəngarəngdir. Qız üçün ayaqqabılar 15 manatdan 30 manatadək, oğlanlar üçün isə 17 manatdan 30 manatadəkdir.

Şəhərin  ixtisaslaşmış məktəbli ləvazimatları mağazalarından məktəbli bazarlığı edənlərin xərci iki, bəzən də üçqat artır. “Nil” mağazasında məktəbli ləvazimatları tanınmış firmaların məhsulları olduğundan burada qiymət də bahadır. Bu mağazada 12 vərəqli “Alfa” dəftərlərinin qiyməti 20 qəpikdir. Eyni adda rəsm dəftərlərinin qiyməti 1 manat 20 qəpikdir. Rəngli karandaş dəstinin qiyməti isə 2 manat 50 qəpikdir. Burada diyircəkli qələmlərin bir ədədi 20 qəpiyə, Faber-Castel rəngli qələmləri isə 1 manat 60 qəpiyə təklif olunur. Mağazada çantalar da qiymətlərinə görə fərqlənir. Satıcı bildirdi ki, mağazada müştərilər 10 manatdan 108 manatadək qiymətdə olan çantalar arasında seçim edə bilərlər. Satıcının dediyinə görə, mağazada ən bahalı çanta qızlar üçün ortopedik “Hakan çanta” firmasının çantasıdır.

Qeyd edək ki, yeni dərs ili öncəsi olduğundan baş çəkdiyimiz “Nil” mağazalarında alıcı bolluğu hiss olunurdu. Alıcılar isə qiymət baha olsa da, məktəbli ləvazimatları alarkən keyfiyyətə üstünlük verdiklərini söylədilər.

Yarmarka və mağazalara nisbətən metro keçidlərində məktəb ləvazimatlarının qiyməti nisbətən ucuz satılır. Metronun "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", "Neftçilər" stansiyalarının keçidlərində baş çəkdiyimiz yarmarka və mağazalara nisbətən ucuzluq müşahidə edilirdi. Məsələn, dəftər, qələm, karandaş, gündəlik və digər ləvazimatları buradan 5-10 qəpik aşağı almaq olar.

Məktəbli formasının qiyməti ilə də maraqlandıq. Məktəbli geyimləri isə formaları istehsal edən Bakı Tikiş Evinin xüsusi mağazalarında satışa çıxarılıb. Mağazalar paytaxtın bütün rayonlarında fəaliyyət göstərir.  Burada 26-38 ölçüdə məktəbli kostyumu 30 manatadır. Tək-tək alanda, şalvar 10 manat, pencək 20 manat, köynək 5 manat, jilet isə 5 manatdır. Bununla da, həmin ölçüdə məktəbli dəstlərinin qiyməti 40 manat olur. Bütün dükanlarda bu qiymətlər yazılı şəkildə divarlara vurulub. 40-46 ölçüdə olan məktəbli kostyumu 35, köynək 5, jilet 5 manatdır. Məktəbli dəstinin ümumi qiyməti 45 manata çıxır. VII-XI siniflər üçün isə 50 ölçüyə qədər məktəbli kostyumu 40 manat, köynək 7 manat, jilet isə 6 manatdır. Dəstin ümumi qiyməti 53 manata başa gəlir.
Qeyd edək ki, qızlar və oğlanlar üçün məktəbli kostyumunun qiyməti demək olar ki eynidir.

Paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonlarındakı məktəb ləvazimatlarının, çanta, ayaqqabıların satıldığı adi mağazalarda qiymətlər yarmarka və digər ticarət obyektlərindəkindən ucuz deyil. Satıcılar mağazalardakı malların keyfiyyətinin yarmarka və digər ticarət obyektlərindəkindən yüksək olduğunu desələr də, əslində alıcılara təklif olunanların eyniliyi aşkar görünürdü.

Satıcılar məktəböncəsi qiymətlərdə bahalaşma olduğunu təkzib etsələr də, alıcılar əksini deyirlər.

Valideynlərdən Minarə Abbasova deyir ki, yeni dərs ili öncəsi məktəbli ləvazimatlarının qiymətində nəzərəçarpacaq artım baş verib: “İyun, iyul aylarında qiymətlər xeyli münasib idi. İndi dəftərdən tutmuş, qələmə, məktəbli çantasına qədər hər şeyin qiyməti bahalaşıb.  Oğlan uşaqları üçün məktəbli çantasının qiyməti 18 manatdan aşağı deyil. Normal çanta almaq istəyirsənsə, gərək 15 manatdan ucuzunu almayasan. Bir uşaq üçün dəftər, qələm, çanta və sair məktəbli ləvazimatları almaq üçün gərək ən azı 60 manat xərcləyəsən. Amma xərc bununla bitmir. Özünüz bilirsiniz ki, məktəbli forması geyinməyən uşağı dərsə buraxmırlar. Formanın qiyməti isə 53 manatdır. Bunun üstünə ayaqqabı, dəyişənək köynəyin də qiymətini gələndə bir uşağı geyindirib yola salmaq 150 manata başa gəlir”.

Xatirə Səlimova isə özünün işsiz olduğunu, həyat yoldaşının isə cəmi 400 manat əməkhaqqı aldığını deyərək, bahalıqdan gileyləndi: “Deyirlər, bolluq olanda ucuzluq olar. Ancaq mağazalar, yarmarkalar məktəblilər üçün mallarla dolu olsa da, çox bahalıqdır. Uşaq ayaqqabılarını, çantaları az qala böyüklərinki ilə eyni qiymətə satırlar”.

Beləliklə, apardığımız təxmini hesablamaya görə, bir uşağı məktəbə göndərmək üçün valideyn ən azı 100 manat xərcə düşməlidir. Bu vəziyyətdə təsəlliverici məqam odur ki, dərsliklər məktəblilərə Təhsil Nazirliyi tərəfindən pulsuz paylanılır. Yoxsa valideynlərin işi lap çətin olardı.

Sevinc QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.