525.Az

“Toyda gördüm, salam da vermədim”

[07.09.12]
“Toyda gördüm, salam da vermədim”

Rəqqasə Oksananın 525.az saytına müsahibəsi

- Sizin reper Elşad Xoseylə ailə həyatı quracağınız çoxları üçün gözlənilməz oldu. Gəlin, lap əvvələ qayıdaq. Nə vaxt hiss etdiniz ki, sizin «ağ atlı» şahzadəniz məhz odur?

- Elşadı tanıyan gündən. Elə buna görə də onunla evlilik kimi ciddi bir qərara razılıq verdim.

- Evləndikdən sonra münasibətləriniz necədir? Yola gedirsiz?

- Hər şey çox gözəldir. Əlbəttə, yola gedirik. Əslində Elşad mənə ailəmiz haqqında danışmağa, suallara cavab verməyi qadağan edib. Bir-birimizə söz vermişik ki, ailə həyatımızla gündəmə gəlməyək. Ailə bizim üçün çox vacib, müqəddəsdir. Sevgimizin saxta olmadığını nikah masasına oturaraq sübut etdik.

- Hər ailədə söz-söhbət olur. Evdə nəyin üstündə mübahisə edirsiz?

- Çox şanslıyam ki, Elşadın kaprizləri yoxdur. Gəlib evdə yemək olmadığını görsə də, söz-söhbət yaratmır. Biz bir-birimizi çox gözəl başa düşürük. Ailədə ən önəmli şey anlayışdır. Xasiyyətimizə, nəyi sevib-sevmədiyimizə bələdik.

- Ən çox nə bişirirsən Elşada?

- Elşad qızartmanı çox xoşlayır. Tez-tez ona qızartma yeməklər bişirirəm.

- Toydan sonra Elşad sənə nə qadağalar qoydu?

- Düzdür, həyat yoldaşım mənə bir çox qadağa qoyur. Amma efirlə bağlı qadağaları yoxdur. Mən toydan əvvəl də çox məclisə getmirdim. İndi də hər məclisə qatılmıram.

- Deyirlər evlilik sevgini öldürür. Sizdə belə olmadı?

- Bizdə əksi oldu, daha da doğmalaşdıq. Sevgimiz ilk gündəki kimi güclüdür. Biz indi də bir-birimizə maraqlıyıq.

-  Uzun müddətdir rəqs məktəbi açacağını deyirdin. Məktəbin aqibəti necə oldu?

- Məktəb deyəndə bir az böyük səslənir. Mən icarəyə yer götürmüşəm, balaca bir məktəbim var. Bu ayın 9-dan fəaliyyətə başlayıram. Hələ ki, tələbələrim yığılır. O qədər zəng edən, istəyən var ki… Maraqlısı odur ki, mənim sinfimdə 10 yaşdan 40 yaşa qədər hər bir şəxs ola bilər. Hazırda tələbələrimi Moskvada keçiriləcək beynəlxalq müsabiqəyə hazırlayıram. Bu təklif müsabiqə təşkilatçılarından gəlmişdi. Əslində müsabiqəyə mən dəvət olunmuşam. Amma bugünə kimi bir neçə müsabiqədə birinci seçilmişəm. İstedadımı sübut etmişəm. Tələbələrimi də özüm seçirəm. Görəndə ki, bu insanı nə qədər öyrətsəm də bacarmayacaq, onda bu işin alınmayacağını deyib, onunla sağollaşıram.

-  Rəqqasə Fatimə ilə münasibətləriniz nə yerdədir? Tədbirdə qarşılaşanda salamlaşırsınız?

- Bu yaxınlarda Vüqar Vüqarlının toyunda qarşılaşdıq. Amma salam da vermədim.

- Fatimənin tələbəsi yanına gəlib, səndən dərs almaq istədiyini desə, qəbul edərsən?

- Mənim məktəbimin qapısı hər kəsin üzünə açıqdır. Amma o tələbə gəlib Fatimənin məktəbində öyrəndiklərini təkrarlayacaqsa, onunla sağollaşacağam. Mən nə öyrədəcəmsə, nə deyəcəmsə onu da etməlidir.

- Nə vaxt övlad dünyaya gətirməyi düşünürsən?

- Əvvəl bunu çox istəyirdim. Amma indi görürəm ki, hələ buna hazır deyilik, məsuliyyəti böyükdür. 

- Həmişə bal ayını Hindistanda keçirmək istədiyini deyirdin. Bildiyimə görə, hələ də bal ayı arzun reallaşmayıb…

- Buna çox pul lazım idi. Ona görə bal ayımızı bu yay Azərbaycanın rayonlarında keçirtdik. Hindistana tək getdim. Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə ora yollanıb, 10 gün qaldım. Bilirsiniz ki, mən səfirlikdə uşaqlara rəqs dərsləri keçirəm. Tələbələrimlə birgə getmişdim. Həyatda iki böyük arzum var idi: Hindistana gedib Tac Mahalı gəzmək və Məkkədə olmaq. İllərdir ora haqqında kitablar oxuyuram. Tac Mahalı görəndə ağladım. Gözəl yerləri gəzdik.

- Bəs, Həcc ziyarətinə nə vaxt gedəcəksən?
 
- Ordan qayıdandan sonra hicab bağlamalı, bəzi şərtlərə əməl etməlisən. Hələ ki, buna hazır deyiləm. Amma yaxın iki ildə mütləq Məkkədə olacağam.

- Son zamanlar nədənsə, səni efirdə az-az görürük…

- Toydan sonra 6 aydır ki, istirahət edirəm. Rayona valideynlərimin yanına getdim. Bütün yorğunluğu atdım, bol enerji yığmışam. Bu aydan yeni layihələrimi görəcəksiniz. Hətta müğənni kimi də çıxış edəcəyəm. Kəmalə Qasımova və Vüsalə Hikmət mənim üçün hindsayağı mahnı yazacaq. O mahnılara klip də çəkdirəcəyəm. Onlar üçün gözəl rəqslər də hazırlayıram. Hətta özümü aparıcı kimi də sınayacağam. Bu yaxınlarda tamaşaçılar məni efirlərin birində aparıcı kimi görəcəklər. Bu ilin sonunda konsert verəcəyəm. Bilirsiniz ki, əvvəlki konsertlərimdə müğənnilərimiz hind mahnıları oxumuşdu. Bu dəfə ancaq rəqslər olajaq. Hətta Hindistandan, Rusiyadan rəqqasələr də dəvət olunacaq. Bu yaxınlarda isə maraqlı fotosessiya etdirəcəyəm. Tamaşaçılar məni həm kovboy, həm rok, həm də başqa imijdə görəjəklər.
 
- Bəs, Elşadla birlikdə layihə hazırlamağı düşünmürsüz?

- Biz söz vermişik ki, heç bir layihədə birlikdə işləməyəcəyik. İstəmirik birlikdə klipə çəkilək, duet oxuyaq. Bunlar heç vaxt olmayacaq.  

- Toydan sonra Elşadın və ya özünün pərəstişkarlarından sizə təhdidlər edən olmadı?

- Bizim münasibətimiz açığa çıxandan sonra Elşadın pərəstişkarları xoşagəlməz hərəkətlər edirdi. Amma buna əhəmiyyət vermirdim. Elşadın da buna əhəmiyyət vermədiyini görürdüm.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.