525.Az

Fərid Hüseyn: "Biz günahsız idik, haqq-ədalət öz yerini tapdı" (VİDEO)

[07.09.12]
Fərid Hüseyn: "Biz günahsız idik, haqq-ədalət öz yerini tapdı" (VİDEO)

İranda həbsdə saxlanan və bir neçə gün əvvəl azadlığa buraxılan azərbaycanlı şairlər artıq Azərbaycandadır. Şairləri qarşılayanlar arasında ANS-in əməkdaşları da olub. Vətənə dönən şairlər İran dövlətinin onları əfv etdiyini bildiriblər.

Bir müddətdir ki, İran İslam Respublikasında saxlanılmış Azərbaycan şairləri- Şəhriyar Hacızadə və Fərid Hüseyinin bu gün günorta saatlarında Biləsuvar sərhəd buraxılış məntəqəsində saat 16.00-17.00 radələrində gəlişi gözlənilsə də, onlar təxminən saat 19.00-da Azərbaycan ərazisinə daxil olub. Azərbaycanlı şairləri qarşılamaq üçün dostları və tanışları Biləsuvar sərhəd-buraxılış məntəqəsində toplaşmışdılar.

Qeyd edək ki, gənc yazarları onlar üçün ayrılmış xüsusi avtomobildə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşları müşayət edirdi.

Və nəhayət gözlənilən an gəlib çatdı. İranda saxlanılan azərbaycanlı şairlər 4 aydan sonra öz vətənlərində ilk müsahibələrini verdilər.

Şəhriyar Hacızadə bunları deyib: “Çox sağ olun ki, bizə diqqət göstərirsiniz. Gördüyünüz kimi sağ-salamatıq. Prezidentimizə xüsusi minnətdarlıq bildiririk, çox sağ olsun İlham Əliyev və ümumiyyətlə bizə görə narahat olan bütün aidiyyatı qurumlar”.

Fərid Hüseyn isə bunu söyləyib: “Biz günahsız idik, haqq-ədalət öz yerini tapdı”.

Şairlərin doğmaları da onların azad olunmasına çox sevindiklərini bildirdilər. “Uzun müddətdir, 4 aydır yolunu gözlədiyimiz bacım oğlu gəlib çıxıb. Bütün Qafqazın şeyxinə öz minnətdarlığımı bildirirəm. Buradan xüsusilə qeyd eləmək istəyirəm ki, uşaqlar orada olduğu müddət ərzində bizim Təbrizdəki Baş Konsulumuz hər gün uşaqlarla mütəmadi əlaqə saxlayıb, daha doğrusu onların qayğısına qalıb”, - deyə Fərid Hüseynin dayısı Ağalar Hacıyev bildirib.

Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da şeir festivalında iştirak etmək üçün İrana gedib. Mayın 2-də isə onlar Təbrizdə saxlanılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.