525.Az

“Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 80 baş heyvan müalicə olunur"

[21.07.14]
“Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 80 baş heyvan müalicə olunur"<b style="color:red"></b> “Hazırda “Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 80 baş heyvan müalicə altındadır”.

Bu barədə APA-ya Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
 
Y.Xanvəli bildirib ki, Cəlilabadda 44 baş, Ağdaşda 6 baş, Biləsuvarda 16 baş, Ucarda 14 baş heyvan bu virusa yoluxub: “Bu xəstəlik müalicəyə tabe olur. Mütəxəssislərimiz çalışırlar ki, xəstələnən heyvanların müalicəsini vaxtlı-vaxtında həyata keçirsinlər. İndiyə qədər heyvanlar arasında bu xəstəliklə bağlı ölüm müşahidə olunmayıb. Ola bilər ki, bu xəstəliklə yanaşı gedən hansısa xəstəlikdən heyvanların tələf olması müşahidə olunsun. Amma “Nodulyar dermatit” virusuna yoluxan heyvanların tələfatı müşahidə olunmayıb”.
 
Mətbuat xidmətinin rəhbəri bildirib ki, növbəti həftəlik bazarların da bağlanması haqqında tam qərar verilib: “Xəstəlik yayılan 4 rayondan təkcə Ağdaşda həftəlik bazarlar bağlanmamışdı, o da artıq bağlanıb. Virus yayılan 4 rayonun neçə kəndində bu xəstəlik müşahidə olunubsa, həmin kəndlərə karantin də tətbiq olunub. Oradan diri heyvanların çıxarılması qadağan olunub. Hazırda vəziyyət DBX tərəfindən tam nəzarət altındadır”.
 
Bir müddət əvvəl İraq, Türkiyə  və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin  Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır.
 
Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır.
 
Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanıb, həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirlər aparılır. Bu işlərin yüksək səviyyədə təşkili istiqamətində yerli rayon icra hakimiyyətləri də yaxından iştirak edirlər.
 
“Nodulyar dermatit” xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir.
 
Xatırladaq ki, hələlik heyvanlar arasında tələfat müşahidə edilmir. Təsərrüfatlarda mütəmadi olaraq profilaktiki baytarlıq-sanitariya tədbirləri həyata keçirilir.
 
Dövlət Xidməti əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatlıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət olunsun, heyvanların bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinseksiya tədbirləri davam etdirilsin. 
 
Xəstəliyə DBX tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə-profilaktik, sağlam heyvanlarda profilaktiki tədbirlər, dezinseksiya (çimizdirilmə)işləri görülür.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.