525.Az

“Həm Adəm, həm İncəyurdsan...”

[21.07.14]
“Həm Adəm, həm İncəyurdsan...” <b style="color:red"></b>

Şeirimizin ədəbi (əbədi!) gənclik rəmzi Müşfiqin diliylə desək, “şeirdən, şairdən dövlətli ölkəmizdəsənətkarlarımız tarixən az olmayıb, bu gün çoxdur. Bu günlərdə 60-ı aşırıb, 100-ə bir az da yaxınlaşan Rəfail İncəyurd isə mənim üçün özəl statusa malikdir. Çünki onun sadəcə şairlik yox, həm adamlıq istedadı var sözümə elə burdan başlamaq istəyirəm. Adam da, ağac da, daş da, quş da, külək ... öz-özlüyündə şeirdir, Adəmin yazdığı yox, Allahın yaratdığı şeir. Amma hər şeyin adını yalnız Adəm bildiyi kimi, şeiri yalnız adam yaza bilir şeir yazmaq üçün öncə adam olmalısan...

Yaddaşım məni təxminən on il öncəyə, Bayıla, isti bir yay gününə  aparır... Rəfail, mən üzünü ilk dəfə gördüyüm bir nəfər masa arxasında oturmuşduq. o adam söhbət əsnasında bir yerdə oturub çörək kəsməyə yaraşmayan elə ifadələr işlətdi, elə hərəkətlər elədi ki, mat qalsam da, lənət şeytana deyib eşitməzlikdən gəldim. Elə bildim ki, Rəfail söhbəti tutmadı. Üstündən bir neçə dəqiqə keçdi, şair danışdı. başa düşdüm ki, o nəinki sözü tutub, hətta artıq ona cavab da verir. Amma necə? Şairə yaraşan həssaslıqla, arifə yaraşan işarəylə, ziyalıya yaraşan təmkinlə, qazaxlıya yaraşan ağayanalıqla (istənilən qazaxlı anadangəlmə kübarlıq instinktinə malik olur), insana yaraşan nəzakətlə... Şairin qiymətini ürəyimdəcə verdim. indi yazsam da, bilirəm ki, bu, on il öncə, həmin o isti yay günü, dəniz kənarında, Bayılda, ürəkdən verdiyim qiymətə çatmayacaq. Biz ən gözəl qiymətlərimizi ürəkdə veririk neyləsən , dil ürəyə çatmır ki, çatmır...

Sonra arada-bərədəo, hərdən Yazarlar Birliyinə gələndə, yolda-rizdə rastlaşanda, xeyirdə-şərdə qarşılaşanda Rəfaillə söhbətlərimiz olur hər dəfə o ilk təəssüratımı bir daha təsdiq edirdi  həssaslığı, ziyalı mədəniyyəti, nəzakəti, səbri, təmkiniylə. Siz Allah, məni qınamayın, aşıq gördüyünü çağırar, neçə illərdən bəri oturub-durduğum qələm əhli içində şairin bu tipini çox az görmüşəm. Mən isə nəinki şair, ümumən insanı, özəlliklə , ziyalını belə təsəvvür edirəm. Kəsəsi, zahiri görkəmindən akademikə o qədər bənzəməsə , Rəfail bir insanlıq akademiyasıdır gənc yazarlar (elə bəzi yaşıdları da!) ondan çox şey götürə bilərlər.

Aleksandr Blok deyirdi ki, şairlər iki qism olur: sözü özünə bənzəyən bənzəməyənlər. Elə bilirsiniz ki, indiRəfail özü sözünə, sözü özünə bənzəyən şairdirkimi trafaret bir söz işlədəcəm? Yox, mən onun bunlardan hansı kateqoriyaya daxil olmasında israrlı deyiləm. Çünki bunu demək üçün, Rəfailin özünü , sözünü daha yaxşı tanımalıyam. Sadəcə, onun özündən danışdım, indi sözündən danışmaq istəyirəm, ona görə keçidi bu sitatla eləmək istədim.



lll

Rəfail, şeirimizn ədəbi ( əbədi!)  müdriklik rəmzi Səməd Vurğunun təbiriylə desək, “şairlər oylağıQazaxdaİncədərəsində doğulub.  bu məkan koordinatı onun sadəcə bir vətəndaş kimi sənədi yox, həm bir şair kimi sənətinə öz ömürlük möhürünü vurub. Mehdixan Vəkilovun təbiriylə  desək, şair harda doğular? Əlbəttə ki, Qazaxda. Əgər müsaiddirsə, rəhmətliyin sözünə iki əlavə etmək istərdim. Sufi ruhlu türkçü amallı şair harda doğular? Əlbəttə ki, Qazaxda. Baxın, Akif Səməd, Məmməd İlqar, Barat Vüsal, Məmməd Dəmirçioğlu, Vəli Xramçaylı, İbrahim İlyaslı, nəhayət, Qazax sufizmini sadəcə yaradıcılığı yox, həm birbaşa yaşam tərziylə təsdiqləyən Məhəmməd Astanbəyli...

Bir
sözlə, orta çağ sufi düşüncəsini çağdaş zamana proyeksiya edən adını çəkdiyim çəkmədiyim bütöv bir şairlər pleyadası, şəxsən tanıdığım tanımadığım ruh qardaşlarım. Əgər desəm ki, Rəfail Qazax şairlər pleyadasının Ronsarıdır, Barat Vüsalın rəsmi səlahiyyətlərinə müdaxilə edə bilərəm.  Bu üzdən elə deməyəcəm. Bir ki Ronsar olmaq çoxmu vacibdir? Elə Rəfail olmaq da yetərlidir.



Qazax
amili Rəfailin şeirlərinin həm forma, həm məzmun sınırlarını müəyyənləşdirir: sərbəstə baxanda hecaya üstünlük verməkbu, onun şeirlərinin  forma göstəricisidir; vəhdəti-vücud düşüncəsi, aramsız haqq axtarışları, Tanrı
eşqinə
qovuşmaq çabası, bir sözlə, sufizmbu isə məzmun göstəricisidir.


Haqqın
dərgahına yol keçir hər gün,

Dərkin dərgahından keçən bulaqlar.

Cənnətin bağına su verir axı,

Eşqin dərgahından çıxan bulaqlar.


Bu dünya eşqdir, qalan oyuncaqdeyirdi dahi Nizami, “eşq imiş hər hər varsa, aləmdəsöyləyirdi onun şagirdi Füzuli. Sadəcə, haqq aşıqları yox, həm haqq aşiqləri idi Yunus Əmrə, Qaracaoğlan, Dadaloğlu, Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Dədə Ələsgər... Rəfail İncəyurdun sufiyanə eşq düşüncəsi poetik fikrimizin bu iki sütunudivan ədəbiyyatı əlbəttə ki, daha çox aşıq şeiri üstündə köklənib. Bunu qoyub ona getmək kimi çıxsa da, deyim ki, aşıq şeiri özü divan ədəbiyyatının xəlqi, demokratik formasıdır. Birinin qəhrəmanı aşıq, digərininki aşiqdir hər ikisinin ana mövzusu eşqdir. 


Rəfailin
ilahi eşq anlayışı onun bədii dünyagörüşünün konturlarını cızan ana yasasıdır. Hər şey bir şeydən gəlir sonucda ona da qayıdır. Yəqin bu üzdən, şairin fikrincə, sözün gerçək anlamında şeir Allahın diqtəsiylə yazılan imladır. Şair isə (söhbət qrafomandan yox, ilham sahibindən gedir!) Allahla insan, dünyanın bu üzüylə anrı üzü arasında ötürücü, mediatordur. Rəfail demişkən, şairkönül tarlasındakı sözləri ilahi bir eşqlə becərib, bu eşqlə biçir”. Mən indiyə qədər hələ heç bir şairin şeirə bu qədər yüksək dəyər verdiyini görməmişəm:


Şairlik
alnıma yazılan yazı,

Çölümə ad verir içim şeirlə.

Gəldim ki, dünyanın qıl körpüsündən

Ömrün o tayına keçim şeirlə.


Burda
axı qeyri-adi var ki, bu sözlərə belə özəl dəyər verirsən deyə düşündünüz? Bəli, çaparaq oxuda bu elə belə görünə bilər, amma məsələnin kökünə varsaq... İnsanı Sirat körpüsündən ancaq Allah kəlamımüqəddəs Qurani-KəriminFatihəsurəsinin ayələri keçirə bilər. Şairin fikrincə isə ürəkdən gələn şeir vəhy kimidir buna görə onun yaradıcı qüdrəti var. Düzdür, şeir yoxdan var eləmir, heç vardan yox da eləmir, amma eliksir kimi bir şeyi başqasına çevirə bilir bu anlamda şair Allahın köməkçisidir:


Görürsən
bir gözəl qiyafəsində

İldırım haraylı cəngavərləri

ya çiçək eləyir, ya lal eləyir.

Bir görürsən ki, durduğu yerdə

Zərif könülləri işğal eləyir

Bənövşə ətirli zərif şeirlər.


bura qədərkilər Rəfailin poeziya bayrağının yaşıl rəngidir...


lll


Amma
Rəfail orta yüzillərin yox, XXI əsrin adamıdır onun Allaha yanaşmasında çağdaş insana məxsus ərkyana qınaqlar, “asilikməqamları da az deyil:


Payızda
çiçək arayan,

Bilmir gül açmır quruyan?

Yerin nəyini qoruyan

Göyün var, Rəhm yiyəsi?


Şair
molla deyil, poeziya da din yəqin ki, Yaradan öz  ərköyün övladları olan şairləri bağışlayar. Çünki Allah şairlərin konkret ovqat adamları, böyük uşaqlar olduğunu yaxşı bilir. Axı, O, hər şeyi biləndir.  O bilir ki, Rəfail milyondan artıq qaçqını-köçkünü olan, minlərlə şəhid verən, torpaqlarını itirən bir xalqın şairi, haqq səsi eşidilməyən bir ölkənin vətəndaşı, qarışıq bir zamanın övladıdır.


Rəfailin
vəhdəti-vücud anlayışının təkcə vertikal yox, horizontal yönü , təkcə ordinat yox, absis oxu da, təkcə  fərdi-metafiziki yox, sosioloji qatı da var. Yəni onun şeirlərində bu anlayış Allahla insan arasında dialoq çərçivəsindən (vertikal!) çıxıb, insanlar arasındakı münasibətlər çevrəsinə (horizontal!) keçir. İncədərəsinin sifiyanə şairi bu məqamda altı yüz il öncə Hələbdə dərisi soyulan hürufi şairinin səsinə səs verir. “Biz ki, məndən üstün oldu, bil odur, həyat suyu çeşməsinin rəvanıdeyirdi Nəsimi. Rəfail isə deyir:


Məndən
ötüb biz deyənlər sağ olsun,

Düz düşünüb düz deyənlər sağ olsun.

Eldən ötrü söz deyənlər sağ olsun,

Eldən ötrü ölənlərə inandım.


Ruhumuzun
vətəni Tanrı, cismimizin vətəni torpaqdır. Ruhumuzla Allahdan, cismimizlə torpaqdan gəlirik. ən böyük faciə bu kökləri unutmaqdır. Əgər Qarabağı, Göyçəni, Vedini düşmən əlində qoymuşuqsa, təkcə bu dünyanımızı yox, həm axirətimizi, təkcə insanı yox, həm Allahı unutmuşuq:


Gədə
yiyələnər gədə yurduna,

Hardadı yurd oğlu, gedə yurduna.

Ayağın dəymirsə dədə yurduna

Ölün heç nədi, dirin heç .


Xəlil
Rza Ulutürk, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, xüsusən Azərbaycan türkçü poeziyasının yenilikçisi Elxan Zal Qaraxanlı kimi, türkçülük Rəfailin şeirlərinin təməl prinsiplərindən biridir:

Həm Adəm, həm İncəyurdsan,

Ruhdan ruha yoldu insan.

İçimdə susan Boz Qurdsan,

Ula çıx, oğul, ula çıx. 

bu, Rəfailin poeziya bayrağının göy rəngidir...


lll


Rəfailin
poeziya bayrağının qırmızı rəngi varsərbəst şeirlər. bu barədə danışmazdan öncə kiçik bir haşiyə çıxmağa ehtiyac duyuram. Qazax ədəbi mühitindən  çıxmış şairin sərbəst şeir yazması o qədər sadə məsələ deyil. Hecadan dönmək qazaxlının nəzərində az qala Vətənə xəyanət kimi bir şeydir. Hecanın ölçülərini sındırdın, ya da sazın simlərini qırdın (Allah, sən saxla!), qazaxlı şair üçün bunların fərqi yoxdur. Bunu müasir Qazax şeirinin Adəmi Səməd Vurğundan üzü bəri nəinki şairlər, hətta nasirlər belə bacarmayıb (istəməyib!). S.Vurğun Moskvada oxuduğu müddətdə Mayakovskinin təsiriylə bir müddət sərbəst şeirlər yazsa da, Azərbaycana dönəndən sonra yenidən ömürlük olaraq hecaya qayıtmışdı. İsa Muğannanın şah əsərlərindən biri elə beləcə adlanır – “Saz”! “Yeddi oğul istərəmfilmində Cəlalın güllələnməsindən sonra aşıq sazını qayalara çırpıb sındırmalıydı. Ssenari müəllifi Yusif Səmədoğlu isə çox düşünüb-daşınandan sonra saza qıymamış montajda bu səhnəni kəsib götürmüşdü.

Amma dediyim kimi, Rəfailin kitabında sərbəst şeirlər var   istər estetik keyfiyyət, istərsə məzmun baxımından bunlar heca şeirlərinə uduzmur. Fikrim bir az dartışmalı, bir az sxematik görünsə , belə deyə bilərəmheca şeirlərində Rəfail daha çox Qazağı, sərbəst şeirlərində isə daha çox özünü işarələyir. Onun heca şeirlərini bəlkə adını yuxarıda çəkdiyim çəkmədiyim istənilən qazaxlı şair yaza bilərdi, sərbəst şeirlərini isə yalnız özü yaza bilər. Musiqi diliylə desək, heca şeirlərində o daha çox oranjimançı, sərbəst şeirlərində isə daha çox bəstəkardır.

Bənzətmələrpoemasında, Füzuli demişkən, elmli şeir yazan Rəfail iki antiqütbüriyaziyyat poeziyanı bir-birinə vurur, nöqtə, düz xətt anlayışlarını poetik müstəviyə gətirir, Evklidin müstəvi həndəsəsindən vurub,  Lobaçevskinin fəza həndəsəsindən çıxır, nəhayət, eynən Kant kimi burdan o yana transsendent, dərkolunmaz  bir aləmin başlanması qərarına gəlir. Ən maraqlısı isə odur ki, alman dahisinintranssendentkimi qəliz fəlsəfi terminini şair nəinki Azərbaycan dili (o yanlıq), hətta  Qazax ləhcəsinə (anrılıq) transfer edə bilir:

Dörd ölçülü fəzadı bu,

O yanlıqdı, anrılıqdı.

Bəndənin bəndə işi var,

Sonsuzluqlar Tanrılıqdı.


Maraqlı
bir eksperiment xarakteri daşıyan bu poema (Rəfail özü bunu poema yox, sadəcə şeir hesab edir) sadəcə elmi terminlərin bədiiləşdirilməsi olmayıb, sonsuz idrak pillələrini keçən insan ümumən bəşərin kədərli taleyi, faciəli sonucundan danışır. Ağıl, idrak insanın səadəti olduğu qədər , onun faciəsinin mənbəyidir. Poemanın oxucuda doğurduğu son qənaət ovqat budur.

Şair getdikcə genişlənən çevrələr (ev, kənd, rayon, Azərbaycan, dünya, fəza, axirət) modelində qurduğu bu poemanı tələbə dostu İlham Pirməmmədova ithaf edib. əgər mənə ithaf etsəydi, bundan xeyli məmnunluq duyardım. Çünki riyaziyyatçı olmasam, riyaziyyatı heç vaxt sevməsəm , bu düşüncə tipi mənə çox doğmadır Namazadlı poemamda buna bənzər şeylər yazmışam. Bu poemanı oxuyandan sonra Rəfailə özəl hörmətimin daha bir səbəbini kəşf etdimsən demə, biz anoloji düşünürmüşük.

ŞairBənzətmələri sərbəstdə yazmayıb bunun gizli daxili səbəbi varpoema elmə söykənib elm sərt qanunlara tabedir. Poema sonucda Tanrıya gedib çıxır Ona qarşı sərbəstlik küfrdür. Tale isə Tanrı deyil ona üsyan eləmək olar. Bəlkə, bu üzdən RəfailTaleşeirini sərbəstdə, özünün dediyi kimi, “hecasız, qafiyəsiz, vəznsiz, filansızyazır.  Amma diqqət etsək, bu şeirinqafiyəsionun forması yox, məzmunundadır, yəni qafiyə anlayışı burda sözün konkret yox, geniş mənasında, terminoloji yox, fəlsəfi yönündə anlaşılmalıdır. Şairə görə,   atlar,  itlər, pişiklər, çiçəklər, böcəklər, cümlə canlılar adamlarhamısı eyni dərəcədə xoşbəxtlər bədbəxtlərə, harınlar məzlumlara bölünürlər. Onların hamısının cəmiyyəti üçün səbəbi taleyə gedib çıxan bu üzdən nəinki çözülməsi, hətta anlaşılması belə mümkünsüz, absurd bir ədalətsizlik xasdır. Yəni zahiri fərqlərə baxmayaraq, tale planında çiçəyindən, böcəyindən tutmuş insanına qədər hər şey hamı  həmqafiyədir. Çünki hamısı bir Ustanın əlindən çıxıb. şeir, əslində, tale ilə yanaşı bu Ustaya da qarşı etiraz ruhundadır. Sadəcə, şeirinqafiyələrialt qatda olduğu kimi, Ustaya üsyan da gizli plandadırbirbaşa səslənmir, amma duyulur.

Şeirin üç qatı var: birincisi, müəllif ölçüləri qırıb sərbəst şeirə keçən şairdir; ikincisi, müəllif sözün daxili-fəlsəfi qatında qafiyə-vəzn ölçülərini gözləyən qazaxlı şairdir; üçüncüsü, müəllif varlığa ölçü verən Qüvvəyə qarşı çıxmaqla, həm   sözün fəlsəfi mənasında vəzn-qafiyə sistemini inkar edən üsyançıdır. Bu üçüncüsü şüuraltı gedən prosesdir, yoxsa şair bilərəkdən fikrilərini sətiraltı qatda deyir? Bu barədə qəti söz deməyə iddialı deyiləm. İstənilən halda, bütün şeir boyu taleyin ədalətsizliyinə qarşı misralar altından boy verən etiraz final akkordunda özünü sığortalamaq xarakteri, konspirativ ton alır:


O
var ki...

Bu var ki...

Çox şey var

heç yoxdu,

Yəni,

ömür çox qısa

hamısı da eyni.

...Mən qandığım bu qədər.

Görəsən, o biri canlılar,

yəni,

digər adamlar

   qeyri-adamlar qanırlar

qanmağın mənası var, görəsən?

lll


Görəsən
, 60 il öncə İncədərəsinin ucqar bir kəndində dünyaya göz açan Rəfailə valideynləri niyə dahi İntibah rəssamının adını veriblər? Desəm ki, illər sonrası bu körpənin şeirdə natrümort, mənzərə, portret janrlarının maraqlı örnəklərini yaradacağını duyublar, yalan olar. Amma şairin bu janrlardakı uğuru yalan deyil.

RəfailinLeysan nağılıBakıda qışşeirləri mənzərə janrındadır. Birincisi uşaqlıq kəndə, ikincisi ahıllıq şəhərə epik illüstrasiyalardır. Birincinin heca, ikincinin sərbəstdə yazılması da təsadüfi deyilkənd xatirələri keçmiş şüuraltı olaraq hecanı, şəhər indi isə sərbəsti doğurur. Daha bir təsadüfi olmayan məqamömrün baharıyla bağlı birinci şeir leysandan, ömrün qışından bəhs edən ikinci şeir isə qardan söz açır.

Şeirlərin forma-məzmun fərqi onların dil fərqini doğurub.  Zinriyə dönmək, çırası sönmək, bir parça səvi, fidən olum, cılvax, carranmaq s. kimi leksik, fonetik dialektizmlərlə zəngin birinci şeir Qazax dilində qoşulub. Başqa dilə çevirmək üçün onu əvvəlcə Azərbaycan dilinətərcümə etməklazım gələrdi. Canlı xalq leksikonu dilin kəndi, dilin uşaqlığı, dilin gəncliyi, dilin baharı, dilin leysanıdır. Kəndə, bahara, leysana, uşaqlıq xatirələrinə qoşulan şeirə bu leksikonun sistemli nüfuzu təbiidir.

Hər cür dialektizm, şivə elementlərindən uzaq ikinci şeir isə Azərbaycan ədəbi dilində yazılıb. Ədəbi dil dilin şəhəri, dilin ahıllığı, dilin qışıdır. şəhərdən, qışdan, ahıllıq düşüncələrindən söz açan şeirin bu dildə yazılması da məntiqidir.  Şair qarlı bir qış günü televizoru, kompyuteri bir kənara qoyub, qızının deyinməsinə önəm verməyib, qəfildən sazdaDübeytiçalır, xalasıoğluna baş çəkmək üçün maşını işə salır bu, yad şəhərdən doğma kəndə, ahıllıqdan gəncliyə, qışdan bahara, qardan leysana, bir sözlə, özünə qayıdış cəhdinin ifadəsi kimi mənalanır. Burda doğma qız yad urbanistik mühiti, xalaoğlu isə doğma kəndi, əlçatmaz uşaqlığı təmsil edir. Dədə Qorqud saz çalmaqla ölümdən qaçdığı kimi, şair Dübeytiçalmaqla ömrün qışından xilas olmaq istəyir.  Lakin ağıl deyir ki, bu mümkünsüzdür. Onda bircə yol qalırfüzuliyanə, xəyyamnamə bir rindanəliklə  uşağı arax dalınca göndərmək”, yəni şüuru dumanlandırmaq, faciənin mənbəyi olan ağlın özündən xilas olmaq, baltanı dibindən vurmaq, tikanı kökündən çıxarmaq. Beləcə, özünə qayıdış şərti anlamda olsa dabaş tutur maraqlıdır ki, bu, həm hecaya qayıdışla müşayiət olunur. Bütün şeiri sərbəstdə yazan şair özünə qarşı yumorla, həyata, taleyə, zamana qarşı incə bir ironiya ilə şərtlənən final ştrixini hecada vurur:

...Tapdım kağızınıQışdaşeirinin,

Cırdım, parçaladım tozu çıxınca.

Bir yağlı söz deyib Bakı qışına

Uşağı yolladım arax dalınca.


Rəfalin
görkəmli türkoloq alim ictimai xadim, millət vəkili Nizami Cəfərova həsr etdiyiÖmürşeiri isə çağdaş poeziyamızda portret janrının maraqlı nümunələrindəndir.  Portret sözü burda müəyyən qədər şərtidir. Çünki şair insanın zahiri görkəmindən daha çox daxili-mənəvi portretini, özü bütöv bir ömür boyunca təsvir edir.

Şeirdə üç Nizami var. Birincisi  atası Qulunun, anası Savadın, müəllimlərinin böyük ümidlər bəslədiyi, “tay-tuşları çarliston şalvar, neylon köynək geyib könül ovuna çıxanda kitabların üstünə döşənən”, tələbə vaxtı öz çıxışları iləən ünlü alimlərin gözünü qamaşdıran”, özü bəzən ehtiyac içində ola-olaqonorarını yetim-yesirlərə paylayan”, təntənəli toplantılarda, teleekranlarda, Milli Məclisin iclaslarında hamının tərif umduğu xoşbəxt Nizamidir. Bu, Kyerkeqorun dediyi estetik adamdır.


İkincisi
bütün ömrü boyuerkən atasızlıq ağrıları yaşayan, eləmək istədiyini eləyə bilməyib köks ötürən”, titullu nəhəngləri sətiraltı ironiya hədəfinə çevirən kədərli Nizamidir. Bu, Kyerkeqorun dediyi etik adamdır.

Üçüncüsünün isəolduğu ilə olacağının arasına bir kərən dığırlanıb”. bu kərən bütün rəsmi titullarına baxmayaraq, onunkönül azadlığından, bir insan kimi daxili sərbəstliyindən doğur. Tale insana özəl təyinat verir, toplum bu təyinatın gerçəkləşməsini tələb edir, “dünyanı dərk fənanı görk edəninsan isə öz ömrünü yaşamaq istəyir.  Bircə həqiqət varsən varsan öz ömrünü yaşayırsan! Bu, Kyerkeqorun dediyi eksiztensial adamdır.

İncədərəsinin Kyerkeqoru yığcam bir şeirdə hər üç Nizamini poetik registrasiyadan keçirib məsələni belə yekunlaşdırır:


Orda
haqq olan olacağın

səni gözləyir, Nizami müəllim.

Hələ oxuyacağın

sənə oxunacaq

son şərqilər durur.

Mənimsə bu şərqimin

son sözü budur:

Ömür”.


Bəlkə
Danimarka filosofunun məşhur tiradasının (estetik, etik, ekzistensial) bu şeirə tətbiqi ilə, sovet alimlərinin diliylə desək, “sxematizmə yuvarlanıram”, amma bir şeyə əminəmhaqqında yazılan çoxsaylı yazıların heç birində Nizami Cəfərovun ömür portretinin konturları belə hərtərəfli, belə obyektiv cızılmayıb.


lll


Rəfail
bir çox şeirlərində ənənəvi müsbət-mənfi düşüncə sərhədlərini aşır, Nitşenin təbiriylə desək, xeyirin şərin o üzünə keçir. Çünki əgər hər şeyi Allah yaradıbsa, təkcə xeyir yox, şər Allahdandır onda mahiyyətcə şər deyilən şey yoxdur. O, sadəcə, bir görüntüdür. Vadiyi-vəhdət düşüncəsinə varanlar üçün bütün  uzaqları yaxın eləyən Lailahəilləllah həqiqəti var ora yoliçimizdənkeçir:


Asılıb
son suçumuzdan,

Dönüb köntöy köçümüzdən,

Keçib, keçib içimizdən

Deyək: Lailəilləllah!


Bəlkə
Lailahəilləlahhəqiqətinə dərin inamdandır, bəlkə sadəcə çarəsizlikdəndir, bunu dəqiq deyə bilmərəm, məzmunca  ən hüznlü şeirlərindən birində (“Təbəssüm”) şair sosial ədalətsizliyə, taleyin hər cür ayrı-seçkiliyinə stoik mətanəti ilə dözməyigülümsəməyi təklif edir:


Yüz
minlik maşının yüz min,

bir milyonluq villanın bir milyon

dərdi var,-

nəyinə lazım?!

Bahar isə hamının sənindi.

Baharın üzünə gülən günəş kimi,

Günəşin üzünə gülən çiçək kimi,

Çiçəyin üzünə gülən kəpənək kimi,

Kəpənəyin üzünə gülən uşaq kimi,

Daş kimi,

Quş kimi

 sən sevin gülümsə.


Konkret
həyat detalları ilə zəngin, zərif ironiyaya köklənmişTəbəssümNitsşenin düşüncə metoduyla desək, kədərin sevincin o üzündə yazılan şeirdir. Şeirdən alınan təəssürat ikilidironu oxuyub həm təbəssüm edir, həm kədərlənirsən. Bu ikiləşmə şeirin forması, xüsusən intonasiyasında da özünü qabarıq büruzə verir. Nəqəratın əmr formasında (“Gülümsə!”) olmasına baxmayaraq, şeir hər cür tribun pozasından uzaq bir monoloq, hər cür prokuror sanksiyası, hakim ədasından uzaq, sakit, həlim bir müraciətdir. Məncə, burda Rəfail heç bir şeirində olmadığı qədər özünə bənzəyir Təbəssümtəkcə öz müəllifinin yaradıcılığı yox, ümumən çağdaş şeirimizin uğurlu örnəklərindən biridir. Əgər çağdaş Azərbaycan şeiri antologiyası tərtib etsəydim, ora Rəfaildən yəqin ki, məhzTəbəssümü daxil edərdim.  


Rəfailin
şeirlərindən biriQara qutuadlanır.


Xofum

balaca dünyanın hər yerində

yep-yekə pusu.

...Ürəyim

qəzalı torpağımın

cümlə viranələrin

qara qutusu.

...Canımda açılmaq qorxusu...

Xristianlıqda insan öz qəlbinin mübhəm sirlərini keşişə danışır, İslamda isə o, ürəyini ancaq Allaha aça bilər. Fikir verdinizsə, mən bu yazımda mollalıq eləmədim, amma keşiş olmaq arzum da yoxdur. Əvvəla, şair özü qara qutusunun açılmasından ehtiyatlandığı üçün. İkincisi, bu, sadəcə, mümkünsüz olduğu üçün. Şeiri, şairi ümumən insanı nəinki başqası, hətta o özü axıradək başa düşməyə yorumlamağa qadir deyil. Bu status yalnız Allaha məxsusdur. Odur ki, yazımda Rəfail İncəyurdun üçrəngli poetik dünyasının sirlərini bütün çalarlarıyla açmaq iddiasından uzaq oldum. Sadəcə, onun estetik-fəlsəfi düşüncə konturlarını cızmağa çalışdım. Möhtətəm oxucu, məni bu işdə başarılı saysan, bundan məmnunluq duyaram.

Rəfail İncəyurdu isə anadan olmasının 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı yeni yaradıcılıq uğurları arzu edirəm.


Qoy
ömrün boyu vəsf etdiyin Tanrı arzularının yuvasını uçurmasın, dostum!


Dərin
sayqılarla Əsəd Cahangir


Bakı
.14.07.2014

Əsəd CAHANGİR

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.