525.Az

Merkelin Çin səfəri: Almaniya geosiyasətdə "yeni cəbhə"mi açır?

[21.07.14]
Merkelin Çin səfəri: <b style="color:red">Almaniya geosiyasətdə "yeni cəbhə"mi açır?</b>

Qlobal miqyasda ciddi geosiyasi problemlərin artdığı bir zamanda Aİ-Çin münasibətləri aktual görünür. Dünyanın aparıcı hissəsi olan Avropa ilə yüksələn Çinin əlaqələri yeni qaydada məzmun kəsb etməkdədir. Son 9 ildə Pekinə 9 dəfə səfər edən Almaniya kansleri bu aspektdə diqqətləri çox çəkir.

Sonuncu dəfə A.Merkel 4 gün Çində danışıqlar aparıb. Berlinin bu fəallığını ekspertlər təsadüfi hesab etmirlər. Onlar Almaniyanın Avro-Atlantik məkanda müstəqil siyasət yeritmək və qlobal miqyasda öz yerinə sahib olmaq planlarının mövcudluğundan danışırlar. Lakin bu proses asan deyil və bir sıra ziddiyyətli məqamlarla müşayiət olunur.

Berlinin inadı: almanlar "Çin səddi"ni aşa biləcəklərmi?

Angela Merkel 2005-ci ildən bu yana 9 dəfə Çinə səfər edib. Mütəxəssislər bunu Almaniyanın xarici siyasətində Çinin ayrıca yer tutması kimi izah edirlər. Maraqlıdır ki, keçən müddət ərzində Berlinin Pekin istiqamətindəki fəallığı elə də müzakirə edilməyib. Biz, ABŞ və Rusiyanın Çinlə olan münasibətlərinin KİV-də tez-tez yer alması fonunda Almaniya haqqında danışılmamasını nəzərdə tuturuq. Lakin A.Merkelin Braziliyaya futbol üzrə dünya çempionatına getməzdən əvvəl Pekinə səfər etməsi diqqətləri xeyli dərəcədə alman-çin münasibətlərinə yönəldib.

Ekspertlər məsələyə ABŞ-Aİ və ABŞ-Almaniya əlaqələri aspektində baxmağı daha doğru hesab edirlər. Burada ciddi bir məntiq vardır. Çünki Amerika bir tərəfdən Avropa İttifaqının ən yaxın tərəfdaşıdır, Avropanın təhlükəsizliyinin təminatçısıdır, digər tərəfdən isə Çinlə dünya liderliyi uğrunda gərgin mübarizə aparır. Həmin kontekstdə bir məqamı vurğulamaq yerinə düşərdi.

ABŞ bir neçə il əvvəl Çinə "G2" adlanan əməkdaşlıq formatı təklif edib (bax: Чжэн Юннянь. Будущее Азии: отношения в формате G2 или новая холодная война? / "İnoSMİ.ru", 2 iyun 2014). Bu, Barak Obamanın birinci prezidentlik dövründə oldu. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Leonid Qusevin fikrinə görə, burada məqsəd "dünyanı ABŞ və Çin arasında bölmək deyildi, Çini qlobal təsiretməyə cəlb etməkdən ibarət idi" (bax: Леонид Гусев. Китай ловко лавирует между Обамой и Путиным / "МГИМО Университет", 9 iyul 2014). Onda çinlilər iqtisadiyyatla məşğul olduqlarını bəhanə gətirərək imtina ediblər.

İndi B.Obama Pekinə yeni əməkdaşlıq modeli təklif edir. Bunun əsas ideyası meydana çıxa biləcək bütün fikir ayrılıqlarını konstruktiv həll etməkdən ibarətdir. Ekspertlər belə bir cəhdi ABŞ-ın Çinlə ziddiyyətsiz əməkdaşlığa can atması kimi qiymətləndirirlər (bax: əvvəlki mənbəyə). Lakin Pekin bunu da qəbul etmir. O, Rusiya ilə ABŞ arasındakı fikir ayrılıqlarından öz xeyri üçün istifadə etməyə çalışır. Çinin bu cür manevrləri qlobal geosiyasi oyunçuların hər birini düşündürür. O cümlədən, Aİ-nin lider dövləti olan Almaniya öz nəticələrini çıxarır.

Deməli, Berlin ABŞ-ın Pekinlə hər vəchlə münasibətləri inkişaf etdirməsini görür. Təbii ki, Almaniya kimi dövlət öz mövqeyini qorumaq və imkan daxilində gücləndirmək üzərində düşünə bilər. Xüsusilə, Amerikanın "xəfiyyə əhvalatları" almanları narahat edir.

Son olaraq, Berlin Vaşinqtonu Almaniyanın xüsusi xidmət orqanları əməkdaşlarını öz tərəfinə çəkərək informasiyalar toplamaqda ittiham edib. Bu, amerikanların Avropanın bütün liderlərini gizli dinlədiyi haqqındakı hadisələrdən sonra rəsmi Berlin tərəfindən daha ciddi qəbil edilir. Ekspertlər məhz bu hadisədən sonra A.Merkelin Çinə səfər etməsinə diqqət çəkirlər (bax: Şahin Özşahin. Angela Merkel'in Çin ziyareti / "Milliyet", 12 iyul 2014).

Kansler Pekində bir neçə sənəd imzalayıb. Onlar daha çox iqtisadi sahəyə aiddirlər. Çin Almaniyadan 100 helikopter almağa qərar verib. Alman iş adamları bu ölkəyə 12,8 milyard dollar sərmayə qoymağa hazırlaşırlar. Yeni texnologiyalar sahəsində əlaqələrin genişlənməsi haqqında razılıq əldə edilib. Lakin alman tərəfi çinlilərə bu sahədəki əyintidən şikayət ediblər. Belə ki, Çin şirkətləri qanunsuz olaraq almanların yeni ideyalarını alır və ondan istifadə edirlər.

Bunlardan başqa, iki ölkə nüvə təbabəti sahəsində birgə işləməyə qərar veriblər. Onlar enerji sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq istəyirlər. Ümumilikdə tərəflər milyard dollarları əhatə edən müqavilələr imzalayıblar.

ABŞ faktoru: müstəqil siyasətin çərçivəsi

Mütəxəssislər bütün bunların Almaniya ilə Çin arasında iqtisadi əlaqələri gücləndirəcəyini yazırlar. Lakin qarşılıqlı əməkdaşlığın yalnız iqtisadi sfera ilə məhdudlaşmadığını da vurğulayırlar. Belə ki, Berlin və Pekin üçün aktual olan çoxlu sayda geosiyasi məsələlər vardır. Amerikalı analitik C.Nay bu problemə ABŞ-Aİ-Çin münasibətləri kontekstində nəzər salmağa üstünlük verir (bax: Joseph S. Nye. The Old World's New Roles / "Project Syndicate", 10 iyul 2014).

Onun fikrinə görə, Çin Avropanın dünyadakı aparıcı roluna qəsd edir. Bunun əvəzində isə avropalılar ciddi heç bir iş görə bilmirlər. Onlar ancaq "öz milli biznesləri üçün marketinq üzrə menecer kimi xidmət etməklə məşğuldurlar" (bax: əvvəlki mənbəyə). Çıxış yolu "mürəkkəb məsələləri Amerikanın öhdəsinə buraxmaqdan ibarətdir". Konkret ifadə edilsə, Avropa İttifaqına məsləhət görülür ki, Çin məsələsində müstəqil hərəkət etməsin və Vaşinqtonun yanında olsun.

Bu bağlılıqda Almaniyanın kanslerinin yeritdiyi siyasət tamamilə başqa məqsədlərə xidmət edir. Berlin Avro-Atlantik inteqrasiyada özünün xüsusi yerinin olmasına çalışır. A.Merkelin atdığı addımlar birbaşa bundan xəbər verir. Lakin Vaşinqton xəbərdarlıq edir – Aİ Çinə olan ixracatı məhdudlaşdırmalı və texnologiyaların qeyri-qanuni mənimsənilməsinə imkan verməməlidir. Çünki bunlar ABŞ-a təhlükə törədir (bax: əvvəlki mənbəyə).

Buradan ABŞ-ın ənənəvi ambisiyasının iyi gəlir. O, öz təhlükəsizliyini bəhanə edərək Almaniyanın Çinlə əlaqələri yalnız müəyyən çərçivədə inkişaf etdirə biləcəyinə işarə verir. Özlüyündə bu məqam Vaşinqton-Berlin münasibətlərində gərginliyin davam edə biləcəyi anlamına gəlir. Amerika bundan sonra situasiyaya tam nəzarət etmək üçün Berlinə təzyiqlərini artıra bilər. Bunun üçün onun əlində konkret bəhanələri vardır.

Söhbət Çinin dünyanın geosiyasi mənzərəsində dərin dəyişikliklər etməsi istiqamətində siyasət yeritməsindən gedir. Bu proses meydana yeni transmilli problemlər çıxarır. Bu sırada iqlimin dəyişməsini, terrorçuluğu, kompyuter cinayətlərini və başqalarını vurğulamaq olar. Amerika bu hallara qarşı birgə mübarizə aparmağı arqument kimi qarşıya qoyur. Əslində isə məqsəd Avropa-Çin münasibətlərini nəzarətə götürməkdən ibarətdir.

Bunlarla yanaşı, Almaniyanın Çin siyasəti Aİ üçün Rusiya faktorunun əhəmiyyətini artırır. Bu kontekstdə Avropa-Rusiya münasibətlərinin taleyi maraq doğurur. Belə çıxır ki, hazırda Ukrayna məsələsinə görə, Brüssellə Moskva arasında ixtilafın dərinləşməsi onların heç birinə sərf etmir. Onda bu münaqişənin sifarişçisinin kim olması ilə bağlı maraqlı suallar meydana çıxır. Çin belə bir məqamda barışdırıcı rolunu oynaya bilərmi? Mütəxəssislər Pekinin "sənə nə faydalıdır, onu et" prinsipi üzrə hərəkət etməsini nəzərə alaraq, bu varianta elə də inanmırlar.

Yuxarıda deyilənlər Çinin ABŞ-Avropa-Rusiya ziddiyyətlərindən yararlanmağa çalışacağı qənaətinə gəlməyə imkan verir. Gözləmək olar ki, Pekin məhz həmin istiqamətdə manevrlərini davam etdirsin. Bu halda Almaniyanın Çinə yaxınlaşmasının perspektivi nədən ibarət ola bilər? Ekspertlər bu suala dəqiq cavab verməsələr də, müəyyən şübhələr mövcuddur. İndi aydın olan Avropanın Uzaq Şərqdə Amerikadan fərqli siyasət yürütməyə başlamasıdır. Maraqlıdır ki, böyük dövlətlərin hər biri Çinlə xüsusi münasibətlər qurmağa çalışır. Bu, artıq Pekinin qarşısının alınmasının mümkün olmadığı mənasınımı verir? Ola bilər.

Bununla yanaşı, unutmaq olmaz ki, ABŞ qlobal miqyasda böyük təsir gücünə malikdir. Onun regionlarda ixtilaflar yaratmaq imkanları da genişdir. Bu səbəbdən Çinlə strateji əlaqələr quran hər bir böyük dövlət Amerika faktorunu nəzərə almağa məcburdur. Bu aspektdə BRİKS-in dünya miqyasında fəallaşmaq planları maraq doğurur. Çin və Rusiyanın da daxil olduğu bu təşkilatın imkanları hara qədərdir? Digər tərəfdən, Almaniyanın Pekin istiqamətində yeritdiyi siyasət BRİKS-in iqtisadi siyasəti fonunda necə təsir bağışlayır? Bu kimi sualların cavabı çox maraqlı görünür.

Newtimes.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.