525.Az

Gülər Əhmədovanın oğlu ifadə verib

[31.10.12]
Gülər Əhmədovanın oğlu  ifadə verib<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov şahid qismində ifadə verib. O, ifadəsində Əvəz Zeynallıya münasibətinin normal olduğunu bildirib: “Anamdan eşitmişdim ki, Əvəz Zeynallı onu narahat edir, barəsində hansısa əsassız məlumatlar yazmaq istəyir. Anam bu məsələyə görə çox narahat idi. Mən onların arasında olan danışığın telefonda olan səs yazısına da qulaq asmışam. Orada Əvəz Zeynallı anama deyir ki, “Biz sizin haqqınızda bu qədər yaxşı məlumatlar yazmışıq , lakin siz bizə köməklik eləmirsiniz”. Daha sonra qəzetin bir illik xərclərinin ödənilməsindən, konkret olaraq 26 min manatdan söhbət gedir. Sonra isə 10 min manata razılaşırlar. Mən həmin səs yazısını kompyuterdə diskə yazıb anama vermişəm, anam da yəqin ki, prokurorluğa təqdim edib”.

T. Əhmədov həmin məsələləri biləndə anasına hüquq-mühafizə orqanlarına müraciət etməyi də məsləhət gördüyünü deyib: “Mən bunu biləndə dedim ki, hüquq-mühafizə orqanlarına müraciət elə. Lakin anam dedi ki, bir redaktorun həbs olunmasında adının hallanmasını istəmir”.

Daha sonra T. Əhmədov dövlət ittihamçısının, müdafiəçinin və Ə. Zeynallının suallarını cavablandırıb. Şahid Ə. Zeynallının suallarına cavab olaraq bildirib ki, hansı yazıların qəzetdə yazılmasından və ya hansı yazıdan söhbət getdiyini konkret bilmir. Ə. Zeynallı isə bildirib ki, Gülər Əhmədova haqqında onda hansısa məlumat olmayıb.

Proses noyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.