525.Az

Haran ağrıyır, Vətən...

[07.09.12]
Haran ağrıyır, Vətən... yazıçı-publisist 

“Vətən, səni nə anamız kimi sevə bildik, nə də balamız kimi qorumağı bacardıq. İnsanlar bir-birinə can sağlığı arzulayanda əsir torpaqların iniltisi aydınca eşidilirdi”. Bu, Sona Vəliyevanın “Arazbarı” kitabındandır və o kitabda Sona xanım nədən yazır-yazsın, o naləni, iniltini, harayı eşitməmək mümkün deyil. Onu müəllifin Vətən, torpaq yanğılı bütün şeirlərinə, ümumən bütün yaradıcılığına şamil etmək olar. Bu inilti illərdir qulaqlardan getmir. Bu inilti özümüzdən bixəbər sevincimizə, xoşbəxtliyimizə qarışır, bir anda oxuduğumuz mahnılar, oynadığımız rəqslər dəyişir, eləcə də məclisimizin ab-havası, əhval-ruhiyyəsi: 

–“Şuşanın dağları başı dumanlı”,
İçindən sınmış bir cavan oynayır.
Sındıra-sındıra, gözləri dumanlı,
başı havalı, əlləri havada, ayağı yerdə. 

Bu Vətənin ağrımayan harası var? Gözünü bir anlığa yum və dərhal çəhrayı   səslər eşidəcəksən, ürəyin nəbzi kimi o ağrıyan yerləri də duymağa başlayacaqsan:  

Mən layla eşitdim çəhrayı rəngdə,
Mən öyüd eşitdim şəhrayı rəngdə.
Üzümdə göz yaşım möcüzə, vallah,
Görsən tanımazsan – çəhrayı rəngdə.  

“Adi qayğılardan bezən insan”  baş götürüb getmək, dünyanın çevrəsini aşmaq, bircə gün də olsa başqa bir ömür yaşamaq, bircə an ağaca, çiçəyə dönmək istəyir: 

Görək hansı ömür daha gözəldir.
Görək hansı ömür daha bəxtəvər.
Ağac da, çiçək də dərd çəksə,
onda Ağac ol, adam ol, nə fərq eləyər? 

Yaponlarda “kəpənək mövsümü” deyilən bir anlayış var. Səhv etmirəmsə, mayda qadınlar, qızlar darıxmaqdan kəpənəyə belə çevrilirlər. Kişilər o zaman evə çoxlu gül-çiçək gətirirlər ki, onlar – qadınlar uzağa uçub getməsinlər.   

Bu leysan yağışı mənə bənzəyir.
Hönkürübsə, kiritmək çətin.
Yağ, başına dönüm.
Yu, bu şəhərin hisiylə birgə içimizdəki laqeydliyi, kini.  

Sona xanımın şeirlərini oxuduqca yaddaşımızda müxtəlif səslər, ifalar canlanır. Bu, “Ya Qarabağ, ya Ölüm” deyən Ozan Arifin, “Qarabağ”, “Xocalı” deməkdən yorulmayan Əhməd Şəfəqin, Əsəd Kabaklının, Cem Qaracanın... haqq səsidir, harayıdır. Bu türkün torpaq, Vətən sevdası və bu yolda axan qanıdır, sabaha inamıdır, imanıdır, Allahıdır. Düşmən əhatəsində qalan, ayaqlarını itirmiş Qarabağ döyüşçülərindən biri danışırdı ki, yaralı dostumla gecə vaxtı düşmən arxasında sürünürdük. Çoxlu qan itirmişdim və tamamilə taqətdən düşmüşdüm. Amma özümü ələ alıb deyirdim – beş addım yolumu gözləyən körpə qızıma, beş addım oğluma görə sürünəcəm və sürünürdüm... Budur torpağımıza qanla yazılan tariximiz: 

İllər keçir, yaddaş itir, torpaq itir.
Yaddaşımı bitirməyə təpər yetir.
Torpağımı qaytarmağa ümid yetir,
igid yetir,
əsir-əsir, yesir-yesir
gedənimi qaytarmağa
əsirgəmə, yollar yetir.
Aman Allah, içimizdə
bu torpağı sevməyə
bir çiçək təpəri,
çiçək sevdası bitir. 

Sona xanımın şeirlərindən biri belə adlanır – “Yol başlayıb gedən karvan”. Min illərdir bu karvan yoldadır. Nədənsə, insana elə gəlir bu karvanda dəvədən çox, at var – özü də Qarabağ atları. Nələri gətirir, nələri aparacaq bu karvan? “Bir budaq kölgəyə möhtac, bir bulud yağışa ac” bu karvanın apardıqları arasında mütləq Qarabağ, Təbriz. Kərkük, Dərbənd... həsrəti, yükü də var: 

Ağ dəvənin üstə gözəl,
Gözündən yaş xəzəl-xəzəl.
Ölüm doğulmadan əzəl,
Qəribliyi, dərdi dastan,
Yol başlayıb gedən karvan. 

Yaxud hansısa bir dəli sevdalı aşiqin oxuduğu “Saçın ucun hörməzlər, gülü sulu dərməzlər, Sarı gəlin...” havası. Bu, mahnı deyil. Şərqi də deyil. Bu, elə-belə bir sevdadır, xəyaldır, xülyadır, havadır. Onu ancaq havalı adam oxuya bilər. İlk dəfə də, yəqin, havalanıb oxuyub. Əfsuslar ki, “sarı telli aşiq çiçək” günəşi sevdiyi tək biz bu yurdu sevəmmədik: 

Paralandı oğuz elim,
torpağım, daşım getdi.
Bağlandı qolum tək dilim,
Qarabağım, Şuşam getdi.
Sən günəşi sevdiyin tək,
biz sevməyi bacarmadıq.  

Bu şeir isə yaddaş kitabımız üçündür –  “Öncə cansağlığı deyən kəslərə”. Canımızdan və sağlığımdan daha əvvəl xatırlanası və içiləsi dərdlərimiz çoxdu axı – Torpaq, Vətən, Şuşa, Təbriz, Dərbənd, Kərkük... Deyərdilər, Şuşa –  bizim Allaha yaxın olduğumuz ən uca yerimiz, ən əlçatmaz şəhərimizdi, ona görə bizim sözümüz, dualarımız ordan göylərə daha tez çatırdı, daha aydın eşidilirdi. İndi ya eşidilmir, ya yaxşı eşidilmir. Çünki “torpağı, Qarabağı əsir olan adamın” sözünü Tanrı niyə eşitməlidir? 

Yüz ümid becərsən birisi bitməz,
Qəlbi soyuyanı Günəş isitməz. 

Bunlar həm də tanış hisslər, tanış duyğulardır.Hamımız hardasa görmüşük, yaşamışıq. Elə mən də. Vaxtilə Şuşanın, Laçının işğalının ildönümündə hazırladığım televiziya verilişlərindən birində bu şəhərlərin veriməsində adları hallanan bəzi siyasətçilərlə müsahibənin sonunda hamısından  bir söz soruşurdum: “Şuşa xeyli vaxtdır yoxdur. Özünüzü necə hiss eləyirsiniz?” İndi də yaşayan, hamının yaxşı tanıdığı “siyasətçi”lərdən biri qəribə bir cavab vermişdi: “Faciə baş verməyib ki. Şəhərdir, bu gün onlardadır, sabah qaytararıq – olar bizdə.” Məni o cavab indinin özündə də qorxudur...  Çünki müəllif qeyd elədiyi kimi, “İçimiz boşaldı torpaqdan öncə...” 

Sağlığın, varlığın dəyər ölçüsü
Vətən sərhədidir, Vətən bayrağı.
Uğrunda ölməyi bacarmadıqca, Torpaq unudacaq Vətən olmağı. 

Haran ağrımır, Vətən? Vətən anadırsa, Vətən özümüzüksə, ağrıyan yerimizi daha yaxşı bilməliyik, deyilmi? “Zarıyan, sızlayan ana yanında”, görəsən, xoşbəxt olmaq mümkünmü? Sanki bügünümüzü nəzərə alaraq hələ 1918-ci ildə “Azərbaycan” qəzetində böyük Üzeyir bəy  yazırdı: “Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu elə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin.” Son illər “Yanıq Kərəm”dən, “Şuşanın dağları”ndan çox çəkmişik. Düşünmüşük – belə havalara necə qol qaldırıb oynamaq olar? Amma sən demə insanın içində dərdi olanda bunları da oynamaq olarmış... “Şuşanın dağları”nı oynayan oğlan”. Bu da S.Vəliyevanın şeirlərindəndir. Şeiri oxuya-oxuya “üstünə yeriyən dağları-daşları” görürsən, özünü Şuşada hiss edirsən. Ermənilərin dedikləri yada düşür – vaxt ötəcək, Qarabağda doğulanlar, Qarabağı görənlər azalacaq və Qarabağ gələn nəsillərin yadına düşməyəcək...Amma heç vaxt elə olmayacaq. Nə qədər ki o qan, o qanı coşduran havalar və nə qədər ki o havalarda yazılan, o havaları yaşadan yazılar var...   Bilmirəm bunlar nə qədər çəkəcək, amma yenə hansısa məclisdə, əminəm ki, “Şuşanın dağları” dillənənəcək, yenə bu hava kiminsə qanını coşduracaq,  yenə kimsə Şuşanın qapıları önündə dayanmış kimi heykələ dönüb qalacaq: 

Dağ-daş yeriyir,
ölülər dirilir, itkinlər geri dönür.
Aman Allah!
Bu oğlan oynaya-oynaya
Şuşaya qayıdış muştuluğu gətirir elə bil.
Əlləri havada
qışqırır, qıy çəkir:
salam, Şuşa, biz qayıtdıq, gələ bilərikmi?  

Gələcəyik, qayıdacağıq, əlbəttə. Hələlik, qarabağlı tələbə Fərid Haqverdiyev hər gün Şuşaya virtual aləmdə yaratdığı bir savaş oyunu ilə qayıdır və bütün gəncləri hər gün oraya – savaşa dəvət edir. Amma bizim, həqiqətən, bir gün tank üstündə, at belində Qarabağa qayıtmağımız da olacaq. Və bir də atdan söz düşmüşkən –  V. Mayakovski deyirdi: “Biz hamımız hardasa bir azca atıq.” Axtarsan, bu gün biz hamımız az da olsa, bir at taleyi yaşayırıq – Qarabağ atlarının taleyini. Bir vaxt böyük mütəfəkkirimiz M.F.Axundov bəşər övladının ən böyük səadəti olan azadlıqdan danışarkən dəyirman daşlarını hərlədən, yeyən-içən və heç vaxt o daşlardan aralana bilməyən atlardan da danışırdı: “Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar.”  Və son olaraq o  atların və bu insanların xatirinə “bizə möhlət ver, Allah”,- deyirik. Bu isə Sona xanımın arzularındandır:   Yuxu gördüm çiçəkli, Qorqud dədəmiz yozsun.

Qisas qiyamətdəsə, Tanrı tərsinə yozsun.
Qarabağın matəmi, başı bəlalı yurdun,
Qisas yolu göstər sən, bu dərdi ovutmağa,
Bir az möhlət ver, Allah, dünyanı tanımağa.

Bəxtiyar QARACA

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.