525.Az

Beynəlxalq Sığorta Forumu keçirilir

[19.06.14]
Beynəlxalq Sığorta Forumu keçirilir<b style="color:red"></b>

Bu gün Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) işə başlayıb.

“APA-Economics”in məlumatına görə, iki gün davam edəcək forumda “Azərbaycan sığorta bazarında əsas istiqamətlər”, “Təbii fəlakətlər: sığorta təminatı, maddi imkanlar effektivlik - düzgün balans”, “Tibbi sığorta - dövlət və özəl xidmətlər arasında ortaq məxrəc nədir?”, “Qafqaz regionunda və region üçün təkrarsığorta” və “Avtomobil sığortası və iddiaların tənzimlənməsi üzrə müzakirə” panellərində tədbir iştirakçıları fikir mübadiləsi aparacaq.
 
Toplantıda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış aparıcı ekspertləri, həmçinin Dünya Bankı, Avropanın iri təkrarsığorta şirkətlərindən olan “Munich Re” və “Gen Re”, “EVEREST Re”, “Hannover Re”, Türkiyənin “TARSİM” (Kənd təsərrüfatı sığortaları Hovuzu) sistemi, eləcə də Azərbaycanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edəcəklər. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularında təqdimatlar keçirəcəklər.
 
Forumun açılış mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycanın sığorta sektoru sürətlə inkişaf edir: "Son 8 ildə sığorta sektoru 6 dəfə artdığı halda, son 2 ildə bu sektor 2 dəfə artaraq 543 mln. ABŞ dollarına bərabər olub".
 
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, Azərbaycanda sığorta sahəsində qanunvericilik beynəlxalq standartların tələblərinə uyğunlaşdırılıb:  “Belə olmasaydı, son 8 ildə bu sektor 6 dəfə artmazdı. Bu sahədə görülən işlər imkan verir ki, gələcəkdə sığorta yığımlarını ÜDM-in 1%-i - 1 mlrd. dollar səviyyəsinə çatdırılsın”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.