525.Az

Pul azara, dünya bazara dönəndə...

[06.09.12]
Pul azara, dünya bazara dönəndə...

Hər yeni günə birja xəbərləri ilə başlayan, dolların, yevronun neçə manat pul etdiyi ilə maraqlanıb, Facebook səhifələrində şəhid xəbərlərini oxuyub, dalınca da “Ay səni, yenə şəhid vermişik!”, “Daha nə qədər şəhid verəcəyik?! Müharibə başlasın, dözə bilmirik!” başlıqlı statuslarla dərin kədər və hüzünlərini paylaşdıqdan sonra maqazin proqramlarında təsəlli tapan, benzinin qiymətinin qalxmasından psixoloji travma keçirən, "ev kirayəsi, kreditlər, bank borcları, avtomobilin, evin vergisi" deyə-deyə özünə yaşadılan hərc-mərcliyin həyat olduğunu düşünən və başqa bir həyatı ağılına belə gətirməyə macal tapmayan insan - bu dövrün normal insanıdır, guya!

Bizim yeni dünyamızda qiymətli olmağın gözdən düşdüyü (hər nə qədər inkar etsək də) bir faktdır. Ötən əsrdə insanlığın başına gələn ən pis şey dəyərsizləşərək əhəmiyyətli olmaq idi. İndi də dəyişən bir şey yoxdu. Bu əsrdə də çox zaman dəyərsizləşərək əhəmiyyətli oluruq. Amma ötən əsrlə müqayisədə bu əsrdə dəyərsizləşmənin insanı gətirib çıxartdığı nöqtə vicdan itkisidir.

İnsanın dəyəri, varlığı ilə deyil, sahib olduqlarıyla ölçülür. Bu da bizim zəmanəmizin qəddar tələblərindən biridir.

Villa, avtomobil markası, geyim markası və digər marka olan əşyalar və məkanlar indi ictimai statusun seçmə əlamətləridir.

Bu dövrün acı həqiqəti insanın sahib olduğu bütün dəyərlərin hər birinin pul qarşılığının mövcudluğunun düşünülməsidir.

İnsan yer üzündəki varlığını davam etdirə bilmək üçün, “dolanışıq dərdi”deyə bir dərdə düşdü ki, bu dərd insanı kölədən betər etdi. Dində buna “ilk günahın kəffarəsi” deyilir.

Havanın, torpağın, suyun və günəşin sahibi olduqlarına inandığımız insanların özlərinin kəsib bizə verdikləri pulları, dünya nemətlərindən faydalanmaq üçün onlara geri veririk. Buna da “alver” deyirik, “iqtisadiyyat” deyirik...

Biz bizi əsarəti altına almış o kağız parçalarını hər ay qazanmağa məhkum olan, "cənnətdən qovulmuş günahkarlar"ıq. Bütün bəşəriyyət Adəmlə Həvvanın cəzasını çəkir və həmişə də çəkəcək.

İnsanın dəyərinin tamamilə pula bağlılığı, bütün dəyərlərin pulla alınıb satılan olması artıq qlobal faciənin nəticələrindəndir. İnsanın pula hərisliyi, qiymətli kağız və dəmir parçalarına sonuna qədər təslim olması, bu minillikdə vicdanları ən çox sızladan insanlıq dramı olmağa namizəddir.
Bizim yaşadığımız minilliyin müqəddəs məbədləri artıq banklardır. Bir fikir verin, bir gün içində Tanrının evinə gedən insan sayımı çoxdur, yoxsa banklara min cür fikir içində girib-çıxan insan sayımı?! Pulun cazibəsi insanları daha çox özünə çəkdiyi üçünmü, yoxsa onun gücü insanları daha çox razı saldığındanmı hər kəs yolunu “pul məbədləri”nə salır?!
Başımıza hər nə gəlsə (başımıza gəlməyən qalmadı), onların hamısına, olan-bitən hər şeyə nəticə əldə etmək üçün deyil, vəziyyətdən canımızı qurtarmaq üçün reaksiya veririk və bu hal da bizim sahib olduqlarımızı itirmək qorxusundandır.

Yer üzü “bazara”, pul isə ən dəhşətli azara çevriləndən bəri qorunmalı dəyərlərimiz müdafiəsiz qalıb. Bir sözlə, bu "bazar"dan, pulun əsarətindən çıxış yolu görünmür. Çünki insanlığın, deyəsən, heç belə bir niyyəti yoxdu. Elə isə, bazar olsun!

 

Günel MUSA

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.