525.Az

Plagiat müəllif əsərlərinin statistikası açıqlandı

[06.09.12]
Plagiat müəllif əsərlərinin statistikası açıqlandı

Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) 2003-2012-ci illərdə Agentlik tərəfindən aşkar olunan plagiat müəllif əsərlərinin statistikasını açıqlayıb.

MHA-nın hüquq şöbəsinin müdiri Xudayət Həsənli APA-ya açıqlamasında deyib ki, hesabat dövrü ərzində 30 nəşrin plagiat olması aşkarlanıb. Onlardan 6 nəşr elmi əsər, 5-i ədəbi əsər, 2-si lüğət, 1-i ensiklopediya, 1 fakt mətbuatla əlaqədardır. Qalanları isə ali və orta məktəb dərsliyi, dərs vəsaiti və metodiki vəsaitdir. Ümumilikdə, plagiat dərsliklərin 95 faizini ali məktəb dərslikləri təşkil edir.

X. Həsənli deyib ki, Agentliyin aşkar elədiyi ən son plagiat faktı da ali məktəb dərsliyidir. Kitabın müəllifi kulturologiya elmləri doktoru, ali məktəblərdən birində kafedra müdiridir: “Həmin adam iki dərslik yazıb. Onlardan biri kulturologiya, digəri isə mədəniyyət mövzusundadır. Hər iki kitab ali məktəblər üçün dərslik kimi nəzərdə tutulub. Amma bu kitablar başqa bir azərbaycanlı müəllifin kulturologiya mövzusunda yazdığı kitabın faktiki olaraq təkrarıdır. Hətta cümlələr və abzaslar var ki, nöqtə, vergülünə toxunmadan onları olduğu kimi təkrar eləyib. Ehtimal edirik ki, bu kitablar təkcə bir müəllifdən köçürmə deyil, başqa müəlliflər də var. Hazırda bu məsələ araşdırılır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.