525.Az

Rüstəm Kamal: avto-portretə əlavə - Fəxrəddin Əsəd yazır

[16.08.22]
Rüstəm Kamal: avto-portretə əlavə -<b style="color:red"> Fəxrəddin Əsəd yazır</b>

Fəxrəddin ƏSƏD

Adına ədəbiyyat deyilən okeanda gərək ki, öz “uzaq yaşıl ada”n ola .Oradakı başı qarlı dağ da, meşə də, şır-şır bulaqlar da, qamış koma da ancaq sənə məxsus olmalıdır. Bu adanın (sənətin) Robinzonusansa qapındakı keçin də heç kimin keçisinə oxşamamalıdı. Sən axı düzüb, qoşub, yaradansan! Əlbət ki, yaradan Allahdır! Allahın lütfündən bəhrələnib möcüzələr göstərənlər isə onun seçilmiş bəndələrdir.

Rüstəm Kamal da özünün “uzaq yaşıl ada”sında oturub seçilmişlərin yazısını yazır. Onunla hər görüş yeni-yeni ideyalar, mövzular deməkdir, ”etnoqrafik-filoloji” araşdırmadır. O məni gündəlik həyatımızın “bürküsündə” boğulmağa qoymur, yaşamağa və yazmağa həvəsləndirir. Belə canlı söhbətlər başdan-başa metaforalar oyunudur, ezoterik obrazlar kimi, əbədi olaraq yaddaşa köçür.

Ona zəng etmək “əcdadlarla ritual ünsiyyət aktıdır”. O, çağdaş ədəbiyyatşünastlığımızın “kosmoloji portreti”dir, ruhumuzun tarixini, günümüzün şaman dualarını yazır. Sözdən-sözə, sətirdən-sətirə keçdikcə, haldan-hala düşməyimizin bir səbəbi də buradan qaynaqlanır. Axı özü də yeri gəldikcə “kərəmləşir...məcnunlaşır...”

 Rüstəmi oxuduqca zaman anlayışı unudulur, metafizik bir aurada “dövrü – aləm” səyahətinə çıxırıq. ”Ver sözə ehya ki...”deyib Fizuli babamız. Mən də sevgili dostumun sözlərinə qulaq verirəm...

 Müəllif yazır:  “Esselər fraqmentlər təsiri bağışlasa da, bir ömür bütövlüyünün salnaməsi kimi yazılir və söylənilir. Oxucu bu xatirələr, fəlsəfi fikirlər, poetik parçalar, lirik ricətlər, ithaflar içində millətin düşüncə əxlaqını görə bilir...” (”Esse düşüncə və yazı təcrübəsi kimi “)

R.Kamalın esseləri yazı mədəniyyətimizin mozaik pannosudur. Xatirələrin və hadisələrin məntiqi düzümü, işığın fokuslandığı fərqli baxış bucaqlarını bir nöqtədə birləşdirir. Sanki görə bilmədiyimiz məna qatlarını güclü işıq seli qarşısına alıb gətirir, poetik rəng çalarlarını daha da cazibədar edir.

 Bu esselər səhnə içində səhnədir, o, səhnənin sirlərlə dolu pərdəsini qaldırıb arxasında baş verənləri (arzuları, xəyalları, yaşam mücadiləsini) bizə açıb göstərən bəsirətlilərdi. Çünki adi gözlərlə baxmaq olar, görmək və duymaq hər adama qismət olmur...

“Belə söyləyirlər ki, Puşkinin qeyri adi gözləri varmış. Böyük rus şairi zahirən yaraşıqlı olmasa da, ağıllı və odlu baxışları ilə hamının diqqətini çəkirmiş. Və gözləri o qədər oynayırmış ki, rəssam onun portretini çəkərkən tuta bilmirmiş...”  (“Şairi gözlərindən tanımaq...”)

... Məhəmməd bəy Cavanşiri tutub (şahidlər soraq verir) Ağa Məhəmməd Şah Qacarın qarşısına gətirirlər. Diqqətlə onu süzən şah “Nə gözəl gözlərin var” deyir. Şahın yanındakılar yaxşı bilirdi, bu gecə Məhəmməd bəyin gözləri çıxarılacaq! “Sən saydığını say, gör fələk nə sayır?!”. Dünyanı qara rəngdə görən Qacarın səhəri qırmızı rəngə boyanır... Bunu da Rüstəmin dilindən eşitmişəm ...

 Yeri  gəlmişkən, onun şifahi nitqi, müxtəlif tədbirlərdə, dost məclislərində olan söhbətlər universitet muhazirələrini xatırladır, sanbalı, şövqü, cazubəsi ilə vaz keçilməz esse mövzusudur. Bir daha təkrar edirəm: epos estetikasına köklənmiş belə söhbətlər qədim papirus yarpaqları üzərində yazılmış yazıları xatırladır. Və onu da fikirləşirəm ki, düşdüyü ekstaz vəziyyətdə Rüstəm elə bil başqa bir aləmin adamına çevrilir. Zira sözləri ona diktə edən bizim düşüncəmizdən kənar  “GÜC” də elə oradandır.

Bu nitq hadisəsini - Rüstəm Kamal fenonenini ustadımız Nəriman Həsənzadə Allah vergisi adlandırır.

 R.Kamalın Avropa təhsili haqqında olan fikirlər də maraq doğurur. Bu təhsil, dünyagörüşü, zəngin təxəyyül ayrı-ayrı çay qollarını bir məcrada birləşdirən dəryaya bənzəyir. Qələmə aldığı bütün esselərində (fərdi üslub və intonasiyada)  yapon “uta”sının, isveç  “isviy”inin,  latış “landıy”ının və  (siyahını uzatmaq da olar) bayatıların, nağıllarımızın, dastanlarımızın havası var.  Hər halda  görünən dağa nə bələdçi?!

Bizim mifik yaddaşımızda qurd nəfəsi var. Totem əcdadlarımızın Rüstəmə ədəbi taleləri oxudan, ədəbi ictimaiyyətə tanıdan və yaşadan nəfəsidir.

                                                                                             28 iyun 2022-ci il


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.