525.Az

Günəşə həsrət qalan dost

[16.08.22]
Günəşə həsrət qalan dost <b style="color:red"></b>

Əjdər Ol Azərbaycan ədəbiyyatına, demək olar ki, bütün ədəbi janrlarda önəmli əsərlər bəxş edən, qələmini sınadığı hər sahədə kamil sənətkar olduğunu isbatlayan yazarlardan biridir. Mən onu uzun illər əvvəl nəsr əsərləri ilə tanımışam: “Səhra komandirinin meymunu”, “Tütün limanı” və “Portret hekayələr” əsərlərini oxuduqda onunla eyni teldən, eyni pərdədən səsləndiyimizin, eyni dildə danışdığımızın, bənzər insanların hekayətlərini anlatdığımızın fərqinə vardım. “Usta Yusifin kamançası”nda Əjdər Ol qələminin yaratdığı qəhrəman, pinəçi Qədir ilə mənim “Evin yıxılsın, Hacı” adlı hekayəmin qəhrəmanı Davulçu Adəm eyni həyatın içindən eyni kədərlərlə keçən, məişət qayğısıyla dəridən-qabıqdan çıxan əkiz qardaşlar kimiydi... Qədir qızına kamança almaq üçün qədəhləri bir-birinə vurarkən Adəm uşaqlarına çörək almaq üçün qırx cildə bürünüb davula vururdu. Bir şeyin də fərqinə varmışdım ki, ikimiz də qəhrəmanlarımızı ürəkdən sevir, onları oxuculara yumor pəncərəsindən göstərərək anladırdıq... Buna görə də onun hekayələr külliyyatını daha diqqətlə, dərindən, bir neçə dəfə oxumalı oldum. Onun yumor anlayışından təsirləndiyimi də etiraf etməliyəm.

Əjdər Ol ədəbi süjetin dayaz sularında üzməyi də, həyatın bir küncündə həyatla mübarizə aparmayan, gerçəkdə var olmayan süni qəhrəmanlar yaratmağı da sevmir. Başqa sözlə desək, o, qələmini birbaşa həyatın içinə daldırır. Vəziyyət belə olanda o qələm gerçək insan hekayələrindən başqa nə yaza bilər ki? Həyatla və insanla dərin bir təmas halında olan Əjdər Ol həyatın özünü və o həyatı yaşayan adi insanları çox canlı şəkildə ədəbiyyata gətirir. Onun qələmi “Portret hekayələr”ində Namiq Abdullayev, Adil Mirseyid kimi ədəbi şəxsiyyətləri ayrıca bir hekayə qəhrəmanlarına çevirərkən də bu düşüncələrlə hərəkət edir. Onlar bir yazar, şair, rəssam ola bilər, nə olsun ki? Əjdər Ol onları da bütün təbiilikləri ilə, həyatla mübarizə aparan adi insanlar kimi qələmə alır. Buna görə də onun hekayələrinin xarakterini bir kəlmə ilə izah et desələr, mən bütün qəlbimlə “səmimiyyət” deyərdim. Əjdər Ol qəhrəmanlarına - elə mənfi qəhrəmanlarına da - böyük bir sevgi ilə yanaşır. Eyni yanaşmanı, onun şeirlərində təbiətə yönəlmiş “sevgi” yansıması kimi də görə bilirik. Qəribədir, Əjdər Olun əsərlərindəki insan sevgisi millətə sevgiyə, təbiətə sevgi isə vətənə sevgisinə çevrilir. Onun yumor vasitəsilə tənqid atəşinə tutduğu qəhrəmanlarına belə Mirzə Cəlil, ya da Sabir kimi əslində sevgi ilə yanaşdığını asanlıqla görə bilirik.

Əjdər Olun hekayələrini adi ədəbi mətnlər kimi oxumaq da mümkün deyil. Adi səthi mütaliə onun yaradıcılığının dərin qatlarına enməyi əngəlləyir. Çünki onun mətnlərinin arxasında dərin fəlsəfi düşüncələrin var olduğu görünür. Birinci Qarabağ müharibəsini və ondan sonrakı dönəmi anlatdığı hekayələrində onun bu qayğıları açıq şəkildə özünü göstərir. “Səhra komandirinin meymunu” adlı hekayənin arxa planında müstəqilliyinə yeni qovuşan bir ölkədəki hakimiyyət boşluğu, dövlətçilik anlayışının müəyyənləşməməsi, nizami ordunun qurulmaması və bunun nəticəsində yaşanan başıpozuqluq və qarışıqlıq böyük bir kədərlə vurğulanır. Yazıçının II Beynəlxalq Kaşğarlı Mahmud Hekayə yarışmasında birinci yeri qazanan “Qəzənfər müəllimgilin Şuşa yürüşü” adlı hekayəsinin arxa planında həzin bir məğlubiyyətin bir toplumda yaratdığı travma, “Fah...” adlı hekayəsində isə məğlubiyyətlə qarşılaşmış bir toplumun dərin sosioloji təhlilləri verilir... Məğlubiyyəti yazmaq çətindir, amma bu mətnlər, eyni zamanda, bir milləti qalibiyyətə hazırlayan mətnlərdir. Çünki 30 il sonra bütün boşluqları dolduran Azərbaycan dövlətinin “44 günlük Vətən müharibəsi”ndə nələrə qadir olduğunu dost-düşmən hər kəs gördü... Əsərlərində hər zaman içində yaşadığı toplumun tarixi və taleyini dilə gətirən Əjdər Olun bundan sonrakı şeir və hekayələrində bu zəfərə doğru gedən yolu da bütün çalarlarıyla hökmən görəcəyik...

Əjdər Olun şair kimliyi ilə qarşılaşmağım daha sonra, onunla bilavasitə tanışlıqdan sonra baş verdi. “Günəbaxan zəmisi”, “Alın yazıma düzəliş”, “Könül vuruşu” kimi şeir kitablarında onun vətəni, milli duyğuları, sevgini tərənnüm edən bənzərsiz misralarıyla tanış oldum. Şeir dili bambaşqa bir dildir. Şeir dilini tapa bilməyən şairlər, təəssüf ki, ədəbiyyat dünyasında dərin izlər qoya bilmirlər. Əjdər Ol özünəməxsus nəsr dilinin yanında səciyyəvi şeir dilini də yaradan nadir şairlərdən biridir. Məncə, onun şeirindəki qüdrət ədəbi ənənələri çox yaxşı bilməsindən qaynaqlanır. Əjdər Ol birlikdə getdiyimiz yollar boyunca şeir oxuyan bir dost idi. Onun klassik divan şeirinə bu dərəcədə vaqif olduğunu, özündən əvvəlki Azərbaycan şairləri ilə yanaşı, türk şairlərini və türk şeirini də çox yaxşı bildiyini, onunla etdiyimiz bu uzun yolçuluqlar əsnasında öyrəndim. Söz söyləmə istedadı ilə yanaşı, ədəbi ənənələrə və klassik divan şeirinə dərindən bələd olmuş bir şairin şeirdə yeni bir zirvə inşa etməsi də qaçınılmazdır. O, Azərbaycanın müstəqilliyə gedən mərhələlərini yaşamış, 20 Yanvardan, odlar, alovlar içindəki Meydan Hərakatından keçmiş bir şairdir. Müstəqilliyə yetişən vətənə “Gözaydınlığı” verərkən də belə səslənmişdi:

Çox olub yağmalanan, solğun, üzülmüş vaxtın,

Çevrilib, yandırılıb, tütsüyə dönmüş taxtın,

Milyon il bərk dayanıb, indiyə gəldin çıxdın,

İgidim, qəhrəmanım, mərdim Azərbaycanım!

Ölmədim ağ gününü gördüm, Azərbaycanım!

Hər şair ürəyi bir savaş meydanıdır, əslində. Orada dürlü duyğular vuruşur: millət sevgisi, vətən sevgisi, ayrılıqlar, məsafələr, vüsal arzuları, xəyal qırıqlıqları... Qəlbini könül meydanında döyüşdürən Əjdər Ol bu duyğuları bənzərsiz misralarla dilə gətirmişdir:

Könlümü vuruşa çıxarmışam mən,

Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.

Mənim ürəyimin hər döyüntüsü,

Təzə bir hücumdur, yeni bir həmlə.

Klassik şeir üslubunu günümüzdə də uğurla davam etdirən Əjdər Olun “Öldürməsin” rədifli qəzəli onun Füzulinin, Seyid Əzim Şirvaninin, Vahidin istedadlı varisi olduğunu göstərir:

Sevgilim rəhm eyləsin bir vurğunu öldürməsin

Düşməsin bir də qərənfil qırğını, öldürməsin.

 ...

Bəlkə öz üslubu var sevgi məhəbbətdə bunun

Qoy dəyişsin bu bazarın nırxını, öldürməsin.

...

Əjdər ol sən yaşıyırsan deyə ölmək diləmir

Qoy fələk yüz yol çevirsin çarxını, öldürməsin.

Yuxarıda da bəhs etdiyimiz kimi, Əjdər Ol Azərbaycan ədəbiyyatının çox maraqlı simalarından biridir. Onu maraqlı edən şey Tanrının bəxş etdiyi yazarlıq və şairlik istedadı ilə yanaşı, insanı, toplumu, təbiəti və hadisələri həm bir yazar, həm də bir sənətkar həssaslığı ilə müşahidə və dərindən təhlil edə bilmək bacarığıdır. Çoxumuz üçün gözlərimizin önündən axıb gedən və həyatın keşməkeşlərində cərəyan edən hadisələrin o qədər də önəmi yoxdur, bu hadisələrin içində yer alanlar isə sıradan insanlardır. Əjdər Ol isə bizə son dərəcə bəsit kimi görünən hadisələrin əslində “tarix” olduğunu, bu dönəmdə rol alan insanların isə müsbət və ya mənfi tarixi qəhrəmanlara çevriləcəyini bizdən öncə sezir...

Bu sezgi ondakı hadisələrə və insanlara baxışı daha da dərinləşdirir, vicdanındakı həssaslığı daha da artırır. Beləcə o, bu dərin müşahidə və fərqli baxışlarıyla sonradan yazacaqlarına çox sağlam bir zəmin hazırlayır. Çoxumuz televizorda izlədiyimiz bir xəbəri, qəzetdə yer alan bir məqaləni, hər hansı bir siyasətçinin verdiyi müsahibəni, kütləvi hərəkat əsnasında bir ziyalının - şairin nitqini, hadisələrin qaynarlığı içində adi insanların dəyərləndirmələrini bir neçə gün ərzində unutsaq da, Əjdər Ol bütün bunları bir kamera həssaslığı ilə izləyib görüntülərlə birlikdə zehninin bir küncündə qeyd edir və illər sonra ölkəsinin tarixi və taleyi ilə bağlı mülahizələrində bir dəlil olaraq ortaya qoyur... Tarixi hadisələri dilə gətirən ədəbi mətnlərin tarixi qabaqladığını söyləyə bilərik, bu səbəblə Əjdər Olun “Qan işığı” romanı tarixi mübahisələrin də mərkəzində olacaqdır.

Əjdər Olun bu günlərdə “Qan işığı” adı ilə yayımlanan romanı üzərində ayrıca dayanmaq lazımdır. Bu roman, Əjdər Olun yuxarıda sadaladığımız bütün özəlliklərini özündə əks etdirməsi baxımından çox önəmlidir. Yazar o qədər obyektiv, soyuqqanlı və realist bir müşahidəçidir ki, təsvir etdiyi bütün hadisələr sanki bir film kimi yenidən və canlı olaraq yaşanırmış kimi görüntülənir. Qəhrəmanlar isə həqiqi isimləri və şəxsiyyətləri ilə romandakı yerlərini tuturlar.     

Əjdər Ol bu romanında Azərbaycan tarixi baxımından olduqca ağrılı və qarışıq bir dönəmi anladır. Bu tarixi romanın digərlərindən fərqi isə uydurulmuş hadisələrə əsaslanan bir roman olmamasıdır. Əjdər Ol uydurulmuş olaylarla tarixi hadisələrin mahiyyətini dəyişdirmək, gerçəkləri kölgələmək yerinə olmuş hadisələri bir romanın süjet xəttinə daşıyır. Uzaqgörən ziyalı, həssas sənətkar olaraq ölkəsinin bu dönəmdə məruz qaldığı durumu ürək ağrısı ilə dilə gətirən bir yazar SSRİ imperatorluğunun çökməsinin Azərbaycanda yaratdığı travmaları və illərlə Sovet dönəminə tabe olmuş bir millətin diriliş, varoluş və müstəqillik mərhələsindəki yalnızlığını gözlər önünə sərir. Tez-tez daha geriyə, tarixin dərinliklərinə enərək anlatdığı dönəmi qarşılaşdıran Əjdər Ol 1980-ci illərin sonlarına doğru Azərbaycanın üzləşdiyi dəhşətli durumların tarixi köklərinə enərək əslində gənc nəsillərə millətin başına gələn fəlakətlərin qaynağını da göstərir... Əjdər Ol Sovet rejiminin pərdə arxasını da incələdiyi romanında Çar Rusiyasının Qafqaz siyasəti ilə SSRİ imperatorluğunun bu bölgə ilə bağlı siyasətinin mahiyyətcə bir-birinin davamı olduğunu tarixi hadisələr üzərində anladır. Bir çox ölkələrin Sovet boyunduruğundan sıyrıldığını, amma Azərbaycanın müstəqilliyə gedən yolunun bilavasitə SSRİ rəhbərləri tərəfindən minalanmasını da dilə gətirir. Türklər və ermənilər arasındakı nifaqın əslində məqsədli şəkildə rejim tərəfindən icad olunduğuna şahidlik edirik.

Roman Ukraynadakı Çernobıl Atom Stansiyasının partlaması və onun ətrafında inkişaf edən hadisələrlə başlayır. Bu böyük partlayışdan bir metafora kimi istifadə edən yazar əslində böyük bir imperatorluğun içəridən partlamasına, süqutuna işarə edir. Romanın səhifələri arasında irəlilədikcə xalqların qardaşlığı ideologiyasını bir şüar olaraq mənimsəmiş Sovet rejiminin bunu sadəcə təzyiq və zorakılıqla aşıladığı, millətlərin yaddaşını məhv edə bilmədiyi, mərkəzi hakimiyyət zəiflədikdə isə həmin zorakı rejimin necə darmadağın olduğu görünür. Beləcə Əjdər Ol millətləri “Sovet qazanı”nda əritmə və kimliksizləşdirmə siyasətinin sonralar kiçik xalqların faciəsinə çevrildiyini də qeyd edir. 

Çernobıldakı partlayışın ayrı-ayrı ölkələrdəki təsirlərini, Baltik ölkələrindən Almatıya və Bakıya qədər təsirlərini dilə gətirən yazar Çernobılı SSRİ-nin dağılma erası kimi dəyərləndirir. Bu partlayış təqribən üç il sonra Bakıda təsirini göstərir. Əjdər Ol Azadlıq Meydanında bir milllətin ayağa qalxdığını, bir millətin vulkan kimi partlamasını bütün detalları ilə, gələcəkdə tarix araşdırmaçılarına mənbə ola biləcək təəssürat və dəyərləndirmələrlə roman səhifələrinə köçürür. Yazar belə bir çalxantılı siyasi mühitdə şahidlik etdiyi hadisələri anladarkən soyuqqanlılığını, obyektivliyini də əsla itirmir. O, Bakıdakı Meydan hərakatını, dövrün iqtidarı və müxalifəti pəncərəsindən baxaraq çox fərqli şəkildə dəyərləndirir. Azadlıq mitinqlərinin “20 Yanvar qırğını”na çevrilməsini də... 

Əjdər Ol dövrün iqtidarının hadisələri idarə etməkdə aciz qaldığını, mərkəzin dəstəyi ilə iqtidara gəldikləri üçün oradan asılı qaldıqlarını, illərin verdiyi bir alışqanlıqla Moskvadan mədət umduqlarını dilə gətirərkən dövrün müxalifətinin də hadisələri düzgün dəyərləndirə bilmədiyini, bu dönəmdə Azərbaycanın xaosa sürükləndiyini vurğulayır. Əjdər Ol bu ağırlı dövrü təsvir edərkən dövlətçilik və dövlət qurma ənənəsi ilə liderlik mövzularına da toxunur. Dünya və Türkiyə tarixindən verdiyi örnəklərlə dövrünü qabaqlayan liderlərin bir xalqı necə ayağa qaldırdığını, bundan məhrum olan milllətlərin isə məlala uğradığını canlı hadisələrlə göz önündə sərgiləyir. 

Mərkəzi hakimiyyətin dağılması, yerli iqtidarların böyük xalq hərəkatları ilə sarsılması kimi mətləbləri detalları ilə işləyən yazar Azərbaycandakı xalq hərəkatı və müxalifətin mövcud iqtidarı sanki qumdan ucaldılmış qala kimi devirməsinə rəğmən, lider əskikliyi və I Qarabağ müharibəsinin çat verməsi ilə düçar olduğu acizliyi də vurğulayır. Xalqı bir araya gətirə biləcək liderin olmamasını, bu səbəbdən də Azərbaycanın parçalanmaya doğru getdiyini bütün obyektivliyi ilə təsvir edir.

Sonra bir liderin yenidən meydana çıxdığını, ipləri ələ alan bir rəhbərin ölkəyə necə bir iqtidar gətirdiyini, millətlərin həyatında geri çəkilmənin əslində məğlubiyyət olmadığını, əksinə, gələcək həmlələr üçün zəmin hazırladığını, hakimiyyət boşluğunun bir millətin həyatında nələrə səbəb ola biləcəyini, düzgün milli və beynəlxalq siyasət yürütməyin vacibliyini və Azərbaycandakı durumun dəyişməsini də göstərir.

Biz Sovet rejiminin dağılma prosesini Azərbaycanın timsalında izlədiyimiz, yaşadığımız üçün o günlərdə Azərbaycanda yaşanan bütün hadisələrin Türkiyəyə də yansıdığına şahidlik etmişik. Əjdər Ol bu romanında bizim o illərdə televiziya proqramlarında bir xəbər kimi izlədiyimiz hadisələrin iç üzünü də açıb göstərir. Üstəlik, Azərbaycan tarixini ədəbi bir dillə, həm də bütün çılpaqlığı ilə... Bu romanı oxuyanların adı böyüdülmüş neçə qəhrəmanın o ad altında əzildiyini də, adı o qədər də eşidilməmiş neçə insanın vətən və millət məsələlərində idrakını da ortaya qoyur.

Bir sözlə, Əjdər Olun “Qan işığı” romanı 1985-ci ildən bu günümüzə uzanan tarixi hadisələr zənciridir. Bu roman Azərbaycanın son qırx illik tarixinə və bir millətin alt-üst edilmiş taleyinə də işıq tutur. Romanı oxuyanların Azərbaycanın son qırx ildəki tarixinə dair bilgilərini təzələyəcəyinə və yaşanan hadisələri daha sağlam düşüncəylə dəyərləndirəcəyinə inanıram.

Əjdər Olun yumor anlayışına ayrıca bir fəsil həsr etmək lazımdır. O, ən kədərli hadisələrin içindən də insanı güldürən, düşündürən bir mizah çıxara bilir. Həyata və insanlara yumor pəncərəsindən də baxa bilən Əjdər Olun Türkiyədə də yayımlandıqdan sonra böyük maraqla qarşılanan “Azərbaycan lətifələri” (“Əjdər Olun kitabı”) Kitabi-Dədə Qorqud kimi nəsillər boyunca bu millətin hafizəsində qalacaq özəlliyə sahibdir. O, hələ də yazılan və hər yeni nəşrində əlavələrlə davam edən əsərində Azərbaycanın müdrik siyasətçilərinin, hazırcavab yazar və şairlərinin, incə və zərif mətləblər ərsəyə ətirən sənət xadimlərinin başlarına gələn əhvalatları öz üslübündan keçirərək möhtəşəm lətifələrə çevirir. Onun bu tərtibçilik fəaliyyətini də ayrıca qeyd etmək lazımdır. Dostumuzun bu kitaba daima yeni əhvalatlar əlavə etdiyinin fərqinə vardıqda Türkiyədəki bir gəzintimizdə ona bir əhvalat danışmışdım. O qədər gülmüşdü ki... İki il sonra həmin əhvalatı onun kitabının yeni nəşrində Azərbaycan türkcəsiylə gördükdə öz danışdığım əhvalata mən də gülmüşdüm. Bu əhvalatlar anonim şəkildə dildən-dilə yayılsa da, onlara məna yükləyən və ədəbi əhvalatlara çevirən Əjdər Ol üslubudur. Ona nəql etdiyim əhvalat Əjdər Olun üslübündan keçmiş və tamamilə yeni rənglər qazanmış, yeni bir mətnə çevrilmişdi. Əjdər Ol gülərkən gözlərində qəribə bir işıq parlayır, o işıq əslində güldüyü əhvalatla bağlı gələcəkdə nələr edəcəyini düşünən bir yazarın/şairin yazacaqları ilə bağlı işarət fişəngidir... Əjdər Olun gözlərində yaradıcılıq işartısına səbəb olan həmin əhvalat kitabda “Dost sovqatı” başlığı ilə yer almışdır:

“Türkiyəli yazıçı, Azərbaycan ədəbiyyatını türkcəyə çevirən İmdat Avşar “Əjdər Olun kitabı”nı İstanbulda nəşr etdirəndən sonra doğulduğu bölgənin məzəli adamları barədə mənə lətifələr söyləyirdi. Onlardan bir neçəsi yadımda qalıb, onlardan biri də “Müsəlla”dır:

Kırşəhr ətrafı kəndlərin birində quraqlıq keçdiyini görən əhali əski ənənələri yada salıb Allahdan yağış diləməkdən ötrü müsəllaya çıxmaq ərəfəsində “Quran” oxutdurmaq üçün yönlü bir molla tapa bilmirlər. Axırda əlac kəsilir, Abdal Dehqanini götürməyə məcbur olurlar. Çöldə şölən düzəldilir, qurbanlar kəsilir. Abdal Dehqani könülsüz çağırıldığını, adamların onun dualarının müstəcab olacağına inanmadığını bilsə də, özünü o yerə qoymur və bir təpənin başında oturub yorulmadan “Quran” ayələri oxuyur.  Axşamüstü göyün üzü qaralır, yağış yağmağa başlayır.

Abdal Dehqani onun kəramətinə heyran qalan kənd adamlarına üz tutub deyir:

- Hə, necədir? Mənə dodaq büzürdünüz, görürsünüz necə yağış yağdırıram? İstəyirsiniz arada qurban olduğuma arada qar da səpələtdirim!

17 avqust bu qədər çətin bir ədəbiyyat yolunu uğurla keçən Əjdər Olun doğum günüdür. Yolun yarısını haqlayan bu gözəl insana, istedadlı yazıçıya, şairə, əziz dostuma uzun ömürlər, yeni yaradıcılıq uğurları, bir də Nazim Hikmətin dediyi kimi, “günəşli gözel günlər” diləyirəm.

 

11/08/2022 İstanbul

İmdat AVŞAR


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.