525.Az

Ötən illərin xatirələri... - İlqar İmamverdiyev yazır...

[16.08.22]
Ötən illərin xatirələri... -<b style="color:red"> İlqar İmamverdiyev yazır...</b>

Bu ülvi xatirələr Xalq şairimiz Hüseyn Arifin professor Qoşqar Əhmədli və atam Cəmil Əkbərlə olan dostluğuna, oxucularımızın bilmədiyi bəzi incə mətləblərə həsr olunmuşdur.

Bir zaman məşhur alim şairlərimizdən, filologiya elmləri doktoru, Xalq şairi  Xəlil Rza Ulutürkün dediyi şeirində orijinal beyti indi də xatırlamaqdayam:

“Bir adda qovuşan iki addır o,

Hüseyndir, Arifdir, Hüseyn Arif.”

Atam  Cəmil Əkbər keçən əsrin 60-70-ci illərdə aldığı şeir kitabları arasında o vaxtlar, Səməd Vurğun, Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Cabir Novruz və Hüseyn Hüseynzadənin nəşr olunmuş  əsərlərini Gəncənin kitab satış mağazalarından böyük həvəslə alıb gətirər, oxuyub mütaliə edər, eyni zamanda özünün poetik yaradıcılığı üçün  yazacağı şeirlərinə fikir baxımından orijinal mövzu axtarırdı.

Yaxşı xatırlayıram ki,  o dönəmdə yayınlanmış kitabın üz cildində yazılmış Hüseyn Hüseynzadə adı mənim xəyalımda necə coşqu ilə səslənməklə yanaşı optimist ruhu ilə sanki insanı gələcəyə, qurub yaratmağa, əzmlə çalışmağa təşviq edərdi. Bu ruh o vaxt qəlbimə necə həkk olunubsa, eləcə də qalmaqdadır. Təəssüf ki, zaman gəldi Hüseyn Hüseynzadə adlı təbiət vurğunu şairimizin  “zadə” olan adı tədricən dəyişərək Arif oldu. Və beləcə Hüseyn Hüseynzadə coşğusu qəm libasına bələnərək Hüseyn Arif kimi xalqımıza tanıdılmağa başlandı. Və ömrünün sonuna kimi onu sevən oxucularını da pəjmürdə edib nisgil dünyasına qərq etdi. Beləcə Hüseyn Hüseynzadəni zamanla Hüseyn Arif adı üstələmiş oldu.  İndi də xəyalımızda faciəvi bir şəkildə həlak olmuş övladının qəmini, kədərini daşıyan zavallı, biçarə bir atanın ruhu, xəyalı ilə yaşamaqdayıq Hüsensevərlərlə birlikdə. Dəryaca qəmi kiçik köksünə sığmayan Hüseyn Hüseynzadə, Hüseyn Arif şəxsində Azərbaycan torpaqlarını dəli-divanə, Məcnun kimi gəzən dərvişsayağı bir ömür yaşadı. Dərdi-sərini anlatmağa, bölüşməyə çalışdı neçə-neçə qəm ovqatlı silsilə şeirlərinin dili ilə Hüseyn yaradıcılığının vurğunlarına. Fəqət bəndi-bərəsini tarmar edən, dərdi nə yerə nə göyə, sığmırdı ki sığmırdı. Səsi gah Ağstafadan, gah Qazaxdan, Tovuzdan, Şəmkirdən, Gədəbəydən, Kəlbəcərdən, Aşıq Ələsgərin doğulduğu vətəndən-Ağkilsədən, ustadı olmuş Aşıq Alının Türk dünyasına səs saldığı Qızılvəngdən, hətta Miskin Abdal mahalından gah da sədası Nizami vətəni olan Qədim Gəncədən gələrdi. Getdiyi güzərgahlarda da əlinə saz düşən kimi Aşıq Ədalət  Nəsibova aid “Dilqəmi” adlı klassik saz havasının bir məqamında bədahətən vurduğu yanğı dolu qəmin tüğyanının ekstaz anı olan məşhur gülünü sadəcə alt təzənə ilə ahəstcə aram-aram ifa etməklə dərdini, qəmini ovundurmağa, biçarə Yəhya bəyin yanğısı ilə öz övlad yanğısını bir ruhda qovuşdurmağa çalışırdı. Not örnəyində  təqdim edəcəyimiz iki xanəlik motivi Hüseyn Arifin ifasında o vaxtlar Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Aşıqlar Birliyinin fəaliyyət göstərə bilməsi üçün ayrılmış otaqda sazda çaldığını müşahidə etmiş olduğumu xalqımıza çatdırmaq istərdim. Daha sonra 1985-ci ildə Gədəbəy rayonunda o dönəmdə Rayon Partiya Komitəsinin rəhbəri, əslən Ağdamdan olan ictimai xadim Aydın Quliyevin futbol stadionunda təşkil etdiyi “Gədəbəyin Yazı, Aşığın Sazı” adı ilə keçirilən bahar şənliyində (atam Cəmil Əkbər, Aşıq Mikayıl Azaflı və bu sətirlərin müəllifi də iştirak edirdi həmin mərasimdə) O illərdə Azərbaycan Respublikası Aşıqlar Birliyinin başcısı ikən  sədəfli saz hədiyyə edildiyi zaman Xalq şairimiz Hüseyn Arif,  Ədalət Nəsibovun vurduğu qəm libasına bürünmüş əsrarəngiz gülünü dağlar qoynunda yerləşmiş bu məkanda da çalıb kövrək notlarla səsləndirməsini heç unuda bilmirəm. Hüseyn Arifin ifa etdiyi “Dilqəmi”də ən çox sevdiyi sadəcə iki xanədən ibarət dərdlərin, qəmlərin tüğyanı olan melodik fraqmentini musiqişünaslarımız üçün not nümunəsində təqdim edirik. Çünki bu iki xanədə vurduğu xallarla kifayətlənirdi Hüseyn Arif. Bu çalğısı ilə də ruhu doyur, musiqinin qəmi ilə eləbil ki, bir qədər təskinlik tapırdı ovunması üçün. Musiqinin geri qalan hissələrini daha çalmağa ehtiyac duymurdu Hüseyn qağa nədənsə?

1982-ci ildə 20 yaşında Qazax elinin bir yeniyetmə şairimizin bu sətirlərin müəllifinə həsr etdiyi “Aşıq” rədifli qoşmasının bir bəndi sanki Hüseyn Arifin daxili aləminin təlatümünü ikinci misrada necə də mənalı gözəl poetik deyimlə anlatmışdı:

“Ürfani” çal, qoy ruhumuz dincəlsin,

“Dilqəmi” çal dərdimizi saz desin.

Bala-bala sözlərdən də de gəlsin,

Qoy tökülsün dodağından bal aşıq.

Hüseyn Arif günlərin birində Gəncə torpağında ziyarətdə olarkən yerli şairlərlə yanaşı atam Cəmil Əkbərlə da görüşmüş, yazdığı yeni şeirləri ilə tanış etmişdir şair timsallı oxucularını. Hüseyn Arif Azərbaycan Elmlər  Akademiyasının müxbir üzvu, böyük riyaziyyatçı alim, Professor Qoşqar Əhmədliyə həsr etdiyi “Hesablamazdı” rədifli bir qoşmasını atam  Cəmil Əkbərə oxuduğu zaman bəndin bir misrası üzərində şairlə olan dialoqunu mənə anlatdığını "525-ci qəzet"in oxucularına çatdırmaq istərdim.

“Hesablamazdı” rədifli bir qoşmasını atam  Cəmil Əkbərə oxuduğu zaman bəndin bir misrası üzərində şairlə olan dialoqunu mənə anlatdığını 525-ci qəzetin oxucularına çatdırmaq istərdim.

Hesab müəllimi, hesab alimi,

Hesabla düşünüb, hesabla yazdı.

Qohum-qardaş üçün itən günləri,

Heç zaman, heç yerdə hesablamazdı.

Bu bəndi oxuduğu zaman 3-cü misradakı fikirlə razılaşmayan atam  Cəmil Əkbər Hüseyn Arifə iradını bildirmiş və bu misranı düzəltməsini təklif etmişdir. Cəmil Əkbər Hüseyn Arifə belə deyir: “Ay qağa tanınmış riyaziyatçı alim haqda yazdığın şeir çox gözəldir heç bir söz ola bilməz. Fəqət “Qohum-qardaş üçün itən günləri” misrasını düzəltməni xahiş edirəm. Çünki Qoşqar müəllimin  30-a yaxın aspirantları Orta Asya respublikalarından (Özbəkistan, Türkmənistan, Qazaxıstan) Ukraniyadan, Şimali Qafqazdan hətta, Rusiyanın fərqli bölgələrindən gəlib elmi rəhbərliyi altında dissertasiyalarını uğurla müdafiə etmişlər.”  

Cəmil Əkbər,  Qoşqar müəllimi ən yaxından tanıyan bir eloğlu kimi alimin xoşməramlı fəaliyyətinə yaxından bələd idi.  Qoşqar müəllim təkcə qohum –qardaş üçün vaxt itirməyib. O, el oba üçün həmdə xalqı üçün zamanını, elmi fəaliyyətini məqsədyönlü və səmərəli şəkildə xərcləmiş, biliyini etibarlı, gələcəyinə inandığı gənc elm adamlarına təmənnasız xırd etmişdir. Atam Cəmil Əkbər bu baxımdan  Huseyn Arifin “Qohum-qardaş üçün itən zamanı” misrasını deməklə  Qoşqar müəllimin əməyinin qiymətini bir qədər azaltmış olmasının fərqində idi. Təbii ki, yüksək şair zövqünə malik Hüseyn qağamıza edilən bu təklif onun ürəyincə də olmuş və Cəmil Əkbərin bədahətən dediyi “el üçün, xalq üçün” kəlməsindən faydalanaraq qələmi çıxarıb həmin misranı qaralayaraq  üzərində düzəliş etdikdən sonra şeiri daha da mükəmməl hala gətirmişdir. Cəmil Əkbərin ağzından çıxan kəlməni şairlik fitrəti ilə ipə-sapa düzən Hüseyn qağa daha  sonralar həmin şeiri elə bu variantda şeir kitablarının birində yayınlatmışdır. 

Yeri gəlmişkən Hüseyn qağamızla bağlı bir xatirəni də xatırlamaqdayam əziz oxucularım. Qoşqar müəllimin haqq dünyasına qovuşmasından dərin kədər hissi keçirən Hüseyn Arifin məşhur Riyaziyyatçı alim haqda verdiyi dəyər, iki misrada həm şairimizin həm də elm xadiminin şərəfinə layiq olan mükəmməl poetik misra hesab edilə bilər.  

İtgi var bir evi yandırıb yaxır,
İtgi var bir eli yandırıb yaxır.

Xəyalım daha öncələrə getdi bir anlıq əziz oxucularım. Atam Cəmil Əkbər “Əmək məhsuldarlığının  artırılması” adlı dissertasiyasını müdafiə etmək üçün 1964-cü ildə Bakıda olduğu vaxt Qoşqar müəllim ona demişdir ki, “Ay Cəmil, müdafiədən sonra bizə gələrsən!”. Cəmil Əkbər müdafiədən sonra axşam saatlarında  Qoşqar müəllimin yaşadığı ünvana təşrif gətirdiyi vaxt evdən saz səsi, aşıq səsi, çal-çağır sədaları gəldiyini eşidir. Və evə daxil olduqda 1956-cı ildə Tələbə və Gənclərinin 6-cı Ümumdünya festivalının qızıl medalına layiq görülən məşhur aşıqlardan İmran Həsənovla, Əkbər Cəfərovun da bu məclisə dəvət edildiyini görur. Qoşqar müəllim Cəmil Əkbərə xitabən deyir: “Azərbaycanımızın bu sazlı sözlü bülbüllərini sənin uğurlu elmi müdafiəni şərəfləndirmək üçün dəvət etmişəm a Cəmil!”. 

Bu diqqət uzun illər Cəmil Əkbərin qəlbində əbədilik insani hisslərin ən yüksək əlaməti kimi ömrünün sonunadək həkk olundu. Bu keçən illər ərzində də Cəmil Əkbər Professor Qoşqar Əhmədliyə borclu qalmamışdır. Çünki 1967-ci ildə Qoşqar müəllimin 50 illik yubileyinə dəvət alan Cəmil Əkbər, Azərbaycan Dövlət Universitetinin akt zalında təşkil olunan yubiley mərasımində çıxış üçün xoş sözlərini bildirdikdən sonra  28. Oktyabrda yazdığı “Sizi bu gün təbrik edir” rədifli şeiri ilə yubiliyarı salamlayır.

Sizi bu gün təbrik edir, bizim doğma Azərbaycan,  
Gədəbəyli, Lənkəranlı, Daşkəsənli, Qarabağlı,                                             
Bakı, Gəncə, Mingəçevir, Qazax, Tovuz bütün hər yan.
Masallı da, Yardımlı da, Kəlbəcərli, Laçınlı da,                                             
Naxçıvanlı, Balakənli, Şamaxılı, Şəkili də.

Sizi bu gün təbrik edir, əli yeni qələm tutan,     
Yazı yazan, dərs oxuyan, bağ suvaran, pambıq dərən,
İnək sağan, mal otaran, yer şumlayan, toxum səpən,    
Sülh işinə keşik çəkən, dağlar çapan, buruq qazan, 
Elm öyrənən, əsər yazan, heykəltaraş, şəkil çəkən,   
Bağ becərən, ağac əkən, körpə, cavan qocalar da,  
Bizim evdar qadınlar da, analar da, bacılar da.

Sizi bu gün təbrik edir, zəhmətilə ucalanlar,   
Zəfər çalıb bac alanlar, sizdən ilham, güc alanlar.
Tələbələr, aspirantlar, doktorantlar, dissertantlar.
Xanəndələr, aşıqlar da, sənətkarlar, xadimlər də,
Neçə-neçə qəzəlxanlar, şairlər də, ədiblər də.

Bu coşğulu çıxışı səhnədə böyük alqışlarla qarşılandığı üçün Qoşqar Əhmədli anidən ayağa qalxıb Cəmil Əkbərə xitabən belə deyir: “A Cəmil, səhnəni dağıtma!”. 

Böyük elm xadimini hər zaman ülvi xatirələrlə xatırlayan Cəmil Əkbər el oğlusu Qoşqar müəllimə bir poema və bir neçə şeirlər həsr etmişdir. “Eloğlu” rədifli gəraylısı  məhz Qoşqar müəllimə ərmağan olunmuşdur.  

Haqqı-sayın boynumdadır,
Unutmanam ay eloğlu,
Məhəbbətin qoynumdadır,
Soyutmanam ay eloğlu.

Dağ başını dumanlara,
Könülləri gümanlara,
Yaxşıları yamanlara,
Mən qatmaram ay eloğlu.

Cəmiləm düşsəm dərinə,
Qurbanam mərdin sərinə,
Nəmərdləri mərd yerinə,
Mən tutmanam ay eloğlu.

10 fevral 1975-ci il tarixində Qoşqar müəllimin 57 yaşında qəfil vəfat etməsi xəbəri Cəmil Əkbəri çox kədərləndirmiş, əziz dostunun matəm günündə “Bu dərd” rədifli qoşması ilə poetik dillə sankı ağı deyir. Şeirin hər bəndi kədər dolu nisgili, xiffəti, qəmi, intizarı əks etdirir. Səmimi hisslərin tüğyanı bu şeirdə  baş alıb gedir.

Nə qədər bəd xəbər, nə qədər kədər,
Ağrıtdı qəlbimin başını bu dərd.
Bu itki ağrısı qəlbimi didər,
Tökdü gözlərimin yaşını bu dərd.

Köçdü elimizin mayağı Qoşqar,
Dar gündə köməyi, dayağı Qoşqar,
Alimlər dəsinin oyağı Qoşqar,
Gətirdi qəlbimin qışını bu dərd.

Əydi vüqarımı bu kədər, bu qəm,
Köçdü dünyamızdan ən yaxın həmdəm,
Qövr edib bu dərddən alışdı sinəm,
Qısaltdı dostların yaşını bu dərd.

Sarsıtdı dostların cəm xəyalını,
Pozdu növrağını cah-cəlalını,
Artırdı hamının dərd-məlalını,
İtirdi əqlini, huşunu bu dərd.

Elimi, obamı Qoşqarsız qoydu,
Əyib qamətimi, vüqarsız qoydu, 
Dözümsüz, durumsuz, tutarsız qoydu,
Sındırdı məhəbbət daşını bu dərd.

Çəkdi sinələrə düyünlər, dağlar,
Bacılar başına qaralar bağlar,
Qohumlar yas tutub illərlə ağlar,
Pozdu bir ordunu, qoşunu bu dərd.

Gördüm ki əlac yox, müşgülü-halam,
Qəlbimi göynədir fəqanım, naləm,
Ağladı el-oba, ağladı aləm,
İtirdi sərimi, guşimi bu dərd.

Yanıb-yaxılmasın qardaş, bacılar,
Dözmək çətindirsə, nə əlacı var?
Bu bəşər çox görüb belə acılar,
Ağardar çoxunun başını bu dərd.

Əsl insan el içində ad alar,
Əməlindən qidalanar, dad alar,
Ürəyindən çınqı düşər, od alar,
İnlətdi Cəmilin döşünü bu dərd.

Bir xatirəm də Hüseyn Ariflə Cəmil Əkbərin “Sən də sus” rədifli şeirlə deyişməsi ilə bağlıdır əziz oxucularım. Hüseyn Arifin “Sən də sus” şeirini 1987-ci ildə oxuduqdan sonra Cəmil Əkbər eyni rədifdə bu şeirə 20  Sentyabr tarixində cavab vermək  qərarına gəlir:

SƏN DƏ SUS
 

Hüseyn Arif
Asta tərpət ayağını, əlini,
Yaxşı susur, yaman susur, sən də sus!
Vaxt-vədəsiz işə salma dilini,
Qanmaz susur, qanan susur sən də sus!

Cəmil Əkbər
Hüseyn Arif gəl bəşərə sus demə, 
Arzu, istək,dilək sussa sən də sus! 
Hər yetənə yerli-yersiz kəs demə, 
Vicdan sussa, məslək sussa sən də sus!

Hüseyn Arif
Palıd qopur bircə anın içində,
Gözdən itir dağ-dumann içində,
Yar-yoldaşın, el-obanın içində,
Enən susur, qalxan susur, sən də sus!

Cəmil Əkbər
İnsanoğlu bir-birini bezdirir, 
Hər əzaba, əziyyətə dözdürür,  
Cəhənnəmi diri-diri gəzdirir, 
Hiylə sussa, kələk sussa sən də sus!

Hüseyn Arif
Bilirsənmi kim izləyir, kim güdür?
Kor yapalaq qızıl quşu ülküdür,
Güman etmə bu tülkü, o tülküdür,
Pələng susur, aslan susur, sən də sus!

Cəmil Əkbər
Meydan açıb gör nə deyir ağalar,    
Böyük-kiçik pəsinməyir “qağalar”, 
Səs-küy salır, qığıldayır çağalar,
Nənni sussa, bələk sussa sən də sus!

Hüseyn Arif
Xeyri nədir yeri-göyü soraqla,
O kitabı, bu kitabı varaqla,
Öz-özünə ha gurulda, ha çağla,
Dərya susur, ümman susur, sən də sus! 

Cəmil Əkbər
Sinəsinə çox döyənlər getdilər,
Öz-özünü çox öyənlər getdilər,
Harın-harın çox yeyənlər getdilər,
Çərxi-fələk bir an sussa sən də sus. 

Hüseyn Arif
Dar macalda nə ordular basılıb,
Qancırğadan neçə başlar asılıb, 
O yerdə ki birbirinə qısılıb,
Qartal susur, tərlan susur, sən də sus!

Cəmil Əkbər
Yaxşı-yaman birbirindən seçilir,
Boya görə öz xələti biçilir,
Çox “nəhənglər” məqam gəlir kiçilir,
Xəlbir sussa, ələk sussa sən də sus!

Hüseyn Arif
Nə kamala, nə vicdana güvənmə,
Saf ürəyə, sağlam cana güvənmə, 
Bu dəvaya, bu dərmana güvənmə,
Görmürsənmi Loğman  susur, sən də sus!

Cəmil Əkbər
Təbiətin fitrəti var a şair,
Mərd igidin qüdrəti var a şair,
Qəzəbi var, hiddəti var a şair,
Tufan sussa, külək sussa sən də sus.

Hüseyn Arif
Adam demə, hər adama həyatda,
Qafil olub çəkmə xana həyatda, 
Hüseyn Arif baş aparma həyatda,
Zaman  susur, dövran susur, sən də sus!

Cəmil Əkbər
Cəmil Əkbər yaratmağa çalışır, 
Ömürləri uzatmağa çalışır, 
İnsanlığı yaşatmağa çalışır, 
Fikir sussa, dilək sussa sən də sus!

Ustadlarıma Allahdan rəhmət diləyirəm...
 

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.