525.Az

Qəhrəman ömür yoldaşımın onsuz doğum gününə...

[16.08.22]
Qəhrəman ömür yoldaşımın onsuz doğum gününə...<b style="color:red"></b>

Xalisə MƏMMƏDOVA

 

16 Avqust Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçısı Şəhid Amil Rasim oğlu Hüseynovun 36-cı doğum günüdür. Cənnətdəki 2-ci mövludun mübarək, əzizim!

Qısa arayış: Hüseynov Amil 1986-cı il avqust ayının 16 da Füzuli rayonun Əhmədalılar kəndində anadan olub. Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbində gedib. 2004 -cü ildə orta məktəbi bitirdikdən sonra 2004-2006 -cı illər ərzində Beynəlxalq Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan Sülhməramlı qoşunlarında həqiqi hərbi xidmətdə olub.

Məktəbdə oxuduğu müddətdə idmanın karete növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edərək yüksək nəaliyyətlər qazanıb. 1-ci, 2-ci və 3-cü yer diplomlarına layiq görülüb. 2003-cü ildə Respublika çempionatlığında iştirak edib, 1 (birinci) yerin sahibi olaraq Respublika çempionu adına layiq görülüb. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə çıxıb.

Amil fəaliyyətinə 2010-cu ildən Azərbaycan Respublikasının Daxili qoşunlarında başlayıb. Daha sonra Azərbaycan Respublkasının Milli Ordu sıralarında Müddətdən artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəliyyətini davam etdirir. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı olaraq təlim kursu keçib. O, ixtisaslaşmış, işinin sirlərini, hər bir incəliyini bilən bir hərbçi idi.

Amil Hüseynov Beyləqanda və Füzulidəki N saylı hərbi hissələrdə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas bölgələrində xidmət edib. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə, hərbi hissəyə verilmiş tapşırıqların yerinə yetirilməsinə və intizamına görə daim fərqlənən Amil Hüseynov 2016-cı ildə Fəxri fərman ilə mükafatlandırılıb.

27.09.2020 -ci ildə başlayan 2-ci Qarabağ müharibəsinin fəal iştirakçısı olan, ən ön sıralarda döyüşən Amil Hüseynov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib. 10.10.2020-ci ildən Şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapılıb və 10 Dekabr 2020 -ci ildə öz doğma kəndində böyük izdihamla son mənzilə yola salınıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Amil Hüseynov şəhadətindən sonra "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə", "Şuşanın azad edilməsinə görə", "Vətən uğrunda"  və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

****

Azərbaycanın 30 illik vətən həsrətinə son qoyan, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsi sinəsi düşmən tapdağından qübar olmuş Qarabağımızı doğmalarına qovuşdurdu. Həmin 44 gün ölkəmizin taleyini dəyişdiyi kimi, insanların da həyatında heç vaxt yaşamadığımız hisslərlə, acılı-şirinli xatirələri ilə silinməz izlər buraxdı, köksümüzdə dərin duyğulara yol açdı. Elə Amil ilə mənim keçirdiyimiz tək əlamətdar günümüz olan Amilin doğum günü xatirələri kimi.

2020-ci ilin 27 sentyabr səhərini gözlərimizi atəş səsinə açdıq. Tez həyətə çıxdıq. Başımızın üzərindən təyyarələr, helikopterlər cəbhə istiqamətinə doğru yol alırdı. Atəş səsləri isə sanki buludları qoparıb yerə atacaqdı. O an təlaş içində ön xəttə olan yoldaşıma və qardaşıma zəng etdim. Heç birinə zəng çatmadı. Söndürülmüş telefonlar artıq vəziyyətin nə yerdə olduğundan xəbər verirdi.

Müharibə başlanan gün bizim Amil ilə evliliyimizin iki ayı tamam olurdu. Biz yenicə ailə qurmuşduq - 26 iyul 2020-ci ildə. 16 avqust Amilin doğum günü isə evimizdə birlikdə qeyd etdiyimiz ilk və tək əlamətdar günümüz oldu. Bir gün əvvəl anamın ad günü idi. Amillə birgə onu təbrikə getmişdik. 16 avqustda isə biz evdə məclis etdik. Həmin gün fürsətim olmadığından Amilimə hədiyyə almamışdım. Düşündüm ki, hələ qarşımızda çox illərimiz var, hədiyyə alacaq çox vaxtımız olacaq. Özüm də geyinib, bəzənmişdim. O qədər diqqətli və qarşısındakı insana dəyər verəcək qədər böyük ürəkli insan idi ki, onun doğum günü üçün evdə olsa da təzə paltar geyinməyim belə onun diqqətini çəkmiş, onu da özünə bir hörmət olaraq xüsusi sayğı ilə yanaşmışdı. Həmin gün komandiri çağırdığından ad gününü bütün ailə bir yerdə Amilsiz qeyd edirdik. Zarafatla, - Amil özü yoxdur biz də təntənə ilə onun ad gününü qeyd edirik, - dedim. Bu sözü deyəndə heç təsəvvür belə etməzdim ki, bundan sonra Amilimin bütün doğum günləri onsuz keçəcək. Zaman ötəcək, amma yaş elə bu ilki kimi 34 qalacaq.

Həmin günü deyə- gülə başa vurduq. Onunla birlikdəykən hər günüm özəl, mənalı, xüsusi, yaddaqalan idi. Bəs ondan sonra...?! İndi bütün suallarımın sonunda bir nida var. Bilirəm, hər sualımın bir cavabı olmadığını. İndi heç bir günümün yekunu, nəticəsi yoxdur. Eyni xatirələr, bədənimin öyrəşdiyi həzin sızıltı ilə günlər bir-birini ötürür. Dəyişən bir tək toy və nişan günlərimiz, Amilin anım, doğum, dəfn günləridir ki, həmin günlərdə ağrılarım şiddətlənir, günü başa vurmaq ağır gəlir.

Sonuncu dəfə 5 oktyabrda əlaqəmiz oldu mən ona onunçün darıxdığımı dedim, müharibənin nə vaxt bitəcəyini soruşdum. Son sözü belə oldu: “Müharibə bilmirəm nə qədər çəkər, amma belə getsə, deyəsən, Şuşadan gələcəm inşallah. Allah kərimdir, narahat olma, mən səni heç vaxt tək qoymaram, İnşallah yaxşı olacaq hər şey”. Daha o gündən sonra Amildən heç bir xəbər ala bilmədik.

10 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Amilin nəşi 60 gün sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapıldı. 10 dekabrda öz doğma kəndi Füzuli rayon Əhmədalılar kəndində dəfn olundu. Amilimin dəfn günü həm də mənim doğum günüm idi. O günlər ərzində mən inanırdım, ümid edirdim ki, nə olur olsun, harda olur olsun, Amil həmin gün gələcək. Çünki o mənə həmişə 10 dekabrı xüsusi qeyd edəcəyimizi deyirdi. Dedi və etdi. Həmin gün Amil mənə üç rəngli ay-ulduzlu bayrağa bükülmüş tabutunu və ömrümün sonuna qədər şərəflə, qürurla daşıyacağım “şəhid yoldaşı” adını hədiyyə etdi. Həyatım boyu unutmayacağım və bir ömür sindirə bilməyəcəyim bir doğum günü hədiyyəsi. Daha 10 dekabr mənim üçün bir tək Amilimin şəhadətə qovuşduğu gündür. O gündən sonra mən ömrümü yaşanmış və bitmiş hesab edirəm. Çünki ondan sonra mənim üçün həyatın heç bir dadı, heç bir rəngi yoxdur artıq.

Doğum günləri ilə bağlı bizim qəribə qismətimiz var. Bu qədər bayramlar, əlamətdar günlər içində bir tək Amilin doğum günü oldu bizim ən yaddaqalan günümüz. Bir də heç vaxt unuda bilməyəcəyim 10 dekabr- mənim doğum günümdə Amilin dəfn günü. Görəsən, həmin günün mənası nədir?! Mənim həyatımmı, onunla birlikdə torpağa qoyuldu, yoxsa, Amil həmin gün mənimlə birgəmi doğuldu?!...

 

Onun döyüş yoldaşları, komandirləri, onu tanıyan hər kəs Amil kimi cəngavər oğlan ölməz, o özünü erməni gülləsinə qurban verən oğlan deyil deyib, onun göstərdiyi şücaətdən, qəhrəmanlıqlardan bəhs edərdilər. Mən isə onun haqqında hər dəfə elə sözlər eşidəndə daha da qürurlanırdım, “İlahi, mən necə bir qəhrəmanın yoldaşıyam”- deyib- həm onunla, həm də onun kimi qəhrəmanın həyat yoldaşı olduğum üçün özümlə fəxr edirdim. Sən demə, Amil növbəti döyüş əməliyyatı zamanı yağış tək yağan mina atan mərmilərindən özünü qorumağa çalışarkən düşmədən alınmış postlardan birində piyada əleyhinə minaya düşüb. Tək qalıb qan itirərək şəhadətə yüksəlib.

Bu yaxınlarda kitab şkafımda səliqə-səhman yaradırdım, yazılmış dəftərlərimi vərəqləyərkən qəflətən qarşılaşdığım bir yazı məni xəyalən çox uzaqlara aparmasa da, çox dərin bir hiss yaratdı... 2020-ci ildə müharibə vaxtı  yazılmış, unutduğum bir hesabat... Buna öz aləmimdə “ailə hesabatı” deyim... Amildən artıq 25 gündür səs-soraq yox idi... 30 sentyabr və 30 oktyabrda aldığım maaşımı xərclədikcə qeyd etmişəm, çünki evin maddi problemlərini Amil özü həll edərdi. Bilirəm o məndən mənim maaşımın hesabını çəkməzdi, amma bizim ayrı hesabımız da olmazdı... Amil gələndə hara nə qədər xərclədiyimdən xəbəri olsun deyə... Bunu yazmaq əsla bizim bir-birimizə olan güvənimizlə, inamımızla əlaqəli deyil, sadəcə, biz hər işimizi, hər atdığımız addımı birlikdə məsləhətləşib edirdik, ona görə də o yanımda olmasa qəlbən yenə də onunla hesablaşmadan olmazdı. Yazını qarşımda görəndə göz yaşlarımı saxlaya bilmədim, ən sadə istəklər belə yarım qalmışkən, ən böyük arzulara çatmaq xəyal belə edilməzmiş...

Bu Vətən müharibəsi yaddaşımızda silinməz xatirələri ilə qalması ilə yanaşı, həm də bir həyat dərsi oldu, deyərdim. İnsanın ən böyük sərvəti sevdiyinin yanında olması, ən dəyərli xərci sevdiklərinlə keçirdiyin vaxt və ən düzgün hesabı sevdiklərinlə olan gözəl anılardır. Məncə, həyat məktəbinin bir mövzusu var o da sevgidir.  Həyat bizi nə qədər sınağa çəkir-çəksin ürəyimizdəki sevgi ilə qalib gələ bilərik ancaq... Amilimin sonuncu dəfə evdən çıxarkən cibində götürdüyü 20 manatı sonuna qədər xərcləməyə fürsət verməyəcək qədər anidir ömür... İndi o hesabatı yüz dəfə, min dəfə hazırlasam varmıdır onun Amil üçün bir mənası, ya da dünyanın bütün maddi sərvətini versəm də bir anlıq belə olsa qaytararmı, Amilimin bir telini, bir gülüşünü?!.

Həyat sevdiklərimizdən ibarətdir!

Hər il avqustun 16-sı yaxınlaşanda düşünürəm ki, O mənə “Şəhid yoldaşı” kimi ömürlük  bir şərəfli adı doğum günü hədiyyəsi olaraq verdi, getdi. Bəs qarşılığında mən ona nə hədiyyə edim onun ruhu şad olsun, mənim də qəlbim az da olsa təsəlli tapsın. O səssiz, soyuq məzar daşına aparacağım gül dəstələri mənə təsəlli deyil. Nəhayət, özümü ona yazdığım bir məqalənin sonunda tapıram. Və göz yaşımla qarışmış məqaləyə çevrilən bu sətirləri onun doğum gününə hədiyyə edirəm. Cənnətdəki mövludun mübarək, Amilim.

Şəhidlər ölümündən doğulanlardır. Onlar bircə dəfə bu dünyaya gəlirlər və heç vaxt ölmürlər.  “8 noyabr 2020-ci il” bütün şəhadət əhlinin doğum günüdür!

Hər şeyə rəğmən, Vətən sağ olsun!

*****

Qara gözlüm, gözlərinə qurban oldu qara bəxtim... 

Niyə məni bürüdün sən gözlərinin qarasına?!...

Mən bilmirəm baş götürüm gedim axı, bu dünyanın harasına... 

Səndən sonra başqa rəngi yox dünyamın, səndin mənim tək gümanım...

 

Sənsiz baş açmıram daha nədir yalan, nədir doğru... 

Güvəndiyim dağım belə, təbiətin oyununa gəldisə,

Daha bu dünyaya məndən nə bir sual, nə də sorğu... 

Məqamının işığıyla yol alıram sənə doğru...

 

 

 

 

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.