525.Az

Biz Laçına qayıdırıq...

[16.08.22]
Biz Laçına qayıdırıq...<b style="color:red"></b>

"Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Dövlətqaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq".

Prezident  İlham Əliyevin bir neçə gün öncə səsləndirdiyi bu fikirlər bütün laçınlılar, xüsusən də Zabux və Sus kəndlərindən olan insanlar böyük sevinclə qarşıdılar. Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurlarına qayıtmasına imkan yaradır.

Azərbaycan addım-addım işğal olunmuş ərazilərə tam nəzarəti bərpa edir. Mərhələli şəkildə Ağdam və Kəlbəcərdən sonra Laçın şəhəri və onun kəndləri də düşməndən təmizlənir, bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi işləri sürətlə davam etdirilir. Ermənilərin ərazini tərk etdikdən sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə başlanacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkililə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunan müşavirə keçirilib, bir qrup Laçın sakini ilə görüş təşkil olunub. Ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan Laçın şəhəri, həmçinin, Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.

 

"Azərbaycanın qəti mövqeyi öz nəticəsini verdi"

 

Mahir Abbaszadə, Laçın rayonundan Milli Məclisin deputatı:

- Bu illər ərzində bütün laçınlılar öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyiblər. Cənab Prezident İlham Əliyevin "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq" sözləri laçınlılar üçün böyük sevincdir. Biz xoşbəxtik ki, dövlət başçımız belə bir gözəl, əhəmiyyətli xəbəri verdi. Azərbaycanın bugünkü günləri ölkəmizin gələcək inkişafından xəbər verir. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində keçmiş məcburi köçkünlər yaxın vaxtlarda öz ata-baba yurdlarına əbədi qayıdacaqlar və orada yaşayıb-yaradacaqlar.

İşğal dövründə həmin ərazilərdə Ermənistan tərəfindən qanunsuz məskunlaşma həyata keçirilib. Laçın şəhəri, Zabux və Sus kəndlərinə Suriyadan, Livandan gətirilmiş ermənilər qanunsuz olaraq yerləşdirilmişdi. Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına və müvafiq konvensiyalara ziddir. İndi onlar Azərbaycanın həmin ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu da gecikdirməyə çalışırdı. Lakin Azərbaycanın qəti mövqeyi öz nəticəsini verdi və bir daha göstərdi ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə zaman-zaman nail oluruq.

 

"Əl-ələ verib kəndimizi yenidən bərpa edəcəyik"

 

Allahverdi Əliyev, Zabux kənd sakini:

- Ermənilər yurdumuzu işğal edənədək ailəmlə birlikdə Zabux kəndində yaşamışıq. Mən kənddə sovxozda işləyirdim. Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən bir qədər yuxarıda - iki çayın arasında, Zabux çayının sol sahilində yerləşirdi. Sonradan kənd bir qədər də böyümüş, çayın əks tərəfində, Alxan dərəsində də xeyli evlər tikilmişdi. Zabux kəndi Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşdiyi üçün Ermənistana gedən beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bizim kəndin ərazisindən keçirdi. Üç kənddən - Zabux, Sus, Qızılca kəndlərini birləşdirən "Komsomol" kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri bu kənddə yerləşirdi. Kənddə qədimi su dəyirmanı da olub. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda yem tədarükü üçün böyük anbarlar, geniş ərazidə ot tayları da vardı. Kənddə yerli Zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından, Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdılar. Zabux kəndindən keçən çaylar sayəsində bağ-bostan təsərrüfatı yaxşı inkişaf etmişdi. Tut ağacları çox olduğu üçün dədə-babadan bu kənddə baramaçılıqla da məşğul olurdular. Bundan başqa, tütün də əkilirdi. Hər üç kəndin ərazisində tütün emal etmək üçün tikililər mövcud idi. Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi. Zabuxlular çay balığı ovçuluğuna da yaxşı bələd idilər. Zabuxda yaxşı divar ustaları və iri daşlardan başdaşı yonmaq peşəsinə yiyələnmiş ustalar var idi.

Biz doğma yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Nəhayət, 30 illik yurd həsrəti bitəcək, biz Zabuxa, Susa, doğma ata-baba torpaqlarımıza qayıdacağıq. Laçın rayonu Azərbaycanın ən gözəl, füsunkar guşələrindən biridir. Allah bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Belə bir diyarda yaşamaq böyük xoşbəxtlikdir. Artıq 30 illik həsrətə son qoyulur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti nəticəsində Laçın, Zabux, Sus düşməndən təmizlənir. İllərdir doğma yurd həsrəti ilə yaşayan laçınlılar indi ata-baba torpaqlarına qayıtmağa hazırlaşır, o günü səbirsiziklə gözləyirlər. Gedib əl-ələ verib doğma yurdumuzu yenidən bərpa edəcəyik.

 

"Bu 30 ildə Zabuxdan uzaq qalmaq çox çətin oldu"

 

Nəsib Abbasov, Zabux kənd sakini:

- Bu otuz ildə mən hər gün bir gün ata-baba yurduma qayıtmaq ümidi ilə yaşaymışam. Nəhayət, Zabux həsrəti bitir. Bundan böyük xoşbəxtlik ola bilməz. Gəncliyim o gözəl yerlərdə keçib. Həmin illər yaddaşımda ən gözəl xatirələrlə qalıb. Neçə illərdən bəri səbirsizliklə gözlədiyimiz bu xəbəri eşidəndə bayram etdik. Bu illər ərzində Vətəndən uzaq qalmaq çox çətin oldu. Qayğılı günlər yaşadıq, vətən həsrəti çəkdik. Artıq əzablı-əziyyətli günlərimiz geridə qalıb. Sevinirəm ki, övladlarımla ata yurduma qayıdacağıq, nəvələrim o torpaqlarda, doğma yurdda, o dağlarda, dərələrdə böyüyəcək. Bu kəndin hər qarışı mənim üçün əzizdir, doğmadır.

Eşitdiyimə görə, Zabuxu işğal etdikdən sonra vandal ermənilər kənd qəbiristanlığını, 100-dən artıq evi dağıdaraq məhv ediblər. Qəbiristanlığın ərazisində evlər tikərək bu müddət ərzində orada yaşayıblar.

Əsas doğma yurda qayıtmaqdır. Biz yenə qurub-yaradacağıq, tikəcəyik, əkəcəyik və əvvəlki kimi el-obamız firavan yaşayacaq.

Sevinc QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.