525.Az

Ədəbiyyat yolçuluğu: başlanğıcdan bugünəcən - fraqmentlər

İLK KİTABIMIN SONSUZ SEVİNCİ


[10.08.22]
Ədəbiyyat yolçuluğu: başlanğıcdan bugünəcən - <b style="color:red"> fraqmentlər</b>

 (Əvvəli ötən sayımızda)

Əyalətdə, paytaxtdan kənarda yaşayan, cavan bir qələm sahibi kimi mərkəzdə çap olunmağıma dəstək olan, redaksiyaların qapısını bir növ yağır etməyimə, sırtıq bir müəllif olmağıma qıymayan, o illərdə çalışdıqları ədəbi orqanlarda - "Ədəbiyyat qəzeti"ndə, "Ulduz", "Azərbaycan" jurnallarında işləyən Xalq şairi Cabir Novruza, Xalq yazıçısı Sabir Əhmədliyə, Abbas Abdullaya, Ələkbər Salahzadəyə, dostlarım Xalq yazıçısı Mövlud Süleymanlıya, Seyran Səxavətə də bir minnətdarlıq borcum var. Söhbət o illərdə yazılarımın çapından düşmüşkən, mən o vaxtlar "Gənclik" nəşriyyatında çalışan, nəşriyyatın nəşr etdiyi almanaxlarda hekayələrimin, hətta povestimin dərcinə yardımçı olan, o almanaxların tərtibçisi və redaktoru olmuş Çingiz Əlioğlunun adını da yada salmağı özümə borc bilirəm.

Beləcə, o illərdə "Azərbaycan", "Literaturnıy Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə, müxtəlif almanaxlarda yazdıqlarım çap oluna-oluna, hekayələrimdən ibarət qovluq isə nəşriyyatların planlarında ildən ilə keçə-keçə, nəhayət, "Yazıçı" nəşriyyatında axır ki, 1986-cı ildə 34 yaşımda "Gənc müəllifin ilk kitabı" seriyasından "Buz heykəllər əriyir..." adlı kitabım çap olundu. Təvazökarlıqdan kənar olsa da, deyim ki, o vaxtlar paytaxtdan kənarda, əyalətdə yaşayan bir qələm adamının kitabının işıq üzü görməsi az qala hadisə idi. Əlbəttə, Naxçıvan Muxtar Respublikası, Gəncə, Sumqayıt kimi böyük şəhərlərdə, Lənkəran, Qazax kimi bölgələrdə yaşayıb yaradan şair və nasirlərimizin kitablarının çapdan çıxması bir növ istisna idi.

lll

İkinci kitabım isə aradan xeyli keçəndən sonra 1992-ci ildə işıq üzü gördü. Və bu kitab deyim ki, mənə xüsusilə əzizdir. Səbəbini açıqlayım.

1992-ci ilin əvvəlləri idi. Artıq nəşriyyatların təsərrüfat hesabına keçdiyi bir vaxtda "Gənclik" nəşriyyatında "Ümid" adlı povest və hekayələr kitabım plan əsasında çapa hazırlanırdı. Kitab yığılıb səhifələnmişdi. Elə bu zaman məlum oldu ki, kitab lazımi tirajı yığmayıb və bu tiraj məsələsi bir-iki günə həll olunmasa, kitab işıq üzü görməyəcək.

Bir-iki gün şəhərdə kitab mağazalarını gəzib dolaşdım və təbii ki, o qarışıq vaxtlarda tiraj toplaya bilmədim. Məşhur "Tarqovı" küçəsi ilə məlul-müşkül üzü "Gənclik" nəşriyyatına tərəf addımlayarkən nəzərlərim "Kitab pasajı"nda ilişib qaldı. Dərhal yadıma Daşqın Qasımzadə düşdü.

Daşqın müəllim ilə məni həmişə yazılarıma diqqət və qayğı ilə yanaşan "Azərbaycan" jurnalının indiki baş redaktoru, ötən əsrin 80-ci illərinində isə redaksiyada məsul katib olan qardaşı İntiqam Qasımzadə tanış etmişdi.

Daşqın müəllim o zaman məşhur "Kitab pasajı"nın direktoru idi.

O vaxtlar şəhərə yolum düşəndə arabir yolumu bu kitab mağazasından salıb Daşqın müəllimlə görüşər, hal-əhval tutardım. Ayrılanda Daşqın müəllim "altdan satılan", çətin tapılan kitablardan hökmən bir neçəsini mənə hədiyyə edib hörmətlə yola salardı.

Ləngimədən Daşqın müəllimin yanına yollandım. Ənənəvi hal-əhvaldan sonra məsələdən agah olan Daşqın müəllim: "Əşi, min nüsxə nədir, mən sənin kitabının bütün tirajını götürüb satmağa hazıram", - deyərək nəşriyyatın direktoru Əlican Əliyevə zəng vurdu. Nəşriyyat direktoru ilə sözləşib-razılaşandan sonra kitabın nəşri, necə deyərlər, rəsmiləşdirildi.

İndi aradan illər keçəndən sonra neçə-neçə kitab müəllifi olsam da, həcmcə elə də böyük olmayan, nazik bir kitab. O kitabın çapında dost qayğısını, nə vaxtsa kəsilən halal duz-çörəyə qiymət qoyub kömək üçün əlindən gələni əsirgəməyən bir insanın diqqətini, etibarını görmüşəm... Bax, ona görə bu kitabım mənə çox əzizdir.

Ancaq nə yazıqlar ki, xeyirxah, etibarlı insanlar çox vaxt həyatdan erkən gedib dostları tez tərk edirlər. Daşqın müəllim də dünyadan vaxtsız getdi!

Ulu Tanrı öz haqq dünyasına qovuşan dostlarımıza qəni-qəni rəhmət eləsin! Aramızdakıları hifz etsin! Bir də dostları elə özümüz də qorumalıyıq!

lll

Və nəhayət ki, ilk nəsr kitablarımdan olan "Dəvə Şirvan yolunda..." adlı elmi-publisistik kitab.

Təvazökarlıqdan kənar olsa da, deyim ki, sonralar bir neçə dissertasiya işində bu kitabımdan elmi mənbə kimi istifadə edilmiş, istifadə olunan ədəbiyyat siyahısında adı qeyd olunmuşdu.

Ötən əsrin 80-ci illərində o zaman Azərbaycan Yazıçılar İttifaqının nəzdindəki Bədii Ədəbiyyatı Təbliği Bürosu adlı bir təşkilat da var idi və o vaxtlar bu təşkilatın xətti ilə tanınmış şairlər, yazıçılar, bir sözlə, yaşlı, cavan qələm sahibləri yaradıcılıq "putyovka"ları ilə rayonlara ezam olunur, müxtəlif müəssisə və təşkilatlarda, təsərrüfatlarda olur, öz oxucuları ilə görüşlər keçirirdilər. Deyim ki, mənim adıma da belə "putyovka"lar göndərilirdi və Bakıdan gələn iki nəfərlik qrupun üçüncü üzvü kimi onlara qoşulub tədbirlərin iştirakçısı olurdum.

Belə qonaqlardan növbəti dəfə ikisi, o illərdə hər sayı milyon tirajla çap edilən, məktəblilərin sevə-sevə oxuduğu mətbu orqanı, "Pioner" jurnalının baş redaktoru, uşaqların sevimli yazıçısı Nəriman Süleymanov, eləcə də şeirləri balaca oxucuların dillərinin əzbəri, "Dövlətnəşrkom"un "İşıq" nəşriyyatında çalışan Qəşəm İsabəyli idi. Rayonun müxtəlif yerlərində yerləşən müəssisə və təşkilatlarına görüşə gedərkən mən qonaqlara yolboyu gördüyümüz, özlüyümdə onlar üçün maraqlı bildiyim, necə deyərlər, hər daş, hər ağac haqqında bildiklərimi danışırdım. Birdən Qəşəm müəllim: - Aydın, bəs indi bizə danışdıqlarını niyə qələmə almırsan? - deyə soruşdu.

Nəriman müəllim də dərhal söhbətə qoşulub: - Əgər sən bu danışdıqlarını yazıb bizə yollasan, mən də onları jurnalda məmnuniyyətlə çap edərəm, - deyə Qəşəm müəllimin sözlərinə qüvvət verdi.

Rayonumuzn tarixi keçmişi, etnoqrafiyası, folkloru haqqında yazdığım ayrı-ayrı üç yazını "Dəvəçiyə səyahət" adı ilə ümumi bir başlıq altda jurnala yolladım. Qısa bir müddət sonra "Pioner" jurnalında hər üç yazı işıq üzü gördü. Yazıların çapından sonra geniş qəlbli, xeyirxah, mehriban, qayğıkeş, həm də tələbkar bir redaktor olan Nəriman müəllimin yazılarımın oxucular tərəfindən də maraqla qarşılandığını, bu səpkidə növbəti yazılarımı gözlədiyi xəbəri məni daha da ruhlandırdı. Topladığım folklor nümunələrini, qədim Şabran şəhəri, tarixlər yaşıdı Çıraqqala, bölgənin zəngin etnoqrafiyası haqqında əldə etdiyim yeni materiallar, publisistik janrda qələmə aldığım digər yazılar ayrı-ayrı illərdə jurnalın müxtəlif saylarında vaxtaşırı işıq üzü gördü.

Jurnalda çap olunan bu yazılarımın bir oxucusu da, demə, Qəşəm İsabəyli imiş. Və günlərin bir günü Qəşəm müəllim o yazılara yenidən əl gəzdirib kitab halında "İşıq" nəşriyyatına təqdim etməyi mənə məsləhət gördü. Beləliklə, o vaxtlar Siyəzənin də eyni inzibati ərazi bölgüsünə daxil olduğu Şabranın (keçmiş Dəvəçi) tarixi abidələri, etnoqrafiyası, folkloru, tanınmış adamlarından bəhs edən "Dəvə Şirvan yolunda..." adlı üçüncü publisistik kitabım 1993-cü ildə "İşıq" nəşriyyatında 2000 tirajla çap olundu.

Sonra da povest və hekayələrimdən ibarət kitablarımla yanaşı, müxtəlif illərdə çapdan çıxan publisistik kitablarım... Və Nəriman müəllimin ruhu şad olsun, Qəşəm müəllimə uzun ömür, yaradıcılıq uğurları!

lll

Sonralar bir müddət elə jurnalistikayla məşğul oldum. Publisistika janrında yazdığım yazılar ötən əsrin 70-80-ci illərində respublikamızın mərkəzi mətbuat orqanlarında - "Kommunist", "Bakınski raboçiy", "Sovet kəndi", "Azərbaycan gəncləri", hətta keçmiş ittifaqın "Pravda", nüfuzlu "Sovetskaya kultura", "Qudok" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Qobustan" dərgilərində çap olundu. Şabranda yerli qəzetin məsul katibi, Siyəzəndə isə rayon qəzetinin redaktoru vəzifəsində çalışdım. Sonralar AzTV-nin "Xəbərlər" proqramının şimal regionu üzrə xüsusi müxbiri oldum. Bir ara "Respublika" qəzetinin xüsusi müxbiri işlədim.

Müxtəlif illərdə publisistik yazılarım dəfələrlə respublika müsabiqələrinin qalibi oldu. Ayrı-ayrı vaxtlarda "Siyəzənli oğlanlar", "Tarixlər şahidi cavan Siyəzən", "Şabran şəhidləri", "Çıraqqala işığında", "Mərcanlı bulaq", "Eldən soruş...", "İki sahilin oğlu", "Dünya içində dünya idi o...", "Uzaqlardan gələn karvan", "Ömrümüzə yazılan gün", "Yoldur gedirik..." və digər publisistik kitablarım işıq üzü gördü.

(Ardı var)

 

Aydın TAĞIYEV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.