525.Az

Kiber dələduzluğun yeni dalğası - Sosial şəbəkədə yazılanlar

[06.08.22]
Kiber dələduzluğun yeni dalğası - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Bibliyanın ən poetik hissəsində - Ekklesiatsda deyildiyi kimi, "günəşin altında (yəni dünyada) təzə heç nə yoxdur".

1947-ci ildə Moskvaya Mir Cəfər Bağırov və çevrəsi haqda çoxlu şikayət məktubları gedirmiş. Stalin Sov.İKP MK yanında Partiya Nəzarəti Komissiyasının sədri Mexlisin təkidi ilə komissiyanın sədr müavini Yemelyanovun rəhbərliyi altında Bakıya yoxlama göndərir. Prinsipial mövqe tutan Yemelyanov tezliklə çoxlu qüsurlar, o cümlədən, dövrün dəbdə olan ifadəsi ilə desək, sosialist əmlakının talan edilməsi, qanunsuz ticarət və s. bağlı cinayət xarakterli əməllər üzə çıxarır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, komissar Məşədi Əzizbəyovun oğlu Əzizağa Əzizbəyovun müxtəlif əmanət kitabçalarında 700000 manatdan çox pul tapılır. Vəziyyətin şuluq olduğunu görən Mir Cəfər ənənəvi "şerşe lya fam" -"o qadını tapın!" metoduna əl atır. Yemelyanovu çox gözəl və gənc bir xanımla tanış edirlər. Şərqli xanımın cazibədarlığı qarşısında duruş gətirə bilməyən Yemelyanov sayıqlığını itirir. Nəticədə partiya tapşırığı almış paparatsilər onların müxtəlif yerlərdə, o cümlədən, plyajda şəkillərini çəkirlər (o dövrdə hələ mikrokameralar olmadığından intim münasibətlərin dərinliyinə getmək mümkün olmur). Bağırov bu şəkilləri Sov.İKP MK-ya göndərir. Nəticədə işin içindən az ziyanla çıxmaq mümkün olur. Əzizağa Əzizbəyov vəzifəsindən və partiyadan qovulur. Nazirlər Sovetinin sədri Teymur Quliyevə töhmət verilir. İslamzadə adlı başqa bir müavin də işdən azad edilir. Şəri-şeytan və məkri-zənanın fitnə toruna düşmüş zavallı Yemelyanovun isə başına bir güllə vurub həyatla vidalaşmaqdan başqa çıxış yolu qalmır (Mənbə: Musa Aliev. "Svoim poçerkom". Xatirələr).

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Sıravi deputat hər ay 7455 manat əmək haqqı alacaq.

Ötən həftə Prezident deputatın statusu haqqında qanuna dəyişikliyi təsdiqləyib.

Bununla da sıravi deputatların, komitə sədri və parlament sədrinin əmək haqları xeyli artmış oldu.

Dəyişikliyə görə, sıravi deputat üçün aylıq əmək haqqı 2485 manat, hər ay da əmək haqqının iki misli qədər əlavə ödəniş müəyyən olunub.

Yəni deputatın əmək haqqı hər ay üçün 7455 manat olacaq.

Beləliklə, yeni qanuna görə, sıravi deputat sosial ödənişlər və vergilər çıxıldıqdan sonra, hər ayda təxminən 6537 manat əmək haqqı alacaq.

Əvvəllər sıravi deputatın aldığı əmək haqqı 4052 manat olub.

Deputatların əmək haqqının artırılmasına yanaşmanın doğru olmadığı haqqında əvvəllər də yazmışdım.

Qısa olaraq bir daha qeyd etmək istərdim ki, bu tip yanaşma qüsurludur.

Yəni peşəkar deputat üçün, peşəkar formada qanun yaradıcılığı və deputat funksiyalarını yerinə yetirənlər üçün 7455 manatın da az olduğu qənaətindəyəm.

Bu tip deputatlar isə olduqca az saydadır.

Əksəriyyət deputatlar isə, bəziləri özləri də etiraf edirlər ki biznesləri var, oliqarx həyat tərzi sürənlər var, milyonlarla vəsaitləri haqqında məlumatlar paylaşılanlar da var, bir çoxları obyektlərindən hər ay yüz minlərlə icarə haqqı toplayırlar.

Düşünürəm ki, bu tip deputatların əmək haqqına da eyni yanaşma sərgiləmək, onlara büdcədən əlavə vəsaitlər sərf emək doğru deyil və qüsurlu yanaşmadır.

 

Fərid Pərdəşünas, texnobloger:

- Diqqət, kiber dələduzluğun yeni dalğası yayılıb.

Son günlər çox aktualdır məsələ. Mənə yazan zərərçəkənlər, 2500, 5000 AZN itiriblər. Dələduzluğun yenə də mənbəyi elan saytlarıdır. Amma metod bu dəfə fərqlidir.

Satışa qoyulan əşyalara xarici nömrələrdən alış üçün mesajlar gəlir. Lakin bu dəfə dələduzlar ənənəvi olaraq kart məlumatı istəmirlər. Satışa qoyduğunuz məhsulu almaq üçün sizdən şəxsiyyət vəsiqənizi istəyirlər ki, guya real adam olduğunuzu yoxlasınlar.

Siz onlara vəsiqənizin şəklini göndərəndə, FIN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərpa əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar. Daha sonra sizi manipulyasiya edib, guya ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər. Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünürək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər.

Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır.

Qorunma qaydası:

- Şəxsiyyət vəsiqənizi qəti şəkildə tanımadığınız adamlarla bölüşməyin.

- 2 mərhələli təsdiq kodlarını heç kimə göndərməyin.

lll

- Sonuncu paylaşımımdan sonra dəhşətli mesajlar alıram. İnsanlar 3000-5000 manat həcmində vəsaitləri elan saytlarında itiriblər. Son yazan 3 zərərçəkənin itirdiyi məbləğin cəmi 12000 manatdan çoxdur.

Ölkə xaricindən edilən bu dələduzluqlar böyük bir mafiya və dələduz qruplaşması tərəfindən idarə olunur. Çox təəssüflə bildirirəm ki, bu itən pulları 99% hallarda geri qaytarmaq mümkün deyil.

Bu və ya digər kiber hücum növü ilə rastlaşmısınızsa, mütləq mənə bildirin.

Elan saytlarında kiber hücum qurbanı olmamaq üçün 4 qayda var:

- Görmədiyiniz adama məhsul satmayın.

- Votsap və zəng ilə sizinlə əlaqəyə keçənlərə kart məlumatlarızı verməyin.

- Alıcıya şəxsiyyət vəsiqənizi göndərməyin.

- 3D təhlükəsizlik kodunu qardaşınız da olsa ona göstərməyin. Bu kod yalnız və yalnız kart sahibi üçün olur.

 

Fərhad Mehdiyev, professor:

- Bəziləriniz yazır ki, Çin qorxdu, Pelosinin təyyarəsini vurmadı. Təbii ki, Pelosinin təyyarəsinin vurulması cəsarət və qərarlılıq deyil, tam bir ağılsızlıq olardı. Çin HEÇ VAXT belə bir addım atmazdı. Pelosi təyyarəsinin Tayvana enməsi, Consonun Kievə gəlməsi kimi bir şeydir.

Çinin əsas ticarət tərəfdaşı Qərbdir. Çin Amerika ilə müharibə etmək istəməz. Bu müharibəni hal-hazırda Amerika da istəməz, çünki o, Ukrayna - Rusiya savaşında dolayı da olsa texnikası ilə iştirak edir.

Amma Çinin yüksəlişi də bir gərçəkdir; Çini idarə edənlər ağılsızlıq edib Tayvana girməsələr, bu yüksəliş davam edəcək. Əks halda, elə bir fürsət vermiş olacaqlar ki, Çinə mütləq sarsıdıcı zərbə vurulacaq.

Şəxsən mən belə bir müharibənin indi olmasa da, nə vaxtsa çıxacağını gözləyirəm. Amma bunun nə vaxt olacağını demək təbii ki, mümkün deyildir.

 

Rizvan Qənbərli, jurnalist:

- Keçmişdə gənclər öz peşəsini seçərkən idealist idilər, indiki gənclər realistdirlər. Köhnə gənclər üçün peşə seçimi bir ideal idi, seçdiyi peşəyə könüldən vurğun idilər. Yeni gənclər üçün isə peşə seçimi karyeradır, bağlılıq yoxdur, hər zaman dəyişdirilə biləcək qərardır. Məsələn, tibb oxuyan köhnə gənclərin məqsədi xəstəliklərlə mübarizə idi, bu gün tibb ixtisasını seçən yeni gənclərin qayəsi isə yaxşı qazancdır. Siz hansı gənclərdənsiniz?

 

Natiq Cəfərli, iqtisadçı:

- Ermənistan mənbələrini oxuyuram, atam, vallah bunlarda çatmır: Deyirlər ki, yeni Laçın yolunu Azərbaycan niyə tez tikib-bitirib, axı 10 noyabr sazişində 3 il söhbəti var idi, bizim hələ 1 ilimiz var - o sazişdə deyilir ki, yaxın 3 il ərzində yeni yol çəkilməli, həmin yol işə düşdükdən sonra Laçin şəhərindən keçən köhnə yol Azərbaycanın tam nəzarətinə keçməlidir. İndi yol hazırdı, tikilib, rəsmi Bakı deyir keçin yeni yola, Ermənistan (əslində isə Moskva) deyir ki, yox e, hələ cəmi 2 il keçib, adam da belə tez yol tikər?! Bax belə danışırlar, "dəmir quşlar" uçmağa başlayır, sonra da səs-küy salırlar.

Əsgərimizə salam göndərməkdən başqa yol qoymurlar: Salam Əsgər!

 

Ayyət Əhməd, jurnalist:

- Dəyərli jurnalist həmkarlar, xəbər yaymaq bizim ana südü qədər halal haqqımız olduğu kimi, informasiyanı saxlayıb, məqbul zamanda tirajlamaq da Müdafiə Nazirliyinin işidir, haqqıdır. Orduda hər şey zərgər dəqiqliyi ilə ölçülür. Təntiməyək, tələsməyək! Ordu Yaylaq Festivalı deyil!

 

 

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.