525.Az

Elm və təhsilimizə açılan yeni üfüqlər - Rafael Hüseynov yazır

[06.08.22]
Elm və təhsilimizə açılan yeni üfüqlər - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Bu müdrik fikir ondan əvvəl də deyilib, ondan sonra da söylənib. Ancaq varlığı və yaratdıqlarıyla ensiklopedikliyin rəmzlərindən olan Jan Jak Russo (1712-1778) bir şəxsiyyət olaraq da indiki halda mətləbimizə daha uyğun gəldiyindən həmin köhnəlməz qənaəti elə onun ifadə etdiyi kimi yada salaq: "Hər işin ən çətini onu başlamaqdır".

Ümummilli mənalı və çoxdan gözlənilən bir işin ən çətin hesab edilən ilk addımı atılıb - dövlət başçısının iradəsi ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi yaradılıb. İşin ən çətin hissəsi artıq arxada qalsa da, bu nazirliyin əsl arzuladığımız bir quruma çevrilməsi üçün gərək işin ən çətinini yerinə yetirmiş şəxsiyyət kimi dərin zəkalı, geniş, çevik və yenilikçi düşünən böyük bir dəstə insan əl-ələ ola və illərcə durmadan fədakarlıqla çalışa. Çünki elm və təhsil ağacı kökləri millət ruhunun dərinlərinə işləyən və təməlindən sağlam olarsa, yaxşı bəslənərsə, bəhrəsini gec verən, amma sonra yüzillərlə də mənfəətini verməkdə davam edən sərvətdir.

Bir siyasət və dövlət adamı olaraq Prezident İlham Əliyevi səciyyələndirən əsas cəhət atdığı addımların müqayisəyəgəlməz böyüklüyü, gördüyü işlərin nəhəng miqyasları, qərarlar qəbul edərkən ətrafdakılara da hökmən güclü təsir edən inamlılığı, qətiyyəti, bəsirətliliyidir.

Dönə-dönə şahid olmuşduq, bir daha gördük.

Ölkə başçısının "Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi" ilə bağlı fərmanı həmin qəbildən olan möhtəşəm başlanğıclardandır.

Azərbaycanda artıq ötən əsrin doxsanıncı illərinin ikinci yarısından etibarən, bütün istiqamətlərdə qlobal dəyişikliklərin baş verdiyi yeni dövrün siyasi, iqtisadi, mənəvi çalxantıları nisbətən səngiyəndən sonra elmlə təhsilin əlaqələrini gücləndirmək, bunun ona, onun buna müsbət təsirini qüvvətləndirmək, həm elmimizi, həm təhsilimizi yeni inkişaf mərhələsinə qaldırmaq üçün Elm və Təhsil Nazirliyimizin yaradılması lazımlılığı haqqında fikir mübadilələri gedirdi. Artıq belə nümunələrin həm yaxın, həm uzaq xaricdə varlığı bizdə də elm və təhsilin inteqrasiyasına xidmət edəcək oxşar nazirliyin yaradılması zəruriyyətinə inamı qətiləşdirirdi. Lakin istək istəkliyində, di gəl, hər bir niyyətin gerçəkləşdirilməsi üçün müəyyən şəraitin yetişməsi də vacib idi.

İndi Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyinin yaradılması haqqında qəbul etdiyi qərar, əlbəttə ki, artıq mövcud olan bir nazirliyin sadəcə adının dəyişdirilməsi yox, Azərbaycan cəmiyyətinin illərcə intizarında olduğu büsbütün yeni, bugünün və sabahın mühüm elm və təhsil çağırışlarına cavab verməsi nəzərdə tutulan mükəmməl qurumun yaradılması kimi qavranılmalıdır. Təbii ki, bu fərman birmənalı olaraq Azərbaycanda elm və təhsil sahəsində köklü islahatlar aparmaq səmtində ciddi addımdır.

Lap ilk qədəmindən Prezident İlham Əliyev formalaşdırılması nəzərdə tutulan yeni nazirliyə elə müstəsna güc verir ki, iriliyindən-xırdalığından asılı olmayaraq indiyədək təsis edilən heç bir dövlət və hökumət qurumunun ixtiyarına bu siqlətdə bir kadr potensialı verilməyib.

Təhsil şəbəkəmizdə çoxlu sayda alimlər var və bəlkə də Elm və Təhsil Nazirliyinə çevrilərkən ənənəvi Təhsil Nazirliyimizin elə özünün mövcud elmi qüvvələrinin məqsədə və qoyulan hədəflərə daha fəal cəlb edilməsiylə müəyyən işlər görmək mümkün olardı. Lakin Prezident İlham Əliyev elə miqyaslar ortaya qoyur ki, məsələnin bu şəkildə gözlənilməz və misilsiz həlli təkcə elə onun üstün ağlına gələ bilərdi.

Dövlət başçımız özünə xas olan nəhəng miqyaslarla düşünmək və addımlar atmaq məziyyətinə uyğun biçimdə elə qərar qəbul edib ki, yaradılan yeni nazirlik fərman imzalanan andanca ölkənin ən güclü intellektual potensiala malik qurumuna çevrilib.

Elmin müxtəlif sahələrində çalışan, aralarında dünya şöhrətli alimlər də az olmayan çoxyüzlü deyil, çoxminli bir elm ordusu Elm və Təhsil Nazirliyinin sərəncamına verilir.

Fərman səslənincə hər kəsə aydın olan ilk həqiqət budur ki, yeni nazirlik ölkənin tayı-bərabəri olmayan beyin mərkəzi kimi yolunu başlayır.

Ancaq bu yolu necə getməli? Artıq bu, yolu getməli olanların onlara bu yolu açmış şəxsiyyətin və bütöv millətin qarşısındakı məsuliyyəti, cavab tapmalı olduğu sualdır.

Elm bir qanaddır, təhsil digər qanad. İki qanad birləşirsə, bu, artıq sahibinə uçmaq imkanı verir. Çiyindəki qoşa qanad uçuş üçün açılmırsa, sadəcə yükdür. Uça bilməkdən ötrü isə gərək o qanadlar qoşa çarpa, həmahəng ola.

Təhsil və elmin birgə addımlaması baxımından Qərblə bizim yollarımız fərqlidir. Bizdə də universitetlərdə elm olub və var. Lakin bu, daha çox ayrı-ayrı adamların fərdi fəaliyyəti şəklində üzə çıxıb və çeşidli kafedralarda çalışanların icbari qaydada hər ilin öhdəlikləri sırasına daxil edilən elmi işləri çox baxımdan formal səciyyə daşıyıb. Yəni universitetlərimizin laboratoriya və kafedraları Qərbin məşhur universitetlərindəki sayaq sanballı elm mərkəzlərinə çevrilə bilməyib (heç bu iddiada olmayıb da), ali təhsil müəssisələrimizin tərkibində elə həmin universitetcə sanbalı olan elmi-tədqiqat institutları və mərkəzləri də meydana gəlməyib.

Sözdə olanları da gerçəklikdə dünya nədir, hətta məhəlli səviyyədə diqqət çəkəcək mahiyyətdən uzaqda qalıblar.

İndi bizə bu istiqamətdə sıçrayışlı inkişafa nail ola bilməkçün son dərəcə münasib üfüqlər açılır. Bir tərəfdən dünənəcən akademik araşdırmalarla məşğul olan və yüksək tədqiqatçılıq peşəkarlığına malik yüzlərlə alimin universitet auditoriyalarına yolu açılır, onlara nəzəri araşdırmalarını auditoriyalara daşımaq girəvəsi yaranır, digər yandan universitetlər daxilində ciddi elmin bərqərar edilməsinə münbit zəmin əmələ gəlir: çoxpilləli təhsilin - magistratura, dissertantura, doktorantura səviyyələri üçün namizədləri elə tələbə kontingentinin içərisindən bilavasitə təmaslar əsnasında daha yaxşı tanıyaraq seçmək, ardınca da məqsədyönlü şəkildə istiqamətləndirmək, yetişdirmək, irəlilətmək şəraiti və fürsəti də öz yerində.

Elm və Təhsil Nazirliyi yarananadək və bu quruma birləşənəcən sırf elmi araşdırmalar və müzakirələr məskəni olmuş institutların yeknəsəq və səssiz həyatına da yeni bir canlanma gələcək. Bu elmi-tədqiqat institutları laboratoriya və şöbələri ilə birgə tələbə nəfəsi ilə isinəcək, auditoriyalaşacaq, gəncliyin enerjisi ilə dolacaq. Beləcə, həm də elmi araşdırmaların aprobasiyası, təlim (və təqdim) gedişatında cilalanması üçün əlverişli müstəvi yaranacaq.

Elmi konfrans və sessiyaların, simpoziumların təşkilində yetərincə təcrübəsi, imkanları, əlaqələri olan peşəkar elmi-tədqiqat institutları təhsillə içəridən qaynayıb-qarışdıqca universitetlərimiz tədricən ən mötəbər yerli və beynəlxalq elm məclislərinin də mərkəzinə dönəcək. Təhsil şəbəkəmizin içərisindəki miqdarı minlərlə ölçülən, bir çoxunun da beynəlxalq elmi rabitələri fəal olan alimlər qatarı universitetlərimizin beynəlxalq elmi bağlantıları və nüfuzunun da artmasına, sözsüz ki, müsbət töhfəsini verəcəkdir.

İstər ibtidai, istər orta, istər orta ixtisas, istərsə də ali təhsil sahəsində bizim ən köhnə narahatlıqlarımızdan və ən yaralı da yerlərimizdən biri dərsliklərdir. Zənnimcə, bir nazirlik içərisindəki elm və təhsil qovuşması bu səmtdə də əhəmiyyətli dəyişikliklər olacağı və qənaətbəxş nəticələr qazanılacağına ümid bəsləməyə əsas verir.

Eyni zamanda elmlə təhsilin vəhdəti, mütəmadi canlı ünsiyyətlər elmin kütləviləşdirilməsi baxımından da yaxşı bəhrələrin törənəcəyi, təhsil şəbəkəsinə və bütün xalqa yönələn elmi-populyar ədəbiyyatın sayının kəskin artacağı ehtimalı və inamını da oyadır.

Yeni nazirlik müstəvisində peşəkar araşdırıcılıqdan artıq həm də təhsil şəbəkəsinə köçən minlərlə alimin gücündən istifadənin daha bir səmərəli yolu onlardan yalnız ali yox, eləcə də orta təhsil sistemində yararlanmaqdır.

Yüzlərlə alimin Azərbaycan boyu məktəblərə vaxtaşırı ezam edilməsi və onların mövcud tədris proqramları üzrə, təbii ki, sıravi müəllimlərə nisbətən daha dərinləşdirilmiş şəkildə keçəcəyi dərslər şagirdlərin də, müəllimlərin də tədris həyatında yeni oyanışa təkan verər, həm öyrənciləri, həm də onların qarşısında müəllimləri sabah daha artıq səfərbər edər, həmçinin, məktəblərə davamlı baş çəkib dərs verən alimlərin özlərinə də faydasız ötüşməz.

Səlis, sadə ifadə dəqiq, dürüst fikirdən rişələnir. Düşüncələrin nə qədər qatmaqarışıqdırsa, çatdırmaq istədiyin mətləb, ya hansısa elmi müddəalar sənin özünçün gərəyincə aydın deyilsə, şübhəsiz ki, bunların sözə çevrilməsi, dilə gətirilməsi də nöqsanlı, nahamvar, çətin anlaşılan olacaq.

İntensivləşən araşdırıcı-məktəb kontaktlarının, məktəb-alim işbirliyinin yan faydalarından biri də bu olar ki, mövzunu yaxşı bilmək öz yerində, hətta ən mürəkkəb məsələləri belə qarşındakıların şagirdlər olduğunu unutmayaraq bacardıqca sadə tərzdə çatdırmağa can atmaq sinif otaqlarına girən alimlərin peşəkar elmi üslubunun daha da rəvanlaşması, yığcam və dəqiq, həm də cəlbedici olmasına yardımçıya çevrilər. Üz tutduğun auditoriya üçün anlaşıqlı olmaq vacibliyi asta-asta bu keyfiyyətləri təhsil şəbəkəsinə daha çox sirayət edənlərə hökmən aşılayacaq.

Elmin təhsilləşdirilməsi, təhsilin elmləşdirilməsi daha geniş əhatədə gerçəkləşdirilsin deyə bu vəhdətin özəl təhsil şəbəkəsinə tətbiqinin də mümkün üsulları barədə düşünməyə dəyər. Yəni özəl təhsil şəbəkəsi onsuz da müəyyən tellərlə əvvəlki Təhsil, indiki Elm və Təhsil Nazirliyi ilə bağlanır. Bu bağlılıq və əlaqələr sadəcə metodiki göstəriş və tövsiyələr dairəsindən çıxarılaraq bilavasitə əməli kömək səviyyəsinə çatdırılarsa, xeyirli olar. Çünki təhsil də, elm də bütün millətinkidir və məhz bütün Azərbaycan boyu bütün elm-təhsil fəzasında onların qovuşuq inkişafı və tətbiqi daha harmonik ümumi mənzərəni bərqərar etməyə də ən etibarlı körpülərdən olar.

Bu gün dünyanın elmdə və təhsildə irəli getmiş bir çox universitetləri və elm mərkəzlərində Azərbaycan elm və təhsil mühitinin yetişdirməsi, barmaqla sayıla biləcəkdən xeyli çox olan mütəxəssislər çalışmaqdadır. Həm də onlar biliyinə, səviyyəsinə ehtiram bəslənən, işlədikləri yerlərdə nüfuz sahibi olan alimlərdir. Və bu, əlamətdar göstəricidir. Həm də yalnız bilavasitə həmin şəxslərin özlərinin deyil, Azərbaycan elm-təhsil məkanının üstünlük göstəricisidir. Təbii, onlar seçiləndirlərsə, irəli getməyi, fərqlənməyi bacarıblarsa, burada fitri istedadın, şəxsi keyfiyyətlərin məxsusi yeri var. Ancaq unudulmasın ki, onlar hamısı Azərbaycan universitetlərindən, ölkəmizin elmi-tədqiqat müəssisələrindən çıxıb, məhz burada yetişib. Demək, yaxşıları yetişdirmək gücümüz var. Sadəcə, bu yetişdiriciliyin, pərvazlandıra bilmənin hüdudlarını və həcmini genişləndirmək, daha artıq təkmilləşməyə getmək lazımdır. Yeni yaradılan Elm və Təhsil Nazirliyimiz idarəçiliyi, strukturlaşdırmanı, komlplektləşdirməni, alimə münasibəti, elm-təhsil yaxınlaşması xəttinin nizamlanmasını düzgün, sağlam elmi və mənəvi meyarlara söykənərək, çağdaş dünya elmi və təhsilinin umduğu ölçülərdə qurarsa, böyük uğurlara imza ata bilər.

Digər tərəfdən, bu yeni quruculuqlar zamanı xarici ölkələrdəki universitet və elm mərkəzlərində fəaliyyət göstərən, yetərincə təcrübə qazanmış azərbaycanlı mütəxəssislərlə əməkdaşlığı qüvvətləndirmək, artıq öz şəxsi nümunələrində bizim elm-təhsil mühitindən Qərbin elm-təhsil məkanına uyğunlaşmanın anatomiyasını birbaşa təmas zamanı duymuş, nəyi necə etməyin düzgünlüyünü öz təcrübələrindən yaxşı bilən tədqiqatçı və müəllim soydaşlarımızın dəstək və tövsiyələrindən yararlanmaq məqsədəuyğundur.

Hər başlanğıcda sabahkı uğur və işığı öncədən görməyə cəhd etmək nəciblikdəndir. Ümummilli mənası olan işlərə xoşniyyət münasibət bəsləmək, gücün yetdiyi qədər dayaq durmaq ortaq borclarımızdandır.

Ən yaxın xaricdən tutmuş uzaq Yaponiyayadək çox ölkələrdə çoxdan var olan, gəlişini haçandan bəri gözlədiyimiz Elm və Təhsil Nazirliyimizin əslində yalnız orda çalışacaqlara deyil, hər vətəndaşımıza, hər Azərbaycan ailəsinə aidliyini düşünərək hər birimiz də böyük yola çıxan bu MÜSAFİRƏ yekdil xeyirxahlıqla yanaşaq.

Yeniləşən, getdikcə daha artıq dünyalaşan, beynəlxalq aləmdə durmadan artan çəkisi və nüfuzu ilə daha çox parlamağa başlayan Azərbaycan elm və təhsil sahəsində də sıçrayışlı inkişafı və parlaq nəticələri ilə diqqətlər çəkməyə qadirdir.

Buna ən dərin ümidlər bəsləməyə tarixin dünənlərindən gələn və sınaqlardan çıxmış kamil elm və təhsil ənənələrimiz, sahib olduğumuz zəngin intellektual yatırımımız əsas verir.

Elm və Təhsil Nazirliyimizin yaradılması, qanadların qovuşması bu ötkəm gözləntilərə mötəbər zəmanətdir.

Ağaca qonmuş ən ağır çəkili quş belə heç vaxt budağın sına biləcəyindən ehtiyat etmir. Çünki qanadları var, istənilən anda uça bilər.

Yol başlayırıq, sınaqlardan çəkinməyək, yolu gedə-gedə öyrənək, təkmilləşək, böyük uçuşlara hazır olaq!

Dövlət başçısı ondan asılı olanı edib, qalır icraçıların öhdəsinə düşən vəzifələr - iki qanadın könül istəyən vəhdətini və bir-birini tamamlayan ahəngdar, qoşa çarpmasını təmin etmək, elmimiz və təhsilimizin inamlı uçuşlarıyla daha uzaq və aydın üfüqlərə çatmasına, daha ucaları fəth etməsinə nail olmaq!

Rafael HÜSEYNOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.