525.Az

Radikal dindarlar niyə Azərbaycan səfirliyinə hücum etdilər?

RASİM MUSABƏYOV: “BU GÜN AZƏRBAYCAN SƏFİRLİYİNƏ HÜCUM EDİBLƏRSƏ, SABAH BAŞQA RADİKAL ƏMƏLLƏR TÖRƏDƏCƏKLƏR”


[05.08.22]
Radikal dindarlar niyə Azərbaycan səfirliyinə hücum etdilər?<b style="color:red"></b>

Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Hücumla bağlı həmin gün Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada vurğulanıb ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq XİN tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

London polisi səfirliyə hücuma görə 8 nəfərin saxlandığı barədə  məlumat yayıb: “Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”.

Hadisə ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib. Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.

Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib.

Britaniya səfirliyinin müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib, istintaqın aparıldığı bildirilib.

Britaniya səfirliyinin baş verən insidentlə bağlı yaydığı açıqlamada isə Azərbaycan səfirliyinə daxil olan etirazçıların hərəkətləri pislənilib və hazırda məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığı vurğulanıb: “Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabındakı paylaşımında yazıb ki, Azərbaycan səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır: “Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər”.

Diplomat əlavə edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: "Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər".

Baş vermiş hadisə əlbəttə ki, çox sayda suallar yaradıb. Niyə Azərbaycan səfirliyi və niyə məhz London? Necə olur ki, Avropanın mərkəzində Azərbaycan səfirliyinə belə asanlıqla hücum edilir? Eyni halın Bakda Britaniya, ABŞ, Fransa, ümumiyyətlə istənilən bir ölkənin diplomatik korpusuna qarşı edilə biləcəyini təsəvvür belə etmək mümkün deyil. Videokadrlardan göründüyü kimi, Britaniya polisinin uzun müddət hadisəyə seyrçi qalması da xeyli suallar yaradıb. Əlbəttə ki, hadisənin detalları hələlik açıqlanmadığı, araşdırma getdiyi üçün suallar da açıq qalır.

Azərbaycan səfirliyinə "The Mahdi Servants Union" (“Mehdinin Xidmətçiləri birliyi”) radikal dini qruplaşmasının üzvlərinin hücum etdikləri artıq təsdiqlənib. Bu qruplaşma haqqında nə məlumdur? 2004-cü ildə yaradılan radikal “Mehdinin Xidmətçiləri birliyi” İngiltərədə yerləşir. Qruplaşma şiəliyin 12 imamilik cərəyanına mənsubdur. Lideri Küveytdən olan din xadimi Yaser Yəhya Abdullah Əl-Həbibdir. Qrup əhli-sünnə əleyhinə kəskin çıxışı və fikirləri ilə seçilir. Onlar  peyk kanalı vasitəsilə bu cür təbliğat aparmaqdadırlar. Əl-Həbib 2010-cu ildə Küveyt vətəndaşlığından çıxarılıb. 2013-cü ildə 1,2 milyon funt-sterlinqə aldıqları keçmiş kilsənin yerində Bukingemşir ştatının Fulmer şəhərində Əl-Muhassin Məscidini qurublar. İran hökumətinə düşmən münasibət bəsləyirlər və İranın ali dini lideri Əli Xameneinin dini avtoritetini qəbul etmirlər.

2018-ci ildə dəyənək və xəncərlərlə silahlanmış qruplaşma üzvləri Hüseyn Əlinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinə hücum ediblər.

Mövzu ilə bağlı yaranmış sualları “525”ə şərh edən Mili Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, hücumu törədənin radikal şiə təşkilatı olduğu açıqlanıb. Bu radikal qrup əvvəllər də eyni əməlləri törədib. Onların eyni barbarlığı İran səfirliyinə qarşı da törətdikləri məlumdur.

“Bu radikal şiə qruplaşması açıq şəkildə heç bir hökumətlə bağlı deyil. London polisi məsələni nəzarətində saxlayır. Düşünürəm ki, müəyyən işlər görüləcək və səfirliyimizin mühafizəsi gücləndiriləcək”, - deputat deyib.

London polisnin hadisəyə gec müdaxiləsinə gəlincə, R.Musabəyov bildirib ki, ingilis polisi belə davranır, yəqin görüb ki, əllərində silah yoxdur, heç kimə xəsarət yetirmirlər, ona görə də daha çox müşahidə ilə məşğul olublar: “Daha sonra radikallar binadan çıxarıldı, bir qrupu saxlanılıb, yəqin ki, bir qismi cərimələnəcək, digərləri 15 gün, 1 ay müddətində həbs olunacaqlar. Amma əsas məsələ radikal şiə qruplaşmasının daha çox əl-qol açmasına imkanın verilməməsidir. Onlar bu gün Azərbaycan səfirliyinə hücum ediblərsə, sabah başqa radikal əməllər törədəcəklər. Hər bir halda hesab edirəm ki, Britaniya tərəfi, o cümlədən bu ölkənin polisi bizim etirazımızı ciddi şəkildə nəzərə alacaq. Bunlar radikal şiə qruplaşmasının ən radikalıdır. Heç Xameneni, İranı qəbul etmirlər.

“Azərbaycanın digər səfirliklərinə qarşı belə hücumlar təşkil oluna bilər?”, sualına gəlincə R.Musabəyov deyib ki, bu qruplaşma konkret Londonda məskunlaşıb: “Amma biz hansısa ölkələrdə diplomatik qrumlarımıza qarşı bu cür risklərin olduğunu hiss etsək, həm Azərbaycandan göndərilən mühafizə xidmətini gücləndirməliyik, eyni zamanda həmin ölkənin müvafiq qurumuna da bu məqsədlə müraciət etməliyik.

O ki qaldı azərbaycanlı diplomatların hadisəyə müdaxilə etməməsi ilə bağlı səsləndirilən bəzi fikirlərə deputat bunları düzgün saymır: “Tutaq ki, sabah hansısa bir pis niyyətli evinə hücum edir, sənin axı burda nə səhvin ola bilər? Burda səfirlikdə günah axtarmaq tamamilə yersizdir. Məsələ ilə bağlıı rəsmi mövqe var, XİN-in, səfirliyin açıqlaması var, düşünürəm ki, o mövqelərə üstünlük verilməlidir”.

Deputatı Cavanşır Feyziyev isə deyib ki, səfirliyimizə edilən hücum hər şeydən əvvəl diplomatik fəaliyyətin tənzimlənməsi üzrə Vyana Konvensiyasının pozulmasıdır. London polisinin müdaxiləsi nəticəsində səfirliyə qarşı vandalizm törətmiş şəxslərin saxlanılması Böyük Britaniya tərəfindən Konvensiyanın şərtlərinə uyğun olaraq müvafiq addımların atıldığını göstərir. O qeyd edib ki, Azərbaycan səfirliyinə hücum faktının özü bir sıra ehtimallar yaradır. Belə ki, bu ehtimalların araşdırılması üçün bu fakt üzrə Azərbaycan və Böyük Britaniya hüquq-mühafizə orqanlarının birgə çalışmasına ehtiyac var. İlkin məlumatlara görə, səfirliyimizə hücum özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikal qurumun üzvləri tərəfindən həyata keçirilib. Böyük Britaniyada bütün müsəlman dövlətlərinin səfirliyinin mövcud olması şəraitində bu qurumun niyə məhz Azərbaycan səfirliyinə hücum etməsi sual doğurur. Digər tərəfdən bu hücumun Qarabağ ərazisində qeyri-qanuni yerləşən Ermənistan hərbçiləri tərəfindən törədilmiş qanlı insidentdən dərhal sonra baş verməsi ehtimal yaradır ki, bu hücum beynəlxalq səviyyədə Azərbaycana qarşı hansısa məkrli bir təxribat planının tərkib hissəsi ola bilər. Bu hadisələrdə qarşılıqlı əlaqənin olub-olmadığı araşdırılmalıdır.

“Londondakı Azərbaycan səfirliyinə hücum edən radikal qurumun ölkə daxilində fəaliyyət göstərən hansısa təxribatçı qrupla və ya şəxslərlə əlaqədə olmasını da istisna etmək olmaz. Buradan belə bir ehtimal da yaranır ki, səfirliyimizə hücum edən qruplaşmanın ölkə daxilində hansısa marginal qruplarla işbirliyi mövcuddur. Əks halda, həmin qrup üçün bu hücumun heç bir mənası olmazdı.

Ən başlıcası isə bu radikal qruplaşmanın Azərbaycan səfirliyinə hücumunun arxasında üçüncü tərəfin, yəni hansısa dövlətin xüsusi xidmət orqanlarının dayana bilməsi də əsas ehtimallardan biri kimi diqqətdə saxlanılmalıdır.

Bir sözlə, özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikalların ölkəmizə qarşı mübarizədə, əslində, kimə və nəyə xidmət etdiyini aydınlaşdırmaq baş verənlərin əsl mahiyyətini açıb göstərə bilər”, - C.Feyziyev vurğulayıb.

PƏRVANƏ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.