525.Az

"Milli Yaylaq Festivalında görülən işin çəkisi haqsız fikirlərdən qat-qat ağırdır"

GÜLLÜ YOLOĞLU: "BİRLİYƏ EHTİYACI OLAN TÜRK DÜNYASINI BİRLƏŞDİRMƏK CƏHDİ MİLLİ YAYLAQ FESTİVALININ ƏSAS ÖZƏLLİYİDİR"


[04.08.22]
"Milli Yaylaq Festivalında görülən işin çəkisi haqsız fikirlərdən qat-qat ağırdır"<b style="color:red"></b>

Bildiyiniz kimi, 29-31 iyul tarixlərində Xan yaylağında keçirilmiş II Milli Yaylaq Festivalı barədə son günlər sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Görüntülərdən məlum olur ki, festival iştirakçı sıxlığı ilə müşahidə olunub. Silsilə müsbət təəssüratlarla yanaşı, narazılıqların da şahidi olduq. Müxtəlif arqumentlər səsləndirilsə də, təkzib edilən fikirlər də az olmadı. Cavad xan Tarix və Mədəniyyət fondunun təşkilatçılığı, Mədəniyyət, Gənclər və İdman, Kənd Təsərrüfatı nazirliklərinin, Turizm Agentliyinin, KOBİA, Gəncə şəhər və Göygöl rayon İcra Hakimiyyətlərinin rəsmi dəstəyi ilə təşkil edilmiş Milli Yaylaq festivalında mədəniyyət işçiləri, jurnalistlər, elm xadimləri və digər tanınmış şəxslər də iştirak ediblər. Onların sırasında türkoloq-alim, professor Güllü Yoloğlu da var idi. Eşidəndə ki, o, Milli Yaylaq Festivalının Təşkilat Komitəsinin üzvüdür, qərara gəldik ki, Güllü xanımla həmsöhbət olaq.

***

- Güllü xanım, insanların axın elədiyi və artıq ikinci dəfədir ki, baş tutan Milli Yaylaq Festivalının mahiyyəti nədədir, bu, xalqımıza hansı mədəniyyəti, ənənələri aşılayır?

- Bildiyiniz kimi, I Milli Yaylaq Festivalı Gədəbəyin Miskinli yaylağında olmuşdu. Sonra pandemiyaya, müharibəyə görə arada fasilə yarandı. Nəhayət, bu il Xan yaylağında II Yaylaq Festivalı gerçəkləşdirildi.

Birliyə ehtiyacı olan türk dünyasını birləşdirmək cəhdi Milli Yaylaq festivalının əsas özəlliyidir. Bundan əlavə, burada tək türk xalqlarının deyil, Azərbaycanda yaşayan ayrı-ayrı xalqların nümayəndələrini də birləşdirmək festivalın məqsədlərindən biridir. Üstəlik, 40-dan artıq ölkənin nümayəndəsi burada iştirak edirdi: Hindistan, İran, Macarıstan, İtaliya, Monqolustan, Qırğızıstan və s.

Bu festival bizim keçmiş yaylaq ənənəmizi yaşadır. İnsan gərək keçmişindən qorxmasın, keçmişini bilməyən gələcəyini qura bilməz. Bura çox maraqlıdır: at yarışları, yurdlarımız, çadırlarımız, insanların mədəniyyəti... Bu, birinci növbədə, bizim keçmişimizə, dədə-babalarımızın yaylaq mədəniyyətinə hörmətdir.

- Milli Yaylaq Festivalından hansı təəssüratlarla ayrıldınız?

- Baxıram dağlara, ağaclara, yaşıl rəngin neçə cür tonu olarmış?! Çox gözəl təəssüratlarım var. İstəyirik, Yaylaq festivalı davam etsin. Neçə aydır, bu yerlərə gəlib-gedirəm. Təsəvvür edin, əsas çadırın qurulduğu yer təpə idi. O təpənin üstünü dümdüz eləmək nə qədər əziyyətli iş idi. Etnoqəsəbə çox gözəl idi. Dronla çəkilişlərdən gördüyünüz kimi, aypara, səkkizguşəli ulduz, qədim türk əlifbasının hərfləri formasında qurulan talvarlar, Xan çadırı və s. çox möhtəşəm idi. Müxtəlif yerlərdən sənətkarlar gəlmişdilər, öz sənət işlərini satışa çıxarmışdılar. Yaxud, təsərrüfatçılar öz məhsullarını satmağa gətirmişdilər. Könüllülərin də əməyini xüsusi qiymətləndirmək lazımdır.

- Təşkilati komitədə olduğunuzu öyrəndik. Öncə bu sual hamını maraqlandırır: Açılış niyə bu qədər yubanıb?

- Açılış yubanmayıb, rəsmilərlə müzakirədən sonra həmin vaxta təyin olunub. Yaxın ərazilərdəki insanlar bura qalxmağa çətinlik çəkdikləri halda, Bakıdan, başqa ölkələrdən gələnlər üçün görün nə qədər çətindir. Axı rəsmilər mənim kimi ayın 27-dən bura gəlməyiblər, onların da öz işləri var. Onların gəlmə vaxtı da nəzərə alınmışdı. Hər şey düşünülmüş qaydada təşkil edilmişdi.

- Ümumiyyətlə, məmnun qalan iştirakçılarla bərabər, şikayətlənən xeyli adam var. Yəqin ki, sosial şəbəkələrdən izləyirsiniz, arqumentlərlə tanış olmusunuz. Bu narazılıqların səbəbi nədir? Sizcə, onların haqlı olduğu məqamlar varmı?

- Birinci dəfədir ki, infrastrukturu olmayan bir yerdə bütün bunları yaratmaq nə qədər çətindir, əvvəlcə bunu düşünmək lazımdır. Burada müxtəlif tərəfdaş təşkilatlar olub, hərə bir söz verib, təbii ki, hər birinin maraqları olub. Amma vaxta az qalmış bəzi təşkilatlar geri çəkilib, bəziləri işə məsuliyyətsiz yanaşıblar, bəziləri, əksinə, daha çox can yandırıb. Bunlar normal haldır. Şəxsən mən özüm yaylağa gəlmişəm, buranın şəraitini əvvəlcədən bilmirdim deyə, əl yükündə kifayət qədər artıq şey var. Yaxud elə şey var ki, lazımdır, amma gətirməmişəm. Bu, mənim üçün təcrübədir. Mən sonrakı səfər daha hazırlıqlı olacağam.

O qədər insan axınını gözləmirdik. Görünür, pandemiya insanları müəyyən qədər gəzintiyə "ac" saxlayıbmış. Ümumi tərəziyə qoyulanda Milli Yaylaq Festivalında görülən işin çəkisi haqsız fikirlərdən qat-qat ağırdır.

Bura, demək olar ki, yol yox idi. Yollar nisbətən düzəldildi. Təbii ki, birdən-birə asfalt olmayacaq. Yollarda problemi yaradan da öz vətəndaşlarımız idi. Şikayət eləyən bəzi insanların etika, təmizlik baxımından özlərini yaxşı aparmadıqlarına şahid olmuşam. Bizim də deyəcək sözlərimiz çoxdur. Bu qədər işi danmaq nə dərəcədə ədalətlidir? Biri deyir ki, yağışı niyə qoydular yağmağa... Sovet dövründə parad olanda topla buludları dağıdırdılar. Burda top atıb bulud dağıtmaq olar? Kəlbəcərə yaxın yerdir. Məntiqsiz fikirlərə məəttəl qalırsan.

Sosial şəbəkələrdə yazırlar ki, ayaqyoludan istifadə 1 manat idi. Xeyr, elə deyil, mən 5 gündür burdayam, qəti elə bir şey yoxdur. Deyirlər, ayaqyolular qamışdan hazırlanıb, yalandır. Çoxlu sayda konteynerlər gətizdirilib, sadəcə kənarları çöldən qamışdan hörülüb, amma içi səliqəli və müasir standartlara uyğundur. Daha sonra deyirlər ki, insanlar burada taxtaların üstündə otururlar. Birincisi, mağar toylarında da taxtaları düzürlər, hamı onun üzərində oturur. İkincisi, burada kifayət qədər stul var. İnsanların sayı azaldığından stulların bir qismini yığışdırırlar. Mən sübut kimi onların şəkillərini çəkmişəm. Bilirsiz, gərək, burada olanlar danışmasınlar, olanlar da yaxşı şeyləri görməyə çalışsınlar. Məsələn, indi səhər oyanmışıq, çox adam evinə qayıdır deyə, çadırlarındakı zibilləri topalayıb çölə yığırlar. Kimsə gəlib bu zibillərin şəklini çəkib paylaşacaq ki, Milli Yaylaq Festivalında zibilliyə baxın. Bu, qərəzli münasibətdir. Mən bilirəm ki, maşın gələcək, bunları yığıb aparacaq. Gəlib yaylaqda kombi, kondisioner axtarmaq söz tapa bilməyib danışmaq istəyən insanların işidir.

- Növbəti Yaylaq Festivalı ilə bağlı məlumatınız varmı?

- Yaylaq festivalının keçirilməsinin ideya müəllifi Cavad xan Mədəniyyət və Tarix fondunun I vitse-prezidenti Müzadil Həsənovdur. Burda onu bir dəqiqə belə rəsmi geyimdə görə bilməzdiniz, lazım gəlsə, odun da daşıyıb, taxtanın da ucundan yapışıb, telefonu bir an susmur. Bizim bu cür insanlara çox ehtiyacımız var. Biz onları həvəsləndirməliyik, onların arxasınca getməliyik. Qeyri-obyektiv rəy vermək ədalətli deyil. Ona görə də, nə qədər belə insanlar var, maneələr olmasa, Milli Yaylaq Festivalı hər il davam edəcək.

Nadir YALÇIN 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.