525.Az

İradə Musayeva: "Şuşada hər şeyi və hər kəsi bağışlamaq olar"

[30.07.22]
İradə Musayeva: "Şuşada hər şeyi və hər kəsi bağışlamaq olar"<b style="color:red"></b>

Bu il iyunun 14-15-də Şuşada keçirilən "Vaqif Poeziya Günləri"ndə iştirak edən söz, fikir adamları sırasında öz məqalələri, spesifik yanaşması ilə seçilən ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva da var idi. İradə xanımın qısa təəssüratlarını bölüşdüyü videonu izlədikdən sonra geniş müsahibəsini oxucularla bölüşmək qərarına gəldik.

 

 

- İşğaldan əvvəlki Şuşanı necə xatırlayırsınız? Hansı epizodlar unudulmaz xatirələrə çevrilib?

- Mən Ağdamda doğulmuşam, işğal gününə qədər də orada yaşamışam. Lakin bütün qarabağlılar kimi bizim də istirahət, gəzinti yerimiz adətən, Şuşa olurdu. Atam Şuşanı çox sevirdi və may ayından etibarən hər həftəsonu bizi Şuşaya aparırdı. Cıdır düzü uşaqlıq yaddaşımda göyün yeddinci qatı kimi qalıb. Orada olanda, elə bilirdim, Allaha yaxınlaşıram. Maşından düşən kimi bacı-qardaşlarımla dayanmadan qaçır, ayaqlarımız altındakı rəngbərəng çiçəklərin sərin mehə qarışan qoxusunu ləzzətlə sinəmizə çəkirdik.

İşğaldan sonra isə İsa bulağı, Şuşa sanatoriyası, xəngəlxana, onlarla digər məkan xoşbəxt günlərimizin qara çərçivəyə salınıb divardan asılmış tablosu kimi əzab verməyə başladı. Həm də ona görə ki, Şuşa ilə bərabər o zaman o yerlərdə bizimlə birgə olan doğmalarımız, atam, əmilərim, nənəm, bibilərim və başqa yaxınlarım artıq həyatda yox idi. Şuşa, Ağdam, Qarabağ nisgili ilə dünyadan köçmüşdülər.

Şuşa şəhəri mənim uşaqlıq yaddaşımda mədəni, təmkinli, azad və rahat olmağın sirli qapısı kimi qalmışdı. Elə bilirdim orada yorulmaq, həyatdan bezmək, kiminləsə dalaşmaq olmaz. Elə bilirdim oraya ancaq xoşbəxt ailələr gedir və ya insanlar ora xoşbəxt olmaq, mənəvi zövq alıb dincəlmək üçün gedir...

- Uzun illərdən sonra yenidən Şuşaya qayıtmaq sizdə hansı hissləri yaratdı?

- Qəribədir ki, 32 il sonra, iyulun 14-də mən Cıdır düzünə ayaq basanda məhz o zamankı ovqatda, o zamankı yaşda, o zamankı doğmalarımla bir yerdə hiss edirdim özümü. Son 30 ildə ən xoşbəxt günümü yaşayırdım. Digər tərəfdən də o ucalıqda - Cıdır düzündə  daxilimdəki balaca uşağa bir qalib Azərbaycan, qalib əsgər gücü də qarışmışdı.

- Şuşada olarkən təəssüratlarınızı bölüşdüyünüz videonu izlədim. Sevinclə yanaşı kədər də hiss elədim. Bunun səbəbi nə idi?

- Bəli, "Xarı bülbül" otelində yuxudan oyanıb eyvana çıxanda özümü möcüzəli yuxudan hələ  tam oyanmamış kimi hiss edirdim. "Yəni mən Şuşadayam?!" Çox sevinirdim... Amma hansısa bir səs, nəfəs, kölgə bu sevincimə sərhəd qoyurdu sanki... Elə bilirdim bir təhlilə, analizə, mühakiməyə ehtiyac var. Bu qədər sevincin bir bədəli olmalıdır, bu xoşbəxtlik göydən düşə bilməz. Və təbii ki, səmimi düşünəndə, səmimi və obyektiv izahlarla həmin xoşbəxtlik anlarının qapısına gələn yolun tarixçəsini vərəqləyəndə bu hissin adını bilirdim. Kədərlənməmək isə mümkün deyildi. Şəhidlərimizin portretindən baxan nisgilli baxışlar, qara geyimli, ağsaçlı anaların sükuta qərq olmuş üzündəki solğunluq, ata şəklini qucaqlayıb yatan və atasız oyanan körpələrin təbəssümsüz dodaqları, əlil arabalarındakı qazilər... Çox şey əzab verirdi. Və bütün bunlar bizim Cıdır düzündəki möhtəşəm xoşbəxtliyimizin qurbanları idi... Mən də bütün qarabağlılar kimi bu 30 ildə çox şey itirmişdim. Lakin mən sağ qalmışam və Şuşada ən gözəl otelin ən gözəl otağında dincəlirəm... Qarşıda poeziya tədbiri, Cıdır düzündə möhtəşəm konserti dinləmək, gözəl təamlar və xatirələrin izi ilə gəzinti proqramı var...

Böyük zəfər, arzuolunan və bəlkə də xəyal etmədiyimiz qələbə çökmüş ruhumuzu, üzülmüş ürəyimizi dirçəltmişdi. Biz artıq qürurunu, şərəfini dünyaya tanıdan xalq kimi özümüzü rahat hiss edə bilərdik. Qüdrətli və yenilməz ordumuz, dar gündə şəxsi nə varsa arxa plana atıb bir yumruq kimi bütövləşən xalqımız və dünyanın böyük gücləri qarşısında tədbiri, siyasəti, milli iradəsi ilə layiqli lider obrazını təsdiq etdirən ali baş komandanımız vardı... Bütün bunlar xoşbəxt olmaq üçün bəs edərdi...

Təbii ki, az-çox oxumuş, tarixi, ədəbiyyatı, fəlsəfəni anlayan adam kimi ağıl və məntiqlə müharibə qanunlarını, dünya tarixindəki müharibə reallıqlarını yadıma salıb sakitləşməyə çalışırdım. Amma mən bütün bunları kitablardan öyrənən biri kimi deyil, canlı həyatda yaşayan şahid kimi izah etməliydim. İşğalı, on illərlə davam edən sıxıcı və əzabverici atəşkəs dövrünü, iki mərhələdə baş verən müharibə faciələrini bütün varlığımla yaşamışdım.

- Bütün bu ziddiyyətli hisslərin içində Şuşada sizi daha çox  sevindirən nə oldu, həyatın canlanmağını necə müşahidə elədiniz?

- Bilirsiniz, insan hansısa şəhər, hansısa hadisə, hansısa şəxsiyyətlər haqqında nə qədər detallı, bütün incəlikləri, xırdalıqları ilə təsvir edilən roman, hekayə oxusa, o şeylər barəsində onun düşüncəsində dəqiq, mükəmməl təsəvvür yarana bilməz. Canlı şahidlik, canlı təmas, gözü ilə görüb analiz edəndə həqiqətə daha yaxın olursan. Bütün işğalda olan Qarabağ torpaqlarında olduğu kimi Şuşada da vandallar mədəniyyətə, arxitekturaya, tarixə, sənətə, elmə, iqtisadiyyata divan tutub, hər şeyi əxlaqsızcasına dağıdıb. İşgəncələrlə bədəni dəlmə-deşik olan, amma  əsirlikdən xilas edilən insan necə olar? Şuşa da o vəziyyətdədir.

Lakin biz qədim mədəniyyəti və tarixi təcrübəsi olan, min dəfələrlə ölüb Səməndər quşu kimi özünü külündən var edib yenidən doğulan xalq kimi dünyanın gözü qarşısında əzəmətimizi, yıxıcı deyil, qurucu, yaradıcı xalq olduğumuzu sübut edəcəyik. Bu yaxınlarda Zəngilanın Ağalı kəndi ilə başlanan böyük və təminatlı qayıdışın görüntüləri Şuşa, Ağdam və başqa rayonlara da xoşbəxt dönüşümüzə işarədir.

- "Vaqif Poeziya Günləri"ndən təəssüratlarınız xüsusilə maraqlıdır...

- Əlbəttə, hər şey möhtəşəm idi.  Qazilərimizin şeirləri xüsusən hamını kövrəltdi. Poeziya ilə bağlı hissələrdə, təbii ki, bir ədəbi tənqidçi olaraq bəyənmədiyim, o səhnəyə layiq bilmədiyim şeirlər, çıxışlar oldu. Amma olsun... Şuşada hər şeyi və hər kəsi bağışlamaq olar - deyə düşünürəm...

Cıdır düzündəki ədəbi-bədii kompozisiya isə sadəcə möhtəşəm və deyərdim ki, qüsursuz idi.

- Gələcəkdə keçiriləcək "Vaqif Poeziya Günləri" ilə bağlı hansısa təklifiniz varmı?

- Mənə elə gəlir ki, gələcəkdə "Vaqif Poeziya Günləri" çərçivəsində mövzu ilə bağlı beynəlxalq elmi-praktik konfrans təşkil etmək vacibdir. Yəni tədbirin çəkisini, elmi-bədii əhəmiyyətini artırmaq üçün bu çox əhəmiyyətlidir.

- Şuşada olanda şair Zakir Fəxri dedi ki, bu möhtəşəm qələbənin, Şuşa qayıdışımızın tarixə çevrilməsi üçün böyük ədəbiyyat yaranmalıdır. Müharibə dövrü ədəbiyyatının mənzərəsi məlumumuzdur. Bəs siz bir ədəbiyyatşünas kimi necə düşünürsüz, sizcə, postmüharibə dövrü ədəbiyyatı necə olmalıdır, öz şirəsini hansı məqamlardan çəkməli, nələrə istinad etməlidir?

- Gəldik çıxdıq, mövzunun daha bir problemli, ağrılı məqamına... Bilirsiniz, söhbət qələbənin, zəfərin ədəbiyyatından getməməlidir. Tərənnüm ədəbiyyatı həqiqi sənət əsəri ola bilməz! Qələbənin tarixini, əzəmətini tarixçilər yazsın. Lev Tolstoy, Hemenquey, Ekzüperi, Remark, Vonnequt, Henri Müller, Svetlana Aleksieviç və başqa müharibə mövzusunda monumental əsərlər ortaya qoyan müəlliflər var ki, onların mətnində əsla hansısa tərəfi təqdir, tərənnüm detalları tapa bilməzsən. Böyük ədəbiyyatdan söhbət gedirsə, tendensiyalılıq olmamalıdır. Mən çox-çox təəssüf edirəm ki, bizim müasir ədəbiyyatda böyük ictimai-siyasi, sosial-mədəni, mənəvi-psixoloji vəziyyətimizin son 30 illik dönəmini sənətkarlıqla əks etdirə bilən müəlliflər  yetişmədi. Söhbət tək-tək müəlliflərin tək-tək əsərindən getmir. Bu nümunələr bizim on illər ərzində yaşadıqlarımızdan, gördüklərimizdən sadəcə fraqmentlərdir. Amma biz epopeyalara, cild-cild romanlara yerləşən tarixi ağrılar, böyük ictimai hadisələr, müharibələr, inqilablar mərhələsini keçmişik. Fəqət bizim bu on illiklər ərzində dəyişib formalaşan (fərqi yoxdur inkişaf edib gözəlləşən və ya tənəzzülə, deqradasiyaya uğrayan) hisslərimizin, düşüncəmizin, əxlaqımızın şəklini obrazlaşdıran, şəklini rəsm edə bilən əsərlər yazılmadı. Gələcək nəsillər bu dövr haqqında təfsilatlı məlumatı ədəbiyyatdan deyil, bəlkə bəzi hallarda publisistikadan ala biləcək.

Bəlkə son 100 ildə bugünkü qədər ədəbiyyata material, xammal ola biləcək həyat mənzərələri, tarixi olaylar olmayıb. Sadəcə qələm və geniş erudik təfəkkür, bədii sənətkarlıq, ədəbi çeviklik, zəhmətə qatlaşma əzmkarlığı yoxdur. Hər yanımız, hər anımız mövzu ilə doludur...

Məsələn, Şuşada yol yoldaşım Samirə Bəktaşi ilə otelin yeməkxanasında  olanda çox təsirli mənzərə ilə rastlaşdım. İçəriyə 10-12 nəfər hərbi geyimdə, yaxasında medallar olan müharibə iştirakçıları, qazilər daxil oldu. Hər kəsdən fərqli ifadə vardı üzlərində. Bizlərin üzündə olan sevinc hissi onlarda yox idi. Sakit, susqun vəziyyətdə nahar edirdilər. Az danışır və ətrafda heç kimə nəzər yetirmirdilər. Onlar odun-alovun içindən çıxıb gəlmişdilər. Çoxlu ölümlər, dəhşətli mənzərələr görmüş, bir ömür boyu qulaqlarından getməyən səslər eşitmişdilər... Onlarla sonrakı tanışlıq zamanı eşitdiyim faktlar da bunu sübut etdi. Qucaqlarında neçə dostları xırıldaya-xırıldaya, imdad istəyən gözlərini yumaraq canlarını tapşırmışdı. Bir addımlıqlarında bir avtobus əsgər yoldaşları raket atəşi altında həlak olmuşdur. "Şuşanı alsanız mütləq mənim cəsədimi də olsa, oraya çıxarıb sonra dəfn edin" - deyən yaralı  döyüş yoldaşlarının vəsiyyətini eşitmişdilər. Yeri qazıb tək qol, tək ayaq basdırıb sonra dərindən ah çəkib, gözlərinin yaşını silib döyüşə yollanıblar...

Həmin gənclərdən biri danışırdı ki, müharibədən qayıdanda yaşamağımı hiss etmirdim sanki. Məni çox təntənə ilə qarşıladılar, elə bilirdim şəhid olmuşam. Düşünürdüm ki, yalnız şəhidi belə qarşılayarlar. Və həmin oğlan mənə qızı ilə görüşdüyü videonu göstərdi, dedi ki, ancaq qızım mənim qarşıma gəlib məni qucaqlayanda yaşadığımın, ölmədiyimin fərqində oldum... Onların döyüş hekayələri və müharibədən sonrakı obrazları, dəyişən simaları mənə Hemenqueyin, Ekzüperinin, Aleksieviçin qəhrəmanlarını xatırlatdı. Və mən düşündüm: Axı niyə bu insanların, bu müharibənin və bizim yaşadığımız bu həyatın ədəbiyyatı yoxdur?!  Lev Tolstoy da deyirdi ki, siz gələcəkdə tarixi tarix kitablarından yox, əsl ədəbiyyat materiallarından öyrənə biləcəksiniz...

Nadir YALÇIN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.