525.Az

Qara Qarayevin portreti

[27.07.22]
Qara Qarayevin portreti<b style="color:red"></b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Zülfiyyə Sadıqovadır. Onunla Xalq rəssamı Tahir Salahovun "Bəstəkar Qara Qarayevin portreti" haqqında danışmışıq. Qüdrətli fırça ustası, həm Azərbaycanın, həm də Rusiya Federasiyasının Xalq rəssamı Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. 

Tahir Salahov "sərt üslubun"  banisidir. Rəssamın yaradıcılığı çoxşaxəlidir. Onun həm rəngkarlıq və qrafika, həm də teatr-dekorasiya sahəsində yaratdığı əsərlərinin hər biri sənətkarlıq metodu ilə seçilir. Rəssamın təsvir etdiyi demək olar ki, hər şey madiyyatdan və məişətdən uzaqlaşaraq hansısa başqa ötəki dünyaya keçir. Elə buna görə də təsadüfi deyil ki, fırça ustasının yaratdığı möhtəşəm əsərlər istər ölkəmizdə, istərsə də dünyanın mötəbər muzey və qalereyalarında, şəxsi kolleksiyalarında qorunub saxlanılır. Tahir Salahov saysız-hesabsız mükafatlara - Sosialist Əməyi Qəhrəmanı adına, SSRİ-nin  və Azərbaycanın Dövlət mükafatlarına, SSRİ Xalq rəssamı, Azərbaycanın ali mükafatı olan "İstiqlal" və "Heydər Əliyev" ordenlərinə layiq görülüb.

 

 

- Zülfiyyə xanım, bilirik ki, bu tablo da daxil olmaqla Tahir Salahovun portret janrında bir çox əsərləri var. Tahir Salahovun bu janra yanaşmasında fərqli olan nə idi?

- Rəssam portret janrı haqqında deyib ki, onun üçün obraz baxımından, şəxsiyyət və zamanın mahiyyətinin necə ifadə edilməsi ilə, üstəlik, tamaşaçının görə bilmədiyi hanısa daxili ünsürə malikdir. Aktiv vətəndaş mövqeyi Tahir Salahovun portretlərində açıq-aşkar hiss olunur. Rəssamın öz qəhrəmanlarına, onların həm işinə, peşəsinə, həm də yaradıcılığına bəslədiyi məhəbbət əsərin özünü ahəngdar şəkildə səslənməyə məcbur edir. O, Qara Qarayevin, Fikrət Əmirovun, Dmitri Şostakoviçin, Rauşenberqin, Gessenin, Dalinin və başqa görkəmli şəxsiyyətlərin portretlərini yaradıb.

- Əsərin yaranma tarixi haqqında nə bilirik?

- Fırça ustasının yaratdığı bu portret dünyada yaradılımış ən uğurlu portretlər sırasında öz layiqli yerini tapıb. Tahir Salahov bu portreti yaratmazdan qabaq çoxlu hazırlıqlar görüb, xeyli eskizlər, etüdlər çəkib. Bu portret 1960-cı ildə çəkilib və rəsmin yaranması əslində heç də təsadüfü olmayıb. Qara Qarayev ilə Tahir Salahov çox yaxın dost olublar. Rəssam bəstəkarın yaradıcılığına çox yaxşı bələd idi. Bəlkə də, elə buna görədir ki, bəstəkarın portreti insana kəskin, dərin psixoloji təsir bağışlayır. Tahir Salahov bu portreti haqqında jurnalistlərə verdiyi müsahibədə deyirdi: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım". Bu əsər bir çox sərgi salonlarında nümayiş olunub və milyonlarla tamaşaçının rəğbətini qazanıb. Onu da qeyd etmək lazımdır ki, Nyu-York şəhərində keçirilən və Birləşmiş Millətlər Təşkilatının 60 illiyinə həsr olunmuş sərgidə nümayiş olunan doqquz əsr ərzində rus rəssamlarının çəkdikləri 270 əsərin sırasında Tahir Salahovun bu portreti var idi. T.Salahov bu portetinə görə 1962-ci ildə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb.

- Tablo hazırda harda saxlanılır?

- Tablo hazırda Tretyakov Qalereyasında saxlanılır.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Rəssam bu əsərdə soyuq tonlardan istifadə edib, ağ və royalın qara fonunda profildən təsvir olunmuş bəstəkarın iç dünyası əsərin məna yükünü və bədii ifadəliliyini daha da artırır. Qara rəngli royal hamar boz fonu sürətlə yarıb keçir. Bəstəkarın üzünə işıq düşmür. Əsərdə sol tərəfdə təsvir olunmuş qırmızı dəftərin yeləni qara royalla həmahəngdir. Həm səsli, həm də parlaq rənglərin vurğuları sanki ani işartılar kimi özünü büruzə verir. Rənglər sanki bizi bu çətin və sehrli prosesi başa düşməyə çağırır. Həmçinin, bu rənglər fırça ustasının şərq palitrasını və onun milli, eləcə də, qəhrəmanına məxsus olan sənətə meylini xatırladır.

- Bəs kompozisiya haqqında nə düşünürsünüz?

- Kompozisiyada bəstəkar profildən əyləşmiş, dirsəklərini dizlərinin üzərinə qoymuş, əllərini birləşdirmiş və çənəsinə qoymuş vəziyyətdədir. Qara Qarayev dərin fikirlərə qərq olmuş vəziyyətdə təsvir edilib. Açıq-aydın hiss olunur ki, onun qəlbində yalnız yaradıcılıq həvəsi hökm sürür, bəstələyəcəyi yeni əsər barədə fikirləşir.

- Sizcə, bu əsər bizə nə deyir?

- Bu portretdə Tahir Salahov yaxın dostunu bəstəkara xas xarakterik cizgiləri qabardaraq təsvir edib. Qara Qarayevin ciddi, zəhmli görünüşündə sanki bir yumşaqlıq var. Bu portret həm də yeni dövrü təmsil edən insan obrazıdır.

Aytac SAHƏD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.