525.Az

Zaman artıq öz sözünü deyir...

[26.07.22]
Zaman artıq öz sözünü deyir...<b style="color:red"></b>

Bir vaxtlar ayrı-ayrı yolların yolçusu olsaq da, iş yerimizin ünvanı eyni olub - Azərbaycan Dövlət Televiziyası. İstər dəhliz olsun, istər studiya, onunla həmişə rastlaşardıq. Çox kübarcasına, üzündə təbəssümlə hamının salamını alardı. Bəzilərini tanımasa da, onu hamı tanıyırdı. 1991-ci ilin noyabr ayında bütün ölkəni dəhşətli bir xəbər bürüdü. Xocavənd rayonunun Qarakənd ərazisində içərisində Azərbaycanın ictimai-siyasi xadimləri, dövlət qulluqçuları, məsul şəxsləri, dövlət televiziyasının əməkdaşları olan vertolyot qəzaya uğramışdı və nəticədə 22 nəfərin hamısı həlak olmuşdu. O zaman çox gərgin və hələ irəlidə onu nələrin gözlədiyini bilməyən bütün xalq hadisənin xofundan çıxa bilmirdi. Televiziya jurnalisti Alı Mustafayev, operator Fəxrəddin Şahbazov və çox gənc olan texniki işçi Arif Hüseynzadəni itirmişdi. Bu itkini hərə özündə bir cür ovuda bilirdi. Televiziya jurnalistinin işinin ağırlığı əsasən operatorun çiynində olur. Biz də öz növbəmizdə hamının sevimlisi olan operator Fəxrəddin haqqında bir xatirə verilişi hazırlamaq qərarına gəldik. O zaman üç xanım diktor verilişdə müsahibim oldu ki, onlardan biri ilə bu gün oxucuların görüşünə gəlmişəm. Onunla ad günü ərəfəsində görüşdüm. Amma bu barədə nə o dedi, nə də mən üstünü vurdum. Efir adlı dünya artıq bizim üçün çox uzaqda olsa da, yaradıcı baxış, münasibət olduğu kimi qalmışdı. Nə isə, keçək iş başına... Qəzetimizin bugünkü müsahibi respublikanın Əməkdar artisti, Ali dərəcəli diktor Tamilla Ələkbərovadır.

 

- İsti söhbətimizə Tamilla Ələkbərova özü körpü salsın.

- 1944-cü ilin qızmar yay ayında İçərişəhərdə ziyalı ailəsində bu dünyaya göz açmışam. Yaşıdlarım kimi, zamanında məktəbə getmişəm. 1961-ci ildə nümunəvi təhsil ocaqlarından biri olan 134 saylı orta məktəbi bitirib ali məktəbə daxil olmuşam. 1966-cı ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya üzrə diplomunu almışam. Tələbəliyimin ilk illərində, daha dəqiq 17 yaşımda televiziya adlı bir məkanın qapısı üzümə necə açıldısa, mənim ömür yoluma yalnız bir ünvan yazıldı - Azərbaycan Dövlət Televiziyası.

Müharibənin alovlu yollarından keçə bilsə də, atam Ağasəlim Rəsulov bədənində qalan qəlpələrdən xeyli müalicələr aldı. Mərkəzi Komitədə şöbə müdiri idi və o zaman üçün bu, məsul bir vəzifə sayılırdı. Atamın sırf bakılı xasiyyəti vardı. Ailədə üç bacı, iki qardaş olmuşuq və biz qızlara qarşı atamın mühafizəkarlığının həddi yox idi. Üç bacı ona söz deməyə cəsarət etmirdik. Bir istəyimiz olanda bunu atama ya anam deyərdi, ya da böyük qardaşım. Bu sərt xasiyyətinə rəğmən, atam səmimiliyini və ürəyinin istiliyini bizə hər zaman hiss etdirə bilib. Anam Firuzə Rəsulova o zaman Tağıyevin qız məktəbinə daxil olub və orada yalnız bir il oxuya bilib, çünki təhsil almaq eşqi ilə qəlbi çırpınan bu qız valideynlərinin istəyi ilə ailə qurub. Çox maarifpərvər olan anam beş övladına təhsil verməklə, öz arzusuna çatmış kimi olub. Biz qızlar hərəmız bir yol seçdik. İki bacım indiki BDU-nu bitirdi - biri coğrafiya fakültəsini, kiçiyi hüquq. Qardaşlarımın ali təhsil ünvanı eyni oldu - bu günün Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti. Böyük qardaşım mərhum Əmənulla Rəsulov Ədil İsgəndərovun təkidi ilə o zaman "Əhməd haradadır?" filmində tikinti idarəsinin rəisi roluna çəkilmişdi. Kiçik qardaşım isə elə mədəniyyət sahəsində işləyib. Ailənin bu beş uşağı həmişə valideynlərinə layiq övlad olmağa çalışıb və zənnimcə, bunu bacarıb.

- Gələk 17 yaşınıza...

- Hə... Bir gün qapı açıldı və auditoriyaya bir neçə nəfər daxil oldu. Onlardan biri məni və bir neçə qızı göstərərək, iki gündən sonra müsabiqəyə gəlməyimizi söylədi. Məlum oldu ki, televiziyanın diktor müsabiqəsi üçün gənc qızlar seçilir və bizi digərlərindən fərqləndirən rejissor Nazim Zeynalov imiş. Çox sevinsəm də, bu məsələnin bir amması vardı - bunu atama demək. Həmişə köməyimizə yetən böyük qardaşım bunu ona deməyin yolunu tapa bilmədi. Vaxt çox az idi və bu məsuliyyəti əmimoğlu Tələt Rəsulov öz üzərinə götürdü. Cəmiyyət arasında kifayət qədər tanınan bu insan atamla danışacağına və yanımda olacağına söz verdi. Dediyi kimi də etdi. Təyin olunan gündə müsabiqəyə gələndə nəhəng bir izdihamla rastlaşdıq. Televiziyanın qapısından indiki Şəhidlər xiyabanındakı məscidə qədər uzanmışdı növbə. İçimdə həyəcanla növbəyə dayandıq. Az keçmədən bizə yaxınlaşan bir nəfər Tələtlə çox hörmətlə görüşdü və məsələni biləndən sonra bizi içəri apardı. Sonralar bu insanın baş redaktor Tofiq Axundov olduğunu bildim. Məni balaca bir studiyaya gətirib dedi ki, bir azdan həm səsini dinləyəcək,  həm də görünüşünü çəkəcəyik. Gedəndən sonra mənə yabançı olan studiyanı seyr etməyə başladım. Bir operator vardı, bir də kamera. Bu əsnada bir səs eşitdim: Qızım, stolun üstündəki mətnləri bir-bir oxu. Düzü, səs eşidiləndə qorxdum. Birinci kurs tələbəsi nə bilirdi ki, rejissor pultu nədi? Əvvəl rus dilində olan mətni götürdüm və onu çox rahatlıqla oxudum. Rus təhsilli olduğumdan bu, təbii idi. Azərbaycan dilində olan mətndə çətinlik çəkdim. Xülasə, səsimi də bəyəndilər, görünüşümü də və beləcə 500  müsabiqə iştirakçısından mərhələ-mərhələ keçərək sona dörd nəfər qaldıq. Mənə üç ay sınaq müddəti verdilər və eyni zamanda  doğma dilimi inkişaf etdirməli idim. Həvəslə işə başlamışdim ki, mənə elçi çıxdı və ailə qurdum. Çox alicənab, mədəni, ziyalı olan həyat yoldaşım eyni zamanda hədsiz qısqanc idi və mənə bildirdi ki, işləməyimə qarşıdı. Və mən televiziyadan ayrıldım.

- Yaman asanlıqla təslim olmusuz...

- Buna təslim olmaq deməzdim, çünki birinci övladımızdan sonra necə deyərlər, yoldaşımın qılığına girib televiziyaya qayıtmağa müvəffəq oldum. Lakin bu sevincimin də ömrü bir il oldu. Və yenidən yoldaşımdan işdən ayrılmağım barədə xəbər gəldi. Bundan sonra mənim dərdli günlərim başladı. Yuxuda qışqırır, hamını harayıma çağırıb kömək istəyirdim. Bu halımı görən qayınanam oğluna dedi ki, ay bala, belə getsə, bu gəlin xəstəlik tapacaq, qoy gedib işləsin. Allahdan oldu ki, o zaman televiziyanın sədr müavini mərhum Elşad Quliyev bizə gəldi. Yoldaşımla aralarında səmimi münasibətləri vardı. Dedi ki, Həsən, xəbərləri oxumaq üçün diktora böyük ehtiyacımız var. Sənin orada mənim kimi qardaşın var, gözüm həmişə Tamilla xanımın üstündə olacaq. Beləcə, bu, mənim televiziyaya son və təməlli dönüşüm oldu. İllər məni püxtələşdirdi, təcrübəmlə bərabər, mənə olan etimad da artdı. Əməkdar artist adını qazandım. Ali dərəcəli diktor oldum. Televiziyadan mənə qalan yalnız bunlar oldu.

- Televiziyanın ən məhsuldar və parlaq dövrünü yaşamış diktor Tamilla Ələkbərova...

- Həm rəngarəng, məzmunlu, həm səviyyəli verilişləri, efir mədəniyyəti yüksək olan bir televiziyanın salnaməsini yazan diktor olmuşam. Bunu heç kəs qeyri-təvazökarlıq kimi qəbul etməsin. Mən kiminsə xətrinə dəyib, qəlbini qırmaqdan çox uzaq biriyəm. Amma televiziya ilə bağlı iradları bildirməməyi xəyanət hesab edirəm. Bu günün aparıcıları əsasən tanınmaq, məşhur olmaq, sosial durumunu yüksək səviyyədə təmin etmək naminə daha çox çalışırlar. Telekanalların artmasını müsbət qarşılayıram, çünki burada həm rəqabət var, həm də tamaşaçının seçimi. Amma bunu da unutmaq olmaz ki, efir güzgüdü. Efir məzmunu ilə bir-birinə qarışan verilişlər məkanı, sirk arenası, nalayiq ifadər üçün bir ünvan deyil. Aparıcı çalışmalıdı ki, ona ayrılan zaman çərçivəsində özünün nitq qabiliyyəti, efir mədəniyyəti, dünyagörüşü ilə tamaşaçı kütləsini ələ ala bilsin. Bizim üçün işimiz, peşəmiz hər şeydən əzəl olub. Təbii ki, mən bura ailəni qəti olaraq daxil etmirəm. Tamaşaçı üçün ekran qarşısında oturmaq nə qədər asandısa, kadr arxasının məsuliyyəti, ağırlığı ondan qat-qat çətindi və bunu əsl televiziya işçisi başa düşə bilər. Televiziyaya rəhbərlik edən on sədrin dövründə tamaşaçı qarşısına çıxan simalardan biri olmuşam. Yalnız on birinci sədrlə işləməkdən özüm birmənalı şəkildə imtina edib 42 il çalışdığım məkandan uzaqlaşdım, çünki şərəf və ləyaqətimi, mənliyimi alçaltmağa heç kəs qadir deyil.

- 44 günə gəlib çatan uzun bir yolun şahidisiz.

- 80-ci illərin sonundan respublikada başlayan gərginliklər biz diktorların yaddaş tarixidir. Həmkarım, mərhum Davud Əhmədovla "Günün ekranı"nı aparırdıq. Gördüm ki, redaktor mənə tərəf bir mətn uzatdı. Mətnlə tanış olanda efirdə huşumu itirmək həddinə çatdım. Bunu görən həmkarım tez vərəqi əlimdən alıb xəbəri oxudu. Bu, jurnalist Salatın Əsgərovanın ölüm xəbəri idi. Onunla çox yaxın münasibətimiz vardı. Bir gün əvvəl gecə mənə cəbhə bölgəsinə gedəcəyini xəbər verən insanın ertəsi günü acı xəbərini xalqa çatdırmağa gücüm yox idi. Belə bir sarsıntını 1991-ci ilin noyabr ayında yenidən yaşadım. Axşam xəbərlərinə hazırlıq gedirdi. Xəbər gəldi ki, Qarakənddə vertolyot partlayıb. Bu xəbəri də mən oxumalı idim. Amma bacarmadım, həmin gün efirə çıxa bilmədim. Bir dəfə də gördüm ki, şirkətdə hamı təlaş içində yuxarı mərtəbəyə qalxır. Maraq mənə də güc gəldi. Qalxanda gördüm ki, montaj otağında ağ saçlı bir qadın oturub və yerində yırğalanır. Öyrəndim ki, azğın qaniçənlər dinc insanları atəş altında qovanda, qadın yorğana bükdüyü uşağını bağrına basaraq qaçmağa başlayıb. Salamat qurtulduğunu görəndə ana sevincək yorğanı açanda görüb ki, uşaq yoxdu. Həmin anda saçları ağararaq havalanmışdı qadın. Olanları eşidəndə sanki ayağımın altından yer qaçmışdı. Biz bu ağrıları görüb yaşamış insanlarıq. 1990-cı ilin yanvarında televiziyanın enerji bloku partlayanda, iş başında idim. Özümə gələndə sandım ki, dünyam darmadağın olub. Bu həyəcanı yaşayanlar məni yaxşı anlayar. Artıq haqq dünyasında olan sədr müavini Nahid Hacızadə otağındakı saatı bu hadisədən sonra işə salmadı. Əqrəblər 19:26-nın üzərindəcə qaldı. Və bütün bunları yaşayan, şahidi olan mən 44 günə qələbə sevincini görə bildimsə, Allahıma şükr edib, Ali Baş Komandana var olsun deyirəm. Sümüyə dirənən bıçaq sonda öz sözünü deməli idi və layiqincə də dedi.

- Ötən günlərimi qaytaraydılar...

- Yox, onsuz da ötən günə gün çatmaz, calasan günü günə... Televiziyada elə dolğun, mənalı bir ömür yaşadım ki, bu, mənə kifayətdi. O qədər gözəl diktor kollektivimiz vardı ki, bizi radio diktorlarına nümunə göstərərdilər. İndi həmin böyük kollektiv çox yığcamlaşıb. Aramızda itirdiklərimiz çoxdu. Bir neçə il əvvələ qədər İçərişəhərdə sevimli bir məkanımız vardı, orda yığışardıq, ötənlərdən danışardıq, həm gülərdik, həm kövrələrdik. İndi isə əlamətdar günlərdə ancaq telefon zəngləri və təbrik mesajları ilə ünsiyyətdə oluruq. Zaman artıq öz sözünü deyir...

P.S. Dünən Tamilla xanımın ad günü idi. Görüşəndə nə o dedi, nə də mən üstünü vurdum. Özümü bu yazıya saxladım. Söhbət əsnasında bir cümlə işlətdi Tamilla xanım. Dedi ki, insan olmaq hünər tələb edir. Biz də öz növbəmizdə dəyərli bir insanımız kimi sizi ürəkdən təbrik edirik. Həmişə var olasız!

Tamilla M-zadə


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.