525.Az

Güldərən Vəli: "İstəmirəm boyatlasın Göyçə dərdim..."

[24.07.22]
Güldərən Vəli: "İstəmirəm  boyatlasın Göyçə dərdim..."<b style="color:red"></b>

Bu dəfə Göyçə mahalı, Basarkeçər rayonunun Dərə kəndindən danışacağıq... 33 ildi o kənddən ayrı düşən, "qaçqınlığı hələ ilk günkü kimi yaşayıram" - deyən bir şairlə... Həmsöhbətim şair, nasir, "Aşıq Pəri" məclisinin ilk üzvlərindən biri, ötən əsrin 80-ci illərində Gəncədə fəaliyyət göstərən "İlham" ədəbi birliyinin üzvlərinin bu gün də "hörüklü qız" kimi xatırladıqları Güldərən Vəlidir. O, hazırda Gəncədə yaşayır və Qarabağ zəfərindən bu yana ümidlərinin yaşıllandığını, doğulub boya-başa çatdığı doğma kəndini görəcəyi günün yaxında olduğuna inandığını bildirir:

- Güldərən xanım, DGTYB nəşri olan "Yazarların yazmadıqları" kitabında bir epizod var. "Göyçə gölü"nə dəniz deyirsiniz...

- Arzularımızın sonsuzluğunun simvoludur, qızım. O dənizin sahilindəydi kəndimiz. Məhşur bir şeir vardı bizim gəncliyimizdə, müəllifini unutmuşam. Gəncədə keçirdiyim tələbəlik dövrümdə dilimin əzbəriydi o şeirin bir bəndi...

 

Yadıma coşqun sular,

Bir də ki, dəniz düşər...

Qayalı sahildəki

Kiçik kəndimiz düşər...

 

Elə bilirdim, bu bircə bənd şeiri təkrarlamaqla içimdəki kənd həsrətini azaldacağam. Amma onda bilmirdim ki, yurd həsrətinin əslini hələ tanımıram... İndi xəbərlərdə hər dəfə "Vardenis" sözünü eşitdikcə gözlərim dolur, öz-özümə "gözəl Basarkeçər" deyirəm. Rayonumuz Basarkeçər idi, sonradan adını dəyişib "Vardenis" elədilər. Ötən ilin yanvarında bir xatirə yazdım "Bir kənd var..." adlı. İlk cümlələrim belə oldu: "Hərdən dilimdə əzizləyirəm kəndimizi, "Gül Dərə" deyirəm. Hərdən də düşünürəm ki, yəqin, bahar gəlincə kəndimizin dörd tərəfindən boylanan güllərə baxıb nənəm adımı Güldərən qoyub..."

Vətən müharibəsi zamanı işğaldan azad edilmiş kəndlərin videogörüntülərinə baxdıqca ürəyim sızlayır, qeyri-ixtiyari düşünürdüm ki, bədtamahlar, bədniyyətlər, görəsən, bizim kəndimizə də dağ çəkibmi ürəyimizə çəkilən yurd dağı kimi? Hardan bilə bilərəm...

- Kəndinizlə bağlı xatirələrinizin heç vaxt saralmadığını, saralmayacağını anlayıram. Bəs, hərdən olurmu ki, xəyalınızda kəndinizə gedəndə hansısa cığırı səhv salasınız?

- Yox... Yooox... Bəlkə də, hə... Hər şeyi öz yerinə qoyan zamanın oğurladıqları da olur yaddaşımızdan, xatirələrimizdən... Eh... Nəyi unutmuşam, görəsən? Bunu bilmək üçün bircə-bircə xatirələrimi varaqlamalıyam. Məsələn, düşünsəm ki, elə indi "Qatarqaya"nın başında dayanmışam... Baxıram üzüaşağı. Pəmbəklə Dərənin arasındaydı "Qatarqaya"; burda qayalar elə gözəl düzülmüşdü ki, elə bil, Tanrı daşdan boyunbağı düzəltmişdi dağlara... "Qatarqaya"nın başıyla həmişə "İskəndərin ocağı"na gedərdik. Ordakı ocaqda qurbanlarımızı kəsir, nəzirlərimizi paylayardıq.

"İskəndərin ocağı"ndan aşağı düşəndə gəlib "Zirincli bulağ"a çıxırdıq. Sərin suyundan ovuc-ovuc içib, ağacların kölgəsində dincələndən sonra yol alırdıq "Orucoğlu" deyilən yastanaya tərəf. Bura kolxozun naxırının yaylaq yeriydi. Xəyalən keçdiyim hər cığır, hər iz özü boyda göynək qoyub sinəmizdə...

"Orucoğlu"nun aşağısında, yola baxan səmtdə balaca-balaca bulaqlar qaynayırdı; hərəsi bir rəngdə, bir dadda... Başqa birinin də rəngi nar qırmızısıydı; suyun ətrafındakı daş da, qum da bu rəngə boyanmışdı. "Orucoğlu"ndan sola dönəndə yol bizi "Xınna" dərəsinə aparırdı. Hər daşı, hər izi, cığırı dilində oxşayan bir xalqın ömrünü bağladığı yerlərdən ömürlük ayrı düşməsini taleyin insafsızlığınamı yazaq, tarixin amansızlığınamı?!

"Xınna"dan "Məntəqə"yə aşırıq. Bura da kolxozun qoyun sürülərinin yaylaq yeriydi. "Məntəqə" "Gurbulağ"a, "Gurbulağ"dan "Qara quzey" gedirik. "Qara quzey"in başındakı düzəngahda yeddi rəng çiçək bitirdi. Düz 33 ildir yaylığımın küncünə büküb saxladığım üç solmazçiçəyini məhz o düzənlikdən yığmışam... Həmişə elə bilirdim, gül ömrü bir mövsümlük olur; gül açır, solur və yalnız xatrəsi qalır. İndi əlimdəki solmazçiçəklərinə baxdıqca Gül Dərənin xatirəmdəki ömrünün daha uzun olmasını istəyirəm... Və bu xatirəmin mənim ömrümdən keçib başqa ömürlərə naxış olmasını istəyirəm... İstəmirəm unudulsun Gül Dərə... İstəmirəm boyatlasın Göyçə dərdim...

- Bəs, niyə "Göyçə dərdim, boyat dərdim" deyirsiniz?

- Mən istəməsəm də, boyatlayır o dərd... Əppək kimidir yurddan ayrı qalmaq dərdi, boyatladıqca nə yeyə bilmirsən, nə də ata bilmirsən o müqəddəsliyi (Susur. Gözlərində gilələnir Göyçə dərdi)

- "Gurbulaq"da qalmışdıq...

- Hə... "Gurbulaq"dan "Danalığ"a tərəf gedən yolu əlimizə alıb irəli yüyürürdük. "Ağ qaya"nın başından sola dönən cığır bizi "Çoban bulağı"na, ordan da "Nazlı bulağı"na aparırdı. Nənəm deyərdi ki, bu bulağın başına həmişə nazənin qızlar pencər yığmağa gəlirmiş, ona görə adı "Nazlı bulağı" qalıb. "Lilparlı dərə, "Qoç qoruğu", "Ağ qaya", "Qızlar bulağı", "Sadığın kalafası" kəndimizin ən gözəl yerləridir. Deyilənə görə, "Sadığın kalafası" Sadıq adlı bir kişinin yurd yeriydi. Kişinin çay daşından tikdiyi daxmaların yerləri qalmışdı oyuq-oyuq, adda-budda da küncdə divarların qalıqlarına rast gəlmək olurdu. Bu boş qalmış yurd yerinin adıydı kalafa... "Sadığın kalafası"nda sonradan kolxoz rəhbərliyi uzun bir pəyə (tövlə) tikmişdi, bura da toğlu otaranların şenliyiydi. Bu şenlikdən üzüaşağı "Üç yol"a, "Suqovuşan"a düşürdük. Burda iki kiçik çay qovuşub daha enli çay əmələ gətirirdilər. Bu çay da səs-küylə, qıjıltıyla Göyçə gölünə tələsirdi...

Çayı keçəndən sonra yolun sağında böyük sıldırım qayalıqlar var... Bu qayalıqlara "Rusqırılan" deyirdilər. Söylənişə görə, şura hökuməti qurulanda Zubannı nəslindən olan bir igid dərənin başında durub, səksən nəfərə yaxın rus əsgərini kəndə girməyə qoymayıb, hamısını qırıb. Ona görə də bu yerin adı "Rusqırılan" qalıb. Kəndə tərəf yönələndə yolumuzun üstünə "Su dəyən qaya" çıxır. Burda çayın suyu qayaya çırpılır, sonra səmtini dəyişirdi. "Bərə yeri"ndə ayaq saxlayıb kənd sakinlərinin mal-qoyununu otaran nobatçını salamlamadan kimsə kəndə girməzdi. "Bərə yeri"nin sol tərəfindəki hündür dağın adı "Sarılıq" idi. Dağın ayağındakı dərə isə "Doqquzdəni" dərəsiydi. Daha hansını deyim? "Tüklü təpə", "Saqqızlı dərə", "Gəzdəyin başı" Göyçə gölü, "Kora bulaq" xatirələrimizin ən gözəl yerində ilk günki kimi qalmaqdadır.

- Bəs, indi o kəndə qayıtsanız, orda ilk nəyi axtararsınız?

- İlk nəyi axtarardım? Kəndimizin ayağından keçirdi avtobus yolu. Avtobusdan düşən kimi ayaqyalın yüyürərdim kəndimizə... Əminəm ki, o yoldakı xırlar, daşlar mənim ayağımı incitməz. Onlar da darıxıb elə bilirəm məndən ötrü, bizdən ötrü, bütün dərəlilərdən ötrü... Bir də nənəmin məzarını ziyarət edərdim. Deyərdim ki, gəlmişəm...

- Nəyi necə görmək istərdiniz bəs orda?

- Hər şeyi o noyabr gecəsində necə qoyub gəlmişəm, bax, elə o cür də gedib görmək istəyərdim. 1988-ci ilin 28 noyabrında gecə ilə tərk eləmişik kəndimizi. Olub-olanımızdan cəmi səkkiz qutu kitabı yığıb lələmə tapşırdım ki, ən qiymətli əşyalardı, mütləq gətirərsən. Biz atamıza "lələ" deyirdik. Hər qutu iyirmi kiloqram tuturdu. Lələm də evdən heç nə götürməyib, ən qiymətli deyə o qutuları gətirib. Gəncədə, Poçt qəsəbəsində qutuları açanda lələm az qaldı infarkt keçirsin. Dedi, insafın olsun, bunun yerinə un gətirərdim, kitab nədi?! Kitablarım da qaçqın düşdü... Neçə ildi o qaçqın kitablardan Göyçənin qoxusunu alırdım. Vətən müharibəsində bir video çəkmişdilər. Əsgər çəkmələri qalaqlanmışdı bir qapının ağzında. Ürəyimdən keçdi ki, bax, o çəkmələr o əsgərlərin kitablarıdı, onlar bu çəkmələrlə tarix yazdılar. Özü də gerçək tarix. Gözümdən düşdü "qaçqın kitablarım". Dedim, o çəkmə-kitabların qarşısında bu kağız kitablar nəyə lazımdı axı?! Payladım hamısını... Bəxtiyar Vahabzadənin bir, Məmməd Arazın da bir kitabını saxladım özümdə.

- Necə çıxdınız kənddən?

- Gecəydi. Dedilər, ermənilər kəndə hücum çəkib. O məhşur nağıldakı kimi, ən qiymətlilərimizi-balalarımızı götürüb çıxdıq evdən. Kolxozun özüboşaldan dəmir maşınının üstündə kilimlərdən çadır düzəltdik, körpələri qucağımıza aldıq, şaxtada-ayazda yol başladıq. Yolda maşınımız qırıldı. Yeddi dənə rus əsgəri gəldi, bir dənə avtobusla, başımızın üstündə də vertolyot. O vertolyot irəli gedəndə ermənilər arxadan atəş açırdılar, arxaya qayıdanda öndən. Bir termos çay götürmüşdüm, on yeddi uşağa böldük yol boyunca, böyüklər su içməyə də qıymırdı ki, uşağa qalsın. Gəldik Gədəbəyin Saratovka kəndinə. Avtobus bizi kəndin kinoteatrına töküb qayıtdı. Sonra Qaramurad kəndinə getdik. Kən əhalisi kimi çörək, kimi pendir gətirirdi bizə. Sonra Gəncədə səkkiz ay vaqonda yaşadıq. Nəhayət, Şəmkir rayonunun Ələsgərli kəndində məskunlaşdıq. On altı il də orda yaşadıq. İndi də Gəncədə yaşayırıq... Göyçəli günləri o qədər uzaqda qoymuşuq ki...

- O günlər barədə nəyi təkrar-təkrar danışmaq, bizdən sonrakı nəslə anlatmaq istəyirsiniz? Hansı ki, bir elin faciəsinin simvolu kimi...

- Üç aylıq körpə qızım bələkdəydi. Günlərlə yük maşınında yol gəldik, soyuqda-qarda. Biz tir-tir əsirdik o sazaqda, gör, körpə nolardı? Heç unuda bilmirəm... Unudammaram da... O günlərdə yaşadıqlarımı anlatmaq istəyirəm hamıya. Qızım bələkdə donmuşdu. Buz üzünü örtmüşdü... Gədəbəydə odun sobasının yanına qoydum qucağımdakı buzu. Keçib bir küncdə oturdum. Ürəyim də gəlmirdi bələyə tərəf baxam. Bir də gördüm kimsə deyir: "İlahi, möcüzəyə bax, uşaq sağdı ki!"

Bələyin buzu əridikcə ətrafında su gölməçə kimi yavaş-yavaş dağılırdı... Qızımın rəngi gömgöy idi, amma göyərmiş dodaqları tərpənirdi... Bir ananın o andakı hisslərini necə, hansı kəlmələrlə anlatmaq olar?! Bircə onu deyə bilərəm ki: "Düşmənin bizə yaşatdığı faciələr kitaba sığası deyil!" Təsəllim odur ki, o körpəni bu Vətənə, bu xalqa layiqli övlad kimi böyüdə bildim. Bu gün o körpə - yazıçı, şair Şəfa Vəlidir.

Bizim qəhərimizin gözlərimizi yandıran atəşini söndürməyə təsəlli nə ola bilər ki?! Yalnız və yalnız o yurda qovuşmaq! Necə ki, 44 günlük Vətən müharibəsinin sonunda Şuşaya qovuşduq, Kəlbəcərə, Laçına qovuşduq, bax eləcə... Necə ki, bu qovuşmaların hər biri bizə sevinc oldu, sevincdən ötə, dərdimizə təsəlli oldu, bax elə... Qaçqınlığın ilk illərində yazdığım bir şeir var:

Gavura qalıbdı doğma diyarım,

"Koroğlu qayası", "Qızlar bulağım",

Göyçə gölüm, o nərgizli yaylağım,

Gedib o torpaqda ölərik dedim,

O Ulu Göyçəmə dönərik dedim.

Doyunca yaşaya bilmədik, o torpaqlarda ölməyi nəsib etsin bizə Yaradan!

Şahanə MÜŞFİQ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.