525.Az

"Mənim bəxtim gətirmədi"

ƏMƏKDAR ARTİST ƏHMƏD SALAHOV: "DEKAN DEDİ Kİ, ƏGƏR ROLU YAXŞI OYNASAM, 140 SAAT QAYIBIN HAMISI SİLİNƏCƏK"


[21.07.22]
"Mənim bəxtim gətirmədi"<b style="color:red"></b>

Müsahibimiz Əməkdar artist Əhməd Salahovdur.

 

- Əhməd bəy, unudulmaqdan qorxmursunuz ki?

- Niyə qorxum ki?  Teatrda işləyirəm də. Mənim əsas iş yerim Bakı Bələdiyyə Teatrıdır. Tamaşalarım var, tamaşaçılar gəlir, izləyir.

- Tamaşaçı sayından razısınızmı?

- Məncə, yaxşıdır. Az olan vaxtları da olur, amma olur.

- Küçədə heç sizi tanıyanlar olurmu?

- Əvvələr çox olurdu, indi bir az azalıb. Televiziya tamaşaları olan vaxt lap çox idi. İndi də tanıyanlar sizin yaşda yox, daha çox mən yaşda olanlardır. Cavanlar daha az tanıyır.

- Cavanlıqda çox yaraşıqlı olmusunuz. Yəqin fanatlarınız da çox olub.

- Hə, olub. Fanatik olmayıb, amma çox olub. Həm də o vaxt çəkiliş çox az idi, nə çəkilirdisə, yaxşı olurdu, ona görə də adamlar tamaşalara baxırdı, aktyorla tanış olmaq istəyirdi.

- Niyə televiziya tamaşaları ilə  başlayan uğur hekayəsinin davamı filmlərdə yazılmalıdı?

- Mən təxminən 25 filmə çəkilmişəm.

- Son dövrləri nəzərdə tuturam.

- Son dövrlər "Azərbaycanfilm" çox az film çəkir. Qalanı da serialdır. Mən də seriallara çox çəkilmirəm.

- Niyə?

- Seriala çağıranda gedirəm, çəkilirəm. Amma bu da çox az olur. Həm də hərdən gedib ssenari ilə tanış olursan, amma bilmirsən ki, burada neynəməlisən. Hazırda seriallar çox zəifdir. Təbii ki, yaxşıları da var, mən özüm də çəkilmişəm. Eləsi də var ki, nə qonorar var, nə də ssenari.

- Dediniz ki, təxminən 25 filmə çəkilmisiniz. Əslində, o filmlərin az qala hansından xəbərim var. Etiraf etmək lazımdır ki, o filmlərin çoxu uğursuz olub.

- Mənim şansım gətirmədi. "Nizami" filmindən sonra 6 seriyalı Tacikistan filmi vardı. Düşənbəyə  çağırdılar. Aktyor dostumuzun atası qoymadı, sonra da bizdən evdən də etiraz oldu deyə gedə bilmədim. Sonra "Mosfilm"də bir filmə seçilmişdim, ona da çəkilə bilmədim. İstəyərdim ki, alınsın, amma bəxtim gətirmədi. Kim istəməzdi ki, alınsın, ancaq olmadı da, alınmadı. Doxsanıncı illərə qədər təxminən 20 filmə çəkilmişdim.

- Niyə ki? Doxsanıncı illərdə də çəkildikləriniz vardı. Biri elə "Bakı oğrusu".

- Onları demirəm, dövlət filmlərini nəzərdə tuturam. "Nizami"dən sonra  araya əsgərlik düşdü. Sonra də nəsə mənimki gətirmədi. Ancaq teatrda işimi davam etdirdim. Üç il Gənc Tamaşaçılar Teatrında işləmişəm, otuz ildir də burdayam.

- Sizcə, sonralar sizi niyə filmlərə çəkmədilər?

- Bilmirəm.

- Heç bu laqeydliyi görüb özünüzü başqa sahədə sınamaq istəmisinizmi?

- Axı, teatrda var idim.

- Teatrda nə maaş alırdınız ki?

- Elə  vaxtlar olub ki, işdən çıxmaq istəmişəm, sonra fikrimi dəyişmişəm.  Bilirəm ki, aktyor belədir, getsə də, bir gün onsuz da qayıdıb gələcək. Dəfələrlə görmüşəm, işdən çıxıblar, sonra teatrın direktorunun yanına gəliblər ki, biz yenidən qayıtmaq istəyirik.

- Necə oldu ki, Bakı Bələdiyyə Teatrına gəldiniz?

- Gənc Tamaşaçılarda Teatrında üç il işlədim. Sonra eşitdim ki, Amaliya xanım teatr açıb, gəldim bura. Ən birinci bu teatra mən gəlmişəm. Oktyabrın 25-də otuz il olacaq. O vaxtdan da qalıb burada işlədim. Amaliya xanımdan həmişə mehribanlıq görmüşəm. Tək mənə yox, bütün aktyorlara qarşı belə idi. Özü aktrisa olduğu üçün bilirdi ki, aktyor kimdir.

- Məşhurluğun gözəl tərəfləri də var. Bununla bağlı yadda qalan xatirələriniz varmı?

- Bir dəfə evdə oturmuşdum, tanımadığım bir adamdan zəng gəldi ki, evlənirəm, xanımım toyumuzda sizi görmək istəyir. İstəyir ki, siz toya gələsiniz və biz üçümüz bir yerdə şəkil çəkdirək.

- Getdiniz?

- Əlbəttə, getdim.  Ancaq ondan sonra onları bir də görməmişəm.

- Belə məşhurluqda çox güman ki, "Sən həmişə mənimləsən"dəki Rəşidin böyük rolu olub. Necə olmuşdu o tamaşaya məhz sizi çəkmişdilər?

- Üçüncü kursda oxuyurdum, 140 saat qayıbım vardı. Sənət dərslərinə gəlirdim, o birilərə yox. O vaxt İlyas Əfəndiyevin oğlu Timurçin Əfəndiyev bizdə dekan idi. O məni otağına çağırıb dedi ki, sabah gedirsən kinostudiyaya, səni Rasim Balayev çağırıb. Əgər o rolu yaxşı oynasan, sənə söz verirəm ki, 140 saat qayıbın silinəcək, yox əgər pis oynasan, səni institutdan çıxaracam.

- Sildi?

- Kişi kimi sözünün üstündə dayanıb qayıbları sildi. Ancaq dedi ki, bundan sonra mənim atamın əsərini yox e, lap Şekspirin də əsərini oynasan və instituta vaxtlı-vaxtında gəlməsən, səni çıxaracam.

- Rəşiddən danışıb, Məcnundan danışmasaq günah olar.

- Mən birinci il institutdan kəsilmişdim. Telestudiyada fəhlə işləyirdim, lent daşıyırdım, axşamlar da hazırlıq kursuna gəlirdim. Məni oradan gəlib tapmışdılar. Sizə bir şey deyim, "Nizami" filmində Məcnun roluna 362 nəfər sınaqdan keçirilib.  Sonda Ceyhun adlı bir oğlanla ikimiz qalmışdıq.  Qəbiristanlıq səhnəsini oynadıq, ondan sonra məni seçdilər. Film Özbəkistanda çəkilirdi, daş-qalaq olan o yer var e, deməli, o səhnə çəkiləndə bizə atdıqları həqiqi daş yox, plasmas idi. Daş atanlardan içərisində bir özbək yerdən götürüb həqiqi daş atmışdı, düz gözümdən tutmuşdu. Ona demişdilər ki, dəlisən, aktyor ölə bilərdi. Çəkilişlər vaxtı bir neçə dəfə təcili yardım gəlmişdi.

Filmdə dəli kimi ayaqyalın qaçılan yer var. Təsəvvür edin, isti hava, saçı yapışqanla yapışdırıblar. Yun paltar da geyinmişik ki, efirdə rənglər qarışmasın. 50 dərəcə də isti...

"Sən həmişə mənimləsən" tamaşasında isə bizim səhnələri yanvarda çəkirdilər, qısa köynəkdə, guya yaydır.

- Xarici ölkələrdən necə, film təklifləri gəlirdimi?

- Belarus, İran,  "Mosfilm"in çəkdiyi filmlərə çəkilmişəm. Sonradan nəsə davamı gəlmədi.

- Bəlkə siz bir tərəfə çəkildiniz deyə davamı gəlmədi?

- Nə vaxt dedilər ki, çəkil, mən çəkilmədim? Mən rejissordan necə xahiş edim ki, məni çək. Adamlar tanıyıram, gedib rejissora deyirlər ki, məni nə vaxt çəkəcəksən, o da deyir ki, baxarıq da.  Bu da cavab verir ki, onda sabah saat neçədə gəlim?

- Bəlkə həqiqətən də onlar düz edir? Bəlkə elə o cür eləmək lazımdır?

- Mən elə edə bilmərəm. İndi siz deyin, təsəvvür edin ki, aktyorsunuz, bax siz nə edə bilərsiniz ki? Film yoxdur, çəkilmir, necə görünə bilərsiniz?  Tək özüm nə edə bilərdim? İndi isə aktyor çəkmirlər, seriala elə adamlar çəkirlər ki -  qonşu, dost-tanış, daha kimlər... Rejissor deyir ki, neynirəm, işini əsası odur ki, "vid-fason"u yaxşı olsun. Mətni verirlər, əzbərləyib çıxır danışır. Elə aktyor olar? Özü də əksəriyyəti beş gün çəkiləndən sonra özlərini elə aparırlar, elə bil ki, SSRİ xalq artistləridir.

- Filmlərə, seriallara çəkilmirsiniz. Bəs necə dolanırsınız?

- Elə teatrla.

- Çətin deyil?

- Öyrəşmişik də. Mən bilirəm ki, aktyor həyatı budur. Bundan sonra nə vertolyot sürəcəm, nə "samalyot"um olacaq. Səhnə elə bir yerdir ki, bura gələndən sonra qayıtmaq çox çətin olur.

- Səhnə sizə nə verib belə?

- Nə bilim. Tək mənə yox ki, çoxları belə düşünür. Səhnə adamı elə ovsunlayır ki. Yeni işlər, yeni obrazlar, bir də baxırsan ki, illər gedib və başa düşürsən ki, buradan getsən, heç yerdə işləyə bilməyəcəksən.

- Aktyorlar arasında əlavə işlərə üz tutanlar da olur. Biri elə tamadalıq. Heç özünüzü tamada  kimi sınamısınız?

- Cəmi bir dəfə özümü tamada kimi sınamışam. Bir dost vardı, məndən xəbərsiz demişdi ki, Əhməd toya tamada kimi gedir, bir nəfər çağırıb, bu adam da pulu öncədən alıb aparıb xərcləyib. Toya bir həftə qalmış gəlib məsələni mənə dedi. Mən də dedim ki, mən nə bilirəm tamadalıq nədir. Oturub bir həftə boyunca videolara baxdım. Nəysə, getdim toya. İlk on beş-iyirmi dəqiqə fikirləşdim ki, niyə indiyə qədər tamadalıq etməmişəm, ancaq bir az sonra çox çətin oldu. Təsəvvür edin ki, bir kişi gəlib mənə deyir ki, Zita ilə Gita görüşəndə bir mahnı vardı e,  onu klarnetdə çalsınlar, mən yoldaşımla oynayım. Biri də beş dəqiqədən bir gəlib deyirdi ki, bəs mən falan rayonun işıq idarəsinin müdiriyəm. Dedim, ay qardaş, camaat bu toyda heç naziri tanımır, işıq idarəsinin müdirini neynir? O vaxt Elçin adlı bir müğənni vardı, gördü ki, çıxıb qaçmaq istəyirəm, dedi narahat olma, mən özüm aparacam. Özümə söz verdim ki, ömrüm boyu bir də tamada getməyəcəm.

- Bildiyim qədərilə indi ailəli deyilsiniz.

- Xahiş edirəm, bu mövzularda danışmayaq.

- Yaxşı. Deyəsən, susmaq vərdişiniz olub, lap Rəşid kimi.

- Əslində, "Sən həmişə mənimləsən" tamaşasında mənim sözlərim vardı. Çəkiliş vaxtı Rasim Balayev mətni götürüb Tariyel Vəliyevin yanına qoyub dedi ki,  Əhməd neyniyir e danışmağı, gözlərlə oynasın.

- İncimədiniz?

- Əslində, xaricdə bu cür təcrübələr çoxdur. Mən əvvəlcə dedim ki, çətindir, oynaya bilmərəm, ancaq deyilənə görə, emosiyaları çatdırmağı bacarmışam.

- Sizcə, Rasim Balayev niyə belə bir şey istəyib? Bəlkə, özünü potensial bir rəqibdən sığortalamaq üçün. Axı siz də onun kimi yaraşıqlı idiniz.

- Nə danışırsınız, mən ona necə rəqib ola bilərdim? O vaxt artıq Rasim Balayev böyük aktyor idi. Mən onda hələ üçüncü kursda oxuyurdum. Yox, yox, elə şey olmaz axı. Heç ağlıma da gəlməyib.

- Yaraşığınızın sizə köməyi olubmu?

- Kömək? Əksinə, həmişə ziyanı dəyib.

- Necə?

- Məsələn, elə adamlarla tanış olmağa səbəb olub ki, sonra pislik görmüşəm. Mənə heç vaxt yaxşılıq gətirməyib.

- Gözəl yaşamısınız?

- İnanmıram. İyirmi yaşına qədər problemsiz, əla yaşamışam. Sonra çətinliklər üst-üstə gəldi.

- Səhvi harda elədiniz?

- "Sən həmişə mənimləsən"ə çəkiləndə. Mənə həyatda nə pisliklər oldusa, ona görə oldu.

- Axı sizi o tanıtdı.

- Düzdür, bir aktyor kimi uğur gətirdi, ancaq...(qəhərlənir) lazım olmayan adamlarla tanış oldum, həyatımda ağrılar, əziyyətlər oldu. O rol mənə çox pislik elədi. Kaş heç o tamaşaya çəkilməzdim. Kaş ki...

Aytac SAHƏD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.