525.Az

Gülşad Baxşıyeva: "Kinoda hələ sözümü deməmişəm"

[20.07.22]
Gülşad Baxşıyeva:  "Kinoda hələ sözümü deməmişəm"<b style="color:red"></b>

Müsahibimiz Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, professor Gülşad Baxşıyevadır. Onunla aktyorluq sənəti, teatr və kinonun vəziyyəti, pedaqoji fəaliyyəti və sair haqqında həmsöhbət olduq.

 

- Gülşad xanım, yayın isti günlərində, tələbələrinizi də yola saldığınız bu dövrdə özünüzü necə hiss edirsiniz?

- Bu cür sual çox verirlər: yayla necəsən, istiylə necəsən, küləklə necəsən? Şəkiylə əlaqəm çoxdur. Mənim həyatımın və sənətimin ən gözəl günləri orda keçib. İndiyə kimi də ordakı insanlarla ünsiyyətim davam edir. Mənimçün istirahət anlayışım da Şəkiyə getməkdir. Bir gün orda olanda yağış neçə müddət yağdı, heç dayanmadı. Mən də öz-özümə dedim ki, buna bax, yağış heç ara vermir. Yanımda olan şəkili xanım qayıtdı ki, yer Onun, göy Onun, Özü bilər neyləyər. Bu cümləni özümçün təhlil etdim və heyrətə gəldim. Həqiqətən də yer Allahın, göy Allahın, elədiyi hər şeydə bir hikmət var. Ona görə də havanın mənimçün heç bir fərqi yoxdur, Allahın verdiyi hər günə, hər havaya şükür. Tələbələrə qalanda isə, istəyir minlərlə tədbirlər keçirilsin, qonaqlar gəlsin, getsin, universitetdə tələbə yoxdursa, orda həyat da yoxdur. İndi mən gəlib işimin başında durmuşam, burda oturmuşam, amma mənimçün həyat yoxdur, çünki tələbə yoxdur. Tələbə mənim temparitmimdir, havamdır, suyumdur, hər şeyimdir. Mən onlara nəsə öyrətməyə çalışarkən aldığım enerjini bircə nəvələrimdən alıram, başqa heç nədən.

- Gülşad Baxşıyevanı, adətən, sərt, tələbkar müəllim və aktrisa kimi xarakterizə edirlər. Bəs siz özünüzü bir insan kimi necə xarakterizə edirsiniz?

- Bəli, özüm haqqında bu sözləri eşitmişəm. Hətta 1-ci kurs tələbəsi 4-cü kurs tələbəsinə deyib "siz ona necə dözürsünüz?" Tələbə universitetə gələndə 1 il məni qəbul etmir. Qəddar yox, amma qanun adamıyam, istər evdə, küçədə, istər universitetdə nizam-intizamı çox sevirəm. Əgər mən nəyisə tələb edirəmsə, əlbəttə ki, tələbəyə görə edirəm. Əgər tələbə oturuş-duruşunu, danışığını, geyimini bilmirsə, böyük-kiçik saymırsa, onunla bir il çox çətin olur. Sonra yavaş-yavaş tələbə anlayanda ki, pedaqoq səndən nə istəyir, onda hər şey yoluna düşür. Mən pedaqoqun təkcə girib auditoriyada dərs deyib çıxmasını qəbul etmirəm. Pedaqoq-tələbə komandası olmalıdır. Mənim bir şüarım var, həmişə ilk dəfə sinifə girəndə deyirəm: "Bura niyə gəlmisiz, necə gəlmisiz, məni maraqlandırmır. Gəlmisiz, demək, girmisiz qaba, olmusuz içməli. Dörd ildə mən nə deyəcəm, onu da etməlisiniz". Ancaq bu, o demək deyil ki, mən onların istəklərinə, arzularına, fantaziyalarına sədd çəkirəm, əsla belə şey ola bilməz. Sadəcə bu, o deməkdir ki, mən burda heç kimə özbaşına hərəkət etməyə icazə verməyəcəm. Mənim yola getmədiyim, dil tapmadığım tələbə olmayıb, ola da bilməz. Qrupumda 90 faizdən çox tələbə yaxşı oxuyan, nizam-intizama riayət edən, nümunəvi uşaqlardır. Onlara şəxsiyyət və insan kimi yanaşıram. Əsas odur tələbələrim, məzunlarım bunu bilir və dəyərləndirirlər. Buna görə işləməyə də dəyər, yaşamağa da.

- Deyirlər, aktyorluq həm də sənətə fanatlıqdır. Siz necə düşünürsüz bu haqda?

- Əslinə baxanda, bəli, elədir. Deyirlər ki, aktyorda az-maz nəsə çatışmazlıq olmalıdır. Biz özümüz də olub ki, qışın ortasında nazik paltarda bumbuz səhnədə oynamışıq. Sonra fikirləşirəm ki, bunu ağıllı adam eləməz. Bu da fanatlıqdır. Fanat olmasa, sənət alınmayacaq. Hərdən mənə deyirlər ki, fanatsansa, niyə sənəti atdın? Yox, mən sənəti atmamışam ki. Mən sənətimi tələbələrimdə davam etdirirəm. Fanat olmasaydım, başqa yerlərdən o qədər iş təklifləri alıram ki, gedərdim də. Amma getmirəm. Mən bu universitetdə oxumuşam, sonra burda işləməyə başlamışam, püxtələşmişəm. Burda mənim sənətimin davamçıları oxuyur. Bura mənim doğma məkanımdır. Başqa sahədə özümü heç vaxt görməmişəm. Sənət fanatizm tələb edir, yoxdursa, çıxıb getməlisən.

- Səhnə, ekran üçün darıxırsınız?

- Hər bir aktyora elə gəlir ki, o, əsas obrazını hələ oynamayıb. Mən də bunu etiraf edirəm, səhnədə yox, amma kinoda hələ sözümü deməmişəm. Çox filmlərdə çəkilmişəm, amma hələ elə bir ssenari yazılmayıb ki, mən o roldan, əsərdən ləzzət alım, sözümü deyə bilim. Azərbaycanın bir problemi də odur ki, qadın obrazı üzərindən bir film çəkilmir. Bizdə film üçün aktyor, aktrisa yetişdirmək anlamı yoxdur. Rejissorlar özləri üçün film çəkirlər ki, onu görsünlər. Daha düşünmür ki, sənin aktrisan yaxşı oynamayandan sonra sən necə görünəcəksən? Başıma da gəlib. Çox yaxşı oynadığım halda rejissor mənim hissəmi qayçılayıb, kəsib və ortada heç nə qalmayıb. Niyə? Çünki mən tərəf müqabilimdən yaxşı oynamışam, onu kölgədə qoymuşam. Məhz bu səbəbdən çox haqsızlıqlarla üzləşmişəm. Darıxmaq deyəndə, əlbəttə, istəyərdim, amma onlar istəmədilər. Nə Akademik Milli Dram Teatrı, nə Gənc Tamaşaçılar Teatrı, nə də Gənclər Teatrı... Məni səhnədə görmək istəmədilər. Teatrşünaslarla bunu dəfələrlə danışmışam və niyə sualını vermişəm. Deyiblər ki, çünki sən onlardan güclü idin, onları kölgədə qoyurdun. Amma mənim teatrda çox möhtəşəm rollarım da olub. Təəssüf ki, lentdə qalmayıb, arxivə keçməyib. Tək burda deyil, çox yerdə yaradıcılığımın üstündən xətt çəkməyə çalışıblar, məni görməzdən gəliblər.  10 il Şəki Dövlət Dram Teatrında aparıcı aktrisa olmuş, tamaşalarda əsas rolları canlandırmış, festivallarda iştirak etmişəm. Hər zaman da fəaliyyətim dəyərləndirilib, mükafatlara layiq görülüb. Moskvanın, Almaniyanın, Macarıstanın və başqa əcnəbi teatrşünaslar öz məqalələrində ifamı xüsusi qeyd ediblər. Lakin Sovet dövründə Şəki Teatrı haqqında çap olunan ensiklopediyada rol aldığım tamaşalardan, getdiyim festivallardan danışılsa da, həmin dövrün aktyor heyəti arasında adım qeyd olunmayıb. Bu cür nüanslarla hər yerdə rastlaşıram. Hardasa sənət dəyərləndirilməyə, mükafatlandırılmağa gələndə sanki mənim adım qəsdən çıxarılır, üstündən xətt çəkilir. Çəkildiyim filmin titrində adım qeyd olunmayıb. Səbəbini bilmirəm, amma düzü, çox maraqlıdır. Mənə layiq olanı sanki qisas almaqdan ötrü məndən qat-qat aşağı səviyyəli olan başqasına veriblər. Bu, təkcə mənə qarşı belə deyil. Müşahidələrim göstərib ki, hər zaman yaxşılara mane olmağa çalışıblar. Nə yaxşı ki, paxıl və şöhrətpərəst deyiləm.  Bu məqamlarda bu sənəti ata da bilərdim, gedə də bilərdim. Amma getmədim. Çünki sənətimi sevirəm. Nə aktrisa kimi, nə pedaqoq kimi özümü kimsədən aşağı bilmirəm. Getmək dala çəkilmək deməkdir, qeyri-peşəkarlara meydan sulamaq üçün yer verməkdir.

- "Bəxt üzüyü"ndə üzüyü itirib, yaradıcılıq uğurları tapdınız. Bəs həyatda nəyi itirib, nə tapmısınız?

- Çox qəribədir, 52 ildir sənətdəyəm, təkcə "Bəxt üzüyü"nün adı hallanır. Çünki o, ekrandır, təbliğat maşınıdır. Amma mənim "Bəxt üzüyü"ndən də qat-qat güclü tamaşalarım, obrazlarım olub. Onlara da dəyər verənlər olub. Əcnəbi teatrşünaslar bu tamaşalara baxıb, xoş fikirlərini bildiriblər. Fikirləşirəm ki, niyə "Bəxt üzüyü" mənə həvalə olundu? O qadın üzüyünü yox, bəxtini itirib. Hərdən deyirlər ki, Gülşad öz həyatını oynayıb orda. Yox, qətiyyən belə deyil, absurd söhbətdir. Mən Sara deyiləm. Sarada mütilik var, Gülşadda isə yoxdur. Gülşad bir anın içində hər şeyi vurub dağıda bilər. İtirib tapdıqlarıma qalanda, onsuz da hər insan nəyisə itirməlidir ki, nəyisə tapsın. Bəxtimdən çox razıyam. Bəxtimi itirdiyimi düşünmürəm. Ailə həyatım alınmayıb, bəli, amma övladlarımdan razıyam. Bu da mənim tərbiyəmin, zəhmətimin bəhrəsidir. Hər şeyi itirə-itirə gəlirik. İtirdiklərimiz qazandıqlarımızdan çox olur. Çoxları deyir sənin həyatın başqa cür ola bilərdi. Yox. Bu, elə mənim həyatımdır. Yaltaqlıq, paxıllıq mənlik deyil. Mən yalnız Allahın qarşısında baş əyirəm. Nə yaxşı ki, şan-şöhrət düşkünü deyiləm, əlimdəkiylə qane olan adamam. Amma mənliyimi də güdən insanam. Kimsəyə icazə vermərəm üstümdə ağalıq etsin. Hətta həyatım qədər sevdiyim insana icazə vermədim, nəticədə ailəm dağıldı. Eşq, sevgi hamısı cəfəngiyyatdır. Həyatın ən böyük mükafatı övlad, sənətin mükafatı isə tamaşaçı sevgisidir. İkisini də qazanmışam.

- Aktyor olmaq üçün insana ilk növbədə nə lazımdır?

- Əfsus ki, indi aktyorcuqlar çoxalıb. Aktyorun sənəti axsayırsa, tələbəylə işi də axsayacaq. İlk növbədə fitri-istedad olmalıdır. İstedadı olmayan adamla işləmək pedaqoqa da, rejissora da çətindir. Ondan əlavə, əməksevərlik, səbr və mədəniyyət olmalıdır. İstedadlı insan zəhmət çəkməsə, peşəkarlaşa bilməz. Daim öz üzərində hər tərəfli işləməlisən. Etməsən olacaqsan adi.

- Bu sənətdə ənənə və ənənəyə sadiqlik nə qədər önəmlidir?

- Bu dəqiqə çətin bir prosesə düşmüşük, ha ki yenilik tələb edirlər. Özü də bunu deyənlər elə adamlardır ki, onlar sənətkar deyillər. Teatrda yenilik axtarılar, amma təhsil ocağında, universitetdə onu axtarmaq olmaz. Bura məktəbdir, əlifbanı bilmədən necə yenilik yaradacaqsan? Yenilik onsuz da var, sadəcə bunu biz görürük, başqaları görmək istəmirlər. Bizdən əvvəlkilərdə sənət deyəndə pafos nəzərdə tutulurdu. Amma bizdə artıq pafoslu danışıqdan uzaqlaşıldı, nə qədər yeniliklər gəldi. İndi də teatrlarımızda yenilikçilik davam edir. Xüsusən, Gənc Tamaşaçılar Teatrında çox müşahidə etmişəm fərqli rejissorların işlərində. Tədrisdə isə məsələ başqadır. Onda da yeniliklər gətirmişik, amma ölçü daxilində. Bəyəm Gülşad Baxşıyeva Mehdi Məmmədovdan aldığı dərsi tədris edir? Qətiyyən. Biz də oxuyur, öyrənir, müşahidə edir, tətbiq edirik. Bizdə çox proqres gedib. Niyə heç kim mənim gətirdiyim reformanı görmək istəmir? Müəllimlər, peşəkarlar bunu görürlər. Bizim kafedramız hər zaman yeniliyə açıqdır.

- Seriallarımıza münasibətiniz necədir? İzləyirsiniz?

- Hərdən açıb baxıram, qışqırıq, hay-küy, bəsitlik çoxdur. Fikirləşirəm zaman keçdikcə imkan yaxşılaşar, maddiyyat düzələr və seriallar da dəyişər. Qadınların makiyajlarını bəyənmirəm, real həyata uyğun deyil. Cılız, loru danışıq hakimdir, efirdə ədəbi dil itib. Bu da ən böyük problemdir. Ləhcəylə danışmaq olmaz. Oyun tərzini, danışığı, səhnə mədəniyyətini qorumaq lazımdır. Bəzən öz tələbələrimi görəndə izləyirəm, onların oyunlarına baxıram, fikrimi bildirirəm. Yaxşı işlər də gedir, görməzdən gələ bilmərik. Amma əksərinə baxmıram. Çünki "serial çəkim" xatirinə çəkilib. Sənətə, aktyora münasibət dəyişməlidir. Rejissor aktyoru sevmir. Bu da ekrandan görünür.

- Tələbələrinizə icazə verirsiz seriala, filmə çəkilməyə?

- İlk kurslarda qətiyyən. Son kurslarda isə müəyyən şərtlərlə icazə verirəm. Teatrlara düşmək çətindir. Ən çoxu teatrda iş tapanda icazə verirəm getməklərinə, amma dərs saatlarını buraxmamaq şərtiylə. Filmlər, serialları da seçirəm, məsləhətdirsə, çəkilə bilərlər. 1-2-ci kurslarda tələbə hələ aktyor kimdir, rol nədir bilmir, o necə çəkiləcək? Əgər getsə, elə olduğu yerdə də qalacaq, inkişaf edə bilməcəyək. Tələbəmə deyirəm öyrən, sonra get. Əgər çəkilən idisə, teatrda işləyirdisə, niyə gəlirdi burda təhsil almağa? Əvvəlcə dərs, sonra təcrübə.

Şahanə MÜŞFİQ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.