525.Az

Rəşad Cabarov: "Rəssamlıq hər zaman aktualdır"

[17.07.22]
Rəşad Cabarov: "Rəssamlıq hər zaman aktualdır"<b style="color:red"></b>

Müsahibimiz bu günlərdə 45 illik yubileyini qeyd edən Əməkdar rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Təsviri sənət" kafedrasının müdiri Rəşad Cabarovdur. Onunla rəssamlığa gələn yolundan, təsviri sənət sahəsinin hazırkı vəziyyətindən, pedaqoji fəaliyyətindən danışdıq:

 

 

- Rəşad müəllim, yubileyiniz münasibətiylə sizi təbrik edirik. Ad günlərinə münasibətiniz necədir?

- Təbrikiniz və diqqətinizçün təşəkkür edirəm. Ad günlərinə münasibətim hamı kimi yaxşıdır. Ancaq öz ad günlərimi xüsusi təmtəraqla keçirməyi xoşlamıram. Həmişə ailəmlə birgə öz aramızda qeyd etmişik. Çox sağolsun bu il universitet rəhbərliyi diqqət göstərdi və yubileyimlə bağlı tədbir keçirdi. Ona görə də bu ad günüm yadda qalan oldu.

- Bəli, bu yubileyinizdə sizin həyat və yaradıcılığınız haqqında çəkilmiş sənədli film nümayiş olundu. Filmdən razı qaldınız? Sizcə, sizi tam ifadə edə bilib?

- Filmin rejissoru Ataxan Əliyev çox savadlı, bacarıqlı tələbə idi. Bu il məzun oldu. O, 10-12 dəqiqənin içində, fikrimcə, obrazı aça bilmişdi. Filmə baxanlar da təsdiq etdilər və hətta dedilər ki, biz səni bu filmlə daha yaxşı tanıdıq. Bu da müəllifin uğurudur, məncə.

- Filmdə belə bir nüans var ki, deyirsiz, uşaq vaxtı ilk çəkdiyiniz rəsmlərdən biri velosiped olub.

- Bəli, uşaq vaxtı nəsə istəyəndə onu çəkirdim. Ən böyük arzularımdan biri də velosipedimin olması idi. Ona görə onu çəkmişdim. Çəkdiklərimi də həmişə harasa yapışdırardım. Atam da bunu görüb mənə velosiped almışdı. Bu, mənimçün ən böyük və ən gözəl sürpriz idi.

- Arzularınızı ilk dəfə vərəqə köçürməyiniz velosipeddən başlayıb. Bəs sonra hansı arzularınızı kətan üzərinə köçürdünüz?

- Böyüdükcə, şəkil çəkmək həyat tərzimə çevrildikcə arzuları elə də fikirləşməmişəm. Artıq öz düşüncələrimi, ürəyimdə olanları işləmişəm. Əvvəllər xalq olaraq hamımızın ortaq dərdi Qarabağ idi. Doğrudur, bu mövzuda işləmək çətindir, amma mənim bu haqda əsərlərim var. Xüsusən, zəfərimizdən sonra xarıbülbülü işlədim, universitetdə sərgidə də nümayiş olundu. Amma xarıbülbülü öz baxışımla, necə görürəmsə, o cür işlədim, şablon olmadı. Hər zaman torpaqlarımızın geri qayıtması arzumuz idi. Şükür ki, bu arzumuza yetdik və onu kətan üzərində əks etdirdim. Amma indi bu sualınız mənə yeni bir ideya verdi. Bəlkə də hansısa arzumu işləyə bilərəm yenidən. Fikirləşəcəm bu haqda (gülür).

- Yaradıcılığınızın əsas mövzusunu nə təşkil edir?

- Düzü, mən əsərə başlayarkən öncədən düşünmürəm, eskiz çəkib onu işləmirəm. Doğrudur, gün ərzində hansısa fikirlərin olur, amma o ki emalatxanaya girdin və işə başladın, bir də görürsən ki, fikirlərindən əsər-əlamət qalmayıb, tamam başqa bir şey işləmisən. Bir fikirlə başlayıb, başqa bir əsəri tamamlamağım çox olub. Mövzunu düşünüb onu işləmək mənimçün özünü çərçivəyə salmaq deməkdir. Mən də o çərçivəni sevmirəm. Boyalarla axtarış edirəm. Ola bilər ki, düşüncələrimi, hisslərimi sadəcə rənglərlə, predmetsiz ifa edərəm. Ona görə də konkret mövzum yoxdur.

- Sizinçün rəng nədir?

- Rəng həyatdır. 2019-cu ildə "Həyatın rəngləri" adlı sərgim də olmuşdu. Rəngsiz həyat ola bilməz. Mənimçün bu həyatın özü elə rəngdən ibarətdir. Elə sənətçilər var ki, yalnız ağ-qarayla işləyirlər. Məsələn, qrafika sahəsində ağ və qarayla bütün düşüncələrini çatdıra bilirlər. Mənsə, rəngarəngliyi sevirəm. Ola bilir ki, bir müddət göy, başqa bir müddət yaşıl və sair kimi rənglərlə davam edə bilərəm.

- Daxili dünyanız hansı rəngdədir?

- Yaşıl və bənövşəyi... Çünki bu rənglər mənə rahatlıq gətirir və düşünürəm ki, bu rənglərlə ətrafa da, tamaşaçıya da rahatlıq, pozitiv enerji ötürə bilirəm. Qarayla da pozitivlik ötürmək olar, amma baxır mövzu nədir.

- Yaşınızı nəzərə alsaq, fikrimcə, sizin bu sənətə gəlişiniz Azərbaycanda rəssamlığın o qədər də aktual olmadığı bir dövrə təsadüf edib. Belə bir zamanda bu sənətlə məşğul olmaq nə dərəcədə çətin və ya asandır?

- Məncə, rəssamlıq hər zaman aktualdır. Bu universitetdə işləyən mən və rəssam dostlarım həmişə çalışırıq ənənəni qoruyaq. Təkcə rəssamlıq deyil, incəsənət özü daim aktualdır. Sadəcə elə dövrlər olur ki, çətin olur. Bəzən zaman gəlir ki, şərait yaranır, işlərin yaxşı gedir, bəzən isə əksinə. Məsələn, Sovet dövründə vəziyyət nisbətən başqa cür idi. Alıcılar çox idi. Dövlət özü də rəsmlər alırdı. İndi də var bu ənənə, amma azalıb. İndi qalereyalar var, rəssamlar öz işlərini təqdim edə bilirlər. Ümumən isə passivlik var, doğrudur. Pandemiyadan sonra isə tamamilə passivlik yaranıb. Əvvəllər xarici turistlər də olar, əsərlər alardılar. İndi yoxdur. Lakin bütün bunlar sənəti atmaq üçün səbəb deyil. Hər halda biz sənətçilər özümüz çalışmalıyıq ki, sənətimizi yaşada və təqdim edə bilək. Gərək bu sənəti maddiyyata çevirməyək.

- Bu bir az da fanatiklik deyilmi?

- Bəli, sənət naminə fanat olmaq lazımdır. Fanat olmayanda "xalturaya" çevrilir. Ona görə də gərək sənətini sevib onunla yaşayasan, aktual olsa da, olmasa da. Gərək ki, sənətini yaşadıb özün aktuallaşdırasan və tamaşaçıya çatdırasan.

- Siz həm də tələbəyə çatdırırsız bu sənəti.

- Bəli, tələbələrlə işləmək də çətindir. Artıq 6 ildir pedaqoji fəaliyyətdəyəm. Düzdür, elə geniş stajım olmasa da, deyilənə görə, öhdəsindən gələ bilirəm az-çox.

Çalışıram ki, ənənələri qoruyum, akademik bazanı tələbələrə mənimsədim ki, təməli mükəmməl olsun. Rəssam olmaq istəyən insan ilk növbədə bu sənətin əlifbasını bilməlidir. Son kursda və ya magistraturada baxırıq ki, hansı tələbə akademik bazanı tam mənimsəyibsə, onlarla artıq çərçivələri qırıb yaradıcı yanaşmaya başlayırıq. Bu da hər tələbəylə olmur. Yaxşı tələbə də var, zəif tələbə də var. Hər birinə fərdi yanaşmaq lazımdır. Bu da təbii ki, çətin və məsuliyyətlidir.

- Yaxşı rəssam olmaq üçün nə lazımdır?

- Yaxşı, düzgün, təmiz ürək olmalıdır. Çünki sənət özü sevgidən yaranır. Necə ki, sevgi xəyanəti sevmir, eləcə də sənət. Gərək ürəyi təmiz və dürüst olasan. Rəssam yüksək hissə, emosiyaya malik olmalı və bunu çatdıra bilməlidir. Rəssam olmaq üçün məktəb keçmək vacibdir. "Mən belə görürəm, belə istəyirəm" demək olmur. Gördüyünü də savadlı çatdırmağı bacarmalısan.

- Sənətdə xəyanət nədir?

- Bayaq da dediyim kimi, "xaltura" məsələsi (gülür). Əgər maddiyyatı düşündünsə, onda "xaltura"ya gəlib çıxacaqsan. Bu da artıq sənətinə xəyanət etmək deməkdir. Biri var ki, düşündüklərini kətan üzərinə köçürürsən, biri də var, çəkə-çəkə düşünürsən ki, necə edim, bunu tamaşaçıya sevdirim, alıcısı olsun bu əsərin. Bunu düşündünsə, demək, sən onun əsirinə çevrildin. Artıq bu, sənin düşündüyün, hiss etdiyin deyil, tələbə uyğun çəkdiyindir. Bütün bunlar da sənətə xəyanət deməkdir. Doğrudur, rəssamlıq sənəti bahalı sənətdir. Materiallar, ləvazimatlar bahadır. Rəssamdan böyük maliyyə tələb edir ki, yaradıcılığını inkişaf etdirə bilsin. Amma bu, bütün dövrlərdə, bütün dünyada belə olub. Rəssama həmişə dəstək, təkan lazımdır. Bəzən rəssamlar olub ki, böyük istedada malik olublar, amma şəraitsizlik, pulsuzluq üzündən davam edə bilməyiblər. Elə insan var ki, bu cür maddi sıxıntılara dözür və bu yolu axıracan gedir, eləsi də var ki, dözmür, çəkilir kənara. Mən şükür edirəm ki, hələlik balansı saxlamışam. İnşallah ki, heç vaxt sənətimə xəyanət etmərəm.

- Bu sənətdə kumiriniz kim olub?

- Mən savadlı, sənətdə sözünü demiş bütün rəssamları bəyənirəm. Səttar Bəhlulzadənin isə bu mənada yeri mənimçün ayrıdır. Çünki onunla bağlı xüsusi xatirəm var. Yadımdadır ki, mən uşaq olanda anam Səttar Bəhlulzadənin bukletini alıb gətirmişdi. Orda onun müxtəlif əsərləri vardı. Uşaq idim, elə də başım çıxmırdı, amma tez-tez vərəqləyib əsərlərinə baxırdım. Səttar Bəhlulzadə mənzərə ustası olub. Onun çəkdiyi hansısa rayonumuzun mənzərəsinə baxıb deyirdim mən də ora gedəcəm, mən də çəkəcəm və sair. O kitabın sanki mənim bu sənəti sevməyimdə xüsusi rolu oldu, həyat yolumu müəyyənləşdirdi. Səttar Bəhlulzadə də ilk tanıdığım rəssamlardan biri oldu. Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nurhüseyn Mahmudov kimi rəssamlar müəllimim olub və onlardan ilham almışam. Eləcə də dünya rəssamları var ki, hamısı mənimçün ilham mənbəyidir. Amma təbii ki, son nəticədə özün öz izini qoymalısan.

- Bəs Rəşad Cabarov öz əsərləriylə bu gün kimlərəsə örnək ola bilirmi?

- Onu artıq mən yox, başqaları deyə bilər. Ancaq bəzən tələbələrimin işlərində görürəm belə bir şeyi. Biz tələbələrlə akademik tərəfdən çalışırıq. Onda əsərlərin bir-birinə oxşaması olur. Yaradıcı tərəfdən isə çalışanda bəzən görürəm ki, nədəsə mənə oxşatmağa çalışırlar. Bu da normaldır. Çünki öz yollarını tapana qədər hər kəs başqalarının iziylə gedir. Tələbələrim də öz izlərini, öz yollarını tapacaqlar.

- Sənətşünaslar hazırda Azərbaycanda rəssamlıq məktəbinin yoxluğundan gileylənirlər. Buna münasibətiniz necədir?

- Yox, bu fikirlə razı deyiləm. Rəssamlıq məktəbi yoxdur demək doğru olmazdı. Məsələn, mən bakalavrda ADMİU-da, magistraturada isə Rəssamlıq Akademiyasında oxumuşam. Müəllimim Böyükağa Mirzəzadə olub. Böyükağa müəllim hazırda Azərbaycanda tanınmış rəssamların 80 faizinə dərs deyib. Onların arasında Xalq rəssamları da var. Mən də fəxr edirəm ki, onun tələbəsiyəm. Əgər o, bizə dərs deyir, bu məktəbi bizə ötürürsə, biz də öyrəndiklərimizi tələbələrimizə ötürürüksə, necə məktəbin yoxluğundan danışa bilərik? Məsələn, sizə fakültəmizin arxivindəki rəsm əsərlərini göstərə bilərəm. Orada bizim 2019-2020-ci illərdə tələbələrimizin çəkdiyi əsərlər toplanıb. O rəsmlər tələbələrimizin ənənəyə vaqifliyini göstərir. Bunlar akademik bazaya tam mənasıyla malik tələbələrin bütün sərgilərdə ürəklə çıxaracağımız əl işləridir. Elə bunlar bizdə məktəbin olduğunu göstərir. Məncə, məktəb itmir, əksinə, bundan sonra da yaxşı olacaq. Əgər ənənəi qoruyub saxlaya bilsək.

- Ənənə çoxmu vacibdir?

- Bəli, mü

tləq şəkildə baza olmalıdır. Müəllif çəkdiyi əsərdə öz düşüncələrindən, hisslərindən bəhrələnsə də, hansısa ənənəyə, akademik bazaya əsaslanmalıdır. Təməl olmasa, rəssam rəngi də düz vura bilməz.

- Rəssam üçün natura, poza nümayişçisi vacibdir. Bu sahədə vəziyyət necədir?

- Bəli, bizə dərs prosesində də natura çox lazım olur. Amma təəssüf ki, onu tapmaq çətindir. Hər kəs buna müsbət yanaşmır. Ona görə də məsələn, iki fiqurlu, üç fiqurlu çəkməli olduqlarımızı bir fiqurlu çəkirik. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə də işlər düzələr.

- Hazırda hansı əsərlər üzərində işləyirsiniz?

- Abşeron mövzusunda əsərlərə başlamışam. Həmçinin, bu yaxında rəssamlarla birgə Şuşada olmuşduq. İstəyirəm "Şuşa İli"nə ithafən əsərlər işləyim. Fikrimdə, iki əsər var. Biri Cıdır düzü, digəri isə Şuşanın abidələri ilə bağlıdır. Onları da işləyəndən sonra yəqin ki, Şuşa muzeyinə təqdim edəcəm.

Şahanə MÜŞFİQ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.